Dövlət Sosial
Müdafiə Fondunun sədri
İsmayıllıda beş
rayonun sakinləri üçün qəbul
keçirib
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyələrinə
əsasən mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərləri bölgələrdə vətəndaşları
qəbul edir, onların problemlərinin həllinə kömək
göstərirlər.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 17-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev İsmayıllıda dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.
AzərTAc xəbər verir ki, İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda İsmayıllı, Qəbələ, Oğuz, Göyçay və Ucar rayonlarından olan, ümumilikdə, 35 nəfərədək vətəndaşın müraciətinə baxılıb.
Qeyd edək ki, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, görüşdə iştirak edənlərin fondun rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılan nəqliyyatla aparılıb-gətirilmələri təmin olunub.
Qəbula gələnlər əsasən pensiya təyinatı, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu statusu ilə pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş Sovet İttifaqı dövründə işlədikləri müddətin əmək stajına əlavə edilməsi kimi məsələlərlə bağlı müraciət ediblər.
Qəbul zamanı, həmçinin başqa dövlətlərin ərazilərində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib.
Açıq qapı şəraitində davam etdirilən qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Eyni zamanda, fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işləri aparılıb, aidiyyəti orqanlara müraciət üçün nəzarətə götürülüb.
Qəbulda iştirak
edən pensiyaçılar Prezident İlham Əliyevin tapşırıq və
tövsiyələrinə uyğun olaraq mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən
mütəmadi olaraq bölgələrdə
vətəndaşların qəbulunun təşkilindən
razı qaldıqlarını vurğulayaraq,
onlara göstərilən yüksək
diqqət və qayğıya görə dövlətimizin
başçısına öz minnətdarlıqlarını
bildiriblər.
Azərbaycan.-2014.- 18 sentyabr.- S.4.