Böyük Britaniyanın nümayəndə
heyəti Azərbaycandakı tolerantlıq
və multikulturalizm haqqında məlumatlandırılıb
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri, akademik Kamal Abdullayev Böyük Britaniya
parlamentinin ölkəmizdə səfərdə olan üzvləri
Ser Toni Boldri, Ser Piter Ceyms və Şərqi İngiltərə
Universitetinin professoru, London Diplomatik Akademiyasının təsisçisi
və direktoru Nabil Ayad ilə görüşüb.
AzərTAc
xəbər verir ki, görüşdə Dövlət
müşaviri Azərbaycanda qədim ənənələrə
malik olan multikulturalizm və tolerantlıq mədəniyyətinin
ümummilli lider Heydər Əliyev tərəfindən
dövlət siyasətinin tərkib hissəsinə
çevrilməsindən və Prezident İlham Əliyevin bu
siyasəti uğurla davam və inkişaf etdirməsindən,
ölkədə mövcud milli, dini icmalara bərabər
münasibətdən, multikulturalizmin Azərbaycan modelinin
dünyaya nümunə kimi təqdim edilməsi
üçün atılan mütərəqqi addımlardan
danışıb. Ölkəmizdə yaşayan azsaylı
xalqlar, müxtəlif dinləri təmsil edən insanlar
arasında münasibətlərin ən yüksək səviyyədə
tənzimlənməsi və bu işə nəzarətin həyata
keçirilməsi məqsədilə Dövlət
Müşavirliyi Xidmətinin yaradılmasını dövlətin
bu sahəyə diqqət və qayğısı kimi dəyərləndirən
akademik Kamal Abdullayev Azərbaycanı dünyaya tolerantlıq və
multikulturalizm nümunəsi kimi təqdim etmək yolunda
dövlətimizin qərarlı olduğunu diqqətə
çatdırıb.
Qonaqlar
Azərbaycanda milli, dini və etnik baxımdan yüksək səviyyədə
qorunan sabitliyi xüsusi dəyərləndiriblər. Onlar Azərbaycanın
üzləşdiyi Dağlıq Qarabağ problemində
dünya dövlətlərinin bir çoxunun və müxtəlif
beynəlxalq təşkilatların ikili mövqe sərgilədiyini
və bunun da aydın səbəbləri olduğunu qeyd ediblər.
Xocalı soyqırımının beynəlxalq hüquq
müstəvisinə çıxarılmasının, cinayətkarların
beynəlxalq tribunala təslim edilməsinin zamanının
çatdığını deyən qonaqlar bu haqq işində
Azərbaycan xalqına dəstək olacaqlarını, bu məqsədlə
gələn il Londonda Xocalı soyqırımına həsr
olunmuş konfrans keçirilməsini
planlaşdırdıqlarını bildiriblər.
Kamal
Abdullayev Xocalı soyqırımı ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə daha dolğun
çatdırılması istiqamətində Heydər
Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələrdən
bəhs edərək bununla bağlı Azərbaycana verdikləri
dəstəyə görə qonaqlara təşəkkürünü
bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə
inandığını bildirən Dövlət
müşaviri bu işdə ləyaqətli insanların
haqqı müdafiə etdiklərini, problemin həlli
üçün böyük əmək sərf edən
Prezident İlham Əliyevin tutduğu haqq yolda öz xalqına
və dünyadakı dostlarımıza
arxalandığını vurğulayıb.
Görüşdə
Böyük Britaniya parlamentariləri və elm adamları ilə
Azərbaycan siyasətçiləri və elm
adamlarının gələcək əməkdaşlığı
mövzusunda fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2014.- 19 sentyabr.- S.6.