Azərbaycan qanunlarında
hərbi sirrin qorunması
ilə
bağlı ciddi tələblər
var
Ölkəmizdə fəaliyyət
göstərən KİV-lər dövlətin
maraqlarını
və strateji mənafelərini nəzərə
almalıdırlar
Avqustun 29-da Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının
informasiyanın verilməsinə məsul struktur bölmələrinin
və kütləvi informasiya vasitələri rəhbərlərinin
müşavirəsi keçirildi. Azərbaycan
Respublikasının informasiya təhlükəsizliyi ilə
bağlı bir sıra aktual məsələlərin
müzakirəsinə həsr olunmuş müşavirədə
akademik Ramiz Mehdiyev geniş məruzə ilə
çıxış etdi.
Müşavirədə ölkə mətbuatının bugünkü vəziyyəti ilə bağlı müəyyən fikirlər səsləndirildi, milli təhlükəsizliyin yüksək səviyyədə həyata keçirilməsində medianın rolu geniş şəkildə təhlil olundu. Akademik Ramiz Mehdiyevin görüşdə səsləndirdiyi fikirlər mətbuat nümayəndələri arasında bu gün geniş müzakirələrə yol açıb. Sözügedən çıxışda bəzi məqamlar xüsusilə diqqət çəkir. Bunlardan biri KİV-də dövlət maraqlarına, milli təhlükəsizliyə təhdid yarada biləcək materialların yayılmasına qarşı nəzərdə tutulan tədbirlərlə əlaqədardır. Xatırladaq ki, avqust ayının əvvəllərində cəbhə xəttində yaşanan son gərginlik zamanı bəzi mətbuat orqanlarının dəqiqləşdirilməmiş, ciddi mənbəyi olmayan informasiyalar yayması ölkənin aparıcı KİV-ləri tərəfindən kəskin tənqid edildi. Akademik Ramiz Mehdiyevin də vurğuladığı kimi, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir. Təəssüflər olsun ki, bəzi "mətbuat orqanları" son olaylarda bu sınaqdan üzüağ çıxa bilmədi.
Bu gün Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq aktiv internet informasiya resursu, onlarla jurnalist təşkilatı fəaliyyət göstərir. Prezident Administrasiyasının rəhbəri qeyd etmişdir ki, bir sıra informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə "töhfə" verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar. Avqustun əvvəllərində bəzi saytlar Ermənistanla sərhəd zonalarında azərbaycanlıların yaşayış yerlərini tərk etdiyi barədə yanlış informasiya yaydılar və bununla da əhali arasında çaşqınlıq yaranmasına xidmət etdilər. Nəşrlərdən biri isə sərhədyanı zonalarda yaşayan əhalini ruhlandırmaq əvəzinə, süni şəkildə sosial problemləri, təhlükəsizlik məsələlərini qabardaraq, əhalinin həmin əraziləri tərk etməsi üçün təbliğat aparıb: "Bu yolu tutanlar bilməlidirlər ki, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilərlər. Təəssüf ki, yalnız Facebook, Tvitter, Youtube kimi beynəlxalq şəbəkələr, BBC, "Amerikanın səsi", "Azadlıq" radiosu kimi bəzi beynəlxalq media brendlərinin yerli nümayəndəlikləri deyil, hətta bir sıra hallarda Azərbaycan KİV-ləri də xalqımıza qarşı necə amansız psixoloji müharibə aparıldığını unudaraq, düşmən mediasının təxribat xarakterli məlumatlarını olduğu kimi tirajlayırlar. Bəzi informasiya resurslarının belə məlumatları olduğu kimi yayması qəbuledilməzdir və düşmən erməni təbliğatının düşünülmüş qaydada Azərbaycan ictimai rəyinə yeridilməsindən başqa bir şey deyildir. Qəzəbləndirici hal ondan ibarətdir ki, bir sıra KİV-lər isə düşmən kəşfiyyatı üçün açıq informasiya mənbəyi rolu oynayırlar" - deyə akademik Ramiz Mehdiyev vurğulamışdır.
Qeyd edək ki, bu məlumatların tam əksəriyyəti "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yayılması qadağandır. Qanunun tələbinə əsasən dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir. Həmin qanun dövlət sirrini mühafizə etməyə məsul şəxsləri və icra strukturlarını, hərbi sirr təşkil edən məlumatları sadalayır. Milli qanunvericiliyimiz bu sirrin açılmasına görə məsuliyyət müəyyən edir.
Bu məsələ ilə bağlı müraciət etdiyimiz Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirdi ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev adı çəkilən görüşdə dövlətin rəsmi mövqeyini ortaya qoydu: "Bu mövqe ondan ibarətdir ki, mətbuata azadlıq, mövzulara sərbəst toxunma hüququ verilib və bu, dövlətimiz tərəfindən hər zaman qorunacaq. Dövlətin mətbuatın azadlığını məhdudlaşdırmasından söhbət belə gedə bilməz. Digər tərəfdən isə dövlət mətbuat qarşısında müəyyən məsələlərin müzakirəsini qoyur. Bu gün Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Ermənilər torpaqlarımızın bir hissəsini işğal edib və bu niyyətindən əl çəkmək fikrində deyil. Bu səbəbdən də biz qarşı tərəflə diplomatik danışıqlar aparmaqla yanaşı, hərbi gücümüzü də artırmaq məcburiyyətindəyik. Yeni silahlar alırıq, cəbhə xəttini möhkəmləndiririk və digər bu istiqamət üzrə inkişafımızı təmin edirik". Deputat təəssüflə qeyd edir ki, bəzən bu məsələlər bir sıra informasiya vasitələrində tam açıqlığı ilə işıqlandırılır. Hətta bəzi mətbuat vasitələrində ordumuzda olan texnikanın say və xarakteristikası verilir. Eyni zamanda, sosial şəbəkələrdə silahlarımızın şəkilləri də paylaşılıb ki, bunların da bir çoxu hərbi sirri yayır. Bəzi kütləvi informasiya vasitələri dövlətimizin əleyhinə olan bu kimi məlumatları yaymaqdan çəkinmirdilər. Bəziləri isə Azərbaycanın itkiləri ilə bağlı yanlış informasiyalar yayırdılar.
Deputat hesab edir ki, akademik Ramiz Mehdiyevin iştirakı ilə təşkil edilən müşavirə Azərbaycan üçün çox önəmlidir. Çünki Ermənistan xüsusi xidmət orqanları vaxtaşırı olaraq bəzi Azərbaycan mətbuat vasitələrini izləməklə dövlətimizin sirləri haqqında agentura fəaliyyəti olmadan geniş məlumat əldə edə bilərlər. Bu məsələ təbii ki, Azərbaycan dövlətini ciddi narahat edir. Akademik Ramiz Mehdiyev də bu məsələnin ciddiliyini və ağırlığını bütün açıqlığı ilə mətbuat qarşısında bir daha bəyan etdi. Ona görə də şübhəsiz ki, mətbuatdan bu məsələyə vətənpərvərlik və qanun çərçivəsində yanaşmaq tələb olunur. Azərbaycan qanunlarında hərbi sirrin qorunması ilə bağlı ciddi tələblər var. Əgər hansısa mətbuat orqanı dövlət sirrini yayarsa, bu zaman müvafiq tədbirlər görəcək.
Aydın Mirzəzadə xüsusi vurğuladı ki, Azərbaycan dövləti bu məsələdə vətəndaşları və mətbuat orqanlarını məsuliyyətli olmağa səsləyir: "Hörmətli Ramiz Mehdiyevin çıxışından da bu, aydın şəkildə sezildi ki, dövlətimiz hər bir kəsin vəziyyəti düzgün dərk etməsinin tərəfdarıdır. Bu görüşdən sonra həm mətbuatımızda, həm də ziyalılarımızın müxtəlif görüşlərində hörmətli akademikin fikirlərinin dəyərli olduğu bir daha vurğulanmaqdadır".
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə deyir ki, ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi həmişə ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuş və bu ənənə hazırda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunlar qarşımızda qoyulan əmr və tapşırıqların yerinə yetirilməsi üçün məsuliyyətimizi daha da artırır. Son dövrlərdə Müdafiə Nazirliyi ilə kütləvi informasiya vasitələri arasında əlaqələr xeyli genişlənib. Ancaq informasiyaların ötürülməsində hərbi xidmətin və müharibə şəraitinin xüsusiyyətləri, Müdafiə Nazirliyinin qapalı qurum olması və bir sıra digər amillər mütləq nəzərə alınmalıdır. Yayılan məlumatların monitorinqi bəzi media nümayəndələrinin bu məsələlərə qeyri-peşəkar yanaşmasını müəyyən etmişdir. Hərbi hissələrin nömrələri, təyinatı, dislokasiya yerlərinin göstərilməsi, xidməti təyinatlar və yerdəyişmələr barədə informasiyaların yayılmasının yolverilməzliyi dəfələrlə tövsiyə olunmasına baxmayaraq, bəzi media nümayəndələri buna əməl etmirlər. Vaqif Dərgahlı dedi: "Mən bir neçə faktı göstərmək istərdim. Cəbhədə əsgər şəhid olur. Araşdırma aparılır. Şəhidin valideynlərinə xəbər çatmadan onun adı və soyadı göstərilməklə məlumat yayılır. Bu da qəti surətdə yolverilməzdir. May ayında sosial şəbəkədə guya atəşkəsin pozulması və 4 şəhid verməyimizlə bağlı məlumat yayılmışdı. Araşdırma apardıq və məlumatda göstərilən 3 nəfərin ümumiyyətlə orduda xidmət etmədiyini müəyyən etdik. Digər 1 nəfərin isə ad, soyadı məlumatda göstərilənlə üst-üstə düşsə də, o şəxs başqa istiqamətdəki hərbi hissədə xidmət edirdi".
Vaqif Dərgahlı qeyd etdi ki, Ermənistan mediası ordumuz haqqında dezinformasiya yayır. Təəssüf ki, bəzi media vasitələri bu məlumatları olduğu kimi, heç bir dəqiqləşdirmə aparmadan ölkə ictimaiyyətinə çatdırır. Bundan əlavə, peşəkarlıqdan və hərb işindən uzaq olan, ancaq özünü hərbi ekspert adlandıran bəzi şəxslərin ordumuz, cəbhədəki vəziyyət və itkilər haqqında səsləndirdikləri qeyri-dəqiq məlumatlar da az qala həqiqət kimi qələmə verilir. Əksər hallarda isə Ermənistan mediasının bizə qarşı apardığı informasiya müharibəsində istifadə etdiyi xəbərlər bu ekspertlərin fikirləri ilə üst-üstə düşür.
Müşavirədə akademik Ramiz Mehdiyev tərəfindən olduqca vacib çağırışlar səsləndi. Azərbaycanın informasiya məkanının təhlükəsizliyinin təmin olunması ilə bağlı hörmətli akademik Ramiz Mehdiyev tövsiyə və məsləhətlərini verdi. V.Dərgahlı əlavə etdi ki, hər bir ölkənin mətbuat məkanının təhlükəsizliyinin təmin olunması milli maraqlar baxımından prioritet istiqamətlərdən biridir. Son dövrdə kütləvi informasiya vasitələrində Silahlı Qüvvələrin təbliğinə daha çox diqqət verilir. Şəhidlərimizin əsgəri ənənələrə uyğun olaraq son mənzilə yola salınması, vida mərasimlərində dövlət qurumları və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatlarının iştirakı, Milli Qəhrəmanların və keçmiş döyüşçülərin anma mərasimlərinin keçirilməsi, döyüşlərdə fərqlənən hərbçilərə dövlət təltiflərinin təqdim edilməsi Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunu, düşmən üzərində qələbə əzmini daha da artırır.
V. Dərgahlı onu da bildirdi ki, yaxın günlərdə şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vuran bir qrup hərbi qulluqçunun ilk buraxılışı olacaq. Bu zabitlər kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq istiqamətində də təcrübəyə yiyələnmişlər. Akkreditə qaydalarının tətbiqi, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.
Mətbuat Şurasının üzvü, "APA-Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı isə dedi ki, növbəti dəfə bir daha belə səhvləri etməmək üçün, media təmsilçiləri akademik Ramiz Mehdiyevin tövsiyələri üzərində ciddi dayanmalı və onların həyata keçirilməsinə çalışmalıdırlar. Onun fikrincə, Azərbaycanın hər bir vətəndaşı ölkənin müharibə şəraitində yaşadığını heç vaxt unutmamalıdır: "Biz müharibə şəraitində yaşayan ölkəyik. Avqustun əvvəlində baş vermiş hadisələr də göstərdi ki, bu, qətiyyən "dondurulmuş münaqişə" deyil, biz düşmənin informasiya, virtual və real təxribatı ilə hər an üzləşə bilirik. Həm cəbhədə, həm də informasiya məkanında bunlar baş verə bilir".
V. Mahirqızı hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lər ölkənin maraqlarını nəzərə almalıdırlar: "Əlbəttə ki, müharibə şəraitində yaşayan ölkənin KİV-ləri də müharibə şəraitində işləməyi öyrənməlidirlər. Mən iradları haqlı hesab edirəm. Ermənilər tərəfindən cəbhədə törədilmiş son təxribat zamanı KİV-lər peşəkar fəaliyyət göstərə bilmədilər. Söhbət, əlbəttə, köklü və tarixi olan KİV-lərdən yox, daha çox internet media resurslarından gedir. Qəzetlər və televiziya kanalları bu mövzularda korrekt idilər. Mən hesab edirəm ki, son hadisələrdən internet media resursları nəticə çıxarmalı, gələcəkdə daha peşəkar fəaliyyət göstərməlidirlər".
"APA-Holding" MMC-nin rəhbəri deyir ki, sonuncu dəfə ermənilərin cəbhədə törətdiyi təxribatda KİV-lərin yol verdikləri nöqsanlarla bağlı hörmətli Ramiz Mehdiyevin geniş təhlilində konkret faktlar, tənqidlər, hansı qanunların maddələrinin pozulması göstərilib: "Eyni zamanda Prezident Administrasiyasının şöbə müdirləri də çıxışlar etdilər və mediada olan boşluqları, qeyri-peşəkarlıqları göstərdilər. Redaksiyalarda bununla bağlı müzakirələr aparılmalıdır. Biz artıq kollektivimizdə bunu müzakirə edərək nöqsanların nədən ibarət olduğunu araşdırmışıq. Onların aradan qaldırılması istiqamətində mütləq iş görülməlidir. Mən düşünürəm ki, Azərbaycan mediası hər an belə bir vəziyyətlə qarşılaşa bilər, çünki müharibə davam edir. Növbəti dəfə bir daha belə səhvləri etməmək üçün, mediamız akademik Ramiz Mehdiyevin tövsiyələri üzərində ciddi dayanmalı və onların həyata keçirilməsinə çalışmalıdır".
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2014.- 5
sentyabr.- S.3.