Mərdliyinə görə onu nümunə göstərirdilər

 

Milli qəhrəmanlarımız

 

Yaşasaydı, bu il İlqarın 40 yaşı tamam olardı. Onun ad gününə yaxınları, doğmaları, qohum-əqrəbası, dostları yığışardı. Ötüb-keçən günlərin acılı-şirinli xatirələrindən danışardılar. Amma İlqar Məmmədov ömrünün cəmi 18 ilini yaşadı. Özüqürurla, ləyaqətlə, əsl qəhrəman kimi. Bu da bir alın yazısı, tale qisməti idi.

Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollandı. Elə orta məktəbi də həmin ildə bitirmişdi - Biləcəri qəsəbəsindəki 298 saylı orta məktəbdə təhsil almışdı. Müəllimləri, valideynləri İlqarın bilik və bacarığına, işgüzarlığına bələd idilər. İnanırdılar ki, hansı sahəyə meyil etsə, uğur qazanacaq. Orta məktəbi qızıl medalla bitirmişdi. Seçimində də sərbəst oldu - Azərbaycan Tibb Universitetinə qəbul olundu. Onda hələ arzularının, istəklərinin pöhrələyən, çiçəkləyən vədəsi idi. Qarşıda yaşamalı bir ömür vardı. Deyirlər, İlqar o qədər cəsarətli idi ki, onu inadından, iradəsindən döndərmək olmurdu. Hər şeyi dəqiq ölçüb-biçirdi, ədalətli mövqeyin tərəfində olurdu. Təhsilini yarımçıq qoyub könüllü müharibəyə yollananda valideynləri bir qədər sərt mövqe göstərmişdilər: - O qədər əziyyət çəkmisən ki, demişdilər. - Təhsilini başa vur, sonrasına baxarıq. İlqar yenə də eyni ciddiliyindən qalmadı: - Sonraya təhsili də saxlamaq olar, ailə qurmağı da, digər işləri də... Amma bu gün mənim vətənim darda qalıbsa, oğullarından kömək umursa, bizim geri çəkilməyə haqqımız yoxdur. Darda qalan mənim vətənimdir. Bu torpağın, el-obanın çağırışı cavabsız qala bilməz. Belə çətin günlərdə geriyə yol yoxdur. Getməliyəm, vəssalam. Elə axıra qədər seçimini dəyişmədi - könüllülər sırasında ən qaynar döyüş meydanına yollandı. O qədər də boylu-buxunlu, cəngavər görkəmli olmasa da, təpərli və qorxusuz, dözümlü və mərd idi. Ən ciddi əməliyyatlarda düşmənə sarsıdıcı zərbələr endirirdi, çevikliyi ilə fərqlənirdi. Rabitəçilər ən dəqiq məlumatları İlqardan gözləyirdilər, bilirdilər ki, onun dediklərində bir zərgər dəqiqliyi var. O, düşmənin ən zəif cəhətlərini vaxtında görür, təhlükəni sovuşdura bilirdi. Hələ müharibə təzəcə başlayanda ilk igidliyinə görə onu "Hərbi xidmətə görə" medalı ilə təltif etmişdilər. Onda özü demişdi ki, bizim ən böyük təltifimiz torpaqlarımızı işğaldan azad edəndə olacaq. Biz o vaxt öyünəcəyik ki, bu torpaqda şəhid balasının göz yaşı tökülməyəcək, anaların, bacıların naləsi eşidilməyəcək, əsirlikdən, didərginlikdən soraq gəlməyəcək. Nə qədər ki müharibə davam edir, düşmən qədərincə cavab almayıb, bizim susmağa, gözləməyə haqqımız yoxdur.

İlqar Məmmədov 18 yaşın ölçüsünə-biçisinə sığmayan qəhrəmanlıq göstərmişdi. Özü dilinə gətirməsə də, el-oba onun mərdliyinə, qeyrətinə qədərincə dəyər verirdi. İlqarın adı da, əməlləri də hər gün yaşayır, bizim həmsöhbətimiz, Milli Qəhrəmanımız kimi...

1992-ci il avqustun 15-də Cəbrayıl ərazisində məşhur "Şişqaya" əməliyyatı aparılırdı. Həmin döyüşdə İlqar Məmmədov da ön sırada idi. Həmin əməliyyatda erməni faşistlərinin əsas məqsədi onu əsir götürmək idi. İlqarın ilkson sözü bu idi ki, sonuncu gülləni ürəyimin başına sıxaram, amma erməniyə əsir düşmərəm. Milli Qəhrəmanın xatirələrindən kiçik bir epizod: - Cəbrayılın kəndləri mühasirəyə düşəndə adamların keçirdiyi həyəcanlı anları bir an belə unuda bilmirəm. Döyüşənlər sayca azalmışdı. Bakıdan kömək gözləsək də, cavab gəlmirdi. Onda bir yaşlı kişinin qopardığı haray mənə ölüm qədər ağır gəldi. Həmin yaşlı kişi səksəkəli-səksəkəli iki qız balasının qolundan bərk-bərk yapışıb üzü dağlara sarı çəkirdi. Qaçırdı ki, erməni əsirliyindən canlarını qurtarsınlar. Əslində bu qoca öz hayında deyildi. O, yalnız qızlarının xilasını düşünürdü. Nə yaxşı ki, bizim könüllülər o kişinin harayına, imdadına çatdılar. Nə qədər çətin olsa da, onları təhlükəsiz yerə apardılar.

Döyüşlər zamanı belə məqamlar çox olurdu. Özübunlar adi xatirə deyil, kədərin, dərdin zirvəsidir. Belə anlarda adamların ahı, harayı bəzən dağlardan o tərəfə ötüşmür. Heç olmasa adamların ümid yeri kimi bu dağlar vardı...

Ən ağır döyüşlərin birində rabitəçi kimi əlaqələri bərpa edərkən İlqar ağır yaralanır. Və bu dəfə düşmənin qəfil zərbəsi onu birdəfəlik susdurur. Amma sona qədər mübarizədən geri çəkilmir, nə də inadından dönmür. Elə son sözübu idi ki, bizim gücümüz sayımızla ölçülmür, qeyrətimizlə, təpərimizlə güclüyük. Bizi böyüdən, ərsəyə gətirən adamların gözü yolda qalıbsa, susmağa, məğlub olmağa haqqımız yoxdur. Bizi yenilməz edən torpağa sevgimizdir, el-obaya bağlılığımızdır. Belə deyən, belə düşünən oğullar heç vaxt, heç vədə ölmür. Şəhid olsalar da, el-oba gözündə dəyərli övlad, qəhrəman kimi yaşayırlar. Necə ki, İlqar yaşayır...

Oxuduğu təhsil ocağı - Biləcəridəki 298 saylı orta məktəb bu gün onun adını daşıyır. Hər gün Milli Qəhrəmanın büstü önündən keçənlər bir anlığa ayaq saxlayır, əsl həmsöhbət kimi İlqarla dərdləşir, elə bil ondan məsləhət alırlar. Sanki ona təskinlik verirlər: "Sizin mübarizə yolunuzu davam etdirəcəyik. Biz heç nəyi unutmuruq. Biz yaxşı bilirik ki, bu torpaq bizim gücümüzlə, qüdrətimizlə azadlığa çıxacaq. Düşmən layiqli cavabını almaqla torpaqlarımızı tərk edəcək".

Bu orta məktəbdə İlqarın başladığı ənənələrin çoxu yaşayır. Onun adını daşıyan muzeydə 18 yaşlı vətən övladının bütün yadigarları layiqincə qorunur. Hər kəs yaxşı bilir ki, bu guşədə qorunanvarsa, əziz xatirədir. Bu kövrək xatirələr bizi yaxın-uzaq illərə aparır. O illərə ki, 18 yaşlı bir oğlan hələ irili-xırdalı arzularını ipə-sapa düzürdü, möcüzəli bir həyat yaşayırdı. Elə yaşayırdı ki, onun bu yaşında da nümunə və örnək göstərirdilər. Çox şeyləri İlqarla məsləhətləşirdilər. Yaşının boyuna-ölçüsünə sığmayan kəsərli cavabları ilə çoxlarını təəccübləndirirdi. Adama elə gəlirdi ki, İlqar bu yaşda gəncliyini yox, müdrikliyini yaşayır. Ona görə də məktəbdə də, ailədə də ona hörmətlə yanaşır, mövqeyinə tərəfdar çıxırdılar...

Biz inanırıq ki, İlqarın ən böyük arzuları da həqiqətə çevriləcək. Qarabağ torpağı İlqarın istədiyi kimi çal-çağırlı günlərini yaşayacaq. O yerlər yenə də əsl ziyarətgaha çevriləcək, andinam yerimiz olacaq. Biz ordumuzun gücünə, diplomatik danışıqlara inanır, sülhə üstünlük veririk. İnanırıq ki, Azərbaycan dövləti dünyanın ən mötəbər tribunalarında haqq sözünü deməklə həqiqətin bərpa olmasına çalışacaq. Qarabağ probleminin beynəlxalq prinsiplər çərçivəsində həllinə nail olacağıq. Azərbaycan Prezidenti İlham Əliyev bu problemin vacibliyindən danışarkən demişdir: "Azərbaycanın ərazi bütövlüyü heç bir ölkə tərəfindən şübhə altına qoyulmur və əsas prinsipdir. Bütün ölkələr, hətta Ermənistana çox yaxın təmasda olan ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, çox vacibdir, beynəlxalq hüquqdur və münaqişənin həlli üçün əsas çərçivədir".

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2014.-17 sentyabr.-S.6.