Azərbaycan ilə Türkiyə arasında hüquqi sahədə əməkdaşlıq

bundan sonra da uğurla davam etdiriləcək

 

 

Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsi baş prokurorunun müavini Mehmet Ekmekçinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 18-də Baş Prokurorluqda olub.

AzərTAc xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan baş prokuror Zakir Qaralov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirib. Bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyi, dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyi xüsusi olaraq vurğulanıb.

Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Nümayəndə heyətinin rəhbəri Mehmet Ekmekçi təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.

Səfər zamanı qonaqlar, həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin milli memarlıq üslubundamüasir standartlar səviyyəsində inşa edilmiş yeni inzibati binasına gəliblər. Nümayəndə heyətinin üzvləri beynəlxalq tədbirlərin, mətbuat konfranslarının keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalları, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilən, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilən kitabxana, müasir proqram təminatı ilə təchiz edilmişQaynar xətt” əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə tanış olublar.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev idarənin fəaliyyəti barədə nümayəndə heyətinin üzvlərinə geniş məlumat verib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininonun tərkibində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu model olduğu xüsusi vurğulanıb.

Nümayəndə heyətinin rəhbəri Mehmet Ekmekçi son illər Azərbaycanda baş verən müsbət dəyişikliklərdən məmnunluğunu bildiribbu sahədə əməkdaşlıq üçün bütün imkanların olduğunu söyləyib.

İdarənin fəaliyyəti qonaqların böyük marağına səbəb olub.

Daha sonra nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti və vətəndaşlara göstərilən xidmət növləri ilə ətraflı tanış olublar. Dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasına, şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının istisna olunmasına, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiqinə, dövlət məmuru-vətəndaş təmas nöqtələrinin minimuma endirilməsinə istiqamətlənmiş mərkəzlərin fəaliyyəti təqdirəlayiq hesab edilib, belə bir qurumun digər ölkələr üçün nümunə olduğu bildirilib.

Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

 

Azərbaycan.-2014.- 19 sentyabr.- S.7.