“Azərbaycanın görkəmli bəstəkarları”
fotoalbomu təqdim edilib
Sentyabrın
18-də Milli Musiqi Günü münasibətilə Üzeyir
Hacıbəylinin ev-muzeyində tədbir keçirilib.
AzərTAc
xəbər verir ki, muzeyin direktoru Sərdar Fərəcov
Üzeyir Hacıbəylinin adı ilə bağlı olan bu
gün münasibətilə hər il bir sıra tədbirlərin
təşkil edildiyini vurğulayaraq, dahi bəstəkarın
27 il yaşadığı evdə keçirilən bu tədbirin
də həmin silsilədən olduğunu söyləyib.
Görkəmli
bəstəkarın musiqi, incəsənətlə
yanaşı, həm də müxtəlif sahələrdə
xidmətlərinin əvəzsiz olduğunu söyləyən
natiq vurğulayıb ki, o Azərbaycan musiqisini bütün
dünyaya tanıdıb.
Sonra
yeni nəşr olunan “Azərbaycanın görkəmli bəstəkarları”
fotoalbomu təqdim edilib. Fotoalbom “Gəmiqaya” elm və təhsil
mərkəzi tərəfindən hazırlanıb.
Tədbirdə
mərkəzin rəhbəri Əli İbrahimbəyli
çıxış edərək 1995-ci ildən dövlət
səviyyəsində qeyd olunan Üzeyir musiqi günü
münasibətilə tədbir
iştirakçılarını təbrik edib.
Vurğulayıb ki, Azərbaycan musiqisini dünyaya tanıdan
görkəmli bəstəkarları öyrənmək
baxımından bu cür albomlara ehtiyac var.
Diqqətə
çatdırılıb ki, iki ilə ərsəyə gələn
fotoalbom Azərbaycan Bəstəkarlar İttifaqının
yardımı, həmçinin arxiv və mədəniyyət
müəssisələrindən toplanmış fotolar əsasında
hazırlanıb. Albomda fotolarla yanaşı, yığcam məlumatlar
da verilib.
Tədbirdə
Azərbaycan Yazıçılar Birliyinin Qarabağ
filialının sədri, ədəbiyyatşünas, şair
Ənvər Əhməd Üzeyir Hacıbəyliyə ithaf
etdiyi şeirini söyləyib.
Xəzər
Universitetinin kamera ansamblı, Qara Qarayev adına 8 nömrəli
musiqi məktəbinin kvinteti və digər musiqi məktəbləri
şagirdlərinin ifasında səslənən Üzeyir
Hacıbəylinin və digər bəstəkarların əsərləri
alqışlarla qarşılanıb.
Azərbaycan.-2014.- 19 sentyabr.- S.11.