Azərbaycan-Türkiyə münasibətlərinin
inkişafı dünya dövlətləri
üçün nümunədir
Türkiyənin Baş naziri
Əhməd Davudoğlunun Azərbaycana səfəri
Sentyabrın
19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay
Əsədov ölkəmizdə rəsmi səfərdə
olan Türkiyə Respublikasının Baş naziri Əhməd
Davudoğlu ilə görüşüb.
Oqtay Əsədov Əhməd Davudoğlunu Türkiyənin Baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan-Türkiyə əlaqələrinin çox qədim köklərə əsaslandığını deyən sədr qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyib. Bildirilib ki, dünya dövlətləri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında dövlətlərimizin başçıları xüsusi rol oynayırlar.
Qeyd edilib ki, hər iki ölkənin qanunverici orqanları arasında da münasibətlərin səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir. İkitərəfli hüquqi, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Oqtay Əsədov bildirib ki, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Qarşıya ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəfi qoyulub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov deyib ki, bu məsələnin həllində ölkəmiz əsas dəstəyini məhz Türkiyədən alır.
Baş nazir Əhməd Davudoğlu Azərbaycana hər səfərində ölkəmizdə gördüyü yüksək inkişafdan qürur duyduğunu deyib.
Türkiyənin Baş naziri bildirib ki, son illər dünyada baş verən böhranlar yalnız iki məsələni dəyişməyib. Birincisi, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dəyişməz qaldı. İkincisi, həm Azərbaycanın, həm də Türkiyənin inkişafında ləngimə baş vermədi. Ölkələrimiz sürətlə inkişaf edir.
Baş nazir kimi ilk səfərini Azərbaycana etdiyini xatırladan Əhməd Davudoğlu istənilən vəzifədə çalışmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan xalqlarına xidmət etmək arasında heç bir fərq olmadığını deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini vurğulayan Baş nazir diqqətə çatdırıb ki, bu problemin həlli, qardaş ölkənin ərazi bütövlüyünün təmin olunması Azərbaycan üçün nə qədər vacibdirsə, Türkiyə üçün də bir o qədər vacibdir.
Əhməd Davudoğlu ölkələrimizin parlamentləri arasında da əlaqələrin münasibətlərimizin inkişafında xüsusi rol oynadığını deyib.
Ümummilli lider
Heydər Əliyevin “Biz bir
millət, iki dövlətik” müdrik kəlamını xatırladan Baş nazir qardaş Azərbaycan ilə bütün
sahələrdə əməkdaşlığın gələcəkdə
də inkişaf etdiriləcəyinə əminliyini
bildirib.
Azərbaycan.-2014.- 20 sentyabr.- S.5.