Milli musiqimizin əbədi
parlayan ulduzu
"Üzeyir Hacıbəyli bizimdir, bütün
varlığı ilə, yaradıcılığı ilə!!!"
Heydər
ƏLİYEV
Hər ilin 18 sentyabrında qəlbimizdə qəribə
duyğular çağlayır. Dahi Azərbaycan bəstəkarı,
dramaturqu, jurnalisti, pedaqoqu, ictimai xadimi Üzeyir bəy
Əbdülhüseyn oğlu Hacıbəylinin doğum
günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
Ulu öndər
Heydər Əliyevin 1995-ci ildə
imzaladığı fərmanda Ü.Hacıbəylinin Azərbaycan
xalqı qarşısındakı misilsiz xidmətləri,
çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilir.
O, dünyanın nadir şəxsiyyətlərindən biri
kimi tarixdə artıq əbədiləşmişdir.
Üzeyir
bəy Hacıbəyli 1885-ci il
sentyabrın 18-də Qarabağda şuşalı
Əbdülhüseyn bəyin ailəsində dünyaya göz
açmışdır. İlk təhsilini Şuşa
şəhər məktəbində almış, musiqi ilə
məşğul olmuş, uşaq xorunun tərkibində səhnəyə
qoyulan teatr tamaşalarında iştirak etmişdir. Onun gözəl səsi vardı. Şuşanın görkəmli xanəndələri
kiçik Üzeyiri çox sevərdilər. Onu oxutdurar və muğamların sirlərini öyrədərdilər.
Onun musiqi istedadı 1899-cu ildə Qori Müəllimlər
Seminariyasına daxil olduqdan sonra özünü daha parlaq
göstərmiş oldu. O, burada klassik musiqi ilə ciddi və
müntəzəm məşğul olmağa, bu sahədə
biliyini artırmağa gözəl imkan əldə etdi. Çünki seminariyada musiqi, xor, rəqs dərsləri
vacib fənlərdən olaraq, tələbələrə
xüsusi ciddiyyətlə tədris olunurdu.
Ü.Hacıbəyli burada həm skripka, həm violonçel,
nəfəs alətlərindən isə baritonda
çalmağı öyrənərək seminariyanın həm simli, həm
də nəfəsli alətlər orkestrində uğurla
çıxış edirdi. Musiqi müəllimi M.L.Pekker onu
digər tələbələrə nümunə göstərib
deyirdi: "Baxın, Üzeyir bəy cəmi bir ildir oxuyur,
buna baxmayaraq üç alətdə çalmağı
bacarır..." .
Artıq seminariyada o, öz ilkin bəstələrini
yaratmağa başlayır. Xalq mahnılarından
bir neçəsini xor üçün işləyir. Məşhur "Şəbi-hicran" xorunu da ilk dəfə
seminariya tələbələrinin ifasında,
özünün skripkada müşayiəti ilə səsləndirmişdi.
Lakin həmin illər Üzeyir bəy Hacıbəylinin ən böyük arzusu müəllim
olmaq, vətən övladlarını savadlandırmaqdan
ötrü var qüvvəsi ilə çalışmaq idi. Hələ
seminariyada oxuyarkən "Mən gələcəkdə
nə iş görəcəyəm?" mövzulu inşa
yazısında Üzeyir bəy "Ana dilində dərs
kitabları tərtib edəcəyəm..." sözlərini
yazmışdı.
Seminariyanı
bitirdikdən sonra Ü.Hacıbəyli bir mövsüm Xocavənddə,
1905-ci ildə Bakıya köçərək Bayılda, Bibiheybətdə
müəllimlik etmişdir. 1907-ci ildə "Hesab məsələləri"
dərsliyini, az sonra "Mətbuatda istifadə
olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin
türkü-rusi və rusi-türk lüğəti"ni
çap etdirir. Həmin illər gənc
Üzeyir bəy mətbuatda jurnalist kimi də
çıxış etməyə başlayır. "Həyat",
"Həqiqət", "İrşad", "Tərəqqi",
"İqbal", "Yeni iqbal", "Azərbaycan" və
s. qəzetlərdə felyetonçu, redaktor, baş redaktor
kimi çalışır. Lakin musiqiyə
sonsuz sevgi, uşaqlıq illərindən xəyalında
yaşayan obrazlar onu Şərq aləmində, müsəlman
dünyasında ilk milli operanı yaratmağa sövq edir.
Beləliklə, o, dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin məşhur "Leyli və Məcnun"
poemasının motivləri əsasında eyni adlı
operanı yaradır.
1908-ci ilin 25(12) yanvar tarixi Azərbaycanda ilk milli
operanın səhnədə təcəssüm tapması,
milli musiqili teatrın yaranış günü kimi əbədiləşir.
"Leyli və Məcnun" operasının
premyerası Azərbaycan xalqının qəlbində iftixar,
qürur doğurdu. Əslində, bu hadisənin məğzi, ictimai mənası daha
böyük idi. Bu, təkcə qəlboxşayan,
gözəl, füsunkar musiqisi olan opera deyil, Azərbaycan
xalqının milli oyanışının, özünüdərkin,
"azərbaycançılığın" parlaq təzahürü
idi.
Təsadüfi deyil ki, 22 yaşlı gənc Üzeyir bəyin
çağırışına o zaman milli teatrın ən
parlaq simaları sayılan sənətkarlar, şəxsiyyətlər
qoşulmuşdu. Hüseyn Ərəblinski tamaşanın rejissoru, məşhur
dramaturq Ə.Haqverdiyev dirijoru, tamaşanın dekor və əlbisələri
başqa teatrlardan kirayə götürülsə də,
onları bu tamaşaya uyğunlaşdıran, rəssam işlərini görən
böyük maarifçi-filosof Əlibəy Hüseynzadə,
Hüseynqulu Sarabski, Qurban Pirimov, Əhməd Ağdamski, Mirzə
Muxtar, Ceyhun Hacıbəyli, İmran Qasımov və neçə-neçə
aktyor həmin gün öz adlarını qızıl hərflərlə
milli teatrımızın tarixinə əbədi həkk etdilər.
"Leyli və Məcnun" operasının ilk
tamaşasına baxmaq istəyən ziyalılar arasında Gəncədən,
Tiflisdən, Şamaxıdan, Dərbənddən gələnlər
də vardı. Operanın premyerası əsl ümummilli
bayram kimi xalqımızın həyatına qədəm qoydu.
"Leyli və Məcnun"un uğurundan sonra gənc bəstəkar
qısa zaman kəsiyində "Şeyx Sənan",
"Rüstəm və Söhrab", "Əsli və Kərəm",
"Şah Abbas və Xurşidbanu", "Harun və
Leyla" operalarını, "Ər və arvad", "O
olmasın, bu olsun", "Arşın mal alan"
operettalarını yaratdı. Əgər operalarında saf məhəbbət,
sədaqət, qəhrəmanlıq, dönməzlik, ləyaqət
kimi ali insani keyfiyyətlər tərənnüm
edilirdisə, operettalarında sağlam gülüş, incə
yumor Üzeyir bəyin üz tutduğu ünvanlar idi.
Milli azadlıq ideyaları, demokratik yeniləşmələr
arzusu bir ziyalı kimi onda zamanın kəmkəsirinə,
problemlərinə, milli inkişafa mane olan mövhumata,
savadsızlığa, qadın hüquqsuzluğuna
qarşı etiraz hissləri doğururdu. Məhz bu hisslər onun
"Ər və arvad", "O olmasın bu olsun",
"Arşın mal alan"
operettalarında böyük sənətkarlıqla öz əksini
tapırdı.
Bir bəstəkar kimi Üzeyir bəy Hacıbəylinin
şöhrəti artıq Azərbaycanın
hüdudlarını aşırdı. Onun əsərləri
rus, gürcü, erməni, yunan, yəhudi, osetin dillərinə
tərcümə olunur, Qafqazın bir çox şəhərlərində
tamaşaya qoyulurdu. Azərbaycan opera artistlərinin 1914,
1916-cı illərdə Tiflis, Türküstan, 1918-ci ildə
İran, 1919-cu ildə Türkiyə qastrolları Üzeyir bəy
Hacıbəylinin şöhrətini dünyaya yaymaqla, həm
də o ölkələrin teatr həyatına bir dinamizm, yeni
baxış, ab-hava gətirmiş olurdu. Görkəmli
türk yazıçısı Rəşad Nuri Güntəkinin
1919-cu ildə bu münasibətlə yazdığı "Azərbaycan
Teatrı" məqaləsində Ü.Hacıbəylinin "O
olmasın, bu olsun", "Arşın mal alan"
operettaları yüksək qiymətləndirilir, yumor səviyyəsinə
görə F.Molyerin əsərləri ilə müqayisə
edilirdi.
Peşəkar kino xadimləri də Ü.Hacıbəylinin
əsərlərinə üz tuturdu. 1916-cı ildə rejissor Svetlov
"Arşın mal alan"ı, 1919-cu
ildə Yaltada Xanjankov "O olmasın, bu olsun"u lentə
alır.
1918-ci il 28 May gününü - Azərbaycan Xalq
Cümhuriyyətinin yaranışını böyük
sevinc, qürur və iftixar hissi ilə qarşılayanlardan
biri də, təbii ki, Üzeyir bəy Hacıbəyli idi. Əsgər silaha sarılan kimi, Üzeyir bəy də
qələmə sarılaraq təəssübkeşliklə,
cəsarətlə, uzaqgörənliklə yazdığı
məqalələrdə gənc müstəqil respublikanın
siyasi, iqtisadi, mədəni həyatına müdaxilə edir,
xalqı ayıq-sayıq olmağa çağırır,
daxili və xarici düşmənlərin fitnələrindən
qorumağa çalışırdı. Məhz o illər
gənc respublikanın mədəniyyət sahəsində vacib sayılan
addımlarından biri də "Arşın mal alan"ı
Fransanın paytaxtı Parisdə tamaşaya qoymaq arzusu idi. Üzeyir bəyin Versal sülh konfransında
iştirak edən qardaşı Ceyhun Hacıbəyliyə
yazdığı məktublarda bu haqda məlumatlar vardır.
Lakin cəmi 23 ay ömür sürən ADR
dövründə bu arzu gerçəkləşdirilmədi. 1920-ci ilin 28
aprel çevrilişindən sonra Üzeyir bəy Hacıbəylinin
həyatında yeni mərhələ başladı. Bolşevik hökuməti tərəfindən əvvəllər
təqib olunsa da, Nəriman Nərimanovun dəstəyi ilə
o, yeni quruculuq işlərinə cəlb olundu və ölkəmizin
mədəniyyət sahəsində taleyüklü məsuliyyətli
işlər Üzeyir bəy Hacıbəyliyə həvalə
edildi.
Azərbaycanda
ilk dəfə olaraq Konservatoriyanın təşkil edilməsi,
musiqi məktəblərinin yaradılması, milli kadrların
musiqi təhsilinə cəlb edilməsi, muğam siniflərinin
açılması ilə əlaqədar həm xanəndəlik,
həm milli musiqi alətlərində muğamın tədris
edilməsi, inkişafı naminə vahid muğam
programının tərtibi, əslində, Ü.Hacıbəylinin
illərlə qəlbində, xəyallarında
daşıdığı arzular idi ki, gerçəkləşməyə
başlayırdı. Artıq Üzeyir bəy tək
deyildi. Belə nəhəng quruculuq işlərində
sadiq dostları - M.Maqomayev, Cabbar Qaryağdıoğlu, Qurban
Pirimov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov və
neçə-neçə böyük sənətkarlar onunla
bərabər idi.
Yeni
yaradılmış Radio evində ilk notlu xalq
çalğı alətləri ansamblı yaratmaq (o zaman belə
orkestrin dünyada analoqu yox idi), çoxsəsli xor təşkil
etmək, Filarmoniyada mahnı və rəqs ansamblının təməlini
qoymaq, müxtəlif musiqili müsabiqələrin,
olimpiadaların keçirilməsinə rəvac vermək... Bütün bunlar Azərbaycanda gənclər və
məktəblilər tərəfindən musiqiyə olan sonsuz
sevgiyə, böyük həvəsə, geniş axına gətirib
çıxardı. Belə ki, XX əsrin otuzuncu illərinin
sonuna doğru Azərbaycan musiqisində milli kadrlar - bəstəkarlar,
nəzəriyyəçilər, ifaçılar, xalq musiqiçiləri
yetkin və səfərbər ordu kimi yüksək
səviyyədə çıxış etmək
iqtidarında idilər.
Məhz bu illərdə Ü.Hacıbəyli
"Koroğlu" kimi möhtəşəm, dünya opera
klassikasının incisi sayıla biləcək bir əsəri
meydana qoydu. Təhsilli
milli musiqiçilərimiz operadakı son dərəcə mürəkkəb
vokal, xor, orkestr patriyalarının öhdəsindən
artıq asanlıqla gələ bilirdi.
Milli musiqiçilərimizin məhz bu yüksək
keyfiyyətləri 1938-ci ildə Moskvada keçirilən Azərbaycan
musiqisi və incəsənəti ongünlüyündə
Rusiyanın tələbkar dinləyicilərini və sənətşünaslarını
heyran etdi. İ.V.Stalin başda olmaqla, Azərbaycan musiqisinin
incilərini dinləyən SSRİ rəhbərliyi əsərləri
dönə-dönə alqışladılar və
ifaçılarımızın əksəriyyəti yüksək
təltiflərlə, orden və medallar ilə qiymətləndirildi.
Əslində, bütün bunlar dahi Üzeyir bəy
Hacıbəylinin qələbəsi idi. Onun uzun illər
gərgin zəhmətə qatlaşaraq, ərsəyə gətirdiyi
böyük bir hərəkatın təntənəsi idi.
Dekada zamanı sürəkli alqışlarla qarşılanan əksər
sənətkarlarımız - Bülbül, Şövkət Məmmədova,
Məmmədtağı Bağırov, İsmayıl Hidayətzadə,
Səid Rüstəmov, Qara Qarayev və başqaları
adlarını milli mədəniyyət tariximizin qızıl
səhifələrinə yazmış oldular.
"Koroğlu" operasına yüksək qiymət verən
Stalin bu əsərin tezliklə Moskvanın Bolşoy
Teatrının repertuarına daxil edilməsini məsləhət
bildi. Moskvadan librettonu tərcümə etmək
üçün bir neçə rus şairi Bakıya dəvət
olundu. Bəstəkarlar operanın
partiturasında yeni redaktələr etdi. Lakin
İkinci Dünya savaşının başlaması,
Bolşoy Teatrın heyətinin Moskvadan müvəqqəti
köçürülməsi bu işi ləngitdi.
Ömrünün son 10 ili Ü.Hacıbəylinin həyatında xüsusilə yaddaqalan sayıldı. O, dünya şöhrətli bəstəkar idi. Üzeyir bəy Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Konservatoriyanın rektoru, Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Ali Sovetinin deputatı, neçə-neçə dövlət komissiyasının üzvü idi. Bu illərdə o, "Cəngi" və "Qəzəl" kimi yeni musiqi janrlarının yaradıcısı oldu, milli bəstəkarlıq məktəbinin təməlini qoydu, Q.Qarayev, F.Əmirov, Ə.Abbasov, S.Ələsgərov, R.Hacıyev, A.Rzayeva, H.Nəcəfova və başqa bəstəkarların yaradıcılığına dərindən təsir etdi. Musiqişünaslığımızın zirvəsi olan Üzeyir bəy Hacıbəyli "Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyasını nəşr etdirdi, ən önəmlisi isə Azərbaycan SSR-in Dövlət himnini yaratdı. Ömrünün sonuna kimi doğma Azərbaycana, sevdiyi xalqına vicdanla, sədaqətlə, bütün qəlbi və zəkasıyla xidmət etdi. Onun 63 illik həyatı vətəni, xalqı, milləti necə sevməyin və ona nə cür xidmət etməyin ən bariz nümunəsi idi.
Dahi bəstəkarın yaradıcılığına daim yüksək qiymət verən ümummilli lider Heydər Əliyev demişdir: "Ü.Hacıbəyli bizimdir, bütün varlığı ilə, yaradıcılığı ilə!!!"
Üzeyir bəy Hacıbəylinin irsinə son dərəcə diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bəstəkarın külliyatının və ona həsr olunmuş onlarla elmi, publisist kitabların nəşr edilməsinə dəstək olur.
Ü.Hacıbəylinin şərəfli adı Azərbaycan xalqı üçün müqəddəsdir. Onun irsi milli mədəniyyətimizin ayrılmaz hissəsi, ən qiymətli incidir. Q.Qarayev yazırdı: "Ü.Hacıbəylinin musiqisi xalqın ürəyində yaşayır, onun mənəvi həyatını zinətləndirir. Zaman bu böyük istedadın qurduğu binanı sarsıtmağa nəinki acizdir, onun getdikcə daha da möhkəmlənməsinə şahid olur. Onun musiqisinin parlaq rəngləri daha da əlvanlaşır və biz onun yaradıcılığında yeni gözəlliklər və incəliklər kəşf edirik".
Əslində, bu lakonik və dərin mənalı sözlər bütün zamanlarda Ü.Hacıbəyli yaradıcılığının böyüklüyü, meyarı və məramnaməsidir.
Sərdar
FƏRƏCOV,
əməkdar incəsənət
xadimi, Ü.Hacıbəylinin
ev-muzeyinin direktoru, Azərbaycan
Bəstəkarlar
İttifaqının katibi
Azərbaycan.-2014.- 19 sentyabr.- S.10.