Naxçıvanda MDB Dövlətlərarası
Şurasının
Sənayedə
Təhlükəsizlik üzrə XII iclası keçirilir
Sentyabrın
16-da Naxçıvan Muxtar Respublikasında Müstəqil
Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü
və Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin (FHN) təşkilatçılığı ilə
MDB Dövlətlərarası Şurasının Sənayedə
Təhlükəsizlik üzrə XII iclası öz işinə
başladı.
AzərTAc xəbər verir ki, tədbirin iştirakçıları olan Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya Federasiyası, Moldova və Tacikistanın müvafiq qurumlarının rəhbərləri, MDB İcraiyyə Komitəsinin və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək buradakı çoxsaylı eksponatlarla, Ulu Öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş qiymətli rəsm əsərləri, stendlərlə tanış oldular.
“Duzdağ” otelində öz işinə başlayan MDB Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclasını giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev qonaqları salamladıqdan sonra Naxçıvan Muxtar Respublikasının ərazisi, əhalisi, təbii sərvətləri, muxtariyyətin yaranma tarixi, Naxçıvanın muxtariyyət statusu barədə ətraflı məlumat verdi.
Şamı Abdullayev muxtar respublikanın 20 ildən artıq müddətdə blokada şəraitində yaşadığını bildirərək əlavə etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsində qədim diyar ildən-ilə daha da sürətlə inkişaf edir, çiçəklənir. Bu inkişaf nəticəsində muxtar respublikada çoxsaylı sənaye müəssisələri yaranaraq uğurla fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikasındakı sənaye müəssisələrində görülən təhlükəsizlik tədbirləri barədə iştirakçıları məlumatlandıran Şamı Abdullayev bu məsələnin muxtar respublika rəhbərinin daim diqqət mərkəzində olduğunu bildirdi. Qeyd olundu ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Naxçıvanda texnogen qəzaların qarşısı tamamilə alınıb. Bununla belə, bu cür mühüm tədbirin keçirilməsi, qabaqcıl nailiyyətlərin öyrənilməsi təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev ulu öndər Heydər Əliyevin “Fövqəladə hadisələrin qarşısının alınması, onun nəticələrinin aradan qaldırılmasından daha asandır” kəlamını xatırladaraq bildirdi ki, müasir şəraitdə ehtimal olunan texnogen qəzaların peşəkar proqnozlaşdırılması və qarşısının alınması böyük əhəmiyyət kəsb edir. Buna görə də MDB ölkələri arasında bu məsələlərlə bağlı sıx əməkdaşlığın davam etdirilməsi, təcrübə mübadiləsinin aparılması bir sıra məsələlərin həllində mühüm rol oynayacaqdır.
Orucəli Hacıyev qeyd etdi ki, Naxçıvanda keçirilən MDB Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclasının əsas məqsədi üzv ölkələr arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmaq perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdır.
Tədbirdə Azərbaycan Respublikasında sənayedə təhlükəsizliyin təmin edilməsi barədə hazırlanmış videoçarx nümayiş olundu.
Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin təhlükəsizlik sahəsində əməkdaşlıq, yeni çağırış və təhdidlərə müqavimət departamentinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq şöbəsinin müşaviri Sergey Mixnoveç MDB-nin icraçı katibi Sergey Lebedevin iclas iştirakçılarına məktubunu oxudu.
Sonra MDB Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik Şurasına sədrliyin Belarusdan Azərbaycan Respublikasına keçdiyi elan edildi.
Sentyabrın 16-da keçirilən iclasda tərəflər iştirakçı dövlətlərin qanunvericiliyindəki dəyişikliklərin və son bir ildə bu istiqamətdə göstərilən fəaliyyətin nəticələri, neft-qaz sahəsinin mürəkkəb və təhlükəli istehsalat obyektlərində nəzarət-profilaktika yoxlamaları aparılması təcrübəsi barədə müzakirələr apardılar.
Həmin gün
qonaqlar Naxçıvan şəhərinin
tarixi-memarlıq abidələri, Naxçıvan Dövlət
Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun
türbəsi, “Naxçıvanqala” Dövlət
Tarix-Memarlıq Kompleksi və
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
inzibati binası ilə tanış oldular.
Azərbaycan.-2014.-17 sentyabr.-S.2.