Ağdam məktəblərində əsl vətənpərvərlər yetişir

 

Respublikamızın hər yerində bayram ovqatında keçirilən "Bilik günü" cəbhə bölgəsi olan Ağdamda da yüksək səviyyədə təşkil edildi. Məktəblər minlərlə  şagirdə məhəbbətlə qollarını açdı. Bir neçə ayın ayrılığından sonra təhsil müəssisələrinə yenidən qədəm qoyan bu uşaqlar ölkənin cəbhədən uzaq bölgələrindəki yaşıdlarından fərqlənirlər.

Onların məktəbə getdiyi yollar səngərlərin bir addımlığından, istinad divarlarının dibindən, ölümün-itimin içindən keçir. Pulemyot, avtomat səslərinə alışan bu uşaqlar üçün məktəb sülhün və əmin-amanlığın rəmzidir. "Salam, ana məktəb, xoş gördük, doğma müəllim!"

Yeni tədris ilinin ilk günündə Qaradağlı kənd orta məktəbində də qələbəlik idi, burada bayram əhval-ruhiyyəsi yaşanırdı. Sevinməyə, fərəh hissi keçirməyə səbəb təkcə dərs ilinin başlanması deyildir. Uzun illərdən bəri yararsız vəziyyətdə olan bu təhsil ocağının əsaslı şəkildə yenidən qurulması şagirdlərə, müəllimlərə, valideynlərə də gerçək bir bayram sevinci yaşadırdı. Əsaslı təmirdən sonra məktəb diqqət çəkən yaraşığı ilə göz oxşayırdı. Təhsil ocağı başdan-başa müasir avadanlıqlarla təchiz edilmişdir. Beləcə, "Bilik günü" münasibətilə keçirilən tədris ikiqat bayram təsiri bağışlayırdı. Bu münasibətlə təşkil edilən mərasimdə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov və Elman Məmmədov, Ağdam Rayon İcra  Hakimiyyətinin başçısı Raqub Məmmədov, rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər iştirak edirdilər.

Açılış mərasimində səslənən ayrı-ayrı çıxışlarda Prezident İlham Əliyevin Ağdama və ağdamlılara böyük qayğı və diqqəti dönə-dönə minnətdarlıqla vurğulandı. Qeyd olundu ki, müasir görkəmli bu möhtəşəm məktəbin araya-ərsəyə gəlməsi məhz ölkə rəhbərinin qayğısının ifadəsidir.

Mərasimdə çıxış edən natiqlər respublikada təhsil islahatının uğurla həyata keçirilməsindən, təhsili millətin gələcəyi hesab edən ulu öndər Heydər Əliyevin siyasi kursunun müvəffəqiyyətlə davam etdirilməsindən, qazanılan nailiyyətlərdən, Ağdam rayonunda bu sahədə aparılan işlərdən ətraflı danışdılar.

Qonaqlar sinif otaqları, laboratoriyalar, idman zalı ilə, bütövlükdə əsaslı təmirdən sonra məktəbdə yaradılmış nümunəvi şəraitlə tanış oldular.

Həmişə nikbin olan, sabaha inamla baxan ağdamlılar dövlətin isti münasibətindən, Prezident İlham Əliyevin bu cəbhə bölgəsinə davamlı qayğısından güc alaraq sosial-iqtisadi inkişafın digər sahələrində olduğu kimi təhsildə də diqqət çəkən uğurlara imza atırlar. Rayonda təhsilin  maddi-texniki bazası dövlətin qayğısı ilə ildən-ilə möhkəmlənir. Bu qayğının bir göstəricisi də odur ki, son 10 ildə rayonun 12 nəfər müəlliminə "Əməkdar müəllim" fəxri adı verilmiş, 6  müəllim isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Dövlət başçısı avqustun 6-da Ağdama səfəri zamanı yeni İmamqulubəyli qəsəbəsinin, eyni zamanda burada tikilən 440 yerlik yeni məktəbin açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşdə aparılan abadlıq, quruculuq işlərini yüksək qiymətləndirmiş, Xındırıstan-Üçoğlan kənd yolunun yenidən qurulması üçün Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayırmışdır. Ağdamlılar Prezident İlham Əliyevin bu bölgəyə səfərinin yaratdığı xoş ovqatı tədris ilinin ilk günündə də yaşayırdılar. Səfər zamanı ön xətdə yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüşdə öz dəyişməz və prinsipial mövqeyini bir daha bəyan edən, bir qarış torpağın da müzakirə mövzusu olmayacağını qətiyyətlə bildirən ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş  Komandanı İlham Əliyev Qarabağ həsrəti ilə yaşayan insanların qəlbindəki ümid çırağını daha gur yandırdı, hər kəsdə işğaldakı torpaqlarımızın tezliklə azad olunacağına inamı daha da artırdı. Dövlət başçısının tapşırıq və tövsiyələrindən təbii ki, ağdamlı müəllimlərin də üzərinə yeni vəzifələr düşür. Xalqını, vətənini sevən, dövlətinə sədaqətli olan, müasir dünyagörüşə, yüksək intellektual səviyyəyə malik yeni nəsil yetişdirmək indi həmişə olduğundan daha vacib, daha önəmlidir.

Təhsildə yüksək nailiyyətlər qazanmaq üçün onun maddi-texniki bazasının möhkəmləndirilməsi mühüm şərtdir. Bu sahədə Ağdam təhsilində ildən-ilə böyük irəliləyişlər özünü göstərir. Birinci Baharlı kənd tam orta məktəbi üçün bu yaxınlarda 160 şagird yerlik yeni bina tikilib istifadəyə verilmişdir. Hər biri 120 şagird yerlik olan Həsənxanlı və Hacıməmmədli kənd tam orta məktəbləri üçün inşa olunmuş binalar da məhz "Bilik günü"ndə öz qapılarını şagird və müəllimlərin üzünə açdı. Bu münasibətlə həmin məktəblərdə də açılış mərasimləri keçirildi. Uzun illər boyu yararsız vəziyyətdə göz dağına çevrilən Əhmədağalı kənd tam orta məktəbi də yüksək zövqlə əsaslı təmir edilərək istifadəyə verilmişdir. 135 saylı məktəb İmamqulubəyli qəsəbəsində yeni inşa olunmuş 440 şagird yerlik binaya köçürülmüşdür.

Heydər Əliyev Fondunun Ağdam təhsilinə qayğısı bölgədə hər kəs tərəfindən minnətdarlıqla qarşılanır. Ötən illərdə olduğu kimi, fond bu il də ağdamlı uşaqlara öz qayğı payını əsirgəməyib. Fond tərəfindən göndərilən içərisi hər cür məktəbli ləvazimatı ilə dolu olan 2000 ədəd məktəbli çantası uşaqların böyük sevincinə səbəb olmuşdur. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi isə öz ənənəsinə sadiq qalaraq ağdamlı şagirdlərə 1896 ədəd məktəbli forması göndərmişdir. Yeni dərs ili üçün 79.450 ədəd dərslik alınıb rayonun məktəblərinə paylanmışdır.

Şagirdlərin informasiyakommunikasiya texnologiyalarından bacarıqla istifadə etmək vərdişlərinə dərindən yiyələnmələri üçün zəruri tədbirlər görülür. Rayonun ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin sayı artıq 477-yə çatır. 19 ümumtəhsil məktəbi və rayon təhsil şöbəsi sürətli internet xəttinə qoşulmuşdur. Ağdam məktəblərində ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolunun şagirdlərə öyrədilməsinə xüsusi önəm verilir. Ulu öndərin 91 illik yubileyi ilə əlaqədar "Heydər Əliyev Azərbaycan dövlətinin memarıdır" mövzusunda keçirilən inşa yazı müsabiqəsində 300-ə qədər şagird iştirak etmişdir.

Respublikamız müstəqillik qazandıqdan sonra gənclərin fiziki hazırlığına və vətənpərvərlik tərbiyəsinə dövlətin qayğı və diqqəti daha da artmışdır. Ərazisinin dörddə üç hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam rayonunda bu məsələyə təbii ki, daha böyük önəm verilir. Rayon məktəblərinin "Cəsurlar" və "Şahinlər" hərbi idman komandaları 10 ildə respublikada keçirilən yarışlarda bir qayda olaraq qaliblər sırasında yer alırlar. Hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə artan qayğının məntiqi nəticəsidir ki, 2014-cü ilin məzunlarından 5 nəfəri Respublika Polis Akademiyasına, 7 nəfəri Ali Hərbi məktəbə, 15 nəfəri isə hərbi liseyə qəbul olunmuşdur.

İnkaredilməz həqiqətdir ki, bu gün hər bir təhsil ocağının uğuru onun məzunlarının ali məktəblərə qəbulunun səviyyəsi ilə ölçülür. Son 10 ildə bu səviyyə Ağdam təhsilində yüksələn xətlə artmaqdadır. 2014-cü ildə rayonun məzunlarından 343 nəfər ali məktəblərə qəbul olunmuşdur. Bu, 2004-cü ildəkindən təxminən iki dəfə çoxdur. Məzunlardan 12 nəfəri 600-dən, 45 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Çəmənli kənd tam orta məktəbinin məzunu İlkin Məmmədzadə 700 bal toplayaraq Ağdam rayonunun tarixində rekord nəticə qazanmışdır. Ali məktəblərə qəbulda yüksək bal toplayan məzunlar rayon icra hakimiyyətində keçirilən görüşdə qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. İmkansız ailələrdən olan 6 nəfər tələbənin hər birinə ayda 100 manat təqaüd verilməsi üçün müvafiq qərar qəbul edilmişdir.

Milli Məclisin deputatları Bəxtiyar Sadıqov və Elman Məmmədov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və digər qonaqlar yeni inşa olunmuş hər biri 120 yerlik Həsənxanlı və Hacıməmmədli kənd tam orta məktəblərinin açılış mərasimlərində də iştirak etdilər, yeni dərs ilinin başlanması münasibətilə şagird və müəllimlərə xoş arzularını çatdırdılar.

"Bilik günü"ndə daha bir görüş Ağdam Musiqi Kollecində keçirildi.

Ağdam məktəbliləri yeni dərs ilinə yüksək əhval-ruhiyyə ilə başladılar. Şərəfli peşə sahibi olan müəllimlər bilikli, vətənpərvər, dövlətinə sədaqətli yeni nəsil yetişdirmək vəzifəsini uğurla yerinə yetirmək üçün elə ilk gündən səy və bacarıqlarını əsirgəmirlər.

 

Lazım QULİYEV,

Azərbaycan.-2014.- 16 sentyabr.- S.5.