Azərbaycan Almaniya ilə
əlaqələrin inkişafına böyük
önəm verir
Sentyabrın
16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay
Əsədov Almaniya Bundestaqının Xristian Demokrat
İttifaqı/Xristian Sosialist İttifaqı
fraksiyasının sədr müavini, deputat Andreas Şokenhof
ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Oqtay Əsədov Azərbaycanın Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Qeyd edib ki, ölkələrimiz arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hüquqi, dünyəvi, demokratik yolla inamla addımlayan Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də Avropaya inteqrasiyadır. Bu baxımdan Avropa İttifaqına daxil olan dövlətlərlə ikitərəfli əlaqələrin dərinləşməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. “Bu gün biz Avropa Şurası Parlament Assambleyası və digər nüfuzlu qurumlar çərçivəsində sıx əməkdaşlıq edirik. Avronest çərçivəsində əlaqələrimizin davamlı inkişafı da bu məqsədə xidmət edir”, - deyə Oqtay Əsədov bildirib.
Milli Məclisin sədri Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər, ölkədə vətəndaş cəmiyyətinin inkişafı yolunda atılan addımlar, Avropaya inteqrasiya proseslərinin dərinləşməsi istiqamətində görülən işlər və bu proseslərə mane olan məsələlər barədə məlumat verib.
Andreas Şokenhof Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirib ki, səfərin məqsədi müstəqil Azərbaycanın bölgədəki ölkələrlə münasibətləri, təhlükəsizlik və regiondakı ictimai-siyasi vəziyyət barədə danışıqlar aparmaqdır.
Azərbaycanın Avropanın nüfuzlu təşkilatları, o cümlədən Avropa
İttifaqı və Avropa Şurası ilə
əməkdaşlığı barədə fikir
mübadiləsinin aparıldığı görüşdə
Milli Məclis Aparatının rəhbəri
Səfa Mirzəyev və digər rəsmi şəxslər də
iştirak ediblər.
Azərbaycan.-2014.-17 sentyabr.-S.1.