Gənclər Siyasəti üzrə I Qlobal Forumla
bağlı Təşkilat Komitəsinin
iclası keçirilib
Gənclər
və İdman Nazirliyində (GİN) oktyabrın 28-30-da
Bakıda keçiriləcək Gənclər Siyasəti
üzrə I Qlobal Forumla bağlı Təşkilat Komitəsinin
iclası keçirilib.
GİN-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda 20-ə yaxın dövlət qurumunun - Daxili İşlər, Milli Təhlükəsizlik, Maliyyə, Xarici İşlər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Dövlət Miqrasiya, Dövlət Sərhəd xidmətləri, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəsmiləri iştirak ediblər.
Gənclər və idman naziri Azad Rəhimov dünyada baş verən siyasi proseslərdə gənclərin rolunun çox böyük olduğunu bildirib. Diqqətə çatdırıb ki, məhz elə bu səbəbdən gənclər siyasətinə böyük önəm verən BMT baş katibi Pan Gi Mun tutduğu vəzifəyə ikinci dəfə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti ilə bağlı olduğunu bildirib. Baş katib, həmçinin qurumun nəzdində gənclər siyasəti üzrə xüsusi büronun yaradılması qərarına gəlib. Qeyd edilib ki, BMT-nin nəzdində yaradılmış gənclər siyasəti üzrə xüsusi qurumun elçisi Əhməd Əlhəndavini ölkəmizdə rəsmi səfərdə olub və Forumla bağlı geniş müzakirələr aparılıb.
Azad Rəhimov deyib ki, Azərbaycan Forumun ölkəmizdə keçirilməsi təklifini irəli sürən ilk ölkələrdən biri olub. Nazir bu ilin martında ABŞ-a rəsmi səfəri çərçivəsində BMT-də keçirdiyi görüşdə Forumun Azərbaycanda keçirilməsi ideyasının dəstəkləndiyini vurğulayıb. Bildirib ki, Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forum dünyanın gənclər siyasəti sahəsində yeni model olacaq.
Foruma 170-dən çox ölkədən 700-dən artıq
iştirakçının qatılacağı gözlənilir.
Mötəbər tədbirdə gənclər
siyasəti üzrə yeni istiqamətlərin
işlənilməsi, növbəti illər üçün
yeni addımların atılması, gənclər
siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə
mübadiləsinin aparılması və bu
sahədə əhəmiyyət kəsb edən digər
mövzular diqqət mərkəzində olacaq. Forumda, eyni zamanda, gənclər
siyasəti üzrə yeni prinsipləri
müəyyən edən sənədin də
hazırlanması nəzərdə tutulur.
I Qlobal Forumun əsas
tərəfdaşları Azərbaycan Hökuməti, Avropa Şurası, UNESCO, BMT-nin
İnkişaf Proqramı və gənclər
siyasəti üzrə elçisidir.
Azərbaycan.-2014.-17 sentyabr.-S.3.