Ölkənin güclü iqtisadi
potensialının əsasını neft amili təşkil edir
Əsrin müqaviləsi-20
"Azərbaycan
müstəqil respublika olmuşdur... Azərbaycanın
həyatında yeni dövr başlanmışdır.
Neft sənayemizin tarixində də şərti olaraq
üçüncü mərhələnin bünövrəsi
qoyulmuşdur... Biz yeni mərhələdə Azərbaycan
Respublikasının iradəsini ifadə edərək, onun
öz təbii sərvətlərindən istifadə etməsi
üçün lazımi tədbirlər
görürük."
Heydər
ƏLİYEV
1994-cü
il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti və dünyanın bir sıra
tanınmış şirkətləri arasında Xəzər
dənizinin ölkəmizə məxsus sektorundakı "Azəri-Çıraq-Günəşli"
yataqlarının tammiqyaslı işlənməsi
üçün Hasilatın Pay Bölgüsü Sazişi
imzalandı. Müəllifi Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev olan həmin kontrakt
sonralar bütün dünyada "Əsrin müqaviləsi"
adı ilə tanındı. "Əsrin müqaviləsi"nin imzalandığı gün Azərbaycan
dövlətinin inkişafı tarixində mühüm bir
gün oldu.
"Əsrin
müqaviləsi" adi bir saziş deyildi, o, Xəzər dənizində
beynəlxalq əməkdaşlığın
əsasını qoydu, xarici sərmayədarların Azərbaycana
axınını sürətləndirdi. Bu müqavilə həm
də Azərbaycanda yeni neft-qaz müqavilələrinin
bağlanmasına güclü təkan verdi.
"Əsrin
müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın
12-də "Çıraq" platformasından İlkin Neft
Layihəsi çərçivəsində neft hasilatına
başlandı. 2005-ci ilin fevralında isə növbəti
yataqdan - "Azəri"nin mərkəzi
hissəsindən neft alındı. "Mərkəzi Azəri"dən
sonra "Qərbi Azəri" və "Şərqi Azəri"
neft verdi. Daha sonra isə
"Dərinsulu Günəşli"dən hasilata
başlandı.
Əsrin
kontraktının imzalanmasından artıq 20 il
keçir. Ötən müddət ərzində
Azərbaycan böyük bir tarixi yol keçib. Geriyə boylanıb bu yolun necə və haradan
başlamasına nəzər salsaq, kontraktın ölkəmiz
üçün necə böyük əhəmiyyət
daşıdığını bir daha dərindən dərk
edərik. Həmin tarixi dövrdə
ümummilli lider Heydər Əliyevin yenidən ölkənin
siyasi hakimiyyətinə gəlməsi proqram xarakterli
ideyaların həyata keçirilməsində əvəzsiz
rol oynadı. Həmin vaxtlarda mən Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinə rəhbərlik
edirdim və bütün bunları
daha yaxından görmək və izləmək, bir
çox hallarda isə necə deyərlər, işin içində olmaq
imkanına malik idim. O çətin dövrdə "Əsrin
müqaviləsi"nin imzalanması asan məsələ
deyildi. Bu, o zaman dövlətə başçılıq edən
dünya səviyyəli siyasətçi Heydər Əliyevin gərgin
zəhməti və böyük nüfuzu sayəsində
mümkün olmuşdur.
1994-cü
il Azərbaycan üçün olduqca
mürəkkəb dövr idi. Dövlət müstəqilliyinin
bərpa olunmasına baxmayaraq siyasət hələ
formalaşmamışdı, iqtisadiyyat sahəsində də
vəziyyət arzuolunan səviyyədən çox uzaq
idi. Hakimiyyət
uğrunda gərgin mübarizə gedirdi. Digər
tərəfdən isə qonşu Ermənistanın təcavüzü
ölkədə idarəolunmaz vəziyyət
yaratmışdı. Ümumi vəziyyətə
təsir göstərən amillərdən biri də
SSRİ-nin dağılması və iqtisadi cəhətdən
bir-biri ilə sıx şəkildə bağlı olan
müttəfiq respublikaların münasibətlərinin kəsilməsi
ilə bir çox problemlərin kəskinləşməsi
idi. Ölkənin bank-maliyyə
sektorundakı vəziyyət acınacaqlı həddə
çatmışdı.
1993-cü
ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci
dəfə ölkə rəhbərliyinə gələn ulu
öndər Heydər Əliyev avqustun 9-da ARDNŞ-nin prezidentini təyin etməzdən əvvəl
mənimlə saat yarım bu mövzuda söhbət etdi. Bunun da səbəbi mənim 1984-1991-ci illərdə
Azərbaycan KP MK-da işlədiyim dövrdə neft-qaz sənayesinə
cavabdehlik daşımağım idi. Digər tərəfdən
mənim həm sahə haqqında geniş məlumatlı
olmağım, həm də dünyanın tanınmış
"Amoco", "Britiş Petrolium", "MakDermortt" və
digər şirkətlərlə aparılan
danışıqlarda iştirakım nəticəsində
onları tanımağım öz rolunu oynayırdı. Bu
aspektdə bir qədər söhbət etdikdən sonra ümummilli
lider sual verdi: "Sən Azərbaycanın
neft-qaz sənayesinin perspektivini necə görürsən?"
Mən müvafiq istiqamətin inkişafı ilə
bağlı kifayət qədər stimulverici amillərin,
xüsusən də iqtisadi potensialın olmasını
bildirdim. Eyni zamanda qeyd etdim ki, problemlər də az deyil. Bunu da onunla əsaslandırdım
ki, neft və qazın hasilatında enmə templəri
müşahidə edilməkdədir. Bu vəziyyət
neft üzrə ildə təxminən 6-7, qaz üzrə isə
13 faiz təşkil edir.
Səbəb müvafiq sahəyə sərmayə
qoyuluşunun dayandırılması və qazma işlərinin
azaldılması ilə əlaqədar idi. Vəziyyətin bir neçə
il belə davam etməsi qeyd olunan sahənin
daha acınacaqlı duruma düşməsinə gətirib
çıxara bilərdi. O dövrdə illik neft hasilatı 9
milyon ton, qaz hasilatı isə 6 milyard kubmetr təşkil
edirdi. Bu cür davam edəcəyi halda hətta
ölkəmizin tələbatının təmin olunmasında
çətinlik yarana bilərdi. Vəziyyətdən
yeganə çıxış yolu xarici neft şirkətləri
ilə birgə əməkdaşlıq sayəsində sərmayə
qoyuluşuna yol açmaq, bununla da yeni texnologiyaların tətbiqinə
nail olmaq idi.
Lakin ölkə daxilində bu məsələyə də
münasibət birmənalı deyildi. Bir qrup neftçi
mütəxəssis xaricilərin neft hasilatına cəlb
olunmasına qəti etirazını bildirirdi. Fikir də
ondan ibarət idi ki, özümüz vəziyyətdən
çıxa və şəriksiz neft istehsalında yenidən
intibaha nail ola bilərik. Digər
bir qrupu təmsil edənlər isə bu məsələyə
reallığı nəzərə almaqla münasibətlərini
sərgiləyirdi. Onlar nəzərdə
tutulan tədbirlərin reallaşdırılmasını
mümkün hesab etməklə yanaşı, maddi təminatın
olmaması, bunun isə birmənalı şəkildə qazma
prosesinə, karbohidrogenlərin nəqlinə, təhlükəsizlik
tədbirlərinin lazımi səviyyədə icra
olunmasına mənfi təsir göstərməsi amilini əsas
götürərək transmilli neft kompaniyalarının cəlb
edilməsini zəruri sayırdılar.
Azərbaycan maddi çətinliklər içərisində
idi. Eyni zamanda siyasi vəziyyətin gərginliyi ölkəyə
olan inamı azaltmışdı. Beynəlxalq
maliyyə institutları riskləri nəzərə alaraq bizə
kredit ayırmaqdan imtina edirdilər. Belə bir vəziyyətdə
"Əsrin müqaviləsi"nin gecikməsi
bütün hallarda ümumi vəziyyətə daha pis təsir
göstərə, hətta şərtlər çox sərt
ola bilərdi. Ümummilli liderlə söhbətdən,
qarşılıqlı fikir mübadiləsindən bir qədər
sonra mən ARDNŞ-nin prezidenti təyin olundum. Ona qədər bizim iki dəfə
görüşümüz olmuşdu.
Bunun ardınca bütün xarici neft şirkətlərinin
rəhbərlərini bir yerə toplayıb Ali Sovetdə iclas
keçirdik.
Səbəb ondan ibarət idi ki, həmin vaxta
kimi 1992-ci ildən başlayaraq əvvəlki hakimiyyət
dövründə qeyd olunan məsələ ilə
bağlı BP şirkəti ilə ölkəmiz
üçün əsla qəbulolunmayan, milli maraqları təmin
etməyən səviyyədə danışıqlar gedirdi.
"Azəri", "Çıraq" yataqları,
"Günəşli"nin dərinlikdə
yerləşən hissəsi haqqında müqavilə
bağlamaq niyyətində idilər. Hətta
"Şahdəniz" qaz layihəsi ilə bağlı
eksklüziv danışıqlar aparılması
üçün BP şirkətinə səlahiyyət
verilmişdi. Bunun da müqabilində Xalq Cəbhəsinin
funksionerləri demokratiyanın inkişafına yardım
adı altında 10 milyon ABŞ dolları həcmində bonus
almışdılar. İclasda mən birmənalı
şəkildə ulu öndər Heydər Əliyevin
adından bəyan etdim ki, bu günə kimi olan
danışıqlar bütünlüklə kəsilir! Təxminən bir-iki ay danışıqların nəticələrini
təhlil etdikdən sonra yeni konsepsiya hazırlayıb
danışıqlara gedəcəyik. Beləliklə
də qeyd olunan müddətdə Azərbaycanın
maraqlarının tam şəkildə ifadə olunduğu bir
konsepsiya hazırlanaraq ulu öndər Heydər Əliyevə
təqdim olundu. Həmin konsepsiyada xarici
şirkətlərlə hansı prinsiplər əsasında
işləməyin mümkünlüyü öz əksini
tapdı. Bunun da əsasında 1994-cü il
fevralın 4-də qeyd olunan məsələ ilə
bağlı ulu öndər Heydər Əliyev tərəfindən
sərəncam imzalandı. Sərəncamda ARDNŞ-nin prezidentinə bu
danışıqların yenidən başlanması və nəticələri
haqqında dövlət başçısına məlumat
verilməsi tapşırılmışdı. Bununla da prosesə
start verildi. Elə həmin il aprelin 28-də
cənab İlham Əliyev ARDNŞ-nin vitse-prezidenti vəzifəsində
xarici şirkətlərlə əməkdaşlığa rəhbərlik
etməyə başladı. Beləliklə də aparılan gərgin
işlərin nəticəsi olaraq qısa müddət ərzində
- sentyabrın 12-də Hyuston şəhərində
bütün prosedur məsələləri həll etdikdən
sonra ulu öndər Heydər Əliyevə kontraktın tam
şəkildə hazır olması ilə bağlı məruzə
etdim və ulu öndər Heydər Əliyev sentyabrın 20-də
kontraktın imzalanması ilə bağlı qərar verdi. Beləliklə də
müqavilə imzalandı.
Təxminən 400 səhifə həcmində və 4
dildə hazırlanmış müqavilə öz tarixi, siyasi
və beynəlxalq əhəmiyyətinə görə
"Əsrin müqaviləsi" adını aldı. "Əsrin müqaviləsi"ndə
dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ,
Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və
Səudiyyə Ərəbistanı) 13 ən məşhur
şirkəti ("Amoco", BP, "MakDermott",
"Yunokal", ARDNŞ, "LUKoyl", "Statoyl",
"Ekson", "Türkiyə Petrolları",
"Penzoyl", "İtoçu", "Remko",
"Delta") iştirak etdi. Bu müqavilə
sonradan 19 ölkəni təmsil edən 41 şirkət ilə
daha 26 sazişin imzalanmasına yol açdı. Bununla da müstəqil dövlətimizin yeni neft
strategiyası və doktrinası uğurla həyata
keçirilməyə başlandı.
Ümummilli lider çox yaxşı bilirdi ki, Azərbaycanı
düşdüyü iqtisadi böhrandan çıxarmaq, eyni
zamanda onun inkişafına təkan vermək üçün
güclü katalizator lazımdır. Böhrandan
çıxmağın ən düzgün və optimal
yollarından biri və bəlkə də ən birincisi Azərbaycanın
neft yataqlarının işə salınması və ondan əhəmiyyətli
şəkildə bəhrələr əldə etmək idi.
Belə ki, neft sektorundan əldə olunan gəlirlər
hesabına iqtisadiyyatın digər sahələrinin də
canlandırılması, yeni mərhələyə qədəm
qoyması mümkündür. İqtisadçı
ekspertlərin qənaətinə görə, neft-qaz sənayesindən
götürülən hər 2-3 dollardan 1-i adekvat olaraq
iqtisadiyyatın başqa sahələrinə yönəldilir.
Bu sahələrdə də canlanma
başlayır, inkişaf gedir. Bu hal Azərbaycanda
nümayiş olundu. Bir qədər
konkretliyə keçək. "Əsrin müqaviləsi"nin imzalanmasının ilk illərində
neft-qaz sektoru ilə əlaqəli fəaliyyət sahələrində
iştirakla bağlı olaraq Azərbaycana təxminən 10
min nəfərə yaxın xarici vətəndaş səfər
etdi. Onların hər birinin ölkədə
qaldığı dövr ərzində müxtəlif məqsədlər
(yaşayış yeri, qidalanma, nəqliyyat, rabitə və
sair)
üçün istifadə etdikləri vəsaitlər
Bakıda xərclənir və maddi olaraq digər sahələrin
də inkişafına kömək göstərirdi. Pullar da Azərbaycana qalırdı.
Ulu
öndər Heydər Əliyevin müdrikliyi özünü
islahatçı rəhbər olmasında da göstərirdi. Dövlət əmlakının özəlləşdirilməsi
üzrə dövlət proqramlarının
reallaşdırılması məsələsində də bu
amil özünü doğrultdu. Bütün proses mərhələlərlə
getdi. Ən əsası isə strateji əhəmiyyətli
müəssisələr dövlətin öz mülkiyyətində
qaldı. Beləliklə də neft, qaz və
elektroenergetika kimi sahələrin dövlətin inhisarında
qalması digər sahələrin inkişafında açar
rolunu oynadı. Son nəticədə bunun
nə qədər düzgün qərar olması dəqiqləşdi.
Çünki postsovet məkanında olan ölkələrin
bir çoxunda bu proses əksinə getdi. Nəticədə
əsasən kiçik bir toplumun maraqlarına xidmət edən
oliqarxlar meydana gəldi. Sonradan həmin
ölkələrin rəhbərləri tələskənliyə
yol verdiklərini etiraf etdilər.
Bəli,
həqiqətən də "Əsrin müqaviləsi"nin imzalanmasının əsasında birinci
növbədə yeni neft strategiyası, neft diplomatiyası
yarandı və bu vasitə ilə ümummilli lider Heydər
Əliyev Azərbaycanı blokadadan çıxardı. Buna həm informasiya blokadası, həm də iqtisadi
blokada daxildir. Eyni zamanda siyasi sahədə
də irəliləyişlərə təkan verildi. Bunun sayəsində siyasi aləmdə dostlar əldə
olundu. ABŞ Prezidenti Bill Klintonla, Böyük Britaniya rəhbərləri
ilə böyük işlər aparıldı. Xarici
şirkətlərin onsuz da Azərbaycan neftinə
marağı bəlli olduğundan çoxlarına elə gələ
bilərdi ki, sərmayə qoyuluşunda problem yaşanmayacaq.
Lakin əsl reallıqda istənilən şirkət
böyük kapital qoyuluşu etdiyi ölkələrdə risk
məsələsinə xüsusi əhəmiyyət verir. Bunlar əvvəlcə maliyyə, sonra geoloji,
texnoloji, ən əsası isə siyasi riskdən ibarətdir.
Həmin dövrdə isə ölkəmizdə
siyasi proseslər olduqca ciddi narahatlıq doğurmaqda idi.
Ulu öndər Heydər Əliyevin
dünyanın inkişaf etmiş ölkələrinin dövlət
başçıları - prezidentlər, baş nazirlər və
digər məsul şəxslərlə görüşləri
siyasi riskin olmamasına onları inandırmağa xidmət
edirdi. Bu proseslər dünyanın aparıcı maliyyə
təsisatları olan Dünya Bankı, Beynəlxalq Valyuta
Fondu, Avropa İnkişaf və Yenidənqurma Bankı və digər
qurumların rəhbərləri ilə aparılan
danışıqların da predmeti idi. Ulu
öndər keçirdiyi, iştirak etdiyi bütün
görüşlərdə Azərbaycanın dövlət
başçısı kimi xaricilərə onların sərmayələrinin
siyasi risklərin təsirlərinə məruz
qalmayacağına söz verirdi, təminat verirdi.
Ümummilli lider onu da çox yaxşı bilirdi ki, Azərbaycanın
iqtisadi qüdrətinin artması ölkənin problemlərinin
həllinə əhəmiyyətli təsirini göstərəcək. Bütün
qeyd olunanların fonunda bir sıra yaxın qonşular Azərbaycanın
belə bir müqaviləyə imza atmasına təəssüflərini
və bunun sonda arzuolunmaz nəticələr verə biləcəyini,
proqnozların özünü doğrultmayacağını
iddia edirdilər. Heydər Əliyev isə
hər zaman olduğu kimi, soyuqqanlığını
saxlayır və narahatçılığa əsas
olmadığını bildirir, hər şeyin nəzarətdə
olmasını onların nəzərlərinə
çatdırırdı. Hətta Azərbaycanın
inkişafını istəməyən şəxslər tərəfindən
Heydər Əliyevə qarşı sui-qəsdlər təşkil
olundu, dövlət çevrilişi cəhdləri edildi.
Bunların ardınca, bir il sonra mart hadisələri
törədildi.
Rusiya
Federasiyası kontrakt imzalanmazdan əvvəl Azərbaycana nota
verərək bildirdi ki, bu müqaviləni tanımayacaq,
heç bir xaricinin Xəzər dənizinə daxil
olmasını qoymayacaq və Azərbaycanın da buna heç
bir ixtiyarı yoxdur. Fikir onunla izah olunurdu ki, Xəzərin
hüquqi statusu müəyyənləşdirilməyib və
Xəzəryanı ölkələr arasında bölgü
aparılmayıb. Lakin ulu öndər Heydər
Əliyev sözünün üstündə möhkəm
dayandı və bildirdi ki, Azərbaycan müstəqil dövlətdir,
Xəzərin ölkəmizə məxsus sektoru Azərbaycanın
yurisdiksiyası altındadır və bizə heç kəs
öz iradəsini diktə edə bilməz. O dövrdə
bunu hər kəs deyə bilməzdi. Lakin Heydər
Əliyev hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın
gələcək inkişafı naminə
çalışdı.
"Əsrin
müqaviləsi"nin imzalanması ilə
neft-qaz sənayesində görünməmiş dərəcədə
inkişafa nail olundu. İlk 3 il ərzində
çoxlu vəsat qoyuldu. Yeni qazma qurğuları, platformalar
tikilməyə başlandı, yeni iş yerləri
açıldı, 10 ədəd yedək gəmisi təmir
olunaraq işə salındı. Borudüzən
və kran gəmiləri təmir olunaraq modernləşdirildi.
Beləliklə də neft-qaz sənayesinin
istehsalat və texnoloji strukturu yeniləşdi. Yeni kadr potensialı formalaşdı ki, bu da nəticə
etibarı ilə müvafiq sektorda tətbiq edilən müasir
texnologiyaların istismarını asanlaşdırdı.
Bunların nəticəsində rekord bir müddətdə
ilkin neft hasilatına nail ola bildik. Qeyd olunanlar Azərbaycan neftçilərinin xarici həmkarları
ilə ilk dəfə müştərək fəaliyyət
göstərmələri baxımından böyük
uğuru idi.
"Əsrin müqaviləsi" ölkəmizin neft-qaz
sektorunda əldə olunan əhəmiyyətli
sıçrayışla yanaşı, digər mühüm
bir problemin aradan qalxmasına da təsirini göstərdi.
Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra energetika siyasətində yeniliyə
imza atdı. Azərbaycan nefti dünya
bazarına ixrac olunmağa başladı. Halbuki
sovetlər dönəmində Azərbaycan nefti yalnız daxili
bazara çıxarılırdı. Bakı-Novorossiysk
ixrac boru kəməri ilə neftimiz Avropaya ixrac olundu.
Lakin həmin dövrdə dövlət
başçısı Heydər Əliyev diversifikasiya siyasətinə
önəmi vurğulayaraq xam neftin yalnız bir marşrutla
ixracının çox riskli iş olmasını bildirdi. O
zaman vaxtilə mövcud olmuş Bakı-Xaşuri neft kəmərinin
bərpasına qərar verildi. Bununla əlaqədar
ulu öndər Heydər Əliyev və Gürcüstanın
o zamankı prezidenti Eduard Şevardnadze arasında
danışıqlar aparıldı və razılıq əldə
olundu. Yeni bir saziş imzalandı. Lakin aparılan araşdırmaların son nəticəsi
olaraq kəmərin əksər hissələrinin korroziyaya
uğraması və ümumiyyətlə neftin nəqli
üçün yararsızlığı nəzərə
alınaraq bu layihədən imtina edildi. Beləliklə
də yeni ixrac boru kəmərinin çəkilməsinə qərar
verildi. Bu, Bakı-Supsa kəməri idi.
Yeni kəmərin istismara verilməsindən az
müddət sonra isə Şimali Qafqazda baş verən hərbi
münaqişələr səbəbindən
Bakı-Novorossiysk kəmərinin fəaliyyətində dəfələrlə
müxtəlif fasilələr baş verdi. Bunlar
Heydər Əliyevin nə qədər uzaqgörən siyasətçi
olduğunu dönə-dönə təsdiqlədi. Bakı-Tbilisi-Ceyhan kəməri də mükəmməl
bir layihə olmaqla Heydər Əliyevin əsəri idi.
Bu layihələrin verdiyi bəhrələr
iqtisadiyyatımızı möhkəmləndirdi, qeyri-neft
sektoru daha möhkəm təməl üzərində bərqərar
oldu. Çəkilən zəhmət hədər getmədi.
Məhz "Əsrin müqaviləsi"ndən
sonra ölkəyə daxil olan maddi vəsaitlər ümumi
inkişafa öz müsbət təsirini göstərdi.
Təsadüfi deyil ki, Dövlət Neft Fonduna
daxil olan vəsaitlərin həcmi 50 milyard ABŞ dolları təşkil
etdi. Qoyulan sərmayələr təkcə
"Azəri", "Çıraq", "Günəşli"
deyil, eyni zamanda digər yataqların istismarına da yol
açdı. Xüsusilə, "Şahdəniz"
qaz yatağının kəşfi və onunla bağlı
layihə sənədinin imzalanması qeyd olunmalıdır.
Bunun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
çəkilməsi mühüm əhəmiyyət kəsb
etdi.
İndi mövcud maliyyə imkanları sayəsində
bütün perspektiv yataqlarda kəşfiyyat aparılıb və
onların potensialı məlumdur. Məsələn, hazırda
"Ümid", "Abşeron", "Şəfəq-Asiman"
və "Babək" yataqları açılıb. Artıq "Ümid"də hasilata
başlanıb. Təxminən 2021-ci ildə
"Abşeron"un istismarına
başlanacaq. Bunlar Azərbaycanın
potensialının Avropada, o cümlədən bütün
dünyada daha vacib mövqedə bərqərar olmasına
stimul verir.
"Əsrin
müqaviləsi"nin daha bir mühüm
əhəmiyyəti onun Azərbaycanın neft-qaz sənayesində
yeni eranın başlanğıcı olmasındadır. Bu eranın hazırkı dövrünü tərəddüd
etmədən Prezident İlham Əliyevin adı ilə
bağlayıram. Əgər Azərbaycanın
Avropanın qaz təminatında yeni oyunçuya çevrildiyini
deyiriksə, Avropada enerji xəritəsini dəyişiriksə,
o zaman Azərbaycan üçün yeni qaz erasının
açılmasını ürəklə qeyd edə bilərik.
İndi yeni layihələrin işlənməsi ilə
bağlı təkliflər meydana çıxır, qazın
ixrac kəməri ilə Avropaya çatdırılmasında
böyük imkanlar yaranır. Hazırda "Cənub
qaz dəhlizi"ndən bəhs olunarkən birmənalı
şəkildə qeyd etmək lazımdır ki, onun təşəbbüskarı
da, icraçısı da, təminatçısı da Azərbaycandır. Bunun üçün ölkəmizin qaz
potensialı kifayət qədərdir. Həmçinin maliyyə
imkanları, texniki imkanlar, kadr potensialı var. Ona görə
də "Şahdəniz" layihəsi XXI əsrin ən
böyük, ən əhəmiyyətli və ən həlledici
layihəsi olacaq. Yaxın 5 ildə bu layihəyə
45 milyard dollar vəsait qoyuluşu nəzərdə tutulur.
Bununla əlaqəli digər layihələr də
həyata keçiriləcək. Buraya 25
milyard dollar sərmayə tələb edən "Şahdəniz-2"
layihəsi də daxildir. Yataqda 26 quyu
qazılacaq. "Şahdəniz"in əməliyyatçısı
olan BP-nin hesablamalarına görə, bu bizə əlavə
16 milyard kubmetr qaz verəcək. Lakin mən
bu həcmin daha çox - 20-25 milyard olacağını
düşünürəm. Həmin layihənin
icrası zamanı Xəzər dənizində ilk dəfə
tətbiq ediləcək yeni hasilat texnologiyalarından istifadə
nəzərdə tutulur. Dənizdibi quyular
görünməyən hissədə istismar ediləcək.
Ümumilikdə bütün infrastrukturun yeniləşdirilməsi
qarşıya qoyulan vəzifələrdəndir. "Şahdəniz-2" ilə əlaqədar Səngəçal
terminalı, Cənubi Qafqaz Boru Kəməri də genişləndiriləcək. TANAP layihəsi
çərçivəsində boru kəmərinin tikintisi Azərbaycan
tərəfindən icra ediləcək.
"Cənub
qaz dəhlizi"nin ümumi proseslərə
hərtərəfli təsiri proqnozlaşdırılır. Bu, Avropa ölkələrinə, Avropa Birliyinə
daha çox inteqrasiyaya imkan verən layihə olacaq. Onun siyasi əhəmiyyəti isə onda olacaq ki, bu
layihənin icra edildiyi ölkələrlə əlaqələr
daha da güclənəcək. "Cənub qaz dəhlizi"nin
gələcəkdə daha da genişlənəcəyi,
bütün Balkan ölkələrinə - Albaniya, Serbiya,
Monteneqro və Xorvatiyaya başqa bir qol vasitəsilə
ixracın həyata keçiriləcəyi nəzərdə
tutulur. Digər bir qol isə Yunanıstan və
Bolqarıstanadək uzanacaq. Bolqarıstandan
isə Rumıniya, Avstriya, Macarıstan və digər ölkələrə
çıxış əldə etmək mümkündür.
Bir sözlə, istiqamətlər və
perspektivlər çoxdur. Potensialın
artması isə əsasən uğurlarla bağlıdır.
Başqa şirkətlər də potensial layihələrə
sərmayə yatırmağa xəsislik etmirlər.
"Əsrin
müqaviləsi"nin
imzalandığı ilk illərdə gələcək
perspektiv üçün üzərimizə
götürdüyümüz öhdəliklərə əsasən
əməl etdik. Nəticədə həm neft
hasilatına, həm yeni yataqların işlənməsinə,
həm də çıxarılan xam neftin dünya bazarına
nəql edilməsinə nail olduq. Beləliklə
də, hazırda əsas hədəflərdən biri yaxın
gələcəkdə dünyada ölkəmizin qaz
ixracatçısı statusunu möhkəmləndirməkdir.
Bunun üçün yaxın 5 ildə
böyük işlər görüləcək. Yekunda
isə istəyimizə nail olacağımıza şübhəmiz
yoxdur.
Prezident İlham Əliyev gələcək planların
istiqamətlərindən biri ilə əlaqədar "Neft
emalı və neft kimyası kompleksinin inkişaf etdirilməsi"
ilə bağlı sərəncam imzalayıb. Qaradağda
neft və qaz emalı zavodları tikiləcək. Mövcud potensialdan səmərəli istifadə
olunması məqsədilə burada tam müasir texnologiyalarla
həm neftin, həm də qazın emalı
reallaşdırılacaq.
Təkcə
bir əsrə deyil, böyük gələcəyə
hesablanmış bu müqavilə Azərbaycan dövlətinə
və vətəndaşlarına çox şey verdi və biz ondan hələ çox bəhrələnəcəyik.
Prezident İlham Əliyevin dediyi kimi: "Son illərdə həyata
keçirilən neft strategiyası bu yolun düzgün
olduğunu bir daha sübut etdi. Amma bu heç də
o demək deyil ki, biz gələcəyimizi də yalnız
neftlə bağlamaq istəyirik. Neft faktoru
bizim üçün vasitədir. Müstəqilliyimizin
möhkəmləndirilməsi, iqtisadiyyatımızın
gücləndirilməsi istiqamətində bir vasitədir.
Yəni biz bu vasitədən istifadə edirik.
Neftin o vaxt qiyməti olur ki, neft hasil edilir, nəql edilir,
satılır və bundan gəlir əldə olunur. Yerin, suyun
altında istifadəsiz olan neftin heç bir qiyməti yoxdur.
Bəziləri deyirlər ki, o bizim milli sərvətimizdir,
ona dəyməyək, onu gələcək nəsillərə
saxlayaq. Bu çox yanlış, populist
fikirdir.
Yenə də deyirəm, neft bizim üçün vasitədir. Mən hesab
edirəm ki, biz bu vasitədən çox səmərəli
istifadə etdik. Azərbaycan artıq
dünyada tanındı. Ölkəmizə
milyardlarla dollardan artıq sərmayə gətirilib qoyuldu.
Azərbaycan öz iqtisadiyyatının neftlə
bağlı olan digər sektorlarının da xeyrini
götürdü, orada inkişaf müşahidə olundu.
Azərbaycanda infrastruktur, xidmət sektoru sahəsində
böyük irəliləyiş var. Minlərlə gənc vətəndaşımız
xarici ölkələrdə, yaxud da xarici ölkələrin
Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin
təşkil etdiyi kurslarda öz təhsilini təkmilləşdiribdir".
Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni, güclü infrastrukturu yaranacaq. Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcək. Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcək. Azərbaycannın böyük miqdarda yeni müəssisələri yaradılacaq və onlar xarici neft şirkətlərinə xidmət göstərəcək. Bank və sığorta biznesinin inkişafına böyük təkan veriləcək. Sivilizasiyalı cəmiyyətin qanunları çərçivəsində işləyəcək sahibkarların sanballı bir təbəqəsi formalaşacaq. Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaq. Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacaq. Azərbaycan neft satışından milyardlarla dollar götürəcəkdir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan verəcək.
Bütün bunların nəticəsində güclü iqtisadi potensial yaradılacaq və bu da ölkənin müstəqilliyini daha da möhkəmləndirəcək, nüfuzunu artıracaq.
Dövlət başçısı buna öz dərin inamını bildirmişdir: "Deyə bilərəm ki, Azərbaycanın neft gələcəyi çox parlaqdır. Hesab edirəm ki, respublikamız bundan əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyyatımızın bütün sektorları inkişaf edəcəkdir".
Natiq
ƏLİYEV,
Azərbaycan
Respublikasının energetika naziri
Azərbaycan.-2014.- 20 sentyabr.- S. 6.