Azərbaycan-Malayziya əməkdaşlığı
qarşılıqlı
maraqlar əsasında uğurla
inkişaf edir
Prezident İlham
ƏLİYEV: "Mən Malayziyaya minnətdarlığımı
bildirirəm ki, bu
ölkə Dağlıq Qarabağ məsələsində
çox qətiyyətli mövqe
tutur və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə
edir"
Müasir şəraitdə dövlətlərarası əlaqələrin spektri çox genişdir və bu münasibətlərin iştirakçısı olan ölkələr əməkdaşlığın bütün sahələrində tərəqqi əldə etmək üçün geniş qarşılıqlı təmaslar qururlar. Dünya iqtisadi-siyasi düzənində öz mövqeyi olan Malayziya ilə münasibətlərin inkişafı da Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur.
Müstəqil Azərbaycan Respublikası ilə Cənub-Şərqi Asiya ölkəsi olan Malayziya arasında diplomatik münasibətlərin qurulması Azərbaycanın dövlət müstəqilliyinin ilk dövrünə təsadüf edir. 1991-ci il 31 dekabr tarixində Malayziya Azərbaycanın dövlət müstəqilliyini tanıdığını bəyan etmiş və 1993-cü il aprel ayında ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur.
Bu günlərdə Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfəri zamanı aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər də ikitərəfli əlaqələrdə yeni səhifə açılacağından xəbər verir. Prezident İlham Əliyevin Malayziyanın Baş naziri ilə keçirdiyi görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. Malayziya Baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulandı və ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Malayziyanın dünya miqyasında artan nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Malayziya Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir.
Prezident İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Malayziya sənədlərinin imzalanması mərasimi oldu. Bu sırada Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Malayziyanın "Petroliam Nasional Berhad" şirkəti arasında neft və qaz sektorunda əməkdaşlıq üzrə Anlaşma Memorandumu, Azərbaycan Respublikası hökuməti və Malayziya hökuməti arasında diplomatların təlimi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunu göstərmək olar. İmzalanan sənədlər dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verəcəkdir.
Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirib: "Bu, Malayziya Baş nazirinin Azərbaycana ilk səfəridir. Bu, tarixi bir səfərdir və əməkdaşlığımızın tarixinə həkk olunacaq. Bu səfərə böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticəsi ikitərəfli əməkdaşlığımızı gücləndirəcək. Əməkdaşlığımızın yaxşı tarixçəsi var. Əminəm ki, gələcək üçün çox böyük perspektiv var. Çünki bizim çox fəal siyasi dialoqumuz mövcuddur. Əminəm ki, bugünkü səfər də siyasi təmaslarımızı gücləndirəcək. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasi dialoq aparırıq. Biz bu gün Birgə Bəyannamə imzaladıq. Əminəm ki, bu, gələcək əməkdaşlığımızın inkişafı baxımından çox mühüm sənəd olacaq. Çünki həmin sənəd əməkdaşlığımızın bütün aspektlərini - siyasi, iqtisadi, enerji sahələrini əhatə edir.
Eyni zamanda, biz bu gün cənab Baş nazirlə geniş müzakirə apardıq. Bizim beynəlxalq təsisatlar çərçivəsində də çox müsbət əməkdaşlığımız var, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarda. Mən Malayziyaya minnətdarlığımı bildirirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə edir".
Malyaziya energetika ilə bərabər, Azərbaycan iqtisadiyyatının digər sahələrində əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır. Bu maraq Azərbaycan Prezidenti və Malayziyanın Baş naziri arasında Bakıda aparılmış danışıqlarda, həmçinin iki dövlətin yüksək vəzifəli rəsmilərinin keçirdikləri görüşlərdə bir daha təsdiqlənmiş, bu münasibətlə bir sıra hökumətlərarası sənədlər imzalanmışdır. Malayziya Baş nazirinin ölkəmizə rəsmi səfəri zamanı dövlət başçılarının imzaladıqları Birgə Bəyannamə və digər mühüm sənədlər siyasi əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibət də səfər zamanı verilən bəyanatlarda, imzalanan sənədlərdə bir daha öz əksini tapdı. Malayziya dövləti dünyanın bir çox ölkələri kimi bu münaqişənin beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü prinsipləri çərçivəsində həllinə tərəfdardır. Səfər zamanı bu mövqe Malayziya rəsmiləri tərəfindən bir daha vurğulandı.
Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak bildirib: "Azərbaycan həqiqətən çox gözəl ölkədir, Xəzər sahilində yerləşən bir dövlətiniz var. Bu gün qaldığım otağın pəncərəsindən baxanda məndə elə təəssürat yarandı ki, sanki böyük, gözəl bir istirahət məkanındayam. Həqiqətən də Azərbaycan mənim bu günə qədər səfər etdiyim ən gözəl ölkələrdən biri hesab oluna bilər.
Cənab Prezident, Sizə müdrik siyasətinizə və uzaqgörənliyinizə görə təşəkkür edirəm, eyni zamanda, nailiyyətlərinə görə Azərbaycan xalqını təbrik edirəm. Əminik ki, bizim birgə irsimiz, hətta oxşar dəyərlərimiz var. Biz haqq-ədalətin tərəfdarı olan ölkəyik. Bu səbəbdən də biz hər yerdə Azərbaycanın mövqeyini müdafiə edirik, xüsusilə də ərazi bütövlüyü məsələsində. Biz bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyik. Haqq-ədalət Sizin tərəfinizdədir və biz hər zaman Sizinlə olacağıq".
Malayziyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə müsbət təsir göstərəcəkdir. Münasibətlərin hazırkı səviyyəsi deməyə əsas verir ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq daha böyük nəticələrin əldə olunmasına imkan yaradacaq.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.-17 sentyabr.-S.1.