Yaxud qeyri-peşəkarlarla peşəkarlıq
barədə söhbət
1.
PEŞƏKARLIQ NƏDİR və ONA ÇATMA YOLLARI
Azərbaycan KİV-ləri öz zəngin tarixi ənənələrinə sadiq qalaraq cəmiyyətdə, xüsusilə gənc nəsildə Vətən sevgisi hisslərinin dərin kök salmasına çalışmalıdırlar. Acınacaqlı haldır ki, milli KİV-lərimiz bu vacib məsələyə diqqət ayırmır və maraq göstərmirlər. Mətbuat işıqlı simaların timsalında insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz dəyərli töhfəsini verməlidir. Hesab edirəm ki, bu amal onların fəaliyyətinin əsasını təşkil etməlidir. Eyni zamanda Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.
Akademik Ramiz MEHDİYEV
Son zamanlar özlərinin öyrənməyə ehtiyacı olanların başqalarına "dərs keçmək" həvəsinə düşməsi, jurnalistika haqqında bilgisi onun-bunun ağzından eşitdiklərindən ibarət olan "jurnalist"lərin, bir-iki məqalə yazaraq özünü "mətbuat ağsaqqalı" hesab edənlərin peşəkarlıq haqqında diletant söhbətləri məni yenidən bu mövzuda söhbət açmağa ("Azərbaycan jurnalistikasının peşəkarlıq problemi" adlanan son məqaləm "Azərbaycan" qəzetinin 27 sentyabr 2011-ci il nömrəsində dərc olunub) vadar etdi: Hər oxuyandan Molla Pənah olmadığı kimi, hər cümlə quranı da jurnalist, xüsusən "peşəkar jurnalist" adlandırmaq gülüncdür (Hətta "peşəkar jurnalist" adlı "diplom" təsis edərək paylayan - əslində satan redaksiyalar və jurnalist təşkilatları da mövcuddur). Kiminsə cibində "müxbir vəsiqəsi"nin, yaxud adında "redaktor", "baş redaktor" titulunun olması hələ onların peşəkarlıqları bir yana, əsl jurnalist olmalarına belə dəlalət etmir!
Peşəkarlığın yolu əziyyətli, çox oxumağı, çox öyrənməyi, çox yazmağı, qələmini püxtələşdirməyi şərtləndirən əzablı bir prosesdən keçir. Bunları bacarıb zəhmətə qatlaşanlar, nə vaxtsa peşəkar jurnalist ola bilərlər. Belədə isə hətta müəyyən titulların və fəxri adların da faydası yoxdur!
Nəzərdən keçirdiyimiz müxtəlif izahlı lüğətlərdə "peşəkarlıq" anlayışına verilən təriflər (izahlar) bizi qane etmədi! Bunlar müxtəlif cümlələrlə ifadə edilsələr də, mahiyyətcə "peşəni dərindən bilmə" anlamını ehtiva edirdi. Jurnalistika adi peşələrdən olmadığından onun "dərindən bilmə" anlamı da xüsusi məna kəsb edir. Çəkməçilik, bənnalıq və dülgərlik də peşədir. Amma bunların "dərindən bilinməsi" ilə jurnalist peşəkarlığı arasında fərq olduqca böyükdür!
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan!
Bu, peşəkarlıq məsələsinə
XII əsrdə Nizami Gəncəvinin yanaşmasıdır!
Tamamilə normal və qəbulediləndir.
Xatırladırıq ki,
həmin dövrdə
hələ jurnalistika
yaranmadığından jurnalist
də yox idi!
Bütövlükdə jurnalistika xüsusi fəaliyyət növüdür
və onu digər peşələrdən
fərqləndirən bir
neçə əsas cəhətlər var. Bu barədə
bir qədər ətraflı bəhs etməyə çalışacağıq.
Jurnalistika elmlə peşə arasında dayanan fəaliyyət növüdür. Bu, o demək
deyildir ki, hər ikisindən avaradır! (Bəlkə
də sərt ifadə etdik). Qətiyyən! Belə fəaliyyətin uğurunu elmiliklə müəyyən peşə
vərdişlərinin sintezi
təmin edir. Hamının qəbul etdiyi həqiqətdir ki, təkcə elm oxumaqla yaxşı jurnalist olmaq mümkün deyil! Az-maz cümlə qurub yazı yazanın isə elmi, biliyi yoxdursa, zaman keçdikcə kamilləşə, işlədiyi
mövzunun dərinliyinə
baş vuraraq ortalığa maraqlı və cəlbedici material qoya bilməz. Səthi yazılarla isə ancaq "səthi jurnalist" olmaq mümkündür!
Peşəkar jurnalist həmişə müxtəlif məsələlərdən,
ayrı-ayrı mövzulardan
yazmalı olur (Hansısa ixtisas sahibi olaraq qəzetə
gələrək daim
eyni mövzuda yazmaq isə peşəkarlıq yox, şərhçilikdir). Odur ki,
o, öz peşəsi
ilə yanaşı, müxtəlif sahələr
barədə də müəyyən bilgiyə
malik olmağa borcludur. Heç olmazsa, ağıllı suallar vermək, müsahibinin qarşısında
gülməli vəziyyətə
düşməmək üçün!
Bax, buna görə də daim oxumalı,
öz üzərində
işləməli, biliyini
və dünyagörüşünü
genişləndirməlidir. Hər dəfə müsahibi ilə görüşə
qabaqcadan hazırlaşmalı,
nədən başlayıb
nədə qurtaracağını
irəlicədən dəqiqləşdirməlidir.
Jurnalist daim cəmiyyətdə, ictimai-siyasi həyatda baş verən proseslərdən yazmalı
olur. İnsanlar isə onun yazılarını oxuyaraq
nə isə öyrənməli, baş
verənlərdən baş
çıxarmaqla faydalanmalıdırlar.
Əgər jurnalist yazdığı
mövzunu və məsələni dərindən
bilmirsə, onda başqasına nə deyə, hansı yeniliyi öyrədə bilər? Həm də unutmaq
olmaz ki, hər bir qəzet
məqaləsini həmin
sahənin mütəxəssisi,
bilicisi də oxuyur. Odur ki, naşılıq gizli qalmır!
Digər bir məqam isə jurnalistin eşidib öyrəndiklərini
təfəkkürün süzgəcindən
keçirərək oxucuya
təqdim etməsidir. Əslində "yaxşı qələmi var" ifadəsi şərtidir. "Düzgün
təfəkkürü var"
ifadəsi daha yerinə düşəndir!
Jurnalist faktların içindən hansılarını
seçəcək, məsələni
necə qavrayıb işıqlandıracaq, düşündüklərini
ağ kağıza necə "köçürərək"
(bu da "şərti" ifadədir)
şübhəsiz, qazanacağı
uğuru həm də bunlar müəyyənləşdirir.
Daha bir vacib məsələyə
də çatdıq. Jurnalist öz
fikirlərini dil materialı vasitəsilə
insanlara çatdırır.
Söhbət həm də
düşüncənin yazılı
formada təqdimatından
gedir. Məlumdur ki, fikri yazılı, yaxud şifahi formada "dil libasına" "bürüməyənə" qədər başqasına
çatdırmaq qeyri-mümkündür.
Əlbəttə, əl-qol
hərəkətləri ilə
dilini bilmədiyin adamlara nə istədiyini başa salmaq mümkündür! Amma söhbət incə fikirlərin, dərin düşüncələrin,
mürəkkəb hadisələrin
anladılmasından gedirsə,
belədə əl-qol
kara gəlmir!
Jurnalistikada isə dili ala-babat bilməklə baş girləmək mümkün
deyil! Fikrini dəqiqliyi ilə
çatdırmaq, bəzən
hiss-həyəcanı dolğunluğu
ilə ifadə etməkdən ötrü
Azərbaycan dilinin qrammatikasını, üslubi
imkanlarını, ifadə
formalarını dərindən
mənimsəmək, lüğət
fondunu durmadan zənginləşdirmək lazımdır.
Əgər jurnalist peşəkarlığının
bir hissəsini mövzu seçmək, fakt toplamaq, hadisələri səriştəli
təhlildirsə, digər
hissəsi "özün
üçün öyrənib
bildiklərini" ustalıqla
başqalarına çatdırmağı
bacarmaqdır. Jurnalistin "işlətdiyi" materialın
əsasını söz
təşkil etdiyindən
peşəkarlığın da əsas elementi
sözlə işləmək
məharətidir! Yazıda
hər cümlənin
öz yeri, cümlədə isə hər sözün öz yükü olur! Söz abstrakt məhfum sayılsa da, əslində jurnalist qələmində onun ölçü-biçisi, çəkisi,
hətta rəngi belə var! Sadəcə bunu duyaraq işlətmək lazımdır!
Peşəkarlığın ən mühüm göstəricisi sayılan
fərdi üslubun formalaşmasında jurnalist
təfəkkürü və
onun sözlə işləmək bacarığı
mühüm yer tutur. Odur ki, daim və dayanmadan
öyrənmək, öz
üzərində mütəmadi
işləmək, habelə
fikrin daha aydın və dəqiq ifadəsinə
nail olmaq, dilin semantik, leksik və qrammatik imkanlarından istifadə bacarığını yorulmadan
təkmilləşdirmək jurnalist peşəkarlığına
çatdıran çətin,
amma yeganə doğru yoldur!
Bəzi diletantlar peşəkarlıqla
bağlı söhbətlərində
jurnalistika təhsilinin
vacib olmadığı,
əsas məsələnin
istedadın mövcudluğu
ilə bağlayırlar.
Əvvəla, istedad özü nisbi anlayışdır və kimdə onun nə qədər
olduğunu ölçən
cihaz hələ ki kəşf edilməyib. Kiminsə sual verib cavabını
diktafona yazdıqdan sonra kağıza köçürərək (bəzən
cüzi redaktə aparmadan belə) oxucuya çatdırması
istedadın mövcudluğuna
dəlalət etmir! Sadə müqayisə aparaq.
Tibbi təhsil olmadan yaxşı çöpçü, yaxud
sınıqçı olmaq
mümkündür! Amma insanı
xəstəliklərdən müalicə etməkdən
ötrü mükəmməl
oxumaq və mütəxəssislərin rəhbərliyi
altında təcrübə
toplamaq zəruridir.
Xoşa gəlməyən məqam
budur ki, özünü "istedadlı"
sayaraq jurnalistika sahəsində çalışmağa
gələnlər müstəqil
şəkildə jurnalistə
lazım olan zəruri bilgiləri öyrənməyə belə
təşəbbüs göstərmirlər. Jurnalistikanın özünəməxsus prinsip
və qaydaları, janrları, sənətkarlıq
məsələləri mövcuddur.
Azərbaycan milli mətbuatının
çox qədim və zəngin ənənələri var,
bizim bir sıra məqalələri
hələ də aktuallığını saxlayan
korifey jurnalistlərimiz
olub. Onların yaradıcılığını
öyrənib bilmədən,
milli mətbuatımızın
ənənələrindən xəbərdar olub yaşatmadan necə peşəkar jurnalist səviyyəsinə yüksələrsən?
Axı keçmişindən,
milli kökündən
qopanların heç biri indiyədək uğur qazana bilməyib! Təkcə dünya və
Avropa jurnalistikasının
"tələbləri" əsasında yazıb-yaratsan,
azərbaycanlı oxucu
səni qəbul edib sevərmi? Heç zaman!
Əlifbasını bilmədiyin fəaliyyət
sahəsində necə
uğur qazanarsan? Hələ
onun generalı səviyyəsinə yüksəlməkdən
söhbət gedə bilməz!
Lovğalanmaqla və gözə
kül üfürməklə
heç kim
səni "peşəkar
jurnalist" saymayacaq!
Ala-babat yaza bilərsən! Bundan isə necə deyərlər, Fatıya tuman olmaz!
Bir cəhəti də unutmayaq: jurnalist özbaşına yetişmir,
onu yetişdirirlər!
Buna görə redaksiyalarda
"praktik jurnalistikanı
öyrədən məktəblər"
fəaliyyət göstərməlidir,
yaradıcı mühit
olmalıdır! Təzə qələm
tutanlara hansı mövzuda necə yazmağın, müsahibinə
sual verməyin, janrın tələblərini
gözləməyin, yazdıqlarını
sonradan redaktə etməyin yolunu göstərməlidirlər (Şübhəsiz,
əgər həmin redaksiyada bunları bilənlər varsa).
Dəmyə şəraitdə
ancaq alaq otu bitər, məhsuldar meyvə-tərəvəzi
isə yetişdirirlər!
(Ardı var)
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 16 sentyabr.- S.4.