Azərbaycan-İran iqtisadi əməkdaşlığının

 genişləndirilməsi üçün işçi qruplar yaradılacaq

 

İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub. Nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Xarici İşlər, Fövqəladə Hallar, Energetika, Nəqliyyat nazirliklərinin, ARDNŞ-in, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərenerji” ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yüksək vəzifəli nümayəndələri daxil idi.

İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Dövlət Komissiyanın İran tərəfindən həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, habelə İranın Enerji, Neft, Maliyyə və İqtisadiyyat, Nəqliyyat və Şəhərsalma, Kənd Təsərrüfatı, Sənaye, Mədən və Ticarət nazirliklərinin rəhbərləri ilə görüşüb. Qərara alınıb ki, Azərbaycan-İran iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün işçi qruplar yaradılsın.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edərək ölkələrimiz arasında tarixi dostluq münasibətlərindən danışıb. Azərbaycan Respublikasının Prezidenti ilə Davosda və Tehranda keçirdiyi görüşləri yüksək qiymətləndirən H.Ruhani, siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, ikitərəfli və regional əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensialın olduğunu qeyd edib.

İran Prezidenti regionda uzun illərdir ki, sabitliyin pozulduğunuterrorizmin region üçün ciddi təhlükəyə çevrildiyini bildirib, terrorçuluğa qarşı birgə mübarizənin vacibliyini, İran ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına və kənar qüvvələrin ölkələrimiz arasında əlaqələrin inkişafına müdaxiləsinə yol verməyəcəklərini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkür edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırıb. Dövlət başçılarının Davos və Tehrandakı görüşlərindən sonra qısa zaman ərzində Bakıda müştərək komissiyanın iclasının və Azərbaycan-İran biznes forumunun keçirildiyini vurğulayan Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin, ticarət, investisiya, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Regiondakı mövcud problemlərə toxunan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ermənistanın işğalçı siyasətinin regionun potensialının tam reallaşdırılmasına ən ciddi maneə və təhdid olduğunu, beynəlxalq hüquqnormalara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında saxlandığını diqqətə çatdırıb.

 

Azərbaycan.-2014.- 19 sentyabr.- S.2.