Aleksis Şaxtaxtinski:
Azərbaycanın dini
tolerantlıq təcrübəsi dünyaya yayılmalıdır
Sentyabrın
19-da Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in
Bakı layihə əlaqələndiricisi, səfir Aleksis
Şaxtaxtinski ilə görüşüb.
Milli
Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, səfir ATƏT Parlament Assambleyasının bu yay Bakıda
keçirilən 23-cü illik sessiyasının yüksək
səviyyədə təşkilinə və uğurla başa
çatmasına görə Milli Məclisə təşəkkürünü
bildirib. O, təmsil etdiyi qurumun yeni əməkdaşlarını
təqdim edib, ATƏT missiyasının
planlaşdırdığı layihələrdən söhbət
açıb. A.Şaxtaxtinski məlumat verib ki, dini
tolerantlığın təşviqi ilə bağlı
hazırladıqları layihə Azərbaycanın Xarici
İşlər Nazirliyində təsdiq olunub. Bu il noyabrın
17-də Bakıda həmin mövzuda konfrans keçiriləcək.
Dünyanın bir sıra ölkələrindən din xadimlərinin,
tanınmış alimlərin, siyasətçilərin, Avropa
Şurası və UNESCO kimi nüfuzlu beynəlxalq
qurumların nümayəndələrinin, universitetlərin və
vətəndaş cəmiyyəti təmsilçilərinin dəvət
olunacağı tədbirin məqsədi Azərbaycanın dini
tolerantlıq məskəni olmasını və bu sahədəki
müsbət təcrübəsini dünyaya yaymaqdır.
A.Şahtaxtinski
deyib ki, son dövrlər durmadan radikallaşan dünyada
xalqları və millətləri, dövlətləri bir-birinə
qarşı qoyan müxtəlif meyillərin güclənməsi
müşahidə olunur. Bu baxımdan müsəlman ölkəsi
olan Azərbaycanda tolerantlığın çox yüksək
səviyyədə olduğunu göstərmək, ATƏT
regionundakı qonşu ölkələrdə dini
tolerantlığın vəziyyətinə nəzər salmaq,
müqayisəli təhlillər aparmaq vacib və
faydalıdır. Beynəlxalq miqyasda terrorizmin
qarşısının alınması üçün
bütün dünya dözümsüzlüyə, zərərli
meyillərə qarşı mübarizədə səylərini
birləşdirməlidir.
ATƏT-in
Bakı layihə əlaqələndiricisi dini
tolerantlığın təşviqinə dair konfransın
yüksək səviyyədə keçirilməsi
üçün Milli Məclisin hərtərəfli dəstəyinə
ehtiyac duyduqlarını bildirib. O, həmçinin
konfransın proqramının layihəsi barədə məlumat
verib və təşkilati işlərlə bağlı məsləhətləşmələr
aparıb.
Bahar Muradova ölkəmizdə yeni mandatla fəaliyyətə başlamış ATƏT missiyasının ümumi məsələlərdən uzaqlaşaraq konkret, nəticə verən işlər görməsinin razılıqla qarşılandığını bildirib. B.Muradova bu formatda əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyinə inandığını söyləyib.
Milli Məclis sədrinin müavini dünyada gedən proseslərə toxunaraq qeyd edib ki, hər hansı problemin nəticələrindənsə onun səbəbləri və əlamətləri ilə mübarizə aparmaq daha səmərəlidir.
Görüşdə səslənmiş təkliflərə
münasibətini bildirən B.Muradova bildirib ki, dini
tolerantlığın təşviqinə dair
layihəni dəstəkləyir. O deyib ki, Azərbaycan bu sahədə
malik olduğu üstün cəhətləri, mövcud təcrübəsini
bölüşməyə, mövqeyini
ifadə etməyə hazırdır. B.Muradova
əminliklə qeyd edib
ki, Milli Məclis
ATƏT missiyasının Bakı təmsilçilərinə
köməyini əsirgəməyəcək.
Azərbaycan.-2014.- 20 sentyabr.- S. 8.