SÖZDƏ və QƏLƏMDƏ
PEŞƏKARLIQ
Yaxud qeyri-peşəkarlarla
peşəkarlıq barədə söhbət
2. ÇOXLUQ
KEYFİYYƏT GÖSTƏRİCİSİ DEYİL
Müasir dövrdə vahid informasiya məkanının mövcud olduğu şəraitdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. KİV-lər Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir.
Akademik Ramiz MEHDİYEV
Ölkəmizdə 40-dək gündəlik, təqribən 200-dən artıq həftəlik və aylıq qəzet çıxır. 300-ə yaxın isə aktiv internet informasiya resursu fəaliyyətdədir. Beş mindən artıq KİV fəaliyyətə başlamaq üçün qeydiyyatdan keçmişdir. Bu qədər KİV-nin işləməsi və qeydə düşməsi Azərbaycanda mətbuat və söz azadlığının əlamətidir. Amma peşəkar jurnalist "bolluğuna" dəlalət etmir!
Əslində çoxluq özü keyfiyyət göstəricisi deyil!
Jurnalist
diplomu olan hər insan peşəkar jurnalist sayılmır!
Qəzet-jurnal
redaksiyasında çalışan hər müxbir də
peşəkar jurnalist deyil!
Jurnalist
peşəkarlığına çatmaq 3 mühüm mərhələdən
keçir:
Bunlardan birincisi "savadlı yazmaq"dır - yəni,
gördüyünü, müsahibinin dediyini olduğu kimi qələmə
almaqdır.
İkinci mərhələ "obrazlı
düşünmək"dir. Bu halda müxbir
gördüyünü və öyrəndiyini beyninin süzgəcindən
keçirərək daha maraqlı formada yazmağa, müxtəlif
təşbih və bənzətmələrdən istifadə
etməyə, öz düşüncə və fikirlərini
hazırlayacağı məqaləyə əlavə etməyə
çalışır.
Üçüncü mərhələ isə
"öz üslubu olmaq" adlanır. Artiq bu,
peşəkarlıq sayılır və hər jurnalist fərdi
üsluba yiyələnə bilmir. Çünki
bu mərhələyə yüksəlmək üçün
fərd jurnalistikadan adlayaraq publisistikaya çatmalıdır.
Öz üslubu formalaşan jurnalist artıq
başqalarından o dərəcədə fərqlənir ki,
yazısına imza qoymadıqda, yaxud imzanı gizlətmək
üçün qondarma ad yazdıqda belə oxucu dərhal əsl
müəllifin kimliyini təyin edə bilir.
Buna qədər
deyilənləri ümumiləşdirsək qəti nəticəyə
gəlmək mümkündür: zəruri elmi biliyi, analitik təfəkkür
qabiliyyəti, mürəkkəb hadisələrdən baş
çıxarmaq üçün müasir və geniş
dünyagörüşü olmayanlar, Azərbaycan dilinin
qayda-qanunlarını və dilin incəliklərini, ondan
istifadə imkanlarını bilməyənlər, habelə
jurnalistikanın nəzəriyyə və təcrübəsindən
xəbərsizlər heç zaman peşəkarlıq səviyyəsinə
yüksələ bilməzlər!
Tarixi təcrübə
və "nümunələr" göstərir ki,
"münbit şəraitə" düşmüş hər
bir istedadlı və bilikli jurnalistin peşəkarlıq səviyyəsinə
çatmasından ötrü ən azı 15 il
vaxt gərək olur! O da öz üzərində daim işləsə!
Müstəqillik qazanıldıqdan sonra ölkəmizdə
mətbuatla bağlı çox ciddi və müsbət
tendensiyalı proseslər baş verib. Azərbaycan milli mətbuatı
yarandıqdan düz 123-il sonra - ulu öndər Heydər
Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı
ilə mətbuata senzura nəzarəti ləğv edilib, daha
sonra atılan addımlarla birlikdə dövlətin mətbuata
təsir imkanları sıfıra endirilib. İndi
Azərbaycanda sözün həqiqi mənasında mətbuat
və söz azadlığı mövcuddur. KİV haqqında ikinci dəfə qəbul edilən
qanun öz demokratikliyi və loyallığı ilə
seçilir. Hazırda qəzet təsis etmək
və jurnalistlik fəaliyyəti ilə məşğul olmaq
son dərəcədə sadələşdirilib və
asanlaşdırılıb. Bircə ərizə
ilə Ədliyyə Nazirliyinə müraciət etmək kifayətdir.
Mətbuatda özünütənzimləmə prinsipi ilə
işləyən və sahənin problemləri ilə müntəzəm,
peşəkarcasına məşğul olan Mətbuat
Şurasının yaradılması və fəaliyyətə
başlaması bütövlükdə azad mətbuatın
inkişafına mühüm töhfə oldu. Məhz bu
qurum vasitəsilə jurnalistlər bir araya gəlib həlli
vacib problemləri birgə səylə aradan qaldırır,
dövlətin dəstəyinə ehtiyac duyanda Mətbuat
Şurası vasitəsilə ölkə Prezidentinə
müraciət edir, müasir mətbuatın problem və
qayğılarının çözümündə səylərini
birləşdirirlər. Dövlət
başçısı cənab İlham Əliyevlə Mətbuat
Şurası İdarə Heyətinin görüşü
zamanı jurnalistlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, jurnalistika fakültələrinə
qəbul zamanı qabiliyyət imtahanlarının verilməsilə
bağlı müraciətlər qısa zamanda müsbət həllini
tapmışdır. KİV-lərin maddi
durumunun yaxşılaşdırılması və jurnalistlərin
rifahının yüksəldilməsinə kömək niyyətilə
yaradılan KİV-nin inkişafına Dövlət Dəstəyi
Fondu da mətbu sözün inkişafına və jurnalistlərin
fəaliyyətlərinin səmərəsinin yüksəldilməsinə
yönələn uğurlu addımlardandır.
Bütövlükdə Azərbaycanın indiki iqtidarı mətbuat
və jurnalistikanın inkişafına dünyanın heç
yerində təsadüf edilməyən və dünyaya
nümunə olacaq töhfələr vermişdir!
Müstəqillik
dövründə mətbuat və söz
azadlığının genişləndirilməsinə, yeni,
müstəqil çap və elektron medianın, jurnalist təşkilatlarının
yaranmasına, sahəyə dövlət
qayğısının əhəmiyyətli dərəcədə
yüksəlməsinə baxmayaraq, ümumilikdə, mətbuatda
peşəkarlıq səviyyəsi nəzərəçarpacaq
dərəcədə aşağı
düşmüşdür! Halbuki dövlət
jurnalistika sahəsində çalışanların da peşəkarlıqlarının
yüksəlməsində maraqlıdır və bununla
bağlı xeyli tədbirlər görülmüşdür.
Prezident İlham Əliyev "Azərbaycan milli mətbuatının
135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamında
Azərbaycan jurnalistikasının qarşısına
qoyduğu vəzifələr sırasında peşəkarlığa
öndə yer vermişdir: "Azərbaycan jurnalistikası
peşəkarlıq, qərəzsizlik, yüksək milli
şüur və vətənpərvərlik prinsiplərinə
dönmədən əməl etməli, söz və mətbuat
azadlığından sui-istifadənin qarşısı qətiyyətlə
alınmalıdır".
Bəs peşəkarlığın enmə səbəbləri
hansılardır?
Sovet dövrünün ciddi "çərçivə"
və məhdudiyyətlərinə, mətbuata partiya və
senzura nəzarətinə baxmayaraq peşəkar jurnalist və
redaktor kadrlarının yetişdirilməsində ciddi
uğurlar qazanılmışdı. Artıq müstəqil
dövlət olmağımızdan iyirmi ildən də
çox vaxt keçir. Təbii itkilərin
(dünyasını dəyişmə, təqaüdə
çıxma) təsiri daha çox peşəkar jurnalistlər
sırasında hiss olunur. Jurnalistikadan məmurlar
cərgəsinə keçənlər də ən çox
peşəkarlar arasındadır.
İkinci səbəb qeyri-peşəkarların kütləvi
şəkildə sahəyə kütləvi axınından
doğmuşdur. Sovet dövründə jurnalist diplomu
olmayanların qəzet-jurnal redaksiyalarında işə
götürülmələri müşkül məsələ
sayılırdı. Zəif qələm
sahiblərini, mənfi imicə malik insanları isə
heç redaksiyanın qapısından içəriyə
buraxmazdılar. Jurnalistlər hörmətli
peşə sahibləri, partiyanın "qızıl fondu"
hesab olunurdular.
Indi isə
öz sahəsində uğur qazanmayanlar,
hıqqına-hıqqına bir-iki cümlə quranlar,
bağlı qapıları jurnalist vəsiqəsinin köməyi
ilə açaraq pul dilənmək istəyənlər mətbuata
gələrək "reket jurnalist"lər dəstəsini
yaradıblar! Belələri arabir televiziyaya, sayt və qəzetlərə
çıxaraq insanları inandırmağa
çalışırlar ki, (əslində özlərinin bu
sahədə qalmasını əsaslandırmaq istəyirlər)
ixtisas təhsilinin, öyrənməyin faydası yoxdur! Odur
ki, özləri üçün "çörəyə"
çevirdikləri peşə barədə elementar bilgilərə
yiyələnməyə belə can atmırlar.
Kitab nəşri
imkanla bağlı asan məsələ olduğundan ordan-burdan
5-10 manat vəsait tapıb primitiv məqalələrindən
"toplum" yaradır, sonra yeni "əsər"lərinin
təbliği ilə məşğul olaraq redaksiyaları əldən-ayaqdan
salır, boş-bekar adamları yığıb "təqdimat
mərasimi" keçirirlər.
Şəxsin
kitab buraxması onun peşəkar jurnalistliyinə dəlalət
etmir! Peşəkarlıq yazıların dəyəri və
sanbalı ilə ölçülür!
Peşəkarlığın prinsipləri və
yazılmamış qanunlar var. Qeyd etdiyimiz kimi, onların əksəriyyəti
Azərbaycan Jurnalistlərinin Peşə Davranışı
Qaydalarında əksini tapıb. Ən maraqlı məqam
budur ki, uzun müddətli yaradıcılıq nəticəsində
peşəkar jurnalistlərdə "jurnalist vicdanı"
adlı bir anlayış formalaşır. Bu
"vicdan" yaradıcı insanın daxilində yerləşərək
ciddi "senzor" vəzifəsini yerinə yetirir! Ancaq bu
"senzura" sovet dövründən
tanıdığımız "senzura" deyil! İnsanı "könüllü icraya"
sövq edən "vicdan senzurası"dır. Bu
"senzura" əli qələmlini qoymur ki, özünə
rəva bilmədiyini başqasına rəva görsün!
İnsanların aşağılanmasını, ləyaqətlərinə
toxunulmasını demirik, heç qəlblərinə dəyəcək
ifadələr işlədilməsinə, doğruluğuna əmin
olmadığı faktların yazıya salınmasına belə
"yol vermir"!
"Peşəkar jurnalist vicdanı" dövlət və
dövlətçilik, milli maraqlar anlayışını da
"könüllü" qəbul edir, jurnalistikada vətənpərvərliyi
daim uca tutaraq qoruyur. Peşəkar jurnalist vətənin təəssübünü
çəkməyi, ümumi maraqları güdməyi,
xırda, cılız hisslərdən uzaq olmağı, qərəzli,
sifarişli yazılardan kənar durmağı, şəxsi ləyaqət
hissini, jurnalistikanın prinsip və yazılmamış
qanunlarını yüksəkdə tutmağı bacarır.
O
heç vaxt düşmən dövlətin təxribat məqsədilə
yaydığı yalan məlumatları Azərbaycan informasiya
məkanına gətirərək yaymaz! Hardansa eşidib
bildiyi hərbi sirr xarakterli xəbərləri sensasiya yaratmaq
xatirinə qəzet səhifəsinə və internet
saytına qoymaz! Lazım gələndə heç bir təklif
gözləmədən dövləti maraqlarının
müdafiəsinə qalxaraq Azərbaycanın haqq işini təmənnasız
şəkildə müdafiə edər!
Jurnalist peşəkarlığı həm də mənəviyyatdır,
vətən sevgisidir. Mən heç zaman mənəviyyatlı insanların
"reket jurnalistikası" ilə məşğul
olduğunu görməmişəm! Eyni zamanda, "reket qəzetlər"də
dövlətə və xalqa dəstək olan, millətin mənafeyinə
xidmət edən normal yazılarla rastlaşmamışam! Kimin mənəviyyatı necədirsə, vicdanı
nəyə köklənibsə, bütün bunları
yazılarında, jurnalistlik fəaliyyətində asanlıqla
görmək mümkündür.
Xalqın gözü mizan-tərəzidir. Jurnalistika isə göz
qabağında olan, hamının asanlıqla tanış
olduğu fəaliyyət sahəsidir. Heç kim
oxucunu aldatmaq fikrinə düşməsin! Çünki
onun yazısını oxuyanlar təkcə faktları və
hadisələri yox, müəllifin özünü də
görürlər. Ayıq, səriştəli
oxucunun gözünə kül üfürmək isə
qeyri-mümkündür.
Səmimi
və düz olmaq lazımdır!
(Ardı var)
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.-17 sentyabr.-S.3.