Azərbaycan Darülfünunun təşkili:

 parlament iclaslarından tarixi reportaj

 

 

Bakı Dövlət Universiteti-95

 

Azərbaycanda ali təhsil müəssisəsinin olması niyyətini gerçəkləşdirmək imkanı müstəqil milli dövlətçiliyin fəaliyyəti dövründə yarandı. Hələ Cənubi Qafqaz hökumətinin üzvü kimi maarif naziri Fətəli xan Xoyski Qafqazda universitetin təsis edilməsinə münasibətində bildirmişdi: "Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı". Cümhuriyyət dövründə bu məsələdə hökumət daha israrlı oldu. Universitetin ilk rektoru V.İ.Razumovski yazırdı: "Hətta Zaqafqaziya rus universiteti köçməsə də, Bakıda universitet yaradılacaqdır, ultimativ müddət də göstərilmişdi - 1 may". Azərbaycan hökuməti universitetin təşkilini V.İ.Razumovskiyə təklif edirdi. 1919-cu il aprelin 8-də hökumət Bakı şəhərində universitetin açılması haqqında qərar qəbul etdi. Universitetin 1919-1920-ci tədris ilinin əvvəlindən fəaliyyətə başlaması barədə xalq maarifi nazirinə tapşırıq verildi. Ticarət məktəbinin binası universitet üçün ayrılırdı. Xalq maarifi nazirliyi nəzdində universitet komissiyası haqqında əsasnamə qəbul edildi, mayın 19-da bu komissiya hökumət tərəfindən təsdiq olundu, iyunun 16-da komissiyanın ştatları təsdiq edilib, maaşları müəyyənləşdirildi. Komissiyanın ilk iclası mayın 21-də keçirildi. Geniş səlahiyyətlər verilmiş komissiya qısa müddətdə universitetin təsis edilməsi haqqında 31 may tarixli bəyannaməni, qanun layihəsini, universitetin nizamnamə layihəsini, ilk tədris ili üçün ştat və smeta layihəsini hökumətə təqdim etdi.

İyunun 25-də universitetin təşkilinə lazım olacaq ilkin xərclər üçün xalq maarifi nazirinin sərəncamına 1 milyon rubl ayrıldı. Universitet üçün tələb olunan vəsait sonradan yenə də artırıldı. Universitetin təsis edilməsi haqqında qanun layihəsi iyulun 7-də hökumət tərəfindən baxılaraq Parlamentin təsdiqinə  təqdim olunmaq üçün bəyənildi və çıxarılmış qərarın 7-ci bəndində göstərilirdi ki, ilk tədris ilinə universitetin təşkili, avadanlıqla təchizatı üçün gərəkli olan maliyyə vəsaiti 3,5 milyon rubldan 5 milyon rubladək artırılsın. Müəllimlərin əməkhaqqı da əlavə olaraq nəzərdə tutulduğunun 1/3-i qədər artırıldı. Universitetin təsis edilməsi haqqında qanun layihəsi parlamentdə qızğın müzakirə olundu. Bir qism parlament üzvü açılacaq universitetin ruslaşdırma ocağı olacağından ehtiyat edirdilər. Onlar orta təhsil müəssisələrinin milliləşdirilməsi başa çatdığı zaman universitetin türk (Azərbaycan türkcəsi) dilində açılması tərəfdarı idilər. Digər deputatlar isə universitetin tədricən milliləşdiyini əsaslandıraraq əks iddiaları rədd edirdi: "Heç bir millət tarixən ilk addımında milli bir darülfünuna sahib olmamışdır. Əvvəlcə özgələrdən istifadə edərək, sonra get-gedə qüvvət kəsb etmişdir. Bina ən-ileyh qorxmamalıdır. Darülfünun hər dildə olsa da olsun, açıb oxumalıyıq. Çünkü bu müəssisə ilə biz bir ürfan müəssisəsi quracağıq və get-gedə öz gənclərimizi onun vasitəsilə ziyalandırıb istədiyimiz milli professorlarımıza tədricən sahib olacağıq".

 

(M.Ə.Rəsulzadə).

Bakı, 21 avqust 1919-cu il

 

Azərbaycan hökumətinin təklif etdiyi qanun layihəsi 1919-cu il avqustun 18-də parlamentin 66-cı iclasında müzakirəsi nəzərdə tutulan məsələ kimi səsləndirildi. Parlamentin növbəti, 67-ci iclası avqustun 21-də bütünlüklə 1-ci məsələ kimi Azərbaycan darülfünunun təşkili haqqında müzakirəyə həsr olunmuşdu. Bu barədə məruzəçi Mehdi bəy Hacınskinin müraciətdən sonra ilk cümləsi - "Bakıda Azərbaycan dövlət darülfünunu açmaq barəsində böyük gurultu qopmuşdur" oldu. "Böyük gurultu" yek məzmun daşımırdı. Universitetin açılması əleyhinə deyil, onun təsdiqi üçün vaxtın münasib olmadığını, hazırlığın yetərsiz olduğunu əsas göstərən qüvvələr var idi. Hökumətin təşkil etdiyi komissiyanın hazırladığı qanun layihəsi və universitetin nizamnaməsi parlamentin müvafiq komissiyalarında baxılmış, müsbət rəy almış və qərar fraksiyalara göndərilmişdi. Qızğın müzakirələrə səbəb olan fikir ayrılığı millətin, dövlətin aqibətinə narahatlıqdan qaynaqlanırdı. Müxalif fraksiya nümayəndələrinin dilindən səslənən fikirlər siyasi qərəzlilik təəssüratı yaratsa belə, ümumi istiqamətdə fayda verən fəal mövqe, peşəkar yanaşma, qanunvericiliyə riayət, başlıcası isə mövcud şəraitin diktəsi ilə barışmaq deyil, gələcək vəziyyətin nəzərə alınması, proqnozlaşdırılması yönündə düşünmək meyli üstünlük təşkil edir. Millətin yüzdə doxsanının elmə möhtac olduğu şəraitdə darülfünunun açılmasını müsaid hesab etməyənlər "əgər bizə bir elm mənbəi lazım isə o da ibtidai məktəblərdir" söyləyir, universitetin Bakıda olmasını da münasib saymırdılar: "çünkiE darülfünun olan yerlərdə həmişə böyük inqilablara bais olmuşdur". Xüsusən "Əhrar" firqəsində iki cərəyan yaranmışdı. Universitetin açılması əleyhdarları büdcə xərcinin artacağını, açılan darülfünunda oxuyacaq tələbələrin olmadığını əsas göstərirdilər. Abdulla bəy Əfəndiyev çıxışında bildirirdi: "O müəllimlər ki, rus darülfünunu qurtarıb rus dilində dərs deyəcəklərsə, lazım deyildir. Biz gərək hamı məktəbləri milliləşdirək. Sonra az müddət içərisində edadiləri də milliləşdirin. İndiki darülfünu yetişdirən müəllimlər, gərək türk dilinə aşina olsunlarE Təcili olmaqda nəf yoxdurE bu məsələyə ətraflı baxılandan sonra açılsın". Həmin fraksiyadan çıxış edən Muxtar Əfəndizadə də "bizim bu barədə dəlilimiz qəvidir (güclüdür - F.Ə.)" söyləyərək əsaslandırmağa çalışdı: "Ebu saat kifayət qədər professor yoxdurE tarixi-ədibə bir elmdir ki, onu ana dilindən başqa bir dildə öyrətmək olmazE Petroqrad və Moskva darülfünunlarına təhsil üçün gedən cavanlarımız məktəbə girər-girməz dərhal oradaki misyonerliyi və oradakı ruslaşdırmaq ruhunu görüyor və ondan çəkinirdiE Fəqət biz öz yurdumuzdakı darülfünuna eyni ruhdakı bu misyonerləri soxaraq onlar öz əqidələrini gizli tutacaqlar və əsgi misyonerliyini və o əsgi eşqə müdhiş surətdə gizli olaraq cavanlarımızın ruhinə aşılayacaqlardır".

Darülfünunun açılması ilə bağlı müzakirələrdə fəal deputatlardan biri Qara bəy Qarabəyli idi. Əsasən müxalif mövqedən çıxış edən Qarabəyli qanun layihəsini "məchul qalan məsələ" kimi dəyərləndirsə də, səslənmiş bir sıra etirazlara cavab vermiş məzmunda fikirlərini bildirdi: "Millət üçün açılacaq darülfünunlar bütün məmləkətin qisməti, kasıb-küsübun qisməti olacaqE bu darülfünun yalnız xoşbəxtlərın istifadəsi üçün olmayıb ümum millətin bir mədəniyyət mənbəi olacaqdırE Millət o qədər ayıqdır və qüvvətlidir ki, özünü idarə edə bilər və özü üçün istədiyi darülfünunu da aça bilər. Millət burada darülfünunumuzda tədris edəcək beş-üç rus professorları vicudilə Rusiyaya tabe olacaq bir vəziyyətdə deyildirE Kim deyə bilər ki, sən öyrəndiyin elmi türkcə olaraq öyrənməyəsən. Millətə qulluq etmək üçün sənə kim mane olacaq".

Darülfünun haqqında qanun layihəsinin təcili məsələ hesab olunmayaraq komissiyaya verilməsinin qarşısını alan və geniş müzakirəyə rəvac verən Məhəmməd Əmin Rəsulzadənin çıxışı oldu. Darülfünunun açılmasının faydaları barədə çıxışını quran natiq tərəddüdləri aradan qaldırmağa çalışırdı: "Ebizim məmləkətdə darülfünuna ehtiyac o nöqteyi-nəzərdən vardır ki, bizdə mütəfənnin, mütəxəssis elmi nöqtələrə alim adamlar, üləma yoxdur. Bu cür adamların yoxluğu hər cəhətdən təsirini göstərirE darülfünun yalnız tələbələr hazır etməyir. Bununla bərabər elm və fənnə aşina adamların və ərbab ixtisasın bir məcmui olacaq ki, bir tərəfdən təlim etməklə digər tərəfdən məmləkəti öyrənir, onun əhval və xüsusiyyatını təhlil və tədqiq edir". Xaricə getməyə imkanı olmayan tələbələrin də təhsil almaqları üçün universitetin faydasından bəhs edən M.Ə.Rəsulzadə gələcəyə yönəli mülahizələrini əminliklə söyləyirdi: "Vəqtilə bu darülfünun get-gedə milliləşəcək. Bununla bərabər orada türk dili ümumi surətdə məcburi olaraq keçiləcək və öyrədiləcəkdir. Rus və ya əcnəbi bir lisanda təhsil etdiyi bir elmi öz dilində ifadə edə biləcəkE darülfünunumuzun tələbələri təhsil etdikləri elmlərlə bərabər xalq arasında olacaqlar ki, bunun da bizə bir çox faydası dəyəcəyi təbiidir". Müzakirə zamanı sosialist fraksiyası nümayəndələrinin mövqeyi birmənalı olmuşdur. Universitetin təsisini tam dəstəkləyərək əks fikir söyləyənlərə qarşı çıxırdılar. "Əgər indi universitet açmasaq, sonra heç aça bilmərik" xəbərdarlığını edən Səmədağa Ağamalıoğlu özünəxas yumorla, ibrətamiz misallara istinadən məişət leksikonunda anlatmağa və təlqin etməyə çalışırdı: "Universitet açmaq bir işə sərmayə qoymaqdırE Sərmayəni qoymaqdan heç kim qorxmamalıdırE Bu universitet bir palıd ağacına oxşar ki, basdırarsan, iyirmi ildən sonra çıxacaqE Darülfünun olmasa dil də qüvvətlənməyəcəkdir. Darülfünun olan yerdə dil də böyüyür". Türk dilinin - ana dilinin işlənməyəcəyi təşvişində olanları çıxışı ilə cavablandıran digər sosialist Əliheydər Qarayev məsələyə siyasi - sinfilik prizmasından yanaşırdı: "Darülfünun, doğrudur öz ana dilimizdə milli olmalı idiE biz bu vaxta qədər ibtidai və edadilərdə milli ruhda tərbiyə almamışıq ki, milli dilimizi bilən və milli lisanda leksiya oxunanda anlayaqE ibtidai və edadilər gərək məccani olsunE Nəinki darülfünun, hamısı gərək məccani olsun hamı oxuya bilsinE Bir mədəniyyət ki, füqərayi-kasibə üçün gəlir, siz barmağınız ilə onu tutmayın, qoyun o işıq Azərbaycan füqərayi-kasibəsi üzünə düşsün".

Müzakirə zamanı hökumət tərəfindən maarif naziri R.Qaplanovun çıxışı iclasın sonlarında bütün nöqteyi-nəzərlərə təhlil verən ümumiləşdirici, ən əsası qəti seçimə yönəldici məzmunda idi: "biz darülfünunun açılması üçün gec davrandıq və çox vaxt qeyb etdik. Məəttəəssüf tədrisata ancaq on gün qalanda başlayırızE əmin olun ki, darülfünun bu sənə açılmayacağı kimi, gələcək sənə də açılmayacaqdır". Nazir məsələni kəskin qoyduqdan sonra tərəddüd yaradacaq dəlillərə qarşı fikirlərini əsaslandırdı: "Məmləkətimiz daxilində açılacaq olan darülfünun mövcudiyyətilə biz vətənimizi daha başqa bir surətdə Avropaya qarşı göstərəcək və yaşamağa layiq bir millət olduğumuzu da bu surətlə əda və isbat edəcəyik". Məsələyə dövlətçilik, dövlətin mənafeyi nöqteyi-nəzərindən baxmağı gərəkli bilən nazir istiqlalın bəyan edilməsini yetərli saymırdı: "Biz cəhanə elan edirik ki, hürr yaşamağa haqlı müstəqil bir millətik, bunu yalnız elanımız kafi deyildir". Millətin ruhunu yüksəltməyi önəmli görərək yol göstərirdi: "Ruhu yüksəldəcək bir elm ocağı lazımdır ki, o da darülfünundan başqa bir şey deyildir". Maarif naziri məsələyə maddi tərəfdən yanaşılmasını "bir cinayət" kimi dəyərləndirsə də, ali təhsil almaq üçün gəncləri xarici ölkələrə göndərməyi daha məqbul yol bilən şəxslər üçün qısa bir müqayisəli tədqiqat apardı. Xarici ölkələrə tələbə göndərilməsi üçün "yapılacaq məsrəf burada açılacaq olan darülfünunun məsrəfindən qat-qat artıq olacaqdır", - söylədi. Millilik məsələsi baxımından da Azərbaycanda açılacaq darülfünunun faydasının daha üstün olduğu qənaətini əsaslandırmağa çalışdı: "Açmaq istədiyimiz darülfünunumuz olur isə bütün istədiyimiz və diləyimiz hasil olur. Bu darülfünun, rus və qeyri lisanda olsun, əgər layiqli professorlar təhti-idarəsində olsa, bizim dövlətimizə xidmət edəcək, başqa heç şeyə xidmət etməyəcəkE 2-3 sənədən sonra bizim tələbələrimiz əksəriyyət kəsb edəcəklər". Müzakirə zamanı fraksiya üzvlərinin öz siyasi baxışları çərçivəsində mülahizə yürütməsinə R.Qaplanov çıxışının sonunda münasibət bildirdi: "qətiyyən firqə mülahizatını buna qarışdırmamalıdır. Elm məbədinə dərəcəyi hörmətlə, camələrə, məscidlərə girərkən ayaqqabılarımızı çıxaran kimi, bu elm məbədinə də girərkən mülahizati-şəxsiyyə, siyasiyyə və firqə nizailərini unudaraq girməlidir. Əminəm ki, bu darülfünuna istiqbali-milliyyəmizi təmin edici bir məbəd, elm nəzərilə baxacağıq". Azərbaycanda, Bakıda universitetin açılmasında əməyi keçmiş, fəal, qətiyyətli mövqe göstərmiş şəxslər sırasında Fətəli xan Xoyskinin xüsusi yeri vardır. Cümhuriyyətin bəyan edilməsindən öncə Bakıda universitetin olması niyyəti və əməli təşəbbüs göstərmiş F.Xoyski parlament iclaslarında müvafiq müzakirələr zamanı çıxış etməyə lüzum bilməmişdir. Bu məsələdə söz demək haqqı çatan şəxslərdən olsa da, universitetin açılmasının gerçəkləşmə mərhələsində özünün hər hansı bir xidmətini diqqətə çatdırmağa can atmamışdı. Maarif nazirinin çıxışından sonra sədr Sultan Məcid Qənizadə ona "Fətəli xan, istəmirsiniz danışmağa" - müraciətini etsə də, F.Xoyski çıxış etməmişdi. Müzakirənin ilk iclasının sonunda söz məruzəçi Mehdi bəy Hacınskiyə verilmişdir. Səsvermə öncəsi qısa çıxışında M.Hacınski parlament heyətinə öz mesajını göndərdi: "layihənin ikinci qəraətinə keçməsək vəla layihə rədd olur". Əksəriyyət ikinci qiraətə tərəfdar olaraq səs verir. Söz alıb çıxış edən Mustafa Mahmudov layihənin maddə-maddə müzakirəsini növbəti məclisə qoymağı təklif etməzdən əvvəl yekun qənaətini paylaşdı: "Deməli, bu gün darülfünunun 2-ci qiraətinə keçməsini qəbul etmək ilə Azərbaycan da, parlaman da tarixi bir günü vaqe oldu". Bu ifadədə görünə biləcək pafosun, təntənənin, emosiyanın mahiyyətində məsələnin həllinin gərginliyindən qaynaqlanan bir sevinc, qələbə nəticəsi dayanır. Layihənin qəbul edilməməsi, yaxud təxirəsalınmasının nəticələrini açıq-aşkar bildirsələr də, son rəyin narahatlığı iclasın sonunadək yaşandı. Bu prinsipial addım baxımından 1919-cu il avqustun 21-i tarixi bir gün hesab edilə bilər.

 

Bakı, 25 avqust 1919-cu il

 

Azərbaycan parlamentinin 68-ci iclasının müzakirəsində birinci məsələ kimi Azərbaycan darülfünunun təşkili haqqında 2-ci qiraət dayanır. İclas yenə də bütünlüklə bu məsələyə həsr olunsa da, sədrin başlanğıcda səsləndirdiyi xəbər də tarixi məzmun daşıyır: "Qarabağ valisi Sultanovdan bu məzmunda teleqram gəlmişdir: Qarabağ məsələsi sülh ilə həll olundu. Sabah təntənəli surətdə bir beynəlmiləl nümayiş olacaqdır. Müfəssəl xəbər ayın 24-də". 90 il öncə Qarabağdan gələn bu xəbərin ardınca Mehdi bəy Hacınski darülfünunun təşkili haqqında qanun layihəsini maddə-maddə oxumaqla müzakirəyə keçilir. Universitetə muxtariyyət verilməsi məsələsində Qara bəy Qarabəyli narazılığını bildirir: "Başqa tərəfdən çağırılmış və millətin etimadını qazanmamış məchul adamlara etimad edilmədiyi kimi, onlara muxtariyyət də vermək doğru deyildirE Biz yabançı professorlardan ibarət olacaq böylə bir muxtar darülfünun heyətinin təşkili əleyhindəyik". Qarabəyli həmin heyətə etimad qazanmış yerli mütəxəssis və təbəələrdən olan şəxsləri də əlavə edib 72 maddədən ibarət universitet nizamnaməsi daxilində səlahiyyət və muxtariyyət verilməsini təklif edirdi. Bu xüsusda çıxış edən M.Ə.Rəsulzadə bildirir: "EOnların muxtariyyəti siyasi bir muxtariyyət deyil, nizamnamə daxilində elmi muxtariyyətdirE Hər halda şimdiki zamanda nöqsanlarilə bərabər darülfünunu bu şəkildə qəbul edib, ona muxtariyyət verilməlidir".

Universitet üçün bina ayrılması məsələsi də xeyli müzakirəyə səbəb oldu. R.Qaplanov maarif nazirliyi ilə müvafiq idarələr arasında ixtilaf yarandığını bildirdi. Ticarət məktəbi ilə gimnaziyanın binalarının darülfünuna verilməsi ətrafında fərqli fikirlərin səslənməsi sonucu olaraq Əhməd Cövdət bəyin təklifi əksəriyyətin rəyilə qəbul olunur və beşinci maddə bütünlüklə çıxarılır. Darülfünun üçün ayrılması nəzərdə tutulan 5 milyon manatın hansı təyinatda və konkret olaraq hansı əşyaların alınması üçün sərf ediləcəyi də mübahisə doğurdu. Beş milyonun sərfi ilə bağlı deputatların smeta tələb etməsini haqlı sayan maarif naziri bunun mümkünsüz olmasını belə əsaslandırdı: "...smeta lazımdır. Əhvali-adidə bu doğrudur. Fəqət keçirməkdə olduğumuz əhvalı fövqəladə də bu pəkdə doğru deyildirE Bir halda qiymətlərin təfavütü 10 manat ilə min manat arasında ola, onun smetasını düzəltmək gücdür". Professor Razumovskinin məlumat verməsindən sonra 7-ci maddənin səsverməsi keçirilir və əksəriyyətin rəyilə qəbul olunur. Darülfünun professorlarına veriləcək məvacibin miqdarı, təhsili yarımçıq qalmış şəxslərin darülfünuna könüllü formasında qəbul edilməsi, təhsil almaq haqqının hamı üçün açıq saxlanması, müəllimlərin maaşlarının verilmə tarixi ətrafında maddələr üzrə müzakirələr aparılmışdır. Tibb fakültəsi professorlarının maaşları arasında fərqin diqqətə alınması Q.Qarabəylinin yeni təkliflə çıxış etməsinə səbəb oldu: "Praktika edən professorlar ilə həmişə darülfünunda çalışan professorlara bir maaş vermək olmaz. Həmişə çalışanlara 8 min verdikdə praktikantlara 4 min manat verilməlidir". Bu təklifə Əhməd Cövdət etirazını bildirdi: "Professorların hankisi praktika ilə məşğul olacağını nəzərə almamalıdır". Fikrini belə əsaslandırırdı: "Burada bir professorlar var, bir də həkimlər var; 22 həkim var, 27 də assistent həkimlər var. 3 baş həkim olacaq, onların hərəsi ayda üç min manat alacaq. O, 3 min manat böyük pul deyil. Baş həkimlər ayda 4 min manat alacaqlar. Professorlar isə iki dəfə artıq, yəni ayda səkkiz min manat alacaqlar ki, professor üçün bu çox deyilE Bu professorlardan bəzilərinin xüsusi praktikalardan mədaxili olacaq. Bu da ən ziyadə mənəvi cəhətə aiddir. Onun üçün 8 min manat çox deyildirE professorların çoxu Bakıdan deyil, onları xaricdən dəvət edəcəyik. Əgər onlara dörd min manat versəniz, onların buraya gəlməsi çətindir". Beləliklə, Qara bəyin təklifi qəbul olunmur, layihənin 8-ci maddəsi səs çoxluğu ilə keçir. Növbəti maddə üzrə Ə.H.Qarayev rəyini bildirir: "Ola bilər ki, edadini qurtarıb, ya darülmüəllimin qurtarıb, ya qurtarmayıb, ancaq istedadı və qüvvəsi var. Gərək könüllü formasında qəbul olunsun ki, gedib oxusun. Bir də darülfünun gərək məccanı olsun hər kəs oxusun". "Müsavat" firqəsindən olan Rza bəy Ağabəyov təklifə qarşı çıxdı: "...hər kəs 3 sinif qurtarıbsa ora buraxsanız onda narodna universitet açın, hər kəs gəlsin oxusun". Müzakirələrin gedişatında ən fəal deputatlar olan Əhməd Cövdət, Qara bəy Qarabəyli münasibət bildirirlər. Əhməd Cövdət, orta məktəb proqramından imtahan vermək şərti ilə gimnaziyanın, darülmüəlliminin axırıncı sinfindən çıxanları darülfünuna qəbul etməyi faydalı sayırdı: "Əgər universitetin qapısını qurtarmamış tələbələrdən ötəri açarsaq tələbə çox olar, həm hökumət, həm xalq mənfəət görər". Qarabəyli isə ənənəvi olaraq ilk yanaşmasında məsələni qatı rəngdə qələmə vermək cəhdi göstərirdi: "Bu ustav başdan ayağa görünür haman o qanuna tabedir ki, indiyə (qədər) əhalinin böyük dairəsinin üzünə darülfünun qapısını bağlayırdıE Müsəlmanlar arasında oxumuşlar vardır. Daxil olmaq istəyənləri qəbul edin". Parlament üzvü Malxazyan darülfünuna könüllü davam etmək haqqında fikrini bildirir. Əksəriyyət onun təklifini qəbul edir. Əhməd bəy Pepinov söz alaraq məsələyə yenidən baxılmasını rica edir: "Madam ki, hal-hazirə nəzərə alınır, o surətlə darülfünun təşkil edilir, o halda meyilləri olub da edadi təhsilini bir takım səbəblər dolayı ikmal edəmiyənlərin də götürülməsi tərəfdariyam". Əhməd bəyin çıxışından sonra sədr bir daha səsvermə keçirir. Əlavə və qeydlə bərabər 9-cu maddə əksəriyyət rəy ilə qəbul edilir.

"Əhrar" fraksiyası 11-ci maddə ilə bağlı təklif irəli sürür ki, maaşlar iyulun biri ilə yox, sentyabrın biri ilə tədbil edilsin. Maarif naziri məsələyə aydınlıq gətirir ki, tədris ilinin iyulun birindən başlanacağı hesabı ilə maddədə elə göstərilmişdir, müəllimlərin maaşı isə təyin günündən etibarən hesablanacaqdır.

11-ci maddə təshihi (düzəldilmiş şəkildə - F.Ə.) ilə səsə qoyulur və əksəriyyətlə qəbul olunur. Layihənin 12-ci maddəsi universitetin nizamnaməsini qəbul etmək barəsində olduğundan, nizamnaməni müzakirə etməmiş bu maddəni qəbul etmək məqbul sayılmır. Müzakirənin nizamnaməyə baxılması ilə birlikdə növbəti iclasa qalması təklif olunur. Əksəriyyət 12-ci maddə daxil olmaqla davamına nizamnamə ilə bir yerdə baxılmasının gələn iclasa qalmasına səs verir. Sədr bildirir ki, layihənin ikinci qiraəti qurtarıb, 3-cü qiraəti qalır.

* * *

Parlamentin növbəti, 69-cu iclasında darülfünunun təşkili haqqında qanun layihəsi gündəlikdə olsa da, müzakirəyə imkan qalmır.

 

Parlamentin 70-ci iclası

Bakı, 1 sentyabr 1919-cu il

 

Gündəlikdə qeyd olunubdur: "Azərbaycan hökumət darülfünunun təşkili haqqında qanun layihəsinin 3-cü qiraəti". Bundan sonrakı məsələ də Azərbaycan elminin, təhsilinin inkişafı yönündə mühüm əhəmiyyətə malik idi: "Əcnəbi məmləkətlərə 100 nəfər tələbənin hökumət tərəfindən göndərilməsi haqqında qanun layihəsi". Gündüz iclasının sonunda darülfünun məsələsi haqqında Əliheydər Qarayev, Rəhim Vəkilov, Mehdi bəy Hacınski və Qasım bəy Camalbəyov fikir mübadiləsi etdilər. Axşam iclasında Azərbaycan darülfünununun təşkili haqqında üçüncü qiraətə keçildi. 5-ci maddə çıxarılmaqla 1-11-ci maddələr ayrı-ayrılıqda səsə qoyulub qəbul olundu. 12 və 13-cü maddələr götürüldü. Darülfünunun təşkili haqqında qanun layihəsi bütünlüklə səsə qoyulduqda əksəriyyətlə qəbul olunur.

Hökumət tərəfindən 100 nəfər tələbənin xarici ölkələrə göndərilməsi haqqında qanun layihəsinə dair məruzəçi Əhməd Cövdət Pepinov idi. Müzakirənin gedişatında məruzəçi Ə.Pepinov və maarif naziri R.Qaplanov məlumat verirdi. Qanun layihəsinə dair bir sıra təkliflər irəli sürüldü. "Əhrar" fraksiyası şərtlər daxilində tələbələrin xarici universitetlərə göndərilməsini məqbul sayırdı. Birinci şərt - "Tələbənin məişət və güzəranını təmin üçün onların üzərinə nəzarət olunsun", - səsə qoyulub qəbul olunsa da, 2-ci şərt - "Gedəcəklərin həm qismi riyaziyyat, ədəbiyyat və təbiət fakültələrinə girməlidirlər", - qəbul olunmadı. A.Malxazyanın verdiyi təklif hökumətin təqaüdündən istifadə edən tələbələrin təhsillərini bitirdikdən sonra "hökumətin göstərdiyi yerlərdə dörd sənə müddətində qulluq etməyə" məcbur olmalarından ibarət idi ki, səsə qoyularaq qəbul edilir. Qanun layihəsi bütünlüklə qəbul edilmiş təshihlərlə birlikdə əksəriyyət səs alaraq qəbul olunur.

 

Parlamentin 74-cü iclası

Bakı, 18 sentyabr 1919-cu il

 

Gündəlikdə olan məsələlərə dair qeydlərində sədr Həsən bəy Ağayev Rəyasət Heyətinin təklifini bildirir: "Darülfünun nizamnaməsi oxunduqda bir, ya iki fəslinə baxılsın, qalan hissələri qalsın gələn iclasa". İclasda iştirak edən 43 parlament üzvündən 37 lehinə, 6 nəfər səs verməməklə universitet nizamnaməsinin birinci fəsli əksəriyyətin rəyi ilə qəbul edilir. İkinci fəslin müzakirəsində Qarayev professorlar şurasında tələbələrin də nümayəndəsinin olmasını təklif edir. Əhməd Cövdət rektorun 3 il əvəzinə 2 ilə seçilməsini irəli sürür. M.Ə.Rəsulzadə çıxış edərək səslənən təkliflərə münasibətini bildirir. Professorlar şurasına bir tələbə nümayəndəsinin daxil edilməsini tərbiyə və elm nöqteyi-nəzərincə düzgün hesab etmir. O, rektorun maarif naziri tərəfindən təsdiq edilməsini dövlət mənafeyi baxımından siyasi cəhətdən faydalı saymışdır: "Mən rektorun maarif nəzarəti tərəfindən təsdiq edilməsi tərəfdarıyam. Qaldı üç sənə, ya iki sənə olmasına, buna da mən bir dürlü, razı ola bilmərəmE Tazə iş başına keçmiş olan şəxsə işi əlinə almaq üçün uzun müddət lazım gəlirE üç sənəni iki sənəyə endirmək əməli olaraq faydası ola bilməz". Əhməd Cövdət bəy M.Ə.Rəsulzadənin fikri ilə razılaşmamışdır: "Hökumətin siyasəti universitetə intixab edilən rektoru ya qəbul və ya rədd edəcək, bu surətdə universitetin tərəqqi etməsinə zərər verəcəkE Vaxt məsələsinə gəldikdə 2 sənə daha doğrudurE Əgər rektor sifətilə işləyə bilərsə, yenə onu seçərlər və ya seçməzlərE Tələbələri idarə edən bir cəmiyyətdə tələbələrin nümayəndəsi olmalıdır". Əliheydər Qarayev təklifinin üstündə dayandığını bildirir. Şəfi bəy Rüstəmbəyov Ə.H.Qarayevin təklifinə qarşı çıxır: "Elmi və fənni işlər büsbütün komisyon üstündə qalsın. Şurada olsun, fəqət professor və rektorların təyini və əzli maarif naziri tərəfindən olsa darülfünuna böyük zərər olmaz". Son söz məruzəçi Mehdi bəy Hacınskiyə verilir. M.Hacınski hər üç təklifi məqbul saymır. Universitet şurasına tələbələrin daxil olması və rektorun 2 il müddətinə seçilməsi təklifləri ilə yanaşı, 3-cünü də rədd edir: "Bir rektor təsdiqilə darülfünun muxtariyyətinə təcavüz olmaz". Təkliflərin heç biri komissiya tərəfindən qəbul edilmir. Sədr təklifləri səsə qoyanda Əhməd Cövdət təklifində dəyişiklik edir: "Professorların təsdiqinin maarif nəzarətinə verilməsini söyləmək istəyirəm". Onun təklifi əksəriyyət tərəfindən qəbul olunur. "Rektor 3 sənə əvəzinə 2 sənə olsun" təklifi əksər səslə qəbul edilmir. 3-cü təklif - "Darülfünun rektoru, professorlar şurası və tələbələr nümayəndələri iştirakilə intixab olunur", əksəriyyət rəylə (lehinə 5, əleyhinə 34, səs verməyən - 6) keçmir. Beləliklə, universitet nizamnaməsinin ikinci fəsli, 4-cü maddəyə olan təkliflə, komissiyanın qəbul etdiyi qaydada səsə qoyulur və qəbul olunur. Nizamnamənin davamı xeyli olduğundan müzakirəsi sonrakı iclasa saxlanılır.

 

Parlamentin 76-cı iclası

Bakı, 22 sentyabr 1919-cu il

 

Mehdi bəy Hacınski nizamnamənin ikinci fəslini oxuyur. Söz istəyən olmur və əksəriyyət müsbət rəyini bildirir. Üçüncü fəsil də oxunduqdan sonra danışmaq istəyən olmur, əksəriyyət rəy ilə qəbul olunur. Dördüncü fəsil oxunur. Əhməd bəy Pepinov yenə də tələbələrin "məsləhət verici səs ixtiyarı ilə" universitet şurasında iştirak etməsi təklifini irəli sürür və təklifində israr edir. Ə.H.Qarayev də bu məsələdə daha sərt mövqe göstərir: "Azərbaycan cəmaətinin nicatını onlardan (tələbələrdən - F.Ə.) gözləyirikE gərək onlar şurada iştirak etsinlər. Orada iştirak etsələr, pək tez tərəqqi edərlər və cəmaətə də artıq köməkləri dəyər. Əgər biz bu darülfünun qanunu böylə surətdə qəbul etsəkE bu darülfünunu heç açmamalıyıq, çünkü böylə darülfünun bizə lazım deyildir". Maarif naziri Rəşid Qaplanov təklifə etirazını bildirir: "Mən şurada tələbələrin iştirakını qətiyyən lazım bilmirəm" və arzusunu ifadə edir: "Arzu edərdik ki, darülfünun siyasətdən uzaq olub ülum və fünün ilə iştiğal etsin. Əgər tələbələr siyasət ilə iştiğal etmək arzu edərlər isə bir müəllim və tələbə kimi deyil bir qrajdan kimi iştirak etsinlər". Ə.H.Qarayev komissiya üzvü kimi qətiyyən razı olmadığını söyləyir. Sədr Əhməd bəy Pepinovun 4-cü fəslin 16-cı maddəsinə əlavə olaraq irəli sürdüyü və komissiyanın qəbul etmədiyi təklifi - "Darülfünun şurasına tələbə nümayəndələri daxil edilsin", səsə qoyur. Əksəriyyət səs əlavənin əleyhinə çıxır. Dördüncü fəsil komissiyanın qəbul etdiyi kimi səsə qoyulur və qəbul olunur. Katib nizamnamənin 5-ci və 6-cı fəslini türkcə və rusca oxuyur. Hər iki fəsil üzrə danışan və etiraz edən olmadığından səsə qoyulub qəbul edilir. Katib 7-ci fəsli təshihi ilə bərabər oxuyur. Yalnız 30-cu maddə ilə bağlı komissiyada iki fərqli fikir yarandığı bildirilir. 7-ci fəsil komissiyanın qəbul etdiyi tərzdə ("isbativücud edən professorlar rəy veriblər və vəkalət üzrə səs verə bilməzlər", yəni məsələ müzakirə olunarkən iştirak etməyən professor öz rəyini digər bir professora verə bilməz) səsə qoyulur və qəbul olunur. Müzakirənin davamı gələn iclasa saxlanılır.

 

Parlamentin 79-cu iclası

Bakı, 29 sentyabr 1919-cu il

 

Mehdi bəy Hacınski üçüncü fəsli türkcə və rusca oxuyur. Danışan və etiraz edən olmur, qəbul olunur. Dördüncü fəsil oxunduqdan sonra Əhməd Cövdət əvvəlki müzakirələrdə qaldırdığı məsələni yenə də vurğuladı və təklifinin "yalnız bir sənə üçün" və "sırf Azərbaycan təbəəsi olanlara aid" olduğunu bildirdi: "Azərbaycan təbəəsi olmaq şərtilə bu sənəyə məxsus olaraq zükur edadisinin 6-cı, 7-ci, reyalnının 6-cı klassını, Aleksandrovski müəllimə kurslarını və darülmüəllimini qurtarmış tələbə və talibələr darülfünuna qəbul edilsinlər". Əliheydər Qarayev də bu məzmununda təkliflə çıxış edir. Əhməd bəyin təklifinə şərik olduğunu deyən Qasımbəyov əlavə kateqoriyada olan şəxslərin də universitetə qəbuluna lüzum görürdü: "Öylə müəllimlər vardır ki, ədadı məktəblərini bitirənlərdən güclüdürlər. Onlara da müsaidə verməlidir ki, darülfünuna girə bilsinlərE bir də öylə adamlar var ki, onlar əcnəbi darülfünunlarında oxuyub, dokumentləri isə orada qalmışdırE Zakaspiski oblastında olan studentlərin dəxi dokumentləri orada qalmışdırE Mən də təklifə şərik olub bəyan edirəm ki, bu kimi studentlər də qəbul edilsinlərE özgə millətlər darülfünuna çox girəcəklər, türk tələbələri isə yerdə qalacaqlar. Darülfünun hamının üzünə açıq olmalıdır".

Darülfünun haqqında qanun layihəsinin müzakirəsi iclaslarında sədrlik etmiş Sultan Məcid Qənizadə çıxış edərək Əhməd Cövdətin, Ə.H.Qarayevin, Camalbəyovun fikirlərinə fərqli mövqedə münasibət bildirdi: "Hər halda gimnaziya və realni məktəbi natamam etmişlərin darülfünuna daxili barəsində sözüm olmasa da, ünas Aleksandrovski məktəbini tamam etmişlərin ora daxil olmağı mümkün deyil, çünkü yenə deyirəm bu məktəb ibtidaidirE seminariya qurtarmamış müəllim və müəllimələr daxil olmaq istəsələr isə kənarda hazırlanıb ora ancaq könüllü surətdə daxil ola bilərlər". Səmədağa Ağamalıoğlu özünəxas tərzdə Malxazyanın və Qənizadənin mülahizələrinə qeydlərini söylədi: "Eçox böyük adamlar var ki, heç əməlli oxumayıblarE Burada oturan yuristlər, doktorların hankisini imtahan eyləsən, heç nol da ala bilməzE biz istəyirik bu saat Azərbaycanda oxuyan çox olsun. Ona görə də darülfünunun qapısı gərək açıq olsunE Necəki darülfünunun qapısı girmək üçün üzünə açıqdır, öylədə çıxmaq üçün açıqdır". Ağa Aşurov həqiqətin Əhməd bəylə Malxazyanın söylədiklərinin arasında olduğunu əsas göstərərək bəhs olunan natamam təhsillilərin "bir qruppaya ayrılıb" darülfünuna daxil olmaqları üçün imkan verilməsini təklif etdi. Son söz məruzəçi Mehdi bəy Hacınskiyə verilir. Türk zərbi-məsəli çəkməklə sözə başlayan natiq qısa çıxışının sonunu şəxsi təklifi ilə bitirdi: "Realninin 6-cı və gimnaziyanın - yeddinci klassını qurtarmış olanlar, biləxərə digər kursların imtəhanını vermək və Azərbaycan təbəəsi olmaq şərtilə bu sənayə, məxsus olaraq darülfünuna qəbul edilsinlər". Əhməd Cövdət 46-cı maddəyə əlavə təkliflərini ayrı-ayrı oxuyur və hər biri ayrılıqda səsə qoyulur. Dörd təklifdən 1-ci və sonuncu əksəriyyət rəylə qəbul olunur: "Darülfünunun 1-ci sənəsində Azərbaycan rəiyyəti olmaq şərtilə realnı məktəbin 6, gimnaziyanın 7-ci siniflərini bitirənlər qəbul edilirlər" və "Darülmüəllimin bitirmiş əfəndilərə xüsusi imtahan edilmək şərtilə darülfünuna daxil olmaq ixtiyarı verilsin". Sədr əlavə edir: "Aleksandrovski institutları bitirənlər də bu hüquqa malikdirlər". Ağa Aşurov təklifini geri götürür. 46-cı maddə təshih ilə bərabər, sonra 4-cü fəsil tamamilə səsə qoyulur, qəbul edilir. 5-ci fəsil üzrə danışan və etiraz edən olmadığından qəbul olunur. Sədr universitet nizamnaməsinin 3-cü qiraətinə keçir. Katib ardıcıl fəsilləri oxuduqca ayrı-ayrılıqda səsə qoyulub qəbul edilir. Sonda universitet nizamnaməsi bütün təshih və əlavələr ilə qəbul olunur.

İclasın axırında Sultan Məcid Qənizadə növbədənkənar bəyanat verir: "Darülfünun layihəsini qurtardıq. Bu gün nizamnaməsi də oxunub təsdiq olundu. Bu gündən darülfünuna iqdam olunacaqE Tazə bina qoyduğumuz darülfünun iki böyük məktəbdə, kommerçeski və gimnaziyada olacaqdır". Hacı Zeynalabdin Tağıyevin, oğlu Məhəmmədin xatirəsi yolunda etmiş olduğu təklifi xatırlatdı: "Oğlumun yadigarı olaraq, millətin xeyiri üçün, gələcəkdə cavanlar xoşbəxt olsunlar deyə istəyirəm ki, burada bir darülfünun təsis olunsun. Onun təsisindən ötəri də öz passajımı darülfünuna bəxş edirəm". S.M.Qənizadə təklifini bildirir: "İndi özümüz cümhuriyyət olduq və özümüzün darülfünunu olduğu üçün lazım gəlir ki, Hacının özü vəd etdiyi təmiratı bu darülfünunun ixtiyarına alaqE İmdi təklifim budur ki, bu gün bir komisyon Hacı ilə bu məsələni qurtarsın, tainki haman passaj darülfünun təsrüfünə verilsin".

* * *

Beləliklə, 1919-cu il avqustun 21-də parlament iclasında səsləndirilmiş darülfünuna aid qanun layihəsinə, 5 fəsildə 72 maddədən ibarət darülfünun nizamnaməsinə dair müzakirə təklifi gerçəkləşmiş oldu. Sentyabrın 1-də Bakı şəhərində dövlət universitetinin təsisi haqqında qanun qəbul olundu. Şərq şöbəsi ilə tarix-filoloji, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olmalı idi. Bütün fakültələrdə türk dili icbari fənn kimi tədris olunmalıydı. Qanunun sonuncu - 10-cu bəndinə görə Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən fəaliyyətə başlamış sayılırdı.

Parlamentin sentyabrın 29-da təsdiq etdiyi "Bakı Dövlət Darülfünunun Nizamnaməsi"ndə təşkilati məsələlər, professor-müəllim heyətinin hüquq və vəzifələri, elm və tədris sahələrində fəaliyyət müəyyənləşdirildi. Azərbaycan vətəndaşlarına darülfünuna qəbul zamanı üstünlük verilməsi, qadınların kişilərlə bərabər qəbul hüququ müsəlman Şərqində ilk Avropa tipli ali məktəbin təməl şərtlərindən idi. Universitetin ilk rektoru V.İ.Razumovski parlamentdəki çıxışında demişdi: "Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisənin - Darülfünunun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki Parlamanı, buraya toplaşan kütlələrin şəxsində ictimai fikri də gördüyümə hədsiz xoşbəxtəm". Hələ universitetdə tədris prosesinə başlanmamış, oktyabrın 11-də hökumət yerli müəssisələrə mütəxəssislər və rəhbər işçilər hazırlanması üçün xalq maarifi nazirinə universitetin nəzdində yerli təsərrüfat üzrə xüsusi kurslar təşkil etməyi tapşırdı.

1919-cu il sentyabrın 8-də universitet komissiyası V.İ.Razumovskini universitetin rektoru, İ.İ.Şirokoqorovu tibb fakültəsinin dekanı seçdi. İ.İ.Şirokoqorov həmin vaxt Bakıda olmadığına görə A.M.Levin tibb fakültəsinə müvəqqəti dekan seçildi. N.A.Dubrovski tarix-filologiya fakültəsinin dekanı vəzifəsini icra etməli idi. Sentyabrın 15-də universitet komissiyasının son iclası oldu, Müvəqqəti Şura və universitet idarə heyəti yaradıldı. Noyabrın 10-da Universitet Şurasının birinci iclası keçirildi, noyabrın 15-i universitetdə birinci dərs günü elan olundu. Bu münasibətlə "Azərbaycan" qəzeti yazırdı: "Dün Azərbaycan Darülfünunu ilk dəfə olaraq açıldı və ilk gündür ki, məşğuliyyətə başladı". Universitetin rektoru V.İ.Razumovski bu möhtəşəm hadisəyə yüksək dəyər vermişdi: "Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı". Parlament müzakirələrində M.Ə.Rəsulzadənin, R.Qaplanovun və digərlərinin gələcəyə ünvanlanan mülahizələri tezliklə təsdiqini tapdı. Maarif nazirinin söylədiyi - "Böylə darülfünunu açdıqdan sonra get-gedə bizim tələbələrimiz çoxalacaq və 5-6 sənə təhsil dəvamından sonra bizim də icab edilən alimlərimiz mükəmməl surətdə oradan çıxacaqdır və bəlkə professorlarımız da kəndimizdən olacaqdır" fikirləri artıq 1922-ci ildə bəhrəsini verdi: 30 nəfər gənc ali təhsilli həkim adına layiq olmaları barədə universitet diplomu aldı. Məzunlardan ikisi - azərbaycanlı qızlar, Ədilə xanım Şahtaxtlı tibb üzrə ilk azərbaycanlı qadın elmlər doktoru, Cənnət xanım Sultanova tanınmış həkim oldu. Universitetə 1926-29-cu illərdə artıq ilk azərbaycanlı rektor Tağı Şahbazi başçılıq edirdi. 95 il ərzində universitetin dünya şöhrəti qazanmış məzunları da oldu. Görkəmli alimlər, yazıçılar, ictimai və dövlət xadimləri bu universitetin təhsilindən bəhrələnərək yetişdilər və bununla fəxr etdiklərini bildirdilər: "Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" (Heydər Əliyev).

Universitetin təşkili ilə bağlı keçirilmiş parlament müzakirələrinin geniş təhlili elm, təhsil tariximizin araşdırılması, dövlətin bu sahədə yeritdiyi siyasətin məzmunu, cümhuriyyət xadimlərinin tarixi mövqeyi, idarəçilik təcrübəsi baxımından elmi, siyasi, mənəvi əhəmiyyət kəsb edir. Universitetin təşkilinə dair parlament müzakirələrində Mehdi bəy Hacınski, Məhəmməd Əmin Rəsulzadə, Qara bəy Qarabəyli, Yusif Əhmədov, Abdulla bəy Əfəndiyev, S.A.Vonsoviç, Səmədağa Ağamalıoğlu, Muxtar Əfəndizadə, Əliheydər Qarayev, Rəşid bəy Qaplanov, Mustafa Mahmudov, Ağa Aşurov, Əhməd Cövdət Pepinov, Mehdi bəy Hacıbababəyov, Qasım bəy Camalbəyov, Məmməd Rza Vəkilov, V.İ.Razumovski, Arşaq Malxazyan, Rza bəy Ağabəyov, Rəhim Vəkilov, Şəfi bəy Rüstəmbəyov, Sultan Məcid Qənizadə, Həsən bəy Ağayev statuslarına müvafiq çıxışlar etmiş, rəy söyləmiş, münasibət bildirmişlər. Onların sırasında ən fəal olanları, sərt mövqe tutanları, konstruktiv təklif verənləri çıxışlarının məzmununa görə müəyyənləşdirmək mümkündür. Hər bir nəticəni səsvermə prosesi, parlament üzvlərinin rəyi həll edirdi. Rəyasət Heyəti üzvləri arasında etik, rəsmi qaydalara riayət etmək, eyni zamanda prinsipial mövqe göstərmək xətti var idi. Universitetin təşkilində müsbət rəy bildirmiş hər bir parlament üzvü də, bu işdə ilk təşəbbüs göstərmiş F.Xoyski, hökumət başçısı N.Yusifbəyli, xalq maarifi naziri R.Qaplanov, nazir müavini H.Şahtaxtinski və universitetin təsisində prosesə təkanverici təsir göstərmiş M.Ə.Rəsulzadə böyük xidmət sahibidirlər ki, 95 il öncə Azərbaycanda tarixi bir nailiyyət əldə etdilər. Azərbaycanı onillər boyu ziyalandıracaq bir ocağın təməlini qoydular.

Müstəqil Azərbaycan dövlətinin ilk ali məktəbinə 95 il öncə deyildiyi kimi, "istiqbali-milliyyəmizi təmin edici bir məbəd, elm nəzərilə" baxmalıyıq və baxacağıq.

 

Firdovsiyyə ƏHMƏDOVA,

tarix üzrə  fəlsəfə doktoru, əməkdar müəllim

Azərbaycan.-2014.- 18 sentyabr.- S.5.