Milli iftixarımız
18 sentyabr Üzeyir Musiqi
Günüdür
Dahi Azərbaycan bəstəkarı, görkəmli ədib, publisist və ictimai xadim Üzeyir bəy Hacıbəyli haqqında düşünəndə, onu iftixar hissilə yad edəndə, ilk növbədə, böyük qürurla səslənən möhtəşəm Azərbaycan himnini xatırlayırsan. Mərhum şairimiz Şahmar Əkbərzadənin Qarabağa həsr etdiyi "Üzeyirbaycan" şeirinin son iki bəndində deyilir:
Torpağın nəğməkar, daşın nəğməkar,
Yayılıb şöhrətin, şanın hər yana.
Bir dahi oğlunun barmaqlarıyla
Himni sən yazmısan Azərbaycana.
Adını Vətənə yaraşdırıram,
Üzeyirbaycanım, ey ulu binəm!
Ölməzlər yetirən boz torpağına
Babam qurban olub, növbədə mənəm.
Bu gün müstəqil Azərbaycan Respublikasının Dövlət himni dünyanın bütün ölkələrində səslənir və əlbəttə, onun sözləri Əhməd Cavada, musiqisi bütün varlığı ilə Azərbaycana bağlı olan Üzeyir bəy Hacıbəyliyə məxsusdur.
Üzeyir bəy Hacıbəyli professional Azərbaycan musiqisinin, bəstəkarlıq məktəbinin və milli musiqi nəzəriyyəsinin banisidir. Məlum bir həqiqət: bütün Şərq aləmində ilk operanın müəllifi Odur. Bir əsrdən artıqdır ki, "Leyli və Məcnun" operası iki dahinin - Füzulinin və Üzeyir bəyin sənət ecazıyla ürəkləri fəth etməkdədir. Bu gün repertuardan düşməyən "Koroğlu" operasının qüdrət və cəngavərlik melodiyaları qəhrəmanlıq himni kimi səslənməkdədir. Bu gün Üzeyir bəyin xalqın ruhu ilə səsləşən operettaları, misilsiz romansları yenə də qəlbləri ehtizaza gətirir. Üzeyir bəyin açdığı yol Ustad yolu idi və bu yolla daha inamla irəliləyən Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Arif Məlikov və başqa sənətkarlar onun həqiqi varisləri oldular.
Üzeyir bəy ilk növbədə böyük hərflərlə yazılan ŞƏXSİYYƏT idi. Belə sənət dühalarını, şəxsiyyətləri tarix və bəşəriyyət, xalq və millət nadir hallarda yetirir. XII əsrdə Nizami, XVI əsrdə Füzuli, XIX əsrdə Axundov, XX əsrdə Cavid və Mirzə Cəlil, Üzeyir bəy və Səməd Vurğun belə möhtəşəm şəxsiyyətlərdir. Nizami eposda, Füzuli lirikada, Axundov dram sənətində, Cavid romantik əsərlərdə, Mirzə Cəlil nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir bəy isə musiqidə Azərbaycan deməkdir.
Amma Üzeyir bəyin istedadı çoxşaxəli idi.
O, bütün ömrü boyu MÜƏLLİM olmuşdur. Hadrutda, Bibiheybətdə musiqi müəllimi işləmişdi. Neçə dərslik müəllifi idi. Azərbaycanda neçə-neçə bəstəkar onun tələbəsi olmuşdur. Ancaq müəllimliyi təkcə bununla məhdudlaşdırmaq olmaz. Üzeyir bəy bütöv millətin, xalqın müəllimi idi, çünki nəsillər onun ecazkar musiqisini dinləyə-dinləyə estetik tərbiyə - muğam, xalq musiqisi, simfonik musiqi fənlərini mənimsəmişdir.
O, PUBLİSİST idi. Elə bir publisist ki, qələminin saçdığı həqiqətlər mənsub olduğu xalqın ürəyindən xəbər verirdi. Xalq yazıçısı Elçin "Ü.Hacıbəyov publisistikasına bir nəzər" sanballı monoqrafiyasında yazır: "Üzeyir bəyin publisistik yaradıcılığının mövzusunu yalnız və yalnız coğrafi ərazi baxımından Şərq fakturası təşkil edirdi, lakin buradakı məzmun, heç şübhəsiz ki, milli-bəşəri səciyyə daşıyırdı. Həmin publisistikanın əsas problematikası, təbii ki, Azərbaycanla bağlı idi".
İndi - XXI əsrin ikinci onilliyinin dördüncü ilində keçən əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatına nəzər salanda çox ziddiyyətli, olduqca mürəkkəb bir mənzərənin şahidi oluruq. Üzeyir bəy Hacıbəyli də millətini sevən bir ziyalı kimi bu hadisələrə biganə qala bilmirdi. O istəmirdi ki, milləti geridə qalsın, ona görə də yazırdı: "Bizim hər birimiz gərək işini tərəqqiyə mindirməyə çalışsın. Ona görə də hər bir təşəbbüs müqabilində özümüzü aciz bilib, cürətsizlik etməməliyik. İnsan ruzigarın önümüzə yumalatdığı çətinliklərlə mübarizədə olmaq üçün yaranıbdır".
O, Dövlət Dumasının əhəmiyyətini, vacib və lazım olduğunu qeyd edir, ancaq Dövlət Dumasının bürokratlar yığıncağından ibarət olmasını pisləyirdi. Dövlət Dumasının buraxılmasını "vəhşətli bir mənzərə" adlandırırdı. O, maarif və mədəniyyətimizin geridə qalmasını ziyalı kimi özünə sığışdırmırdı: "Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tülani müpurilə bizim içimizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilmədi".
Üzeyir bəy Hacıbəyli "Molla Nəsrəddin" jurnalının əməkdaşları ilə sıx bağlı idi, jurnalı "haqq söz danışan" adlandırırdı. O, "Molla Nəsrəddin" cəbhəsinin adamı idi. Mərhum tədqiqatçı M.Aslanov yazırdı ki: "Ü.Hacıbəyovun qaldırdığı məsələ ciddi, yazdığı söz məsləkinə uyğun olanda "Molla Nəsrəddin" də Ü.Hacıbəyovun səsinə səs verirdi".
Onun məqalələrinin bir çoxu İranda və Rusiyada baş verən hadisələrə həsr olunmuşdu. Çarizmin müstəmləkə siyasətinə, İrandakı despotizmin əleyhinə çıxışlarında o, mollanəsrəddinçilərlə eyni mövqedə idi.
Publisistikasında Ü.Hacıbəyli satira
yolunu seçmişdi. Onun gülüş hədəfləri
hakim çar quruluşu,
bu quruluşun ayrı-ayrı siyasi xadimləri, ümumilikdə
hökumətin mənfur
siyasəti, İrandakı
despotlar və əlbəttə, millətimizin
öz içində olan kütbaş, nadan varlılar, dilini, mədəniyyətini
bəyənməyən yalançı,
saxta təbiətli ziyalılar, milli qeyrətdən məhrum insanlar idi. O, Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda fəal mübarizə aparan yazıçılardan
biri idi.
Xalq yazıçısı, akademik
Mirzə İbrahimov Ü.Hacıbəyliyə həsr
etdiyi məqalələrinin
birində onun publisistikasını yüksək
qiymətləndirirdi: "Onun
publisist çıxışları,
xüsusən 1905-ci il
inqilabından sonra və Birinci Dünya müharibəsi dövründə, 1915-1920-ci illərdə
Azərbaycanda demokratik
təşkilatların artdığı,
Azərbaycan dilində
mətbuatın genişləndiyi,
azadlıq hərəkatının,
maarifpərvərlik meyillərinin
xeyli gücləndiyi dövrdə daha müntəzəm və aktiv xasiyyət daşımışdır".
Bu, onu göstərir
ki, Üzeyir bəy huşyar, baş verən hadisələrə dərhal
münasibət bəsləyən,
özü də xalq mənafeyi nöqteyi-nəzərindən qiymət
verən bir publisist olmuşdur. Necə deyərlər,
qələmini yerə
qoymamışdır.
Üzeyir bəy Hacıbəyli M.F.Axundzadə ədəbi
məktəbinin layiqli
davamçısı olan
qüdrətli bir
DRAMATURQ idi. Zahirən onun komediyaları
ailə-məişət məsələlərini
əhatə edirdi.
O, tamaşaçıları, oxucuları güldürürdü,
ancaq bu gülüşün arxasında
ciddi, problematik həyati məsələlər
dururdu. Onun komediyaları şən,
şaqraq, nikbin qəhqəhələrlə dolu
idi, amma diqqətlə nəzər
yetirəndə o gülüş,
o qəhqəhə insanı
düşüncələr aləminə çəkib
aparırdı. "Ər
və arvad", "Məşədi İbad",
"Arşın mal alan" komediyaları
Azərbaycan dramaturgiyasının
inciləridir-desək, qətiyyən
yanılmarıq. Təsəvvür edin, bu komediyalar
bir əsr əvvəl qələmə
alınmışdır. Ancaq oradakı personajlar (Mərcan bəy, Məşədi İbad, Sərvər, Rüstəm
bəy, tacir Əsgər, Gülnaz) hələ də dillər əzbəridir.
Ü.Hacıbəyli bu komediyalarda
sanki damlada dəryanı əks etdirmişdir. Adi məişət
səhnələri arxasında
cəmiyyətin, yaşadığı
mühitin eybəcərlikləri,
müxtəlif sinif və təbəqələrin
ziddiyyətləri öz
əksini tapmışdır.
Böyük sənətkar komediya ustası idi və bu sadə
fikrin arxasında ilk növbədə onun dramaturji ustalığı
durur. "Ər
və arvad" komediyası adi bir süjet üzərində qurulub.
Mərcan bəy çoxarvadlılıqdan feyz
alan bir
əxlaqsızdır, istəyir
ki, arvadı Minnət xanımı boşasın, başqa bir arvad alsın.
Ancaq məsələ
burasındadır ki,
o, bunu edə bilmir, çünki arvadını boşayarsa,
gərək beş
min manat kəbin pulunu geri qaytarsın.
Amma çıxış yolu
var. Mərcan bəy qadın dəllalı Kərbalayı Qubadla razılaşır, arvadını
ona sırımaq istəyir. Baxın, qadın ləyaqəti
necə alçaldılır.
İndi nə etməli? Dramaturqun qarşısında bu rəzil tipləri ifşa etmək durur. Ailədə sağlam münasibətin
olmaması, qadının
alqı-satqı vasitəsinə
çevrilməsi o dövrün
tipik hadisələrindən
idi və Üzeyir bəy bu qadın dəllallarının
arzularını puça
çıxarır, onları
kəskin gülüş
hədəfinə çevirir.
Bəs Məşədi
İbad necə? Qoca yaşında
eşqə düşməsi,
evlənmək arzusu gülünc deyilmi? Müəllif bu komediyada əsas personajlardan əlavə simvolik bir obraz
da yaratmışdır:
pul. Məşədi İbad da puluna
güvənir, deyir ki: "Məsəl var ki, deyərlər:
o olmasın, bu olsun. Pul elə şeydir
ki, qocanı cavan eylər və pulsuzluq da cavanı qoca eylər".
Əsər komik ziddiyyətlər üzərində qurulmuşdur: pyesdə təqdim olunan bütün mənfi personajlar sözü ilə əməli düz gəlməyən, zahiri ilə daxili arasında ziddiyyətlərdə çabalayan adamlardır. Onlar öz sözləri ilə özlərini ifşa edirlər və müəllifə heç ehtiyac qalmır ki, hadisələrə müdaxilə etsin, təqdim etdiyi personajları özü tənqid eləsin. Budur, Məşədi İbad "gözləmə" zalındadır. Əlli yaşlı qoca on beş yaşlı "sevgilisi" ilə tanış olmaq istəyir: "Mənim istədiyim odur ki, özümə layiq adam olsun. Yoxsa məndən ötrü təfavüt yoxdur, o olmasın, bu olsun... A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Vallah, görünür ki, xalqın gözü pis görür. Budur ayna, bu da mən. Allaha şükür, dişlərim hamısı cağbəcağ, saqqalım da qapqara şəvə kimi".
Əlbəttə, istər "Ər və arvad", istərsə də "O olmasın, bu olsun" komediyalarında işığı, aydınlığı, həyatın-gerçəkliyin işıqlı qüvvələrini təmsil edən obrazlarla qarşılaşırıq. "Ər və arvad"da Minnət xanım, "O olmasın, bu olsun"da Sərvər, qulluqçu Sənəm, Gülnaz kimi obrazlar var ki, onlar pisliklərə qarşı inadla mübarizə aparırlar, yazıçı da buna haqq qazandırır.
Ü.Hacıbəyliyə şöhrət qazandıran əsərlərdən biri, daha doğrusu, birincisi "Arşın mal alan" komediyası olmuşdur. Bu əsər əsasında iki-üç dəfə film çəkilmişdir. İkinci dəfə çəkilən film demək olar ki, bütün dünyanı gəzib-dolaşmışdır. Bu əsərdə Azərbaycan və Şərq koloriti o qədər güclüdür ki, harada səslənməsindən, tamaşaya qoyulmasından asılı olmayaraq böyük heyranlıqla qarşılanır. Üzeyir bəy adi bir mövzunu ailə-məişət problemini çox yüksək sənət dili ilə, həm də sağlam, şən gülüşün müşayiəti ilə təcəssüm etdirmişdir. Tacir Əsgərlə Gülçöhrənin vüsala yetməsi yeni, işıqlı qüvvələrin köhnəlik üzərində qələbəsi kimi mənalandırılır. Bu əsərlə Üzeyir bəy belə bir həqiqəti sübut edir ki, həqiqi eşq yolu budur - əsl sevgi budur...
Bu yazıda Üzeyir bəy Hacıbəyli, onun şəxsiyyəti və yaradıcılığı ilə çox həqiqətlərdən söz açmaq olar. Və yazımızın əvvəlinə qayıdıb deyə bilərik ki, Üzeyir bəy Hacıbəyli elə mənəvi Azərbaycan deməkdir. Ü.Hacıbəyli dühası isə milli varlığımızdır, iftixarımızdır.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Azərbaycan.-2014.- 18 sentyabr.- S.6.