SÖZDƏ və QƏLƏMDƏ PEŞƏKARLIQ

 

Yaxud qeyri-peşəkarlarla peşəkarlıq barədə söhbət

 

3. ÇAP MEDİASININ YAŞAMASI HƏM DƏ

 JURNALİST PEŞƏKARLIĞINDAN ASILIDIR

 

Bütün kəskinliyi ilə müşahidə olunan problemin başlıca səbəblərindən biri də KİV-lər arasında olan rəqabət mühitinin mövcudluğudur. Əlbəttə, KİV-lər də sahibkarlıq subyektləridir, onların istehsal etdiyi məhsul isə informasiyadır. Bazar iqtisadiyyatı şəraitində bütün sahələrdə olduğu kimi, KİV-lər arasında da sağlam rəqabət təqdirəlayiq haldır. Ancaq bu rəqabət keyfiyyətsiz, qeyri-obyektiv, müxtəlif mənbələrdən dəqiqləşdirilməmiş, qərəzli, qanunların tələblərinə, milli maraqlara zidd məhsulun istehsalı və yayımı hesabına aparılmamalıdır. Son vaxtlar dövri mətbuatda, xüsusilə də elektron mediada bu tipli materialların sayı artıb və dözülməz səviyyəyə çatıb. Əsası olmayan, plagiat, ilkin mənbənin göstərilməməsi, "etibarlı", "məlumatlı mənbə"lərə istinad da bu problemdən qaynaqlanır. Bu qərəzli işdə əsasən də müxalifət qəzetləri və saytları seçilirlər. Birincilik uğrunda mübarizə peşəkarlıq, operativlik, dəqiqlik, obyektivlik, qərəzsizlik, qanunlara hörmət və dövlətə, milli maraqlara sadiqlik prinsipləri üzərində qurulmalıdır.

 

Akademik Ramiz MEHDİYEV

 

Sovet dövründə çap mediasının nə ilə məşğul olacağı "proletariatın dahi rəhbəri" Leninin dili ilə müəyyən olunmuşdu: "Qəzet yalnız kollektiv təbliğatçı, kollektiv təşviqatçı deyil, habelə kollektiv təşkilatçıdır". Sovet mətbuatı kommunist ideyalarının təbliği ilə geniş şəkildə məşğul olaraq insanları kommunizmin qurulacağına, onun dünyada qələbə çalacağına, SSRİ-nin hamının vətəni olmasına və qırmızı imperiyanın yaşamasına xidmət edəcək digər məsələlərə inandırmışdı. Məhz təbliğatın gücü sayəsində SSRİ yetmiş il yaşaya bildi. Kommunizmə inam öləndən sonra isə SSRİ və sosializm quruluşu da çökdü.

Artıq mətbuat dövlət nəzarətindən çıxarıldığı üçün dövlətin onun qarşısına hər hansı vəzifə qoymaq səlahiyyəti yoxdur! Olsa-olsa, mətbuatla bağlı arzu və istəklərini bildirə bilər. Bu gün qəzet heç təbliğat və təşviqat vasitəsi də sayılmır! Onun işi operativ, obyektiv, tərəfsiz və qərəzsiz informasiya toplayaraq cəmiyyətə çatdırmaqdır!

Əslində, qəzetçilik biznes fəaliyyətidir. Yəni sahibkar qəzet təsis edərək redaksiya yaradır, səriştəli insanları bir yerə toplayaraq kağız üzərində informasiya satmaqla pul qazanır. Amma gəlin razılaşaq ki, qəzetçilik adi biznes deyil! Çünki bu məhsulun insanların şüuruna, emosiyalarına təsir imkanları da var. Bunları nəzərə almamaq olmaz!

Əvvəla, hansı məhsulla alver etdiyini bilməlisən, ikincisi, məhsulunun "əmtəə görünüşündən" öncə məzmun və peşəkarlıq baxımından səviyyəli olmasının qayğısına qalmalısan.

Qəzetçiliyin özünəməxsus biznes sahəsi olduğunu qəbul etdikdən sonra onu yaşada da bilməlisən! Yəni qəzet bazarında yer tutmalı, çoxsaylı oxucu rəğbəti qazanmalı, gəlirinin xərcindən yuxarı çıxmasına nail olmalısan. Əks halda müflis olacaqsan. Doğrudur, hazırda Azərbaycanın media sahəsində şərti olaraq "reket qəzetləri" adlandırılan müəyyən qrup qəzetlər var ki, onlar öz fəaliyyətlərini qeyri-biznes formasında qurublar. Beləki, başda redaktoru olmaqla, həmin qəzetin təmsilçiləri obyektləri gəzir, imkanlı insanları, idarə, şirkət və dövlət orqanlarını şantaj etməklə şəxsi maraqlarını təmin edirlər. Təəssüf ki, belə qəzetlərə qisasçılıq, yaxud "gizli mübarizə" məqsədilə "pullu sifarişlər" ötürənlər, onları müəyyən sənədlərlə təmin edən xain xislətli insanlar da var! Ayrı-ayrı məmurların "reket qəzetləri" əldə saxlaması və gizli şəkildə maliyyələşdirməsi faktları da mövcuddur. Belə "çirkli mənbələr" hesabına maliyyələşən qəzetlərin mövcudluğu fakt olsa da, onların sıradan çıxacağı şübhə doğurmur! Sadəcə, zamana ehtiyacı olan məsələdir!

Hazırda qəzeti yaşatmağın daha realciddi problemləri var! Nədir onlar?

Birincisi, informasiya-kommunikasiya texnologiyalarının meydana gəlməsi, internet medianın və sosial şəbəkənin yaranmasıdır. Qəzetlər 24 saatdan bir çap olunduqlarından onlayn sistemində işləyən və əldə etdiyi informasiyanı elə hadisənin baş verdiyi məkandan elektron qəzetlərə çatdıran yeni mediaya uduzurlar. Sosial şəbəkələrdəki açıq-saçıqlıq, informasiya dərəbəyliyi isə insanlara hələlik daha cəlbedici göründüyündən ciddi və abırlı qəzetlərə meyil azalıb. Bunu da keçəri hal sayır və hesab edirik ki, vaxt gələcək, insanlar sosial şəbəkələrdə yazışmaqdan utanacaq, bunu "aşağı sort" sayacaqlar.

İkincisi, reklam bazarının yoxluğu və hələ tezliklə yaranacağına ümidin olmaması çap mediasının belini qıran amillərdəndir! Dünya təcrübəsinə baxanda qəzetlərin reklam hesabına yaşadığını və inkişaf edərək genişləndiyini görürük. Avropa dövlətlərində 32 və daha çox səhifə həcmində çıxan qəzetlərin heç 4-5 səhifəsi redaksiya materialı olmur. Əsas gəlirlərini reklamdan götürən redaksiyalar məhsullarını çox ucuz qiymətə satırlar. Bu da oxucu sayının artma səbəblərindən biridir.

Üçüncüsü, qəzetin yayımı və sərbəst satışı ilə bağlı bəzi problemlər onun iqtisadi durumuna mənfi təsir edir. Sovet dövründə istənilən qəzetin gündəlik nömrəsi elə həmin gün respublikanın hər bir kəndinə, yaşayış məntəqəsinə çatdırılırdı. İndi isə nəinki hər kəndə, hətta rayon mərkəzlərindəki ünvanlara belə qəzetlərin gün ərzində çatması problemlidir. Köhnəlmiş informasiya isə kimə və nəyə gərəkdir?

Sərbəst satışın çətinlikləri dəfələrlə müzakirə olunsa belə, ciddi dönüş yaranmayıb! Dövlət başçısının "mini bazar" adlandırdığı qəzet köşkləri artıq yenilənib (sayları azaldılsa da), müasirləşib. Amma qəzet satışına münasibət əvvəlki qaydada qalıb. Məsələn, "təzə köşklər"ə qəzet çatdırmalı olan yayım təşkilatı "Azərbaycan" qəzeti ilə müqavilə bağlamaq istəyəndə hər nömrənin satış qiymətinin 40 faizini(?!) tələb etdi. Halbuki, digər yayım təşkilatlarına qiymətin 28-30 faizi həcmində pul ödəyirik. Bunun özü bizim üçün çox görsənsə də, dünya praktikasına istinadən razılaşmışıq. 40 faizi yayım təşkilatına ödəyəndə isə ziyanla işləməli oluruq! Bu isə biznes deyil! Tezliklə iflas deməkdir.

Artıq "Azərbaycan" qəzeti yeni köşklərdə satılmır. Əvəzində həmin köşklər "reket qəzetləri" və "sarı mətbuat"la doludur! Belələrinin maliyyə mənbəyi isə, bayaq qeyd etdiyimiz kimi, satışdan yox, çirkli yollarla ödənilən vəsaitlərdir. Sərbəst satışdan məhrum olub yalnız abunənin ümidinə qalmaq isə effekti xeyli azaldır.

Dördüncüsü, qəzetlərin oxşarlığındadır. Hazırda ölkə ərazisində 40-dək gündəlik qəzet çıxır. Onları iqtidar, müxalifət, partiya, müstəqil, "reket" olmaqla bir neçə şərti qrupa bölmək mümkündür. Hər qrupun qəzeti isə bir-birinə çox oxşayır: həm məzmun, həm mövzular, həm də məsələlərə yanaşmaya görə! Müstəqil qəzetlərdə belə oxşarlıq az qala "əkizlik" səviyyəsinə yüksəlir. Beləki, eyni informasiya mənbələrindən, eyni saytlardan "qidalanan" belə qəzetlər daim eyni mövzu, məsələ, fakt və hadisələrdən yazır, hətta eyni yerdə, eyni səhifələyici tərəfindən işləndiyindən tərtibat və dizaynı bir-birinə bənzəyir.

Əslində oxucu bir qəzet oxumaqla 5-6 qəzet "oxumuş" olur. Belədə niyə əlavə xərc çəkərək 4-5 "artıq qəzet" almalısan?

Qəzetin inkişafına və maliyyə durumunun yüksəlməsinə səbəb olan sadaladığımız amillər obyektivsubyektiv məqamlardan doğur. Elektron mediaya uduzulan bir vaxtda qəzetin yaşadılması subyektiv amillərdən - redaksiya kollektivinin peşəkarlığından və yaradıcı potensialından da asılı olacaqdır. Başqa sözlə, "kim-kimi" yarışmasında jurnalist peşəkarlığı həlledici mövqeyə çıxmalıdır!

 KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətini unutmamışıq və mətbuat bazarının indiki kasadlığı şəraitində dövlətin bu yardımı olmasaydı, yəqin ki, qəzetlərin çoxu bağlanar, jurnalistlər isə sevdikləri peşələrindən ayrılmalı olardılar. Amma KİV-ə Dövlət Dəstəyi Fondu verdiyi dəstəklə "yaşadır", inkişaf etdirə bilmir! Necə deyərlər, qonşudan gələn payla qarın doymaz!

Redaksiya pulu özü qazanmalıdır!

Çap mediasının yaranmış vəziyyətindən çıxması və yaşaması hazırda jurnalist peşəkarlığı və çap mediasının özünəməxsus üstünlüklərdən istifadə hesabına mümkündür.

Elektron media saytlarının bir-birindən köçürməsi, telefonla toplanan informasiyalar, birsuallı müsahibələr, eyni məsələyə bir neçə nəfərin cavabı-əslində informatikbir-iki janrlı materiallar əsasında fəaliyyət deməkdir. Burada çox az hallarda geniş müsahibələr (çoxsuallı), analitik yazılar və şərhlər verilir. Araşdırma və problematik yazılar isə ümumiyyətlə olmur!

Gün ərzində həddindən çox informasiya ilə yüklənmiş (hələ onların dəqiqliyi də daim şübhə doğurur, çünki operativlik dalınca qaçan elektron media jurnalistikanın "dəqiqlik" prinsipini tez-tez pozur) oxucu hansısa mövzunun şərhi, məsələnin araşdırılması, problem barədə müxtəlif rəylərin əks olunduğu yazıları da oxumaq, öyrənmək və bilmək istəyir!

Eşitmək və oxumaqla öyrənmək elektronçap mediasının xüsusiyyətindən doğan cəhətlərdir. Odur ki, "yaşamaq uğrunda mübarizədə" bundan bəhrələnmək lazımdır.

Fikrimizcə hazırda çap mediası qarşısında 3 mühüm vəzifə durur:

* informasiya vermə;

* maarifləndirmə, öyrətmə;

* tərbiyə etmə.

Çap mediasında informasiyanın verilməsi vacibdiroperativliyin itirilməsindən qorxmaq gərək deyil! Əvvəla, heç də insanların hamısı kabinet şəraitində, kompüter qarşısında oturaraq işləmir. Açıq sahədə çalışan, gün ərzində "gəzənlər" də çoxdur. Onların informasiyanın "dondurulduğunu" və "gəzdirilməsi" asan olan qəzetlərə ehtiyacları var. Digər tərəfdən çap mediasının dəqiqləşdirmə imkanı geniş olduğundan orada gedən informasiyalar daha dəqiq və düzgün olur, insanlar qəzet xəbərlərinə daha çox inanırlar!

Bəziləri qəzetin maarifləndirmə funksiyasının aradan qalxdığını söyləyirlər. Tamamilə yanlış fikirdir! Belələri maarifləndirmə ilə savadlandırmanı qarışıq salırlar. Azərbaycan milli mətbuatının ən mühüm ənənə və prinsiplərindən biri sayılan maarifləndirmə-öyrətməyə ehtiyac yenə də qalmaqdadır.

 Azərbaycan bazar iqtisadiyyatı münasibətlərinə keçən, hüquqi-demokratik dövlət quruculuğu ilə məşğul olan, dünyaya sürətlə inteqrasiya edən ölkədir. Milli Məclis tərəfindən çoxsaylı qanunlar qəbul olunur, onlara dəyişikliklər edilir. İnsanlar bunlarla bağlı hüquqi cəhətdən maarifləndirilməlidirlər. Dünyada sürətli, ziddiyyətli və mürəkkəb proseslər baş verir. Mütəxəssislər onlardan baş çıxarmaqda yardımçı olmalı, hadisələrin ölkəmizə "isti-soyuqluğu" barədə analitik yazılar yazmaqla oxucuları "öyrətməli"dirlər.

Sahibkarlıq Azərbaycanda yeni sahədir (Sovet dövründə xüsusi mülkiyyətə və insanların biznes fəaliyyəti ilə məşğul olmalarına icazə verilmirdi). Bu sahədə yeniliklərin, həm də zəruri bilgilərin "təzə" sahibkarlara çatdırılmasına böyük ehtiyac var. Sahibkar uğurlu biznes qurmaq üçün mövcud qanunçuluğu bilməli, dünya biznes təcrübəsindən öyrənməli, dövlətin dəstəyindən vaxtında xəbər tutub ondan bəhrələnməlidir. Xüsusilə aqrar sektorda bu məsələlərə ciddi tələbat duyulur. Nəzərə alsaq ki hər bir kəndli və fermerin bütün sahələr üzrə mütəxəssislər saxlamaq, elmin yeniliklərini öyrənib istehsalatda tətbiq etmək imkanı yoxdur, məsələnin ciddiliyi bir daha görünər. Təəssüf ki, indiyədək belə məsələlərə həsr olunmuş və ölkədə populyarlaşmış qəzet-jurnal yoxdur! Amma dünya təcrübəsi göstərir ki, olmalıdır.

 Ən nəhayət, vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi dünya praktikasında olmasa belə, Azərbaycan üçün son dərəcə vacibdir! Biz Qarabağ uğrunda müharibənin birinci mərhələsini uduzmuşuq. Müharibə bitməyib, yalnız atəşkəs elan olunub və hələ məğlub sayılmırıq! Son dövr hadisələrinin göstərdiyi kimi, hər an hərbi əməliyyatlar bərpa oluna bilər! Biz insanların vətənpərvərlik, yurdsevərlik duyğularını daim iti vəziyyətdə saxlamalıyıq. Ancaq vətənpərvərlik mövzusunda qəzetlərdəki material qıtlığı, olanların bir qismində isə peşəkarlığın çatışmaması, yazıların ürəksiz, soyuq qələmlə yazılması bu məsələnin canlandırılmasına zərurət oldugunu göstərir.

Bax, peşəkar jurnalistlər belə məqamlarda irəli çıxıb sözlərini qələmləri ilə deməlidirlər. Yalandan sinəyə döyüb qürrələnməklə heç kəsin gözündən pərdə asmaq mümkün deyil!

Peşəkar jurnalist həmişə dedi-qodudan uzaq olar, dövləti və milli maraqları uca tutar, dövrün çağırışlarına operativ reaksiya verər! Təəssüf ki, bu gün özünü peşəkar adlandıraraq başqalarına ağıl və məsləhət verənlər çoxdur. Amma peşəkarlıq sözdə yox, əməldə, jurnalistikada isə qələmdə olur! Azərbaycanda jurnalistika ilə bağlı bütün qurumlar, mətbu orqanlar sənətkarlıq məsələlərini daim diqqətdə saxlamalı, hər bir qələm əhli isə öz üzərində müntəzəm çalışaraq peşəkarlıq səviyyəsinin yüksəlməsinə nail olmalıdır. Bu, zamanın tələbidir!

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2014.- 18 sentyabr.- S.3.