Xatirələrdə yaşayan Üzeyir bəy Hacıbəyli

 

18 sentyabr Üzeyir Musiqi Günüdür

 

 

Dahi Üzeyir bəyin ad günündə bu böyük şəxsiyyəti görməyənlər də onun haqqında söz demək, fikir bölüşmək istəyir. Çünki  Üzeyir bəy elə bir irs qoyub getmişdir ki, hələ bizdən sonrakı nəsillər də onu xatırlayacaq, tədqiq edəcək.

Üzeyir  bəy Hacıbəylinin bəstəkar, musiqişünas, alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim, professional musiqimizin banisi olması haqqında çoxlu elmi məqalələr, araşdırmalar, kitablar yazılıb, yaradıcılığına həsr olunmuş konfranslar, simpoziumlar keçirilib, filmlər çəkilib.

Uşaq ikən Üzeyir bəyin kim olduğunu bilmirdim. Kiçik yaşlarımdan atamla opera teatrına gedərdim. O, məni müəllifini tanımadığım "Leyli Məcnun" operasının həm məşqlərinə, həm tamaşalarına tez-tez aparardı. Orkestrin əyləşdiyi yerdə atamın yanında oturardım tamaşaya baxardım. Həmin dövrün məşhur xanəndə müğənnilərinin ifasında Üzeyir  bəy Hacıbəyli musiqisi ilə demək olar ki, böyüyürdüm.

İndi hərdən düşünürəm ki, mən bəstəkar yox, adı bir musiqiçi ola bilərdim, bəs niyə məhz bəstəkar oldum?! Məni bəstəkar olmağa Üzeyir bəy Hacıbəylinin musiqisi, onun yaratdığı gözəl melodiyalar sövq edib. Onun melodiyalarını eşidən kimi insanın könlünə hopur, yadda qalıb doğmalaşır. Azərbaycan bəstəkarlıq məktəbinin Üzeyir bəydən sonrakı dahiləri Fikrət Əmirov Qara Qarayev məhz onun melodik musiqilərinin təsiri altında yetişib, püxtələşib, şöhrətləniblər.

Atam  tanınmış  tarzən, respublikanın xalq artisti Bəhram Mansurov Üzeyir bəylə uzun müddət bir yerdə işləmişdir. O, əvvəlcə 1931-ci ildə dahi bəstəkarın rəhbərliyi ilə ilk notlu xalq çalğı alətləri orkestrində çalışmış, sonra isə Opera Balet Teatrında solist-konsertmeyster vəzifəsində ifaçıları  muğam operalarında müşayiət etmişdir. Üzeyir bəy haqqında söhbət düşəndə  atam deyərdi ki, o, xalq musiqimizi, muğamlarımızı çox mükəmməl bilirdi. Hələ gənc yaşlarından böyük xanəndə sazəndələrlə ünsiyyətdə olub, onlardan xalq musiqimizin bütün incəliklərini öyrənib. Öyrəndiklərini böyük məharətlə öz musiqisində, elmi əsərlərində tətbiq edib. Daha sonra isə biliyini savadını gənc nəslə, tələbələrə həvəslə öyrədib.

Atam danışırdı ki, Üzeyir bəy çox sadə təvazökar adam idi.  Hamı ilə mülayim davranırdı, əlindən gələn yaxşılığı edirdi, heç kimi incitməzdi.

Mən müxtəlif janrlarda xeyli əsərlər yazmışam. Yaşımın yetkin vaxtında bütün yazdıqlarımı gözdən keçirib belə qənaətə gəldim ki, yaradıcılığım boyu məhz özümü yazmışam. Sonralar başda Üzeyir bəy olmaqla, digər klassiklərimizin yaradıcılıqlarını tədqiq etdim eyni prosesə orada da rast gəldim. Üzeyir bəyin yaradıcılığını əvvəldən axıra diqqətlə dinlədim gözümün önündə onun canlı portreti yarandı. Müxtəlif illərdə, fərqli  janrlarda yazılmış əsərlər, sən demə, Ü.Hacıbəylinin öz həyatı imiş. Mən qətiyyətlə deyə bilərəm ki, yaradıcı insan əsərini daxili hissləri ilə yaradır.

Üzeyir bəyin ilk əsəri olan "Leyli Məcnun" ilə sonralar bəstələdiyi "Koroğlu" operasını müqayisə etsək, görərik ki, böyük sənətkarın ayrı-ayrı vaxtlarda  əhval-ruhiyyəsi müxtəlif olsa da, musiqisinin melodik xətti eyni inkişaf prosesində qurulur. Üzeyir bəy Hacıbəyli yaradıcı fəaliyyətində əsərlərinin melodiyasına ciddi fikir verirdi. Əgər onun operalarındakı musiqiləri diqqətlə dinləsək, görərik ki, bəstəkarın melodiyalarının obrazları əsərin dramaturgiyasına tam cavab verir. Çünki, Üzeyir bəy Hacıbəyli üçün melodiya musiqidə ən vacib amildir.

Bu gün Azərbaycan musiqisi təməli dahi Üzeyir bəy tərəfindən qoyulmuş melodiyadan xeyli  uzaqlaşıb. Vaxtilə Azərbaycan musiqisinin klassikləri - Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Rauf Hacıyev, Tofiq Quliyev başqaları tərəfindən xalqımız üçün yazılmış gözəl melodik musiqiləri hazırda sanki məhdud sayda dinlənilən "ekspressionizm" musiqisi ilə əvəzlənib.

Üzeyir bəy Azərbaycan musiqisinə böyük hörmətlə yanaşırdı. Uzun illər onunla konservatoriyada birgə işləmiş muğam bilicisi Mirzə Mansur Mansurov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında yazırdı ki, "Üzeyir bəyin bu kitabı təkcə azərbaycanlı tələbələr üçün deyil, konservatoriyada təhsil alan digər millətlərdən olan tələbələr üçün çox faydalıdır. Onlar bu kitabdan muğam üstündə necə musiqi yazmağı həvəslə öyrənirlər".

Bu gün bir çox bəstəkar musiqiçi muğamlarımızın müxtəlif  hissələrini həm klassik, həm caz, həm rok digər janrlarla sintez edərək, öz yaradıcılıqlarına yenilik gətirir. Digər dahi bəstəkarımız - Fikrət Əmirov Azərbaycanda "Simfonik muğam" janrının yaradıcısı sayılır. Əgər diqqətlə bu janrı araşdırsaq, "Simfonik muğam"ın özülünü Üzeyir bəyin "Leyli Məcnun" operasında tam açıqlığı ilə görə bilərik. Çünki muğamlarımızın simfonik musiqi ilə sintezini ilk dəfə "Leyli Məcnun"da görürük.

Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Üzeyir bəy Hacıbəyli kimi dahi bəstəkarı var. Onun yaratdıqları xalqa məxsusdur. Bu dahi şəxsiyyətin ölməz əsərlərinin canı, ruhu ürəklərə yol açan təkrarsız, gözəl melodiyalarındadır.

                                                                         

Eldar MANSUROV,

bəstəkar, xalq artisti

Azərbaycan.-2014.- 18 sentyabr.- S.6.