3. «Azərbaycan» qəzetinin ilk nömrəsi

 Bakının işğaldan azad edilməsinə həsr olunmuşdu

 

Azərbaycan tarixi: 1918-ci ilin sentyabr günləri

 

Bakının azad edilməsi məsələsi yalnız hərb meydanlarında deyil, həm də daha geniş dairələrdə - regionda maraqları olan qüdrətli dövlətlərin siyasəti ilə həll olunurdu. Azərbaycan torpaqlarını işğaldan azad edəcək türk qoşunlarının rəsmi Osmanlı ordu birləşmələri olmadığını göstərmək üçün Qafqaz İslam Ordusu adlandırıldığı qeyd edilmişdi. Lakin bu ordunun ilk dəstələrinin may ayının sonlarında Gəncədə apardığı əməliyyatların doğurduğu əks-səda ən əvvəl Bakıdakı bolşevik hakimiyyətində ciddi narahatlıq doğurdu və Moskva dərhal  vəziyyətdən xəbərdar edildi. Hadisələrin gedişini və türk ordusunun hərəkətini diqqətlə izləyən sovet Rusiyası xarici işlər naziri Çiçerin Osmanlı hökumətinin Moskvadakı səfiri Qalib Kamala nota təqdim edərək sovetlərin  Brest-Litovsk müqaviləsi ilə Qars, Ərdahan və Batumu  Osmanlı dövlətinə verdiyini, lakin  bundan sonra türklərə heç bir ərazilərin güzəştə gedilməyəcəyini bildirdi. Notada türk hərbi qüvvələrinin Gümrünü ələ keçirməsi, bununla kifayətlənməyərək Azərbaycanın daxilində Bakıya doğru irəliləməsi sovetlər üçün onsuz da ağır olan Brest-Litovsk müqaviləsinin kobud şəkildə pozulması kimi qiymətləndirilir və hərbi hərəkatın təcili surətdə dayandırılması tələb edilirdi. Çiçerin həmçinin Bakı neftində gözü olan Almaniyanı müttəfiqi Osmanlı dövlətinə qarşı qaldırmaq üçün də bir sıra addımlar atdı. Almaniyanın İstanbuldakı səfiri Bernsdorff, Tələt paşa, Ənvər paşa, xarici işlər naziri Nəsimi bəy ilə aparılan görüş və yazışmalarda bu məsələ tam kəskinliyi ilə qoyuldu. Türkiyə rəsmiləri Qafqazdakı hərbi əməliyyatları Nuru paşanın heç kimdən əmr almadan girişdiyi şəxsi təşəbbüsü və Azərbaycandakı türk könüllüləri ilə birgə başladığı fəaliyyəti kimi qələmə verərək Osmanlı dövləti ilə heç bir əlaqəsi olmadığını bildirir və müttəfiqi Almaniyanı da bu qənaətdə inandırmağa çalışırdı. Təsadüfi deyil ki, Qafqaz İslam Ordusu komandanlığına göndərdiyi açıq əmrdə Ənvər paşa Gəncədəki hərbi hərəkatın dərhal dayandırılmasını tələb edir, Şərq Orduları Qrupu komandanı Xəlil paşa və Qafqaz İslam Ordusu komandanı Nuru paşaya göndərdiyi gizli və şəxsi əmrlərdə isə Bakının düşmən tapdağından ən qısa müddətdə qurtarılması üçün çox sürətli hərəkət edilməsini tapşırırdı.

Azərbaycandakı hadisələri diqqətlə izləyən İngiltərə  də neft Bakısının bolşeviklərlə Osmanlı dövləti və Almaniyanın maraqlarının toqquşduğu meydana çevrildiyini və onların birinin əlinə keçəcəyi təqdirdə ingilislərin əleyhinə olan nəticələrə gətirib çıxaracağını düşünürdü. Bakı türklərin və bilavasitə almanların əlinə keçəcəyi halda neftin borularla Batum limanına çatdırılmasının mümkün olacağı, bundan da Almaniya iqtisadiyyatının müharibə şəraitində böyük bir qazanc əldə edəcəyi şübhəsiz idi. Bundan başqa, ingilislərin ehtimalına görə, Osmanlı dövləti pantürkist əməlləri üçün mühüm bir mövqe əldə edəcək, Bakıdan İran və Türküstana və ordan da Əfqanıstana keçərək Hindistandakı ingilis müstəmləkə idarəçiliyi üçün böyük bir təhlükə yaradacaqdı. Beləliklə, ilk növbədə, Bakının türklərin əlinə keçməsinin qarşısını almaq lazım idi. Bu məqsədlə İngiltərə özünün İraqdakı hərbi qüvvələrdən bir hissəsini Fars körfəzindən Xəzər dənizi sahillərinə gətirdi. Daha sonra bolşeviklərin hakimiyyətini qəbul etmədikləri halda türk qoşunlarının qarşısının alınması zərurəti qarşısında rus polkovniki Biçeraxovun kazak dəstələrini Bakıdakı bolşevik hərbi qüvvələrinə dəstək olmaq üçün göndərdi. Bakı komissarları hakimiyyətdən getdikdən sonra isə general Denstervilin komandanlığı altında ingilis qoşunları 1918-ci il 5 və 17 avqust tarixlərdə özləri Bakıda peyda oldular.

İslam Qafqaz Ordusu işğal altında olan Azərbaycan bölgələrini azad edə-edə Bakıya yaxınlaşdıqca bolşevik komissarlarından Moskvaya geniş hərbi yardım göndərmək barədə tələblərin sayı gündən-günə artırdı. Özü vətəndaş müharibəsi, xaos və qıtlıq  burulğanında boğulan, digər tərəfdən həmin günlər Saritsında qalxan antibolşevik üsyan səbəbindən Bakı komissarlarına ciddi hərbi kömək göstərmək imkanından məhrum olan sovet Rusiyası Osmanlı hökumətinə təzyiq üçün başqa vasitəyə əl atır. Bakını istənilən halda öz əlində saxlamağa çalışan Rusiya avqust ayının əvvəllərində Almaniya ilə danışıqlara başlayır və 27 avqust tarixdə bu iki dövlət arasında "Brest-Litovsk Müqaviləsinə əlavə" adlı bir saziş imzalanır. Bu sazişə əsasən Almaniya Kür çayına qədər olan Azərbaycan torpaqlarının sovetlərin tərkibində qalmasına yardım etməli, bunun müqabilində isə Bakı neftinin yarısına sahib olmalı idi. Bu müqavilə Bakı ətrafında yaşanan gərginliyi daha da dərinləşdirir və ən əvvəl Azərbaycan hökumətinin, xüsusilə M.Ə.Rəsulzadənin başçılığı ilə dövlətlərarası konfransda iştirak etmək üçün iyun ayının 24-dən İstanbulda olan nümayəndə heyətinin ciddi narahatlığına səbəb olur.

Qeyd olunmalıdır ki, İstanbula gəldiyi gündən geniş diplomatik fəaliyyətə başlayan M.Rəsulzadə Osmanlı dövlətinin başçıları, bir çox ölkələrin səfirləri ilə görüşərək Azərbaycan üçün taleyüklü məsələlərin, xüsusilə Bakının azad edilməsi ilə bağlı problemlərin həlli ilə məşğul olurdu. Türkiyə rəsmiləri ilə görüşləri zamanı Rəsulzadə Azərbaycana yeni ordu hissələrinin və hərbi sursatın göndərilməsi zərurətini əsaslandırmağa və razılıq almağa müvəffəq olmuşdu. "Mən bir daha Tələt paşa və Ənvər paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər" sözləri bu razılıqların o qədər də asan başa gəlmədiyini göstərirdi. Beynəlxalq aləmdəki durumu və siyasi ab-havanı İstanbuldan daha yaxşı izləyən Rəsulzadə Baş nazır F.X.Xoyskiyə göndərdiyi məktubda yazırdı: "Siyasi mənzərə tamamilə dəyişib. Vilsonun prinsipləri əsasında sülh təklif edilib. Konfrans (İstanbulda) baş tutmayacaq. Ermənilər Qarabağı tələb edirlər. Avropada mütləq gecikmədən təbliğat lazımdır". Təbii ki, belə bir şəraitdə Bakı məsələsi ən ciddi, azərbaycanlılar üçün isə təhlükəli şəkil alırdı.

Bakının Azərbaycandan ayrılması istiqamətində ən müxtəlif fərziyyələr və planlar irəli sürülürdü. Xüsusilə Tiflis ictimaiyyəti arasında erməni qəzetləri və sosialist vərəqələrində geniş təbliğ edilən "Bakı "sərbəst səhər" (volnıy qorod) olsun"  şüarı israrlı surətdə Avropa siyasi cəmiyyəti arasında yayılırdı. Bu təxribat dolu xəbəri İstanbuldakı Tiflis nümayəndəliyindən alan Rəsulzadə alman səfiri ilə görüşərək Almaniyanın Bakı ilə bağlı mövqeyinə aydınlıq gətirdikdən sonra Bakıya göndərdiyi məktubda "Bakı məsələsinin əhəmiyyət kəsb etdiyini və almanların bolşevikləri tam narazı salmaq istəmədiklərini" vurğulayaraq yazırdı: "Nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq. Bakıya doğru hərəkət mütləq Azərbaycan naminə olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır".

Almaniya ilə sovet Rusiyası arasında bağlanmış yeni sazişin Bakıya aid maddələri Rəsulzadənin  ehtimallarını təsdiqlədi. Bu sazişə etiraz olaraq Rəsulzadə Azərbaycan hökuməti adından Almaniyanın İstanbuldakı səlahiyyətli nümayəndəsi qraf Valdburqa nota təqdim etdi. Notada Azərbaycan xalqının rus inqilabından sonra irəli sürülən "hər millətin öz müqəddəratını özünün təyin etməsi hüququndan" yararlanaraq və Dördlər İttifaqı dövlətlərinin dostluq duyğularına istinad edərək əsrlərdən bəri altında əyildiyi rus boyunduruğunu üstündən atıb istiqlalını elan etdiyi" bildirilir, bu halda adıçəkilən müqaviləyə əsasən Bakı şəhərinin rus hakimiyyəti altında qalmasına Almaniyanın yardım etməsindən Azərbaycan hökumətinin son dərəcə təəccübü və təəssüfü ifadə edilirdi. Notada Bakının Azərbaycan ərazisində, Azərbaycan xalqının tarixində tutduğu yer, mədəni, iqtisadi, siyasi, milli bağlılığa dair konkret faktlar gətirilərək onun Azərbaycanın ayrılmaz bir parçası olduğu əsaslandırılır və bəyan edilirdi: "Bütün bu səbəblərdən, məmləkətin istiqlalını təmin etməkdən heç vaxt əl çəkməyən Azərbaycan xalqı Bakını azad etmək arzusundan heç bir şəkildə geri çəkilməyəcəkdir. Bu məsələ Azərbaycan üçün sadəcə bir ərazi mövzusu deyil, bir ölüm-dirim məsələsi şəkli almışdır".

İstanbuldakı nümayəndəlik tərəfindən etiraz notasının surəti Osmanlı dövlətinin Xarici İşlər Nazirliyinə, Avstriya-Macarıstan və Bolqarıstan səfirliklərinə, həmçinin bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə də təqdim edilmişdi. M.Rəsulzadə həmin günlər M.Hacınskiyə məktubunda "Hökumət də ayrıca olaraq etiraz etməlidir və hay-küy qaldırmaq lazımdır" yazır və bir daha vurğulayırdı: "Bu xəyanətkarlığa ən böyük və layiqli cavab Bakının alınmasıdır".

Lakin Bakı məsələsində neft amilinin əsas rol oynadığını yaxşı anlayan Rəsulzadə sovet Rusiyası ilə sazişə əsasən Almaniyanı təmin edəcək bu şərti də diqqətsiz qoymayaraq notada Azərbaycan hökumətinin özünün neft ixracatı və əcnəbi sərmayələrin cəlb edilməsi siyasətində "Almaniya kimi nəhəng sənaye dövlətinin ticari və iqtisadi maraqlarını" nəzərə alacağını vurğulayırdı.

Bakını xilas edəcək hərbi qüvvələr isə şəhərə birinci hücumdan keçən zaman ərzində ordunun möhkəmlənməsi sahəsində bir sıra işlər görməklə yanaşı, mütəmadi olaraq Bakının "müdafiəçiləri" ilə yerli xarakterli döyüşlərə girir, onun qüvvəsini zəiflədir və Bakı kəndlərini bir-bir ələ keçirirdilər. Belə döyüşlərdən biri avqustun 27-də Yanardağ-Binəqədi istiqamətində aparıldı və əksəriyyəti ingilislər olan böyük itkilərlə nəticələndi. General Denstervil bu itkilərin verilməsində, həmçinin 50-dən artıq ingilis əsgərinin əsir götürülməsində rus və erməni hərbi qüvvələrini günahlandıraraq 31 avqust - 1 sentyabr tarixlərdə keçirdiyi iclaslarda "diktatorlara və cürbəcür komitələrə" açıq müraciət etdi: "Mən imkan verə bilmərəm ki, mənim adamlarımın həyatı faydasız yerə qurban verilsin. Biz, buraya türklərə qarşı vuruşmaqda sizə kömək etmək üçün gəlmişdik, sizin vətəndaşlarınızın əylənməsi üçün müharibə aparmağa yox". Daha sonra ingilis generalı yerli hakimiyyətə Bakının təslim edilməsi barədə danışıqlar aparmaq üçün türklərə nümayəndə göndərməyi təklif edərək birmənalı bildirdi: "Yer üzündə heç bir qüvvə Bakını türklərdən qoruya bilməz".

İngilis qoşunlarının Bakını müdafiə etməkdən imtina etməsi Sentrokaspi hökumətini çaşdırsa da, ingilis hərbi birləşmələrinə yalnız Bakının xristian əhalisinin evakuasiyası və yerli qoşunlarla birlikdə şəhəri tərk etməyə icazə veriləcəyi bildirildi. Bu sözləri təzyiq kimi qiymətləndirən ingilis komandanlığı, eyni zamanda quru yolu ilə Bakını tərk etməyin qeyri-mümkünlüyü, dəniz yolunun isə tamamilə Xəzər Donanmasının nəzarəti altında olması səbəbindən, həmçinin yerli hökumətin məhz ingilislərə görə sovet Rusiyasının hərbi köməyinin rədd edildiyi, ingilislərin isə kifayət qədər qüvvə gətirmədiyi kimi təhdidləri qarşısında Qafqaz İslam Ordusu ilə son döyüşə hazırlaşmağa qərar verdi. Bir neçə gün ərzində Ənzəlidən 900 nəfərlik ingilis qüvvəsi və Dağıstandan Biçeraxova tabe olan 500 nəfərlik hərbi birləşmə Bakıya gətirildi.

Qafqaz İslam Ordusunun komandanlığı da Türkiyədən gözlədiyi əlavə hərbi qüvvələr sentyabrın 9-da Bakıya yetişən kimi hücuma hazırlaşmaq qərarını verdi. Nuru paşa Bakı yürüşündə daha yaxından iştirak etmək üçün sentyabrın 8-də Gəncədən Bakıya yollandı və 10-da Puta stansiyasındakı mövqelərə çatdı. Şərq Orduları Qrupunun komandanı Xəlil paşa da Bakı hücumunda şəxsən iştirak etmək üçün Bakıya gəldi.

Bakı neftinə sahib olmaqdan hələ də ümidlərini üzməyən və "müvəffəqiyyətləri öz adlarına çıxmaq istəyən" almanlar şəhərin azad edilməsində iştirak etmək üçün Tiflisdə olan bir alman batalyonunun Qafqaz İslam Ordusuna qoşulmasına nə qədər cəhd etsələr də, Nuru paşa buna icazə vermədi. Ənvər paşa da bu məsələdə qətiyyətli mövqe tutaraq alman hərbi qüvvələrinin Azərbaycana girməyinə imkan verilməməsi, "əgər zorla qüvvə göndərməyə təşəbbüs göstərərlərsə, bu halda dəmiryolu körpüsünün dağıdılması və hər halda keçmələrinə mane olunması" haqqında Xəlil paşaya əmrlər göndərdi. Həqiqətən almanların icazə gözləmədən Bakıya göndərdikləri batalyonun yolu Gürcüstan sərhədindəki dəmiryolunun dağıdılması, teleqraf xətlərinin isə kəsilməsi ilə bağlandı.

Beləliklə, Bakını türk və Azərbaycan qoşunları azad etməli idi və sentyabrın 14-də gecə saat 2-də başlanması nəzərdə tutulan hücum qarşısında təxminən 8 minə qədər türk əsgər və zabiti, 7 min də azərbaycanlı nizami-milis qüvvələri Bakı cəbhəsində hazır vəziyyətə gətirildi.        

Təyin olunan vaxt, hələ gecənin qaranlığında qərargahdan "İrəli" əmri gələn kimi Bakını üzük qaşı kimi mühasirəyə almış qoşunlar Heybət-Bakı dəmiryolu və Şubanı-Bakı yolu istiqamətlərindən hərəkət etdilər və artıq gecə saat 3-də düşmənin birinci müdafiə xətti yarıldı.

"Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünəməxsus qışqırıqları (Allah, Allah) ilə qumbara və süngü hücumuna başlanıldı". Qurd qapısı təpələri tərəfindən hücuma keçməyə hazırlaşan düşmən birləşmələri güclü top atəşinə tutularaq qarşısı alındı. Komandirləri başda olmaqla bu cəbhə xəttindən qaçan düşmənə, Bayıl ətrafında  daha bir ağır zərbə vuruldu. Sallaqxana və Salyan kazarmalarındakı topçu batareyaları da türk toplarının atəşləri ilə susduruldu. Qərb Cəbhəsində nizamı pozulmuş rus, erməni və ingilislərdən ibarət birləşmiş qüvvələr sahilə yığılaraq limandakı gəmilərə minməyə çalışsalar da, sahilə tuşlanan top atəşləri altında buna müvəffəq olmadılar.

Azərbaycanlılardan ibarət olan hərbi hissələr Sabunçu, Hövsan və Əhmədli istiqamətlərində hərəkət edərək bu mövqeləri ələ keçirdilər.

Hücumun ilk saatlarında türk qoşunlarının düşmənin müdafiə xətlərini sürətlə ələ keçirməsi general Denstervili heyrətə gətirmişdi. Hələ sentyabrın 12-də türk ordusundan qaçaraq ingilislərə sığınan ərəb əsilli bir əsgərdən Bakıya ediləcək əsl hücumun ayın 14-də Qərb cəbhəsindən başlayacağını bilsə də, "cəbhədəki bütün üstünlüklərin öz tərəflərində olduğunu" düşünən, lakin "buna baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrin artıq nə isə edə biləcəyinə ümidi" qalmayan ingilis generalı belə vəziyyətdə geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq hərbi birləşmələri yenidən nizamlamaq qərarını verir.

Nəticədə 14 saat fasiləsiz davam edən, dəyişkən uğurlar və böyük itkilərlə  müşayiət olunan ağır, üzüntülü və qanlı döyüşlər demək olar ki, şəhərin bir kilometrliyinə çatmış  türk qoşunlarının tam üstünlüyü ilə gündüz saat 4-də hər iki tərəfdən dayandırılır. Türk ordusu tərəfindən bu qərar yalnız döyüşçülərin yorğunluğu ilə deyil, həm də bəzi mövqelərdə Bakının kənar məhəllələrinə çıxmış hərbi hissələrə küçə döyüşlərində tələfat verməmək məqsədilə şərtlənirdi.  

Yaranmış vəziyyətdə Qafqaz Ordusu qarşısında müqavimət göstərməyin artıq faydasız olduğu qənaətinə gələn general Denstervil həmin axşam öz qoşunlarını cəbhədən çıxardı və hərbi sursatları ilə birlikdə gəmilərə yüklənərək gecənin qaranlığında Ənzəli istiqamətində Bakını tərk etdi. Türklərin hələ şəhərə girmədiyi halda ingilis qoşunlarının qaçmasını xəyanət kimi qiymətləndirən Sentrokaspi hökumətinin bu gəmiləri topa tutaraq geri qaytarmaq cəhdi boşa çıxdı. İngilislərin geri çəkilməsindən xəbər tutan Biçeraxova tabe qüvvələr də öz gəmilərinə yığılaraq Mahaçqalaya yola düşdülər. İngilislər çıxıb getdikdən sonra "xristian" Bakısı heç yarım gün də davam gətirə bilmədi.

Bakının ətrafında saat 15.00-a qədər davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqaviməti tamam qırıldı. Birləşmiş düşmən qüvvələrinin Qərb cəbhəsinin erməni komandiri İranın Bakıdakı konsulu ilə birlikdə İran və ağ bayraqlarla türk batalyonu qərargahına gələrək şəhərin təslim olacağını bildirdi.

Lakin sentyabrın 15-də artıq səhər saat 9-da Azərbaycan ordusu arasıkəsilməz atəş səsləri altında Bakıya daxil oldu. Türk qoşunları şəhərə girməyərək onun yaxınlığında dayandılar. Bakının azad edilməsi bütün Azərbaycan xalqında görünməmiş bir ruh yüksəkliyi yaratmışdı. Xüsusilə Mart hadisələrindən sonra daim qorxu, təlaş içində, ölüm və talan təhlükəsi altında yaşayan, qətl və qarətlərə məruz qalan, son aylar şəhərdən, axşamlar isə hətta evdən çıxmağa icazəsi olmayan Bakının müsəlman əhalisi neçə aydan bəri gözlədikləri bu qurtuluş günündə küçələrə, evlərin damlarına, balkonlara axışdı. "Məscidlərin minarələrindən gələn azan səsi ətrafa yayılırdı. Müsavatçıların dəstəsi Əhməd Cavadın qalibiyyət ruhlu "Bismillah" şeirini ucadan oxuyaraq Bakı küçələrindən keçdilər".

 

"Ey Bakı, sən qorxma, gəldin, gələli

Səninçin atıldıq daim irəli!

Sağ qalanlar annələrə təsəlli,

Şəhidlərin ruhu gülər, Bismillah!

 

İngilis qoşunlarının qərargahı,  Denstervil özü də daxil olmaqla yüksək rütbəli zabitlərin yaşadığı və keçdikləri yerlər türklər tərəfindən "elə bir riyazı dəqiqliklə" atəşə tutulurdu ki, "müşahidəçinin ingilislərin cəmi yüz addımlığında olmasına şübhə qalmırdı". Bütün səylərinə baxmayaraq ingilislər  "türk artilleriyası ilə Bakının hansı nöqtəsindən telefon əlaqəsi aparıldığını" müəyyən edə bilməmişdi. Bakının alınması ərəfəsində erməni əsgərləri 18 yaşlı gənci göyərçin uçurmaqla türklərə işarə verməkdə ittiham edərək valideynlərinin gözü qarşısında güllələmişdi. Mart hadisələri başlanandan öz aralarında barışıq elan etmiş Bakı qoçularının silahlı dəstələri də Bakının müsəlman müdafiəçiləri arasında vuruşmuş, türk qoşunları ilə təmasda olmuş və onlardan bir neçəsi göstərdikləri şücaətə görə şəxsən Nuru paşa tərəfindən mükafatlandırılmışdı. İndi bu əhalinin hansı hisslərlə küçələrə çıxdığını təsəvvür etmək çətin deyildi.

Eyni zamanda, Mart faciələrini törədən, sonrakı aylarda isə müsəlman əhalisini daim təzyiq altında saxlayan və bu siyasəti dəstəkləyən Bakının qeyri-müsəlman, xüsusilə erməni əhalisi arasında hansı əhval-ruhiyyənin hökm sürdüyü məlum idi.

Hələ İslam Ordusu Bakıətrafı təpələrdən şəhəri top atəşinə tutduğu günlər Bakının "müdafiəsinə" inanmayan  erməni-rus əhalisi limanlara, vağzallara axışaraq şəhəri tərk etməyə başlamışdı. İngilislər gedəndən sonra isə sentyabrın 15-də səhər tezdən şəhərdə əsl xaos başladı. Ən əvvəl general Baqratuninin komandanlığı altında erməni qoşunları, əsasən zabitlər, döyüşlərin sonunu gözləmədən gəmilərlə Ənzəliyə qaçdılar, onların ardınca "Sentrokaspi Diktaturası"nın və erməni milli şurasının üzvləri, daşnak liderləri və  imkanlı ermənilər öz gəmilərində şəhəri tərk etdilər. Qaçmazdan əvvəl Bakının erməni "müdafiəçiləri" bankları, mağazaları, zənginlərin evlərini qarət edərək özləri ilə apardılar. Qalan xristian, əsasən erməni əhalisi Ağ və Qara şəhərdəki limanlara axışaraq  gəmi,  kater, barkas, hətta kiçik qayıqlarda yer tutmağa tələsdi. "Yaranmış böyük qarışıqlıq və çaxnaşma içində əsgərlər gəmilərdə pulemyot qoyaraq yalnız çoxlu pul verənləri buraxır, pul verməyənləri isə sadəcə olaraq süngü ilə dənizə itələyirdilər".

Lakin şəhər özü, xüsusilə də onun ətraf kəndləri komandirləri tərəfindən atılmış, qaçmağa macal tapmamış minlərlə erməni əsgərləri ilə dolu idi və onlar can verən yaralı vəhşi heyvan kimi yoluna çıxan hər kəsi öldürür, hər şeyi talan edirdilər.

Lakin üç gündən sonra Bakıya daxil olan Azərbaycan hökuməti qırğınlara son qoydu. Paytaxta gəldiyinin ertəsi günü Baş nazir F.Xoyski  tərəfindən imzalanmış    əhaliyə elan edilmiş bəyanatda Azərbaycanda yaşayan bütün vətəndaşların millətindən və dini etiqadından asılı olmayaraq eyni hüquqlara malik olduğu, hökumətin  bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını eyni səviyyədə qoruyacağı bildirilir, qarətçi, qatil və ümumiyyətlə, nizam-intizamı, ictimai qaydaları pozan şəxslərin, ölüm hökmü də daxil olmaqla hərbi dövrün bütün sərt qanunları üzrə cəzalandırılacaqları bəyan edilirdi.

Uzun müddət anarxiya və qarışıqlığın hökm sürdüyü şəhərdə qayda-qanunun bərpa edilməsi istiqamətində vacib addım olan bu bəyanat əməldə də yerinə yetirildi. Şəhərdə bir neçə gün hərbi vəziyyət elan olundu. Cinayətkarların cəzalandırıldığının əyani olması üçün şəhərin müxtəlif yerlərində - Quba meydanında (Füzuli meydanı), Quru bağda (Parapet-Fəvvarələr meydanı), dəmiryol vağzalının qarşısındakı meydanda, Dənizkənarı bulvarda, Qaraşəhər körpüsünün yanında dar ağacları quruldu. "İctimaiyyətin gözü qarşısında millətindən asılı olmayaraq dara çəkilən soyğunçuların sayı 100 nəfərdən artıq idi" və onların hər birinin sinəsində onun törətdiyi cinayətdən xəbər verən taxta lövhə asılmışdı. Cəzalandırılanlar arasında türk ordusunun qanunu pozmuş əsgərləri də var idi.  Lakin hökumətin tez bir zaman ərzində şəhərdə qarət və soyğunçuluğun qarşısını almaq üçün gördüyü sərt tədbirlərə baxmayaraq, ermənilər, "yeni türk-tatar vəhşiliklərini" dünyaya bəyan etməklə növbəti "Bakıda sentyabr qırğınları" təbliğat kampaniyasına rəvac verdilər və bu hadisələrə görə Azərbaycan hökumətini və türk qoşunlarını təqsirləndirdilər.

Sonralar Azərbaycan parlamentinin açılışı zamanı Nazirlər Kabinetinin hesabat məruzəsində F.Xoyski "Şəhər alınarkən yalnız məyusluq və təəssüf doğuran bəzi hadisələrin" baş verdiyini, hökumətin bunu gizlətmədiyini və bu kədərləndirici faktların üstündən keçməyi ləyaqətsizlik hesab etdiyini" bildirəcək, eyni zamanda bu faktları doğuran səbəblərə də diqqət çəkəcək: "Düşünürəm ki, bu hadisələrə ədalətli gözlə baxanlar təsdiq edərlər ki, dünyada heç bir hökumət onların qarşısını ala bilməzdi. Axı burada müsəlmanlar qırılmışdı, onların insani hüquqları tapdanmışdı. Şəhər üç ay çəkən döyüşlərdən sonra alınmışdı və əhalinin qəzəbi ən yüksək həddə çatmışdı".

Bu da qeyd edilməlidir ki, Bakı uğrunda sonuncu şiddətli döyüşlərin getdiyi günlərdə S.Şaumyan, Caparidze, Korqanov və digərləri başda olmaqla Mart faciələrinin səbəbkarları olan bolşevik komissarları iki dəfə şəhəri tərk etməyə cəhd göstərərkən "Sentrokaspi Diktaturası" hökumətinin əmri ilə həbs edildilər, sonra isə gəmidə Krasnovodska aparılaraq orada eserlərdən ibarət yerli Zakaspi hökuməti tərəfindən güllələndilər.

Beləliklə, faciəli Mart hadisələrindən beş ay sonra, çox ağır və mürəkkəb siyasi şəraitdə, inanılmaz səy və böyük iradə sayəsində, öz siyasi, təşkilati, diplomatik istedadlarının bütün gücünü tətbiq edərək Azərbaycan milli elitasının görkəmli nümayəndələri, Azərbaycanın silahlı qüvvələri ilə birlikdə və türk qoşunlarının - türk hərbi komandanlarının rəhbərlik etdikləri Qafqaz İslam Ordusunun qətiyyətli dəstəyi ilə 15 sentyabr 1918-ci il tarixdə Bakını rus-erməni-ingilis qüvvələrindən azad etdilər.

Ənvər paşanın özünə Bakının "30 saat davam edən şiddətli müharibədən sonra zəbt edildiyi" xəbərini sentyabrın 16-da Nuru paşa şifrə teleqramı ilə göndərmişdi. Qafqaz İslam Ordusunun yaradılmasına qərar verilən gündən bu məsələni daim diqqətdə saxlayan Türkiyənin hərb naziri, eləcə də bir çox dövlət nümayəndələri Nuru paşanı və Xəlil paşanı  və onların simasında türk əsgərini şəxsən bu böyük qələbə münasibətilə təbrik etdilər. Həmin gün Güzdəkdəki ordu qərargahından at üstündə Bakıya girən Nuru paşa və Xəlil paşa əvvəlcə Qırmızı kazarmaların yaxınlığında cəbhədə döyüşmüş bütün hərbi qüvvələrin iştirak etdiyi rəsmi keçid mərasimində iştirak etdilər, daha sonra Çəmbərəkənddən keçərək şəhərin mərkəzinə gəldilər və Azərbaycanın dövlət başçıları ilə birlikdə Tağıyevin qız məktəbinin binasının balkonundan türk və Azərbaycan hərbi qüvvələrinin keçidinə tamaşa etdilər. Türk Qafqaz Ordusunun keçdiyi bütün Bakı küçələri qaliblərə alqışlar yağdıran şəhər camaatı ilə dolu idi.       

Bakının işğaldan qurtardığı gün Qurban bayramına təsadüf etmişdi və xalq hər iki bayram şərəfinə qurbanlar kəsirdi. Azərbaycan mətbuatı Bakının qurtuluşunu tərənnüm edən yazılar, şeirlər, türk komandanlığına ünvanlanmış təşəkkür məktubları, Azərbaycan hökumətinin ünvanına gələn təbrik teleqramları dərc edirdi. Sentyabrın 27-də türk komandanlığı bu böyük qələbə münasibətilə təntənəli şam məclisi verdi və Qafqaz İslam Ordusunun yüksək rütbəli zabit heyətini mərasimdə iştirak edən Azərbaycanın dövlət xadimlərinə, nüfuzlu şəxsiyyətlərinə təqdim etdi. Təbrik və təşəkkür nitqləri bir-birini əvəz edən məclisdən sonra onun iştirakçıları minarələri top və pulemyot mərmiləri ilə dağıdılmış Təzəpir məscidinə gedərək cümə namazı qıldılar. Şəhər sakinlərinin da axınla qoşulduğu namazda Bakı döyüşlərində həlak olan şəhidlərin ruhuna mövlud oxundu.

Bakının azad olunması uğrunda Gəncə vuruşlarından başlayaraq Qafqaz İslam Ordusunun 1142 nəfər zabit və əsgəri şəhid olmuşdu. Azərbaycan milisinin verdiyi qurbanlar bu rəqəmə daxil deyildi. Cəmi iki ildən sonra bu siyahıya Bakının alındığı günlər erməni əhalisinin təhlükəsizliyini təmin etməməkdə günahlandırılan və erməni terrorçuları tərəfindən qətlə yetirilən Azərbaycanın görkəmli dövlət xadimlərinin - Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Cavanşir bəy Behbudun adları əlavə olunacaq. Lakin 1918-ci ilin payızında bu insanlar Azərbaycan xalqı ilə birlikdə böyük bir tarixi hadisəni yaşayırdılar. Noyabr ayının 10-da rəngarəng xalılar, ay-ulduzlu al bayraqlarla bəzədilmiş Yay klubunda (Filarmoniyanın binası) Nuru paşanın şərəfinə verdikləri təntənəli ziyafətdə Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski "Bu qan və bu qan tökülən mübarək yerlər heç bir vaxt unudulmaz və xatirədən çıxmaz. Millət Sizə minnətdardır" - deyə Azərbaycan türklərinin təşəkkürlərini Nura paşaya bildirdi. M.Rəsulzadənin, Əhməd bəy Ağayevin, Nuru paşanın yüksək emosional ruhda söylədikləri nitqlərdə Bakının Azərbaycana və Azərbaycan xalqına qaytarılmasının əhəmiyyəti və türk ordusunun qəhrəmanlığı ən təsirli sözlərlə ifadə edildi.

Sentyabr ayında Gəncədə çapdan çıxan "Azərbaycan" qəzetinin ilk nömrəsi də Bakının işğaldan azad edilməsinə həsr olunmuşdu.

Bakının azad edilməsi həm şəhərin, həm də ümumilikdə Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olmaqla müstəqil Azərbaycan dövlətçiliyinin qurulması uğrunda milli qüvvələrin mübarizəsində bütöv bir dövrün qalibiyyətlə başa çatdığının və yeni bir dövrün başlanğıcının tərənnümü oldu. Bu, həqiqətən böyük tarixi hadisənin Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən geniş və çox təntənəli  qeyd edilən birinci ildönümündə "Azərbaycan" qəzetinin yazdığı kimi: "Əgər 28 may tarixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15 sentyabr gününü, Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olduğu günü müstəqilliyin faktiki qazanılması və dövlətçiliyin əsaslarının yaradılması günü sayırıq".

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq

İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor

Azərbaycan.-2014.- 16 sentyabr.-  S.7.