Azərbaycanın güclü sənaye mərkəzinə

çevrilməsi üçün böyük potensialı var

 

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik, sosialyönümlüdiversifikasiya olunmuş iqtisadiyyat formalaşmış, dünya təsərrüfat sisteminə inteqrasiya təmin edilmişdir. Azərbaycan iqtisadiyyatının tərəqqisinin məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malik olması, ən müxtəlif sahələrdə inkişafın paralel şəkildə getməsi və bir-birini tamamlaması ölkənin kompleks yüksəlişinə böyük töhfələr verərək onu daha da sürətləndirmişdir.

 

Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu mənada ölkəmizdə sənayenin inkişafının mühüm məsələ kimi gündəliyə gəlməsi bir sıra obyektiv zərurətlərlə şərtlənir. Bu zərurət, ilk növbədə Azərbaycanın hələ sovetlər birliyi dövründən güclü sənaye-aqrar respublikası kimi formalaşması, vaxtilə ölkəmizdə güclü sənaye müəssisələrinin yaradılması və bu sahədə zəngin ənənənin əsasının qoyulması ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atılmış, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafında kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. O illərdə ulu öndər Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş İttifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. Bir faktı xatırlatmaq kifayət edər ki, 1970-1980-ci illərdə respublikada 125 yeni dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Çünki böyük strateq Heydər Əliyev yaxşı bilirdi ki, respublikanın iqtisadi cəhətdən möhkəmlənməsi, iqtisadi azadlığını təmin etməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən bir sıra sənaye müəssisələri məhz Azərbaycanda inşa olunmalıdır.

Dövlət müstəqilliyimizin bərpasının ilk illərində baş verən proseslər iqtisadiyyatın bütün sahələri kimi, ölkəmizdə sənayenin də tənəzzülünə səbəb olmuş, vaxtilə yaradılmış potensial məhv olmuşdu. Məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra sənayedəki tənəzzülü dayandıra, aradan qaldıra və makroiqtisadi proseslərə təsir edə bilən tədbirlərin həyata keçirilməsinə başlanıldı. Əsas diqqət bazar münasibətlərinə söykənən təsərrüfatçılıq sisteminin yaradılmasına, sənaye müəssisələrinin özəlləşdirilməsinə yönəldildi və nəticədə sənayenin bir çox sahələrində irəliləyişlər müşahidə olundu. Xüsusən neft sənayesinin inkişafı qeyri-neft sahələrinin və sənayenin ayrı-ayrı istiqamətlərinin yüksəlişinə təkan verdi. Sabitliyin bərqərar olunması, normativ-hüquqi bazanın formalaşdırılması, əlverişli biznes mühitinin yaradılması, iqtisadi islahatlar həm də Azərbaycana xarici kapitalın axınını sürətləndirdi. Bunun da nəticəsində sənayedəki tənəzzül tədricən aradan qalxmağa başladı. Kimya, metallurgiya, elektroenergetika, meşə, yüngül, yeyinti və digər emal sənaye sahələrində artım müşahidə olundu.

Ulu öndərin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi və dövrün çağırışlarına uyğun zənginləşdirilməsi ölkə iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsinə yol açmışdır. Nəticədə Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurmuşbu gün ölkədə dayanıqlı, sabit iqtisadi sistem formalaşmışdır. Təsadüfi deyil ki, Azərbaycan dünya iqtisadiyyatını sarsıtmış böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. Ölkə iqtisadiyyatında baş verən köklü dəyişikliklər sənayedən də yan ötməmişdir. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, sənaye sahələrinin, xüsusilə qeyri-neft sənayesinin şaxələndirilməsi, yeni müəssisələrin yaradılması bu sahənin inkişafını şərtləndirmişdir. Ölkə iqtisadiyyatının neft sənayesindən asılılığının azaldılması və dayanıqlı inkişafının təmin edilməsi üçün aparılan dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ilə bağlı görülən işlər və bu sahədə aparılan digər tədbirlər ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sahələrinin, xüsusilə emal sənayesinin inkişafına zəmin yaratmışdır. Beləliklə, ötən 10 ildə yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli texnologiyaların tətbiqi baş vermiş, yeni müəssisələr yaradılmış, mövcud müəssisələrin istehsal potensialı artırılmışdır.

Əvvəldə qeyd etdiyim kimi, sənayenin inkişafının mühüm məsələ kimi gündəliyə gəlməsi bir sıra obyektiv zərurətlərlə şərtlənir. Bu zərurətlərdən biri Azərbaycanın ötən əsrin 70-80-ci illərində əsası qoyulmuş sənayeləşmə ənənələrindən irəli gəlirdisə, digər zərurət respublikamızın iqtisadi inkişafının davamlılığının təmin edilməsi  ilə bağlıdır. Azərbaycan hazırda inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər ilk növbədə bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Bu mənada inkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlılığının təmin edilməsi rentabelli sənaye müəssisələrinin yaradılmasından asılıdır. Odur ki, respublikanın bu sahədə sovet dövründə mövcud olmuş potensialının bərpası, ayrı-ayrı sənaye sahələri üzrə ixtisaslaşmış istehsal müəssisələrinin müasirləşdirilməsi, texnoloji parkların yaradılması son illərdə qarşıya ciddi vəzifələr kimi qoyulmuşdur. Bu vəzifələrin icrası, yenimüasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində son 10 ildə Azərbaycanda sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmış, 2003-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir. Azərbaycanda sənayenin inkişafına neft amili impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyintiemal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin inkişafına imkan yaratmışdır.

Qeyd edilənlərlə yanaşı, ölkəmizdə əvvəllər mövcud olmamış müdafiə, kosmik sənaye sahələrinin yaradılmasını xüsusi vurğulamaq lazımdır. Kosmik sənayenin yaradılması Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən müasir texnologiyalara sahib olmaq niyyətinin bariz nümunəsidir. Təbii ki, ölkəmizdə elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması və ötən il telekommunikasiya peykinin orbitə çıxarılması informasiya-kommunikasiya texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradacaq. Hazırda ölkəmizdə kosmik sənayenin inkişafı istiqamətində mühüm işlər görülür və yaxın gələcəkdə daha böyük uğurların qazanılacağı şübhəsizdir. Bu sahədə inkişaf Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının reallaşmasının tərkib hissəsidir. Müdafiə sənayesinin inkişafı isə Azərbaycan Silahlı Qüvvələrinin məhz daxili istehsal hesabına silah-sursatla təmin olunmasına imkan verib. Bununla yanaşı, Azərbaycan hərbi təyinatlı məhsulların ixracatçısına da çevrilib.

Göründüyü kimi, Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Lakin bu mərhələ də öz növbəsində müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, sənayenin daha da modernləşdirilməsini və qeyri-neft sənayesinin şaxələndirilməsini, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsini, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin yaradılmasını, regionlarda sənaye potensialının gücləndirilməsini, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılmasını zəruri edir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2014-cü ilin ölkəmizdə "Sənaye ili" elan edilməsi məhz bu sahəyə dövlət başçısı tərəfindən göstərilən böyük diqqətin təzahürüdür.

Təbii ki, sənayenin inkişafı ilə bağlı aparılan işlər bu il çərçivəsində məhdudlaşmayaraq qarşıdakı dövrü də əhatə edəcək. Bununla bağlı hədəflər  "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapıb. Konsepsiyada göstərilir ki, qarşıdakı dövrdə bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə polad istehsalı, neft-qaz emalı və neft-kimya kompleksləri, gübrə, gəmiqayırma və sement zavodları inşa ediləcəkdir. Alüminium sənayesi inkişaf etdiriləcək, ilkin alüminium istehsalı artırılacaq, özəl sektorun iştirakı ilə son məhsulun istehsalına qədər texnoloji zəncir qurulacaq, bu sahənin ixrac potensialı genişləndiriləcəkdir. Əlbəttə, sənaye potensialından düzgün yararlanaraq ölkəmizin müxtəlif bölgələrinin spesifik imkanlarından istifadə edərək qurula biləcək yeni sənaye müəssisələri həm də regionların bundan sonrakı inkişafına güclü zəmin yaradar ki, bu da konsepsiyada qarşıya qoyulan hədəflərin reallaşması deməkdir. Bu qəbildən olan sənaye müəssisələri regionlarda yerlərinin açılmasında, istehsal olunan məhsulun maya dəyərinin azalmasında və ixrac potensialının artmasında əhəmiyyətli rol oynaya bilər. Sənayenin inkişafının sürətləndirilməsi və şirkətlərin təşviqi məqsədilə müəssisələrə vergigömrük güzəştləri də tətbiq edilə bilər. Əsasən istehsal avadanlıqlarının və təchizat mallarının vergidən azad olunması istehsalçılara əlavə stimul verər.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elm ümumi inkişafın, iqtisadi tərəqqinin əsas şərtlərindən biridir. Məhz elmi-texniki tərəqqinin son nailiyyətləri hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı keçmiş İttifaqın aqrar respublikasından sənaye respublikasına çevrilməsini təmin etmişdi. Bu güninkişaf prosesinin davamlılığının təmini, iqtisadi potensialımızın səmərəli istifadə olunmasının həyata keçirilməsi üçün ölkənin intellektual imkanlarının qorunması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, "bilik iqtisadiyyatı"nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil etməlidir. Elmin inkişafı yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdirilməli və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdirilməli, elmi infrastruktur daha da təkmilləşdirilməlidir.  Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elmistehsal arasındakı əlaqələr gücləndirilməli, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlər yaradılmalıdır. Böyük sənaye müəssisələri birbaşa elm mərkəzləri ilə işləyib onlara elmi araşdırmalar üçün istiqamət verməli və dəstəkləməlidirlər. Bu, sənayenin inkişafı ilə yanaşı, gələcəkdə xarici ölkələrə təkcə məhsul deyil, həm də biliktexnologiya ixrac etmək şansı deməkdir. Onu da qeyd edim ki, 2007-2015-ci illəri əhatə edən Xaricdə Təhsil Dövlət Proqramında mühəndislik ixtisaslarına üstünlük verilməsi düşünülmüş strateji təşəbbüsdür. "Qara qızıl"ın "insan kapitalı"na çevrilməsi siyasəti çərçivəsində xarici ölkələrin aparıcı universitetlərində təhsil almış azərbaycanlı gənclərin sənayenin inkişafında da böyük rolu olacaq. Bu müdrik qərarın müasir sənayeləşmə planları ilə tam üst-üstə düşdüyünü yaxın dövrdə daha aydın görəcəyik.

Azərbaycanda sənayenin inkişafını şərtləndirən amillər çoxdur. Bunlardan biri makroiqtisadi sabitlikdir. Digər mühüm amil olaraq son illərdə yaradılmış güclü sənaye potensialıdır. Yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir. Dünyanın ən iri enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcək. Həmçinin son illərdə enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində ardıcıl işlər görülmüş, 2300 meqavatdan çox yeni generasiya gücü yaradılmışdır. Alternativ və bərpa olunan mənbələr hesabına enerji istehsalının artırılması ilə bağlı tədbirlər davam etdirilir. Bütün bunlar isə sənayenin etibarlı enerji təchizatında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılması yerli məhsulların, eləcə də sənaye məhsullarının xarici bazarlara çıxışını daha da genişləndirəcək. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil və dəmir yollarının tikintisini və yenidən qurulmasını, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri limanın inşası layihələrini xüsusilə qeyd etmək lazımdır. Ölkədə yaradılmış və hazırda ümumi daxili məhsulun 70 faizi həcmində olan strateji valyuta ehtiyatları da sənayenin inkişafında əhəmiyyətli amillərdən olmaqla, iri layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır.

Şübhəsiz ki, son illərdə yaradılmış əlverişli biznesinvestisiya mühiti ölkədə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafının başlıca şərtlərindən biri olmuşdur. Bununla yanaşı, müvafiq dövlət dəstəyi mexanizmləri və institutları sənayenin inkişafına öz töhfəsini verəcək. Qeyd edilənlər və digər amillər qeyri-neft sənayesinin potensial imkanlarının reallaşdırılmasını və gələcəkdə onun davamlı inkişafını təmin edəcək.

Bütövlükdə, qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Prezident İlham Əliyevin "Gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir" tapşırığına uyğun olaraq, ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmaqla davamlı iqtisadiyyatın sənayeləşməsini sürətləndirəcək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsini təmin edəcək.

 

Natiq CAVADOV,

"Sənayeavtomatika" İstehsalat Birliyinin baş direktoru,

texnika elmləri doktoru, professor, Beynəlxalq

və Azərbaycan Mühəndislik Akademiyasının akademiki

 

Azərbaycan.- 2014.- 5 sentyabr.- S.6.