Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin
Baş naziri Əhməd Davudoğlu
mətbuata bəyanatlarla çıxış ediblər
Türkiyənin
Baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri
Sentyabrın
19-da təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyə
Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata
bəyanatlarla çıxış ediblər.
Prezident İlham
Əliyevin bəyanatı
- Hörmətli cənab Baş nazir, əziz qardaşım.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Hörmətli cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Türkiyənin Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm. Əminəm ki, Siz bu məsul vəzifədə fəal işləyəcəksiniz, həm Türkiyə, həm də Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük işlər görəcəksiniz.
Bu gün biz təkbətək görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədə, ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Çünki bizim xalqlarımız qardaş xalqlardır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq və bu gün iki müstəqil dövlət kimi əlbəttə ki, öz gələcəyimizi birgə qururuq.
Bizim siyasi əlaqələrimiz gündən-günə inkişaf edir. Bu ayın əvvəlində hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdə idi. İndi hörmətli Baş nazir rəsmi səfərdədir. Mən də seçkilərdən sonra ilk rəsmi səfərimi Türkiyəyə etmişəm. Bu, əslində əlaqələrimizin səviyyəsini əyani şəkildə göstərir.
Bu gün biz, eyni zamanda, iqtisadi sahədə uğurla əməkdaşlıq edirik. Sərmayə qoyuluşu baxımından Türkiyə və Azərbaycan burada qarşılıqlı sərmayə yatırmaqla həm öz maraqlarını təmin edir, eyni zamanda, biz bir-birimizi daha da gücləndiririk. Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayələrin həcmi təxminən 20 milyard dollara yaxındır. Eyni zamanda, Türkiyədən Azərbaycana sərmayələr qoyulur. Biz çox böyük məmnuniyyət hissi ilə Türkiyənin “Şahdəniz”dəki və TANAP-dakı payının artırılmasını qəbul edirik. Çünki burada artıq türk şirkətləri daha da böyük paya malik olacaqlar. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Bu layihəyə cəmi iki il bundan əvvəl start verildi və bu gün artıq bu layihə reallaşır.
Təbii ki, enerji sahəsində əlaqələrimiz nəinki iki ölkə, bölgə, dünya üçün də böyük önəm daşıyır. Sabah Azərbaycanda böyük bir mərasim keçiriləcək – “Cənub” qaz dəhlizinin tikintisi sabah başlayır. İyirmi sentyabr bizim üçün tarixi bir gündür. Çünki 20 il bundan öncə məhz sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. İyirmi ildən sonra biz artıq XXI əsrin layihəsinə start veririk. Əlbəttə, bu layihənin uğurla həyata keçirilməsində Türkiyə və Azərbaycan tərəfinin rolu xüsusi əhəmiyyət daşıyır.
Enerji sahəsində digər layihələr də icra edilir. Əminəm ki, Trans-Anadolu, Trans-Adriatik və “Şahdəniz-2” layihələrinin uğurla icrası nəticəsində bölgədə əməkdaşlıq üçün yeni şərait yaradılacaq. Bu layihələr həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək və burada iştirak edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihələrin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığa da öz töhfəsini verəcəkdir.
Şübhəsiz ki, bu gün biz hörmətli Baş nazirlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən hörmətli Baş naziri son vəziyyətlə tanış etdim. Əfsuslar olsun ki, bu münaqişə Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə öz həllini tapmır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır. Bu münaqişənin postsovet məkanındakı digər münaqişələrdən fərqi ondadır ki, bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur və bu qurum dörd qətnamə qəbul etmişdir. Ermənistan tərəfi sadəcə olaraq buna məhəl qoymur və onları icra etmir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Əfsuslar olsun ki, vasitəçilərin fəaliyyəti heç bir nəticə vermir və beynəlxalq hüquq Ermənistan tərəfindən kobudcasına pozulur. Dediyim kimi, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bu münaqişə məhz bu qərar və qətnamələr əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, gün gələcək və Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcəkdir.
Fürsət düşmüşkən, Türkiyə hökumətinə, dövlətinə həmişə bizim yanımızda olduğuna görə minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə həmişə ədalətli mövqe nümayiş etdirmişdir – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun bir mövqe. Əlbəttə ki, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli gələcəkdə bölgəyə sülh, barış, genişmiqyaslı əməkdaşlıq gətirəcək. Bu gün bu əməkdaşlıq var. Ancaq Ermənistan öz işğalçılıq siyasətinə görə bütün bu əməkdaşlıq layihələrindən təcrid edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənubi Qafqaz” qaz kəməri, digər təşəbbüslər Ermənistanın iştirakı olmadan həyata keçirilir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha da gözəl imkanlar yaranacaqdır. Hər halda biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik və var gücümüzlə çalışacağıq ki, münaqişə tezliklə həllini tapsın.
Burada digər məsələlər də müzakirə edildi. Biz bir daha əmin oluruq ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq, müttəfiqlik əlaqələridir. Bu əlaqələrin gələcəkdə də inkişafı üçün hər iki tərəf fəal çalışacaqdır.
Hörmətli cənab Baş
nazir, bir daha xoş gəlmisiniz.
Azərbaycan.-2014.- 20 sentyabr.- S.1.