Məşhur
«Arşın mal alan» operettasının
ekran həyatı
Ulu
öndərin tövsiyəsi
Azərbaycan
mədəniyyətinin və incəsənətinin
böyük hamisi ulu öndər Heydər Əliyev 2001-ci il oktyabrın 13-də görkəmli
müğənni Rəşid Behbudovun xatirə gecəsində
çıxış edərkən demişdir:
"Arşın mal alan" əbədi yaşayacaqdır. Mən indi bu filmdən kadrlara baxdım. Mən hesab edirəm ki, bizim Mədəniyyət
Nazirliyi və bu sahə ilə məşğul olan digər təşkilatlar
bu cür ölməz əsərləri bərpa etməlidirlər.
Kitab əbədi yaşayır və film də əbədi
yaşamalıdır. Müasir texnika,
texnologiya köhnə lentləri bütünlüklə bərpa
edə bilir. Bunu mütləq etmək
lazımdır.
"Arşın
mal alan" Azərbaycan
mədəniyyəti tarixinin ən möhtəşəm
nailiyyətlərindən biridir. Ona görə də bu film
yaşamalıdır..."
Bu filmin kinolenti uzun illər lazımi şəraitdə
qorunmadığı üçün, demək olar ki,
yararsız vəziyyətə düşmüşdü. Düzdür,
film bir dəfə bərpa olunmuşdu. Lakin
onun əsaslı şəkildə bərpaya ehtiyacı var
idi. Bundan ötrü isə xeyli vəsait
tələb olunurdu.
Heydər
Əliyev Fondunun təşəbbüsü və ölkəmizin
ən aparıcı holdinqlərindən biri "Ata
Holdinq"in vəsaiti hesabına ABŞ-ın "G-Ray"
şirkəti ilə uğurlu danışıqlardan sonra
Hollivudda filmlərin bərpası və rənglənməsi
üzrə aparıcı peşəkar heyət "Globul 3
Pictures" komandası tərəfindən 2013-cü ilin mart
ayından ağ-qara variantda olan
"Arşın mal alan"
filminin bərpa və rənglənməsinə
başlandı. Azərbaycan
tərəfindən bu məsuliyyətli işin təşkili
və bərpası Bakıda fəaliyyət göstərən
"Peachline" şirkətinə tapşırıldı.
Bu sətirlərin müəllifi və kino rəssamı
E.Axundov belə bir vacib və xeyirxah işə baş məsləhətçi
kimi cəlb olunmuşdu.
"Arşın
mal alan"ın
kinoplyonkası pis vəziyyətdə idi. Bunu amerikalı mütəxəssislər də təsdiq
etdilər. Çünki vaxtilə kinoteatrlarda filmin
nümayişi zamanı lent qırılarkən kinomexaniklər
kinoplyonkanın qırılmış kadrlarını istədikləri
kimi kəsib atmışdılar (200-dən artıq kinokadr
çatmırdı -A.K.). Bununla belə, filmin rus variantından istifadə etməklə
bəzi kadrları bərpa etmək mümkün olmuşdur.
Bərpa
olunmuş və rənglənmiş "Arşın mal alan" musiqili kinokomediyasına (1945) artıq
ilk baxış keçirilib və o özünün ikinci həyatını
yaşayır.
"Arşın
mal alan"ın səssiz dövrü
Dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin
yaradıcılığından yaranmış, dünya musiqi
mədəniyyəti xəzinəsində layiqli yer tutan bədii
incilər xalqımızın mənəvi sərvətidir. Görkəmli
bəstəkar Azərbaycan opera sənətinin, musiqili komediya
janrının əsasını qoymuş, ədəbi-bədii
yaradıcılığın bir sıra sahələrində
məhsuldar fəaliyyət göstərmişdir.
Yaratdığı
"Ər və arvad", "O olmasın, bu olsun",
"Arşın mal alan"
operettalarının mətnləri ona bir dramaturq kimi
şöhrət qazandırmışdır. Azərbaycanın
xalq artisti, görkəmli bəstəkar T.Quliyev bu
operettaları inqilabdan əvvəlki Azərbaycan həyatının
güzgüsü adlandırmışdır.
Azərbaycan
dramaturgiyasında nadir nümunələr hesab olunan
Ü.Hacıbəylinin komediyaları, zəngin xalq musiqisi xəzinəsindən
qaynaqlanan, xəlqiliyi, oynaq musiqisi və qüvvətli yumoru
ilə fərqlənən "O olmasın, bu olsun" və
"Arşın mal alan" operettaları
kinematoqrafçıların da daim diqqət mərkəzində
olmuş və onlar müxtəlif dövrlərdə bu
musiqili komediyaları ekranlaşdırmışlar.
İnqilabdan əvvəl "Arşın mal alan" və
"O olmasın, bu olsun" musiqili filmləri
yaradılmış, lakin müəlliflərinə uğur
qazandıra bilməmişdir. XX əsrdə
"Arşın mal alan" üç, "O olmasın, bu
olsun" iki dəfə istehsal olunmuşdur. Bir dəfə
də "Arşın mal alan"
süjeti təhrif olunaraq Amerikada ermənilər tərəfindən
lentə alınmış, hətta filmdə operettanın
müəllifinin, yəni Üzeyir Hacıbəylinin adı
belə göstərilməmişdir.
Azərbaycan
sovetləşməmişdən beş il əvvəl
belçikalı sahibkarlar - Pirone qardaşları Bakıda
özlərinin kirayə kontorunu açır, kino
istehsalını təşkil edirlər. Şəhərin
mərkəzində, Birja küçəsi, 3 nömrəli
binada (indiki Ü.Hacıbəyli küçəsi) onların
"Filma"" Səhmdar Cəmiyyəti yerləşirdi.
Cəmiyyət 1915-ci ildə bir neçə bədii
filmin istehsalına başlayır. Filmlərə
quruluş vermək üçün Peterburqdan rejissor B.Svetlovu
və operator Q.Lemberqi dəvət edir.
"Arşın
mal alan" operettası 1916-cı ilin
axırlarında çəkilmişdir. Film 7
hissədən ibarət idi. Rejissor B.Svetlov
çəkilişlərə tanınmış səhnə
aktyorlarını - Hüseynqulu Sarabski (Əsgər), Ələkbər
Hüseynzadə (Sultan bəy), Mirzağa Əliyev
(Süleyman) və Hənəfi Terequlovu (Vəli) cəlb
etmişdi.
O
dövrdə qadın rollarını kişilər
oynayırdılar. Filmin çəkilişi ilə
bağlı rejissor da bu qaydaya riayət etməyə məcbur
olur. O, Gülçöhrə və Cahan xala (titrdə
Gülcahan) rollarına kişi aktyorlardan
Əhməd Ağdamski və Yunis Nərimanovu, Asya və Telli
rollarına isə Aleksandra Olenskaya və Yevgeniya Olenskayanı
çəkir.
Film ilk dəfə
1917-ci il yanvarın 3-də Bakıdakı
"Forum" kinoteatrında nümayiş etdirildi. Film səssiz
olduğuna görə onun təsir gücü az
idi. Əsər ekran üçün işlənərkən
öz gözəlliyini, təravətini və bədii qiymətini
xeyli itirmişdi. Buna görə də
salonda yerləşdirilmiş xalq çalğı alətlərinin
müşayiəti ilə operettadan musiqi parçaları
çalınır, Cabbar Qaryağdıoğlu və digər
xanəndələr operettadan ariyalar ifa edirdilər. Filmin keyfiyyəti Üzeyir bəyi və əsas
rollarda çıxış edən aktyorları narazı
salmışdı. Buna baxmayaraq,
tamaşaçılar filmə böyük maraq göstərirdilər.
O
dövrün mətbuatında - "Sovqat" qəzetində
belə bir məlumat dərc edilmişdi: "Bakı. "Forum" teatrı tərəfindən
müsəlman həyatından alınmış
"Arşın mal alan" adlı
komediya tamaşaya qoyulmuşdur. Bu komediya
qoyulduğu gün, Şalyapinə bilet almaq üçün
olan növbə bunun yanında müqayisə ediləcək
bir şey deyildi. Bu qədər
böyük müvəffəqiyyətə baxmayaraq, əsərin
müəllifi ilə bu filmi çəkənlər
arasında olan narazılıq üstə film ekrandan
götürüldü. Bizə verilən
xəbərlərə görə bu film yenidən teatrda
tamaşaya qoyulacaqdır".
"Arşın
mal alan" - dünya şöhrətli
kinokomediya
Nəinki
Azərbaycan, həm də sovet kinosuna beynəlxalq şöhrət
qazandıran "Arşın mal alan"
kinokomediyasının yarandığı (1945) vaxtdan 69 il
keçir. Azərbaycan klassik
dramaturgiyasının realist ənənələrinin gözəl
nümunəsi olan bu operetta yalnız könülləri
oxşayan rövnəq musiqisi ilə deyil, həm də
mövzu aktuallığı, dramatizmi, bədii kəsəri,
şirin koloriti ilə ekran ustalarının diqqətini cəlb
etmişdir.
Filmin istər
quruluşu (rejissorlar Rza Təhmasib, Nikolay Leşşenko), istərsə
də çəkilişi (operatorlar Əlisəttar
Atakişiyev, Muxtar Dadaşov) olduqca təbiidir. Komediya
janrına məxsus incə yumor, hadisələrin bir-birinə
bağlılığı, eyni vaxtda dörd toyun bir gündə
edilməsi, ümumi şənlik, gözəl əhval-ruhiyyə
tamaşaçıda xoş ovqat yaradır. Bununla belə, bəzi səhnələrdə
dekorasiyalar açıq-aydın özünü büruzə
verir, görüntülər süni təsir
bağışlayır.
Dünya şöhrətli sənətkarımız Rəşid
Behbudov məhz filmdə Əsgər rolunu ifa edəndən
sonra məşhurlaşmışdır. Gülçöhrə
obrazı Leyla Bədirbəylinin ifasında nəinki çox
müvəffəqiyyətli, həm də bənzərsiz
alınmışdır. Filmin digər personajları: Vəli
və Tellini yaradan aktyorlar Lütfəli Abdullayev və Fatma
Mehrəliyeva öz rollarının öhdəsindən
bacarıqla gəlmiş, sadə adamların təmiz, pak məhəbbətini
incə yumorla, müxtəlif oynaq detallarla ekranda
canlandıra bilmişlər.
Aktyorlardan
Münəvvər Kələntərlinin, Ələkbər
Hüseynzadənin, İsmayıl Əfəndiyevin
yaratdıqları obrazlar - Cahan xala, Soltan bəy, Süleyman bəy
müvəffəqiyyətli və yaddaqalandır.
1945-ci il sentyabrın 18-də ilk dəfə göstəriləndən
və Ümumittifaq tamaşaçılarının rəğbətini
qazanandan sonra film xarici ölkələrin də ekranlarına
yol açdı. Milliyyətindən
asılı olmayaraq filmə baxan bir çox xarici ölkə
tamaşaçıları Üzeyir bəyin ecazkar musiqisinə,
Azərbaycan xalqının incə, mənalı yumoruna heyran
qaldılar. Üzeyir bəyin musiqili komediyasının bədii
cəhətdən ən dəyərli ekran variantı olan
"Arşın mal alan" filminin
yaradıcı qrupu o vaxt, yəni, 1946-cı ildə yüksək
mükafata - SSRİ Dövlət mükafatına layiq
görüldü.
L.Bədirbəyli "Ömrümün
nağılları" kitabında yazır ki, 1941-ci ilin əvvəllərində
Tbilisidə "Səbuhi" filminin çəkilişi
zamanı Kazım Ziyanı bir aylıq İrana göndərdilər. Axı Kazım Ziya fars və ərəb dillərini mükəmməl
bilirdi. Onun oynamadığı səhnələr
çəkilirdi. Bir gün Kazım Ziya
çəkiliş meydançasına gəldi. İranda olarkən qəribə bir hadisənin
şahidi olduğunu söylədi. Dedi ki, Ü.Hacıbəylinin
"Arşın mal alan" komediyasına
sahib tapılıb. Bir əcnəbi bu motivdə
film çəkib. Bakıya çatan kimi
gərək Üzeyir bəyə çatdıram ki, malına
şərik çıxıblar.
İş
elə gətirdi ki, 1942-ci il martın 3-də
bir qrup sənətçi İrana göndərildik və
Kazım Ziyanın söylədiklərinin şahidi olduq... Bir gün küçədə reklam gördük.
"Arşın mal alan"ın
gündüz seansına getdik. Bu üzdəniraq
"Arşın mal alan" filminə
tamaşa etdik. Filmin rejissoru Mamulyan familiyalı
erməni idi. Amerikada istehsal olunan bu filmdə
nə Üzeyir bəyin, nə də Azərbaycanın adı
çəkilirdi. Qadın rollarının
ifaçılarının ərəb, ya da hind qadını
olduğu bilinmirdi. Kişi rollarının
ifaçılarının da hansı millətə mənsub
olduğu anlaşılmırdı. Tərtibat,
geyimlər ifrat dərəcədə yabançı, musiqi
adıyla verilən tək-tük parçalar notdankənar səslənirdi.
Biz hamımız son dərəcə həyəcanlı
idik. Birtəhər filmin sonunadək
dözə bildik. Bu film tamaşaçını
heç tərpətmirdi də... Kinoteatrdan
çıxanda Bülbül özünü saxlaya bilmədi.
Qəzəblə: "Belə biabırçılıq olar?
Bu ki əsl oğurluqdur. Bakıya
çatan kimi gərək Üzeyir bəyə bu məsələni
danışaq", - dedi.
1925-ci ildə Ü.Hacıbəyli ABŞ-dan bir məktub
alır. Məktubun müəllifi keçmiş
bakılı, məşhur violençalan, vaxtilə Bakı
konservatoriyasında dərs demiş professor Okorokov idi. Məktubda
deyilirdi: "Maqalyan familiyalı birisi erməni artistlərindən
truppa yaratmışdır. O, hər yerdə "Arşın
mal alan"ı göstərir, tez-tez
ABŞ-ın müxtəlif şəhərlərinə
qastrola gedir... Maqalyan artıq elə varlanmışdır ki,
özünə beşmərtəbəli ev
almış və həmin binanın fasadına
"Arşın mal alan" yazmışdır.
Mənə
vəkalətnamə yollayın, qonorarlarınızı
alıb sizə göndərim..."
"Ekonomi
ekspress" qəzetinin xəbər verdiyinə görə
Ü.Hacıbəyli məktubda qaldırılan məsələnin
həlli üçün heç bir iş görə bilmədi.
L.Bədirbəyli
"Ömrümün nağılları" kitabında
"Arşın mal alan"ın
rejissorunun R.Mamulyan olduğunu qeyd edir. Rusiya Dövlət
Filmfondunun Amerika Film İnstitutunun kataloquna əsaslanaraq verdiyi
məlumata görə, Amerikada, həqiqətən, 1937-ci ildə
"Arşın mal alan" filmi ermənilər
tərəfindən çəkilib. Film ekranlara ilk dəfə
1937-ci il martın 5-də buraxılıb. Amma filmə rejissor R.Mamulyan deyil, Setraq Vartiyan
quruluş verib. O, həm də Əsgər rolunu ifa edib.
Luiz Barsamian - Gülçöhrə, Vart Ankin - Asya, Setrak
Surabiyan - Soltan bəy, Ruben Stepaniyan - Süleyman, Qayoş Sinko
- Xala, Vram Sakayan - Vəli, Maşa Surabiyan-Telli rollarında
çəkilmişlər. Filmin alternativ adı
"Xırdavatçı sevgili"dir.
Film üçün hazırlanmış proqramda deyilir
ki, Setraq Vartiyan erməni səhnə əsərlərinin
yaradıcısı, rəhbəri və danılmaz aktyorudur. 1945-ci ildə
çəkilmiş sovet filmi də onun operettasına əsaslanıb
və bu film uydurma film kimi 1946-cı ildə Stalin
mükafatına layiq görülüb.
Üzeyir Hacıbəylinin memorial ev-muzeyinin direktoru R.Xəlilov
deyirdi ki, nümayəndə heyəti İranda gördüklərini
Üzeyir bəyə danışarkən bəstəkar
çox məyus olur, bərk əsəbiləşir. O, SSRİ xarici işlər
nazirinə məktub yazıb xahiş edir ki, müəllif
hüquqlarını müdafiə etsin. Tezliklə
Molotovun dəftərxanasından cavab gəlir ki, Sovet
İttifaqı müəllif hüquqlarının müdafiəsi
haqqında beynəlxalq konvensiyaya qoşulmayıb. Ona görə də xahişə əməl
olunmayacaq.
R.Xəlilov
bununla bağlı mətbuata verdiyi müsahibəsində
demişdir: "Nazir Molotov insident barədə Stalinə məlumat
verib. Bundan sonra Stalin də Dövlət Kinematoqrafiya Komitəsinin
sədri Bolşakovu çağırıb deyib ki,
"Arşın mal alan"ı yubanmadan
ekranlaşdırmaq, filmin xaricdə geniş reklamını təşkil
etmək lazımdır. Qoy bütün dünya
"Arşın mal alan"ın əsl
müəllifinin kim olduğunu bilsin".
Bolşakov bu barədə bəstəkara
danışanda R.Xəlilov da onların yanında olub. Amma arxiv sənədləri
"Arşın mal alan" filminin
yaranması ilə bağlı başqa söz deyir, başqa
tarix göstərir. Misal üçün, o zaman gənc
yazıçı İmran Qasımov hələ 1940-cı il oktyabrın 15-də Bakı
kinostudiyasının direktoru Şəmsəddin Abbasova məktub
yazıb xahiş edir ki, "Arşın mal alan"
mövzusunun plana daxil edilməsi ilə əlaqədar ssenarinin
hazırlanması ona tapşırılsın. Hətta
o, söz verir ki, 1941-ci ilin əvvəli üçün
ssenarini yazıb kinostudiyaya təhvil verəcək.
Həmin il noyabrın 14-də SSRİ Xalq Komissarları
Soveti yanında Kinematoqrafiya İşləri Komitəsinin
razılığını alandan sonra İ.Qasımov işə
başlayır. Lakin heç bir ay keçməmiş ssenari
İ.Qasımovdan geri alınıb, həmin il
dekabrın 8-də dramaturq Sabit Rəhmana verilir.
Beləliklə,
1941-ci il fevralın 1-də studiya S.Rəhmanla
müqavilə bağlayır. Ssenarinin birinci
variantı Ü.Hacıbəylini razı salmır. Sabit Rəhman müvəqqəti olaraq işi
dayandırır. Moskvalı
yazıçı Anatoli Qleboviç Qlebov ssenari üzrə məsləhətçi
təyin olunur.
1941-ci ilin iyun ayında ədəbi ssenarinin yeni
variantı kinostudiyaya təhvil verilir. Bakı
kinostudiyasının rəhbərliyi ssenarini müzakirə
etmək üçün iyunun 17-də iclas
çağırır. İclasda ssenarinin
yüksək səviyyədə yazıldığı qeyd
olunsa da, burada bəzi epizodlara irad tutulur, müəyyən
hissələrin ixtisar olunması tövsiyə edilir. Lakin ssenari qəbul olunmayıb xüsusi dövlət
komissiyasının müzakirəsinə verilir. Komissiyanın iclası bir gün sonra, iyunun 18-də
keçirilir. Burada ədəbi ssenari
oxunub müzakirə edilir.
Komissiyanın üzvləri belə qərar verirlər
ki, ssenari düzəlişlər edilməklə qəbul
olunsun və rejissor ssenarisi hazırlansın.
...Bir ildən
sonra, yəni, 1942-ci ildə "Arşın mal alan"ın rejissor ssenarisi üzərində
artıq gərgin iş gedirdi. Rejissorlar isə
bu dəfə Rza Təhmasib və Qriqori Braginski təsdiq
olunmuşdular. Hətta film 1942-ci ilin planına
salınmışdı. Lakin müxtəlif səviyyələrdə
gedən iclaslarda ssenari ilə bağlı fikir
ayrılığı, yeni-yeni düzəlişlərin ortaya
çıxarılması nəticəsində filmin rejissor
ssenarisinin yazılışı bir il də
uzandı.
1943-cü
il oktyabrın 21-də Bakı
kinostudiyasında istehsalat müşavirəsi keçirildi. Həmin
iclasda 1944-cü ilin istehsalat planı müzakirə olunarkən
kinostudiyanın direktoru Rəsul Rza bildirdi ki, "Arşın
mal alan" filminin quruluşçu
rejissorları R.Təhmasib və N.Leşşenko,
quruluşçu operatorları Ə.S.Atakişiyev və
M.Dadaşov təsdiq olunmuşlar. Sonra o,
çıxışında dedi: "İrəlidə bizi
böyük işlər gözləyir.
"Arşın mal alan", "Qubalı Fətəli
xan" və "Robinzon Kruzo" bədii filmlərinin
istehsal planı artıq təsdiq olunmuşdur.
"Arşın mal alan" filminin
istehsalı məsələsi 1942-ci ilin aprel ayından
gündəlikdə dururdu. Nəhayət ki, bu iş yoluna
qoyuldu. Çəkiliş qrupları artıq məlumdur.
Lakin rejissor və ya operator hansı filmə təyin
olunursa-olunsun, bir şeyi yadda saxlayın, filmi biz
hamımız bir yerdə yaradırıq. Hamı
bu filmlərin hazırlanmasında iştirak etməlidir.
Bu, bütün kollektivin, bütün
studiyanın işi olacaqdır. Bir də təkrar edirəm:
filmlərin istehsalını özümüzə etibar ediblər.
Mən kollektivi yorulmadan işləməyə,
eyni zamanda, tənbəllərlə, hay-küyçülərlə
mübarizəyə çağırıram.
Studiyanın iş ahəngini yüksəltmək, təsdiq
olunmuş bu böyük planı yerinə yetirmək
üçün xeyirxahlıq göstərmək
lazımdır. Bu işdə bizim yaradıcı
kadrlarımız böyüyəcək və inkişaf edəcəkdir..."
1944-cü
il martın 22-də rejissor ssenarisi Moskvada
SSRİ XKS yanında Kinematoqrafiya İşləri Komitəsinin
sədri İ.Bolşakov tərəfindən təsdiq olundu.
Rejissor ssenarisi üzrə yazılmış rəydə
oxuyuruq: "Rejissorlar teatr tamaşasının uğurlu
plastik həllini tapmış, orijinalın stil və
manerasını və əsərin dramaturgiyasının
bütün məziyyətlərini qoruyub saxlamışlar. "Arşın mal alan"
filminin sovet ekranı üçün maraq
doğuracağını nəzərə alaraq, onun iki
variantda, Azərbaycan və rus dillərində çəkilməsinin
məqsədəuyğun olduğunu hesab edirik".
"Arşın
mal alan" filminin istehsalı ilə
bağlı bütün məsələlər daim Rəsul
Rzanın nəzarəti altında idi. 1944-cü il iyunun 7-də aktyorlar arasında rol
bölgüsü aparılırdı. Bədii
şuranın qərarı ilə R.Behbudov Əsgər bəy,
L.Bədirbəyli Gülçöhrə, F.Mehrəliyeva
Telli, L.Abdullayev Vəli rollarına təsdiq olundular. Soltan bəy və Cahan xala rollarında kimlərin
çəkiləcəkləri mübahisə doğurdu.
Soltan bəy roluna dörd namizəd göstərilmişdi:
Kazım Ziya, A.Bünyadzadə, X.Məlikov, H.Kələntərli.
Ü.Hacıbəylinin məsləhəti ilə həmin
rol Ələkbər Hüseynzadəyə
tapşırıldı. Cahan xala roluna bir neçə aktyor, o
cümlədən Validə Vəzirova və Münəvvər
Kələntərli sınaqdan çıxarıldı.
Son nəticədə Münəvvər
xanımın namizədliyi yekdilliklə qəbul olundu. Rəsul Rza Süleyman roluna İ.Əfəndiyevi məsləhət
gördü. Asya rolunun ifaçısı
Rəhilə Məlikovanı isə 50 nəfərin
arasından Rza Təhmasibin özü seçmişdi.
1945-ci il aprelin 3-də "Arşın mal alan"ın istehsalı ilə əlaqədar studiyada iclas çağırıldı və qərara alındı ki, filmin çəkilişləri Azərbaycanın sovetləşməsinin 25 illiyi gününədək başa çatdırılsın.
"Arşın mal alan" kinokomediyası dedikdə, bu, təkcə Ü.Hacıbəyli, R.Təhmasib, R.Behbudov, L.Bədirbəyli və yaradıcı heyətin digər üzvləri demək deyil. Bu həm də Azərbaycanın görkəmli sənətkarı, xalq şairi Rəsul Rza deməkdir.
Bu, elə bir dövr idi ki, II Dünya müharibəsinin tükürpədici, qulaqbatırıcı top atəşlərinin səsləri hələ də eşidilməkdə idi. Amma cəbhələrdə qazanılan uğurlar qələbənin yaxınlaşdığından xəbər verirdi. O dövrdə Bakı kinostudiyasında çalışan, filmlər çəkən moskvalı məşhur kinorejissor Q.Aleksandrov həmin illərlə bağlı söhbətlərinin birində demişdir: "Müharibənin davam etdiyi çətin günlərdə Bakı kinostudiyasında Ü.Hacıbəylinin xalq yumoru ilə yoğrulmuş "Arşın mal alan" musiqili komediyası lentə alınırdı. Belə bir vaxtda bizə bir daha yəqin oldu ki, kino işçilərindən heç kim faşist işğalçıları üzərində qələbəmizə bir an belə şübhə eləmir. Biz sadəcə olaraq oturub qələbəni gözləmirdik, biz onun naminə öz silahımızla vuruşurduq".
Respublikanın xalq artisti Leyla Bədirbəyli "Arşın mal alan" filminin çəkilişi ilə bağlı o çətin və ağır müharibə illərini xatırlayaraq deyirdi: "Filmin çəkilişi zamanı yarım ildən artıq Mərdəkan bağlarında yaşamalı olduq. Qələbəyə inam böyük olsa da, günlərimiz ağır keçirdi. Yarıac, yarıtox, saatlarla fasiləsiz işləyirdik. Bizi yaşayıb-yaratmağa həvəsləndirən aramızdakı birlik, səmimiyyət və sənətə sədaqət idi".
(ardı var)
Aydın
KAZIMZADƏ,
Əməkdar incəsənət
xadimi, Prezident təqaüdçüsü
Azərbaycan.-2014.- 19 sentyabr.- S.11.