Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçirilir

 

18 sentyabr Üzeyir Musiqi Günüdür

 

Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il fərmanı ilə hər il sentyabrın 18-i milli musiqi günü kimi ölkəmizdə geniş şəkildə qeyd edilir.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda artıq Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başlayıb. Sentyabrın 18-dən 28-dək davam edəcək festivala dünyanın müxtəlif ölkələrindən - Rusiya, Belarus, Litva, Latviya, Belçika, Avstraliya, Hollandiyadan tanınmış musiqiçilər və kollektivlər  qatılıb.

Respublikamızı bu  beynəlxalq tədbirdə musiqi dünyasının tanınmış sənətkarları və məşhur kollektivlər (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Q.Qarayev adına Dövlət Kamera Orkestri, musiqiçilərdən Rauf Abdullayev, Gülbacı İmanova, Ağaverdi Paşayev, Ceyhun Allahverdiyev, Nəzakət Teymurova, Mənsum İbrahimov, Fəridə Məmmədova, gənc istedadlardan Ramil Qasımov, Əyyub Quliyev, Riad Məmmədov, İlham Nəzərov və b.) təmsil edirlər.

Tədbirlərin müxtəlif ünvanlarda - Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi,  Ü. Hacıbəyli adına  Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Kamera və Orqan Musiqisi Zalı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Ağcabədidəki "Qarabağ" Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulub.

Festival çərçivəsində musiqisevərlər üçün Azərbaycn Dövlət Akademik Opera və Balet Teatrında V.A. Motsartın "Fiqaronun toyu" operasının premyerası nümayiş olunacaq. Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti Süleyman Ələsgərovun 90 illiyinə həsr edilmiş yubiley konserti də keçiriləcək.

Bu tədbirlərdə azərbaycanlı və xarici musiqiçilərin rəngarəng konsert proqramlarında birgə çıxışları festivalın əsas məqsədindən - mədəniyyətlərarası dialoqun genişlənməsindən irəli gəlir.

Festival günlərində Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" adlı elmi-praktik konfrans, "Muğam ensiklopediyası"nın rus dilində nəşrinin təqdimat mərasimi və "Trio-klassik" ansamblının konserti də təşkil ediləcək.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 18 sentyabr.- S.6.