Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
və QHT-lərə Dövlət Dəstəyi Şurası
arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Sentyabrın
17-də Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası (QHTDDŞ) arasında
birgə əməkdaşlıq haqqında anlaşma
memorandumu imzalanıb.
AzərTAc
xəbər verir ki, imzalanma mərasimini giriş sözü
ilə açan əmək və əhalinin sosial müdafiəsi
naziri Səlim Müslümov ölkəmizdə insan hüquq
və azadlıqlarının təminatı prosesində
qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa
xüsusi önəm verildiyini vurğulayıb.
Nazirliyin
fəaliyyət sahələrində QHT-lərlə əməkdaşlığa
toxunan S.Müslümov əlilliyi olan şəxslərlə və
sosial xidmətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsində
vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın
rolunu qeyd edib. Diqqətə çatdırıb ki, bu gün
ƏƏSMN sosial xidmətlər üzrə 20-dən
çox ixtisaslaşmış QHT ilə əməkdaşlıq
həyata keçirir və nazirliyin sifarişi əsasında
onlar tərəfindən çoxsaylı layihələr icra
edilir. Bu layihələr çərçivəsində
ölkənin ayrı-ayrı bölgələri üzrə
1500 nəfərdən çox sağlamlıq imkanları məhdud
uşağa və sosial təhlükəli vəziyyətdə
olan yetkinlik yaşına çatmayan şəxsə müxtəlif
növ sosial xidmətlər, həmçinin reabilitasiya dəstəyi
göstərilir.
Nazir
bildirib ki, üçillik müddət üçün
imzalanan memorandum ƏƏSMN ilə QHT-lərə Dövlət
Dəstəyi Şurası arasında əhalinin, o cümlədən
sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən vətəndaşların
məşğulluğunun təmin edilməsi ilə
bağlı proqram və layihələrin hazırlanması,
peşə hazırlığının əmək
bazarının tələblərinə
uyğunlaşdırılması sahələrində gələcək
əməkdaşlıq niyyətlərini ifadə edir.
S.Müslümov
memoranduma əsasən, nazirlikdə yaradılacaq İctimai
Şuranın formalaşmasına və fəaliyyətinə
QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən
dəstək veriləcəyini də qeyd edib.
QHT-lərə
Dövlət Dəstəyi Şurasının sədri Azay
Quliyev ƏƏSMN-də şəffaflıq əmsalının
son vaxtlarda xeyli yüksəlməsindən, həmçinin
nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqda
fəal mövqe nümayiş etdirməsindən söz
açıb. O, bu memorandumun dövlət qurumları ilə
QHT-lərə Dövlət Dəstəyi Şurası
arasında əməkdaşlığa dair imzalanan ilk sənəd
olduğunu və bunun qeyd olunan sahədə işlərin daha
geniş müstəvidə davam etməsinə imkan
yaradacağını diqqətə çatdırıb.
A.Quliyev bildirib ki, hər iki qurum birgə əməkdaşlıq
planının işlənib hazırlanması yolu ilə vətəndaş
cəmiyyəti institutlarının davamlı inkişafına
yardım göstərəcək. Şəffaflığın
artırılması və açıq hökumətin təşviqi
ilə bağlı fəaliyyətin təkmilləşdirilməsində
belə səmərəli əməkdaşlıq əlaqələri
mühüm rol oynayır.
Sonra
S.Müslümov və A.Quliyev iki qurum arasında Birgə
Əməkdaşlıq haqqında Anlaşma Memorandumunu
imzalayıblar.
Azərbaycan.-2014.- 18 sentyabr.- S.2.