Bakıda “Əsrin müqaviləsi”nin 20
illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin
qoyulmasına həsr olunmuş təntənəli mərasim
keçirilib
Sentyabrın
20-də Bakıda, Heydər Əliyev Mərkəzində
“Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz
dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli
mərasim keçirilib.
Mərasimdən əvvəl Prezident İlham Əliyev, dövlət və hökumət başçıları, digər qonaqlar birgə foto çəkdirdilər.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür - “Cənub” qaz dəhlizinin təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
İyirmi sentyabr ölkəmiz üçün tarixi bir gündür. İyirmi il bundan əvvəl - 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. O, tarixi bir hadisə idi. Çünki gənc, müstəqil Azərbaycan dünyada o qədər də tanınan ölkə deyildi. Azərbaycan çox böyük problemlərlə üzləşmişdi. Erməni işğalı, vətəndaş müharibəsi, iqtisadi və siyasi böhran - bütün bu amillər ölkəmizin inkişafına böyük problemlər yaradırdı, böyük maneə idi.
Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan bu Mərkəzdə Prezident Heydər Əliyevin fəaliyyətini bir daha yüksək qiymətləndiririk. Məhz onun uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində “Əsrin kontraktı” imzalanmışdır. Beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmışdır. Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır. Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “Əsrin kontraktı”ndan başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. İlk dəfə olaraq o illərdə Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi. Bu da tarixi nailiyyətdir. Deyə bilərəm ki, 1994-cü ildən başlayaraq bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli mərhələ olmuşdur. Onların bir neçəsini mən indi sadalamaq istəyirəm. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması, 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması. O da çox önəmli hadisə idi. Çünki bu gün “Cənub” qaz dəhlizinin resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.
1999–cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Bu da yeni bir ixrac marşrutu idi. 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. O kəmər ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. O, bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də bir ixrac boru kəməri kimi fəaliyyət göstərir. Ondan sonra 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır.
Bu kəmərin yeni xəttinin tikintisi əslində bu gün başlayır. Azərbaycan artıq “Cənub” qaz dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir. Ondan sonrakı dövr ərzində biz böyük layihə üzərində işləyirdik. Bildiyiniz kimi, bir neçə variant var idi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir. TANAP layihəsi və onun həyata keçirilməsi tarixi hadisədir. Məhz TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlamışdır. 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni, bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub” qaz dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.
Bir sözlə, son illər ərzində Azərbaycan öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparır. Yəni, bugünkü mərasim sadəcə olaraq görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub ”qaz dəhlizindən söhbət belə gedə bilməzdi. Hazırda layihə tam hazırdır. Bu gün dəhlizin tikintisi başlayır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək, əlaqələndirmə yüksək səviyyədə olmalıdır.
Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Baxmayaraq ki, son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu layihə bizim üçün yeni imkanlar açır. Son 10 il ərzində bizim ümumi daxili məhsulumuz 3 dəfədən çox, büdcə xərcləri 20 dəfə artmışdır. Xarici dövlət borcu ümumi daxili məhsulumuzun cəmi səkkiz faizini təşkil edir. İşsizlik 5 faizə düşmüşdür, yoxsulluq 5 faizdən bir qədər çoxdur. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. Bu, bizim üçün çox böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir.
Neft-qaz resurslarımız sadəcə olaraq bizim üçün əlavə bir imkandır, dəstəkdir. Bu, bizə imkan verir ki, öz investisiyalarımızı bu layihələrə qoyaq. TANAP layihəsində Azərbaycan əsas səhmdardır və əsas maliyyə yükünü Azərbaycan öz üzərinə götürəcəkdir. “Şahdəniz”də, TAP-da və digər layihələrdə Azərbaycan öz payını özü maliyyələşdirir və beləliklə, vaxtilə əldə olunmuş iqtisadi mənfəət bu gün bizim ümumi maraqlarımıza xidmət edir.
Bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. Tranzit ölkələri, onlar, eyni zamanda, istehlakçı ölkələrdir. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Təsadüfi deyil ki, üç il bundan əvvəl Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə qoyur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq.
Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik. “Şahdəniz” qaz yatağı əsas resurs mənbəyidir. Ancaq Azərbaycanın qaz ehtiyatları daha da böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir.
Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var. Avropa o mənbələrdən qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır. Enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti əminəm ki, uğur gətirəcək. Çünki bu işlərdə çox ciddi əlaqələndirmə aparılmalıdır. Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır.
Mən hesab edirəm ki, bu gün bu sahədə - neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun!
X X X
Bolqarıstan
Respublikasının Prezidenti Rosen PLEVNELİEV
çıxış edərək dedi:
- Zati-aliləri.
Xanımlar
və cənablar.
Əziz
dostlar.
Cənab
Prezidentə və Azərbaycan xalqına minnətdarlığımı
bildirmək istəyirəm ki, bizi də bu tarixi layihənin
iştirakçısına çeviriblər. Beş il bundan əvvəl
Avropaya bir daha xatırladılmışdır ki, bizim ən həssas,
zəif yerimiz haradadır. Bu da enerjidən
asılılıqdır. Bolqarıstan bu baxımdan ən zərər
çəkmiş ölkə olmuşdur. 2009-cu ilin qaz
böhranından söhbət gedir. Bizim ölkə bir kəmərdən
asılı idi və heç bir alternativimiz yox idi.
Bolqarıstan iqtisadiyyatı ayda yüzlərlə milyon avro zərər
çəkirdi. Alternativ mənbələrin təmin edilməsi
bizim üçün milli maraq əhəmiyyətli məsələ
və enerjinin şaxələndirilməsi başlıca
prioritet idi.
Ukraynada
baş vermiş böhran bir daha onu nümayiş etdirdi ki,
Avropa nə dərəcə qazdan asılıdır və bu,
bizim Avropa İttifaqının gündəliyinin ən
başlıca məsələsinə çevrilib və burada
müdrik siyasətin nə dərəcədə əhəmiyyətli
olduğu vurğulanıb. “Cənub” qaz dəhlizi bu illər ərzində
yaşanmış asılılığın sonu olacaq. Bizim
regionu və daha geniş məkanı - Avropanı
asılılıqdan azad edəcək. Burada rəqabətlilik,
bazarların azad olması və ədalətli qiymətlərin
təklif edilməsi baxımından da irəliləyiş
olacaq. Türkiyə-Bolqarıstan, Yunanıstan-Bolqarıstan əlaqələndirici
kəmərlər də “Cənub” qaz dəhlizinin əhəmiyyətli
tərkib hissəsi olacaq. Bu, Bolqarıstanı da, Rumıniya,
Serbiya və digər ölkələri də qazla təmin edəcək.
Bu birləşdirici kəmərlər gələcəkdə
Bolqarıstanın qaz anbarlarının genişləndirilməsinə
xidmət edəcək, bizi regionumuzda bir növ qaz
qovşağına çevirəcək.
Bu səbəbdən
Bolqarıstan bu layihələrin - Türkiyə, Yunanıstan,
Serbiya və Rumıniya ilə birləşdirici kəmərlərin
inşasına sadiqdir. Tezliklə bu layihələr həyata
keçəcək və 2016-cı ilə qədər biz
Yunanıstan ilə birləşdirici kəmərin
inşasını başa çatdıracağıq. Burada
bütün zəruri maliyyə resursları cəlb edilib. Biz
türkiyəli həmkarlarımızla
çalışırıq ki, Türkiyə ilə
Bolqarıstanı birləşdirən kəmər ən
qısa vaxtda inşa edilsin.
Cənab
Prezident, Azərbaycan bütün dövrlərdə çox
etibarlı və dəyərli tərəfdaş olub. Sizə
buna görə təşəkkür edirəm ki,
“Bolqarqazneft” şirkəti ilə ARDNŞ arasında
müvafiq saziş imzalanıb. Bu sazişə əsasən
2019-cu ildən Bolqarıstana ildə 1 milyard kubmetr qaz nəql
ediləcək. Biz, eyni zamanda, Azərbaycandan əlavə qaz həcmlərinin
alınması üçün əlimizdən gələni
edəcəyik. Biz fərəhlənirik ki, bu layihənin tərkib
hissəsiyik və buradan qaz alacağıq. Azərbaycan
qazını toplayaraq onu paylamaq nəticəsində tranzit
ölkəyə çevriləcəyik. Eyni zamanda, Azərbaycanın
xarici bazarlara çıxışını təmin edəcəyik.
Biz təbii ki, burada NABUCCO-nu unutmamalıyıq. Çünki
bu, NABUCCO layihəsinin digər komponentlərindən biridir.
Bu, “Cənub” qaz dəhlizinin ikinci fazası ola bilər.
Xanımlar
və cənablar, əziz dostlar. Avropaya yenidən heç bir
xəbərdarlıq lazım deyil, biz artıq dərslərimizi
öyrənmişik. Biz artıq real işə
başlamalıyıq.
Bu gün
tarixi bir addım atılır ki, Avropanın enerji təhlükəsizliyi
təmin edilsin. Bu, yalnız əlavə qaz kəmərinin, dəmir
yolu xətlərinin inşası deyil. Bu gün biz regional əməkdaşlığı
genişləndiririk. Bu gün biz bir araya gələrək sərmayə
yatırırıq, birlikdə inşaat işləri
aparırıq, şəbəkələrimizi,
iqtisadiyyatlarımızı birləşdiririk. Bir növ
nümunə göstəririk ki, sülh şəraitində
bir çox ölkələrin iştirakı ilə əməkdaşlıq
necə təmin edilə bilər. Burada hər bir tərəf
mənfəət əldə edir. Bu gün biz
xalqlarımızın istəyini, onların iradəsini,
arzularını həyata keçirdiyimizi nümayiş
etdiririk ki, regionumuzda dostluq və etibarlı tərəfdaşlıq
bərqərar olsun. Çox təşəkkür edirəm.
X X X
Gürcüstanın
Baş naziri İrakli QARİBAŞVİLİ
çıxış edərək dedi:
- Cənab
Prezident Əliyev.
Hörmətli
dövlət və hökumət başçıları.
Xanımlar
və cənablar, əziz dostlar.
Əvvəlcə
cənab Prezidenti bu tədbir - “Əsrin kontraktı”nın 20
illiyi münasibətilə təbrik etmək istərdim. Mənim
üçün burada olmaq böyük məmnunluq doğurur.
“Şahdəniz” qaz yatağının ikinci fazasının
inşasının başlaması ilə bağlı tədbirdə
iştirak etməkdən böyük şərəf duyuram və
cənab Prezident, Sizə təşəkkür edirəm ki, məni
buraya dəvət etmisiniz.
Sizin
vaxtınızı çox almayaraq əməkdaşlığımızın
müəyyən aspektləri ilə bağlı fikirlərimi
bölüşmək istərdim. Azərbaycan
Gürcüstanın ən yaxın dostlarından və tərəfdaşlarından
biridir. Enerji əməkdaşlığı burada müstəsna
əhəmiyyət kəsb edir. Birgə səylərimiz nəticəsində
biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi çox
mühüm layihələri icra etmişik. Bu gün tarixi qərarla
bağlı yeni planlar qurulur və həmin kəmərlərin
genişlənməsi qərarları verilir. Trans-Anadolu qaz kəmərinin
inşasına başlanılacaq. Beləliklə,
Gürcüstan ərazisindən Yunanıstan, Albaniya və
İtaliyaya qədər uzanacaq kəmər inşa ediləcək.
Bu, Avropanın enerji xəritəsini dəyişdirəcək,
– cənab Prezident bunu çox düzgün qeyd etdi, - Avropada
istehlakçılar üçün Xəzər dənizinin
neft və qaz ehtiyatlarına yeni imkanlar açacaq. Qara dəniz
və Xəzər dənizi hövzələrinin dövlətləri
üçün yeni imkanlar açılacaq. Biz mövcud
infrastrukturu - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Supsa layihələrini genişləndirərək
regional əməkdaşlığı və inkişafı təmin
edəcəyik. İqtisadi inkişafa mühüm töhfə
veriləcəkdir. Əlavə iş yerləri yaranacaqdır
və bununla da yoxsulluğun səviyyəsi azalmış
olacaqdır. Bunlar bizim üçün çox mühüm
layihələrdir. Ancaq onlar enerji sahəsində Avrasiya
regionunun nəhəng potensialının yalnız kiçik
bir hissəsidir. Bu səbəbdən də biz Trans-Xəzər
kəmər layihəsini dəstəkləyirik ki,
Qazaxıstan və Türkmənistandan olan təbii qaz
ehtiyatları Avropaya nəql edilə bilsin.
Onu da əlavə
etmək istərdim ki, Azərbaycan və Türkiyə ilə
birlikdə biz daha bir mühüm layihə üzərində
çalışırıq - Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsi. Bu, çox ümidverici bir layihədir. Geniş əhatə
sahəsinə malik olan bir layihədir. Əminik ki, bizim
üçtərəfli əməkdaşlığımız
Əfqanıstanla bağlı bütün təşəbbüslərdə
öz rolunu oynayacaqdır. Buraya Türkmənistanı da əlavə
etmək olar. Nəqliyyat sahəsindəki bu inkişaf həm
qlobal ticarətin liberallaşmasına, eyni zamanda, davamlı tərəqqinin
təmin olunmasına xidmət edəcək. Ticarətin
liberallaşması məsələsində dəmir yolu nəqliyyatı
infrastrukturunun, körpülərinin və nəzarət-keçid
məntəqələrinin inşası mühüm əhəmiyyət
kəsb edir.
Vahid milli
gömrük sistemlərinin inteqrasiyası çox vacib bir məsələdir.
Bununla biz regional qonşularımızı bürokratik maneələrdən
azad edərək beynəlxalq təsisatlara inteqrasiya etmiş
olacağıq. Türkiyə, Gürcüstan və Azərbaycan
arasında gömrük sahəsində olan əməkdaşlıq
bunun bariz nümunəsidir. Gürcüstan bu prosesi qəti
şəkildə dəstəkləyir. Bununla biz qlobal bazarlara
inteqrasiya edirik. Bu, bizim ölkələrimiz üçün
prioritet məsələdir. Qonşu dövlətlər
üçün azad ticarət çox nəhəng bir
töhfə olacaq. Bu baxımdan Avropa İttifaqı ilə
azad ticarət sazişinin əhəmiyyətini digər
ölkələrə də şamil etmək istərdik.
Xanımlar
və cənablar, sonda onu da vurğulamaq istəyirəm ki, mənim
hökumətim, mənim dövlətim və mənim
xalqım əlindən gələni edəcək ki,
Gürcüstan gələcəkdə də etibarlı tranzit
ölkə və iqtisadi tərəfdaş olsun. Əminəm
ki, bu tarixi layihə istər regional, istərsə də qlobal
səviyyədə uğurlu olacaqdır. Diqqətinizə
görə çox sağ olun.
X X X
Yunanıstanın
Baş naziri Antonis SAMARAS çıxış edərək
dedi:
- Hörmətli
cənab Prezident.
Hörmətli
dövlət və hökumət başçıları, dəyərli
qonaqlar.
Bu gün
bu mərasimdə iştirak etmək mənim üçün
böyük şərəfdir. Həqiqətən də
tarixi bir hadisədir. “Cənub” qaz dəhlizi yalnız
infrastruktur layihəsi deyil, bu, gələcəyə olan bir
baxışdır və bu baxış artıq
reallığa çevrilir. Bu baxış nəticəsində
Avropa və Asiya birləşir. Enerji təminatı və
enerji təhlükəsizliyi baxımından bu, gələcək
illər ərzində müxtəlif dövlətlər və
xalqlar arasında davamlı əməkdaşlığı təmin
edəcək layihədir. Bu, nümunəvi bir əməkdaşlıq
modelidir. Burada rəqabət qabiliyyətli qiymətlər təklif
olunacaq. Əlavə inkişaf və ətraf mühitin
qorunması məsələləri də diqqətdə
saxlanılıb.
Yunanıstan
ilk gündən bu layihəni dəstəkləyən ölkə
olmuşdur. Yunanıstan elə bir ölkədir ki, həmin kəmər
bizim ərazimizdən keçəcəkdir. TAP və TANAP
layihələri “Cənub” qaz dəhlizinin tərkib hissələridir.
Bu, Türkiyədən Yunanıstana keçərək 543
kilometr boyu ölkəmizin ərazisindən keçəcəkdir
və daha sonra Makedoniya və Albaniyaya çatacaqdır.
Bizim
ölkədə bildiyiniz kimi, çətin vaxtlar
yaşanılır. Buna baxmayaraq, Yunanıstan əlindən gələni
edir ki, bu layihənin həyata keçirilməsi vaxtında və
keyfiyyətlə icra olunsun. Biz ətraf mühitə dəyə
biləcək zərərlə bağlı dəyərləndirmə
sənədini imzaladıq. Bununla da artıq tikinti prosesinə
başlayacağıq. Bu, mənim hökumətimin prioritet
mövzusudur.
Nazir
Maniatis ilə bərabər biz bunu diqqət mərkəzində
saxlayacağıq. Bu, o deməkdir ki, “Cənub” qaz dəhlizi məhdud
layihə deyil. Çünki bu dəhlizi TAP layihəsi gələcəkdə
digər şəbəkələrlə birləşdirə
bilər. Təbii ki, bu fikirlərin həyata keçirilməsi
üçün yekun rəylər verilməlidir. Amma əminəm
ki, TAP layihəsi gələcəkdə daha geniş imkanlar
açacaq. Beləliklə, biz irəliyə baxsaq görərik
ki, Yunanıstan, Bolqarıstan birləşdirici kəmərləri
də inşa edilə bilər. Bir qədər əvvəl
Bolqarıstan Prezidenti bu barədə danışdı. Bu birləşdirici
kəmərlər, bu layihə vasitəsilə biz daha
şimala çata, Mərkəzi Avropanı əhatə edə
bilərik. Maye qaz təchizatı baxımından da
Yunanıstan Avropanın tələbatını ödəyə
bilər. Yunanıstanın layihədə iştirakı
ölkəmizin beynəlxalq arenada rolunu gücləndirəcək.
Yunanıstan Cənubi Avropa və kontinental Avropa
üçün bir qovşaq rolu oynaya biləcək. Təbii
ki, bu layihə TAP ilə məhdudlaşmır. Bunu diqqətinizə
çatdırmaq istəyirəm.
Ölkəmizdə
hazırda maye qaz terminallarının imkanları
artırılır. Biz bu imkanı 73 faiz artıracağıq
və 225 min kubmetrə çatdıracağıq. Bundan əlavə,
limanların infrastrukturu və ölkənin qazla təmin edilməsində
müvafiq işlər aparılır və gələcəkdə
kəmərlər də inşa edilə bilər. Artıq
bizim sahillərdə 20-dən çox saziş imzalanacaq.
Burada söhbət 20 müxtəlif blokdan gedir.
Çıxışımın
sonunda qeyd etmək istərdim ki, bundan böyük rəmzi əhəmiyyət
daşıyan layihə ola bilməz. Burada həm sahibkarlar, həm
digər iştirakçılar da bəhrə görəcək.
Bu əməkdaşlıq sərhədlər tanımır və
əminəm ki, bu layihə belə bir əməkdaşlığın
gözəl nümunəsi olacaq.
İllər
öncə enerji təminatı ölkələr arasında
münasibətləri pozan bir amil olub. Amma bu gün bu layihə
vasitəsilə biz enerji təminatı və təhlükəsizliyinin
uzunmüddətli və davamlı inkişafın təməlində
duran bir məsələ olduğunu görürük. Biz
yalnız kəmər inşa etmirik. Biz körpülər
inşa edirik. Bu körpülər xalqları və ölkələri
bir araya gətirir. Bu, həqiqətən də qlobal bir
baxışdır və bu, artıq bir reallığa
çevrilir.
Cənab
Prezident, məni dəvət etdiyinizə görə bir daha təşəkkür
edirəm.
X X X
Monteneqronun
Baş naziri Milo CUKANOVİÇ çıxış edərək
dedi:
- Cənab
Prezident Əliyev, Zati-aliləri.
Xanımlar
və cənablar.
Əvvəlcə
cənab Prezidentə və azərbaycanlı
dostlarımıza belə gözəl bir tədbirin təşkil
olunmasına və Monteneqronun bu tədbirə dəvət
edilməsinə görə təşəkkürümü
bildirirəm. “Cənub” qaz dəhlizinin tikintisinin
başlanılması istər “Əsrin müqaviləsi”, istərsə
də digər məsələlər baxımından
çox vacibdir. Bu dönəm ərzində Azərbaycan həqiqətən
də çox möhtəşəm inkişaf yolu keçib.
Enerji sahəsindəki dinamik dəyişikliklər həm
ölkədaxili, həm də qlobal səviyyədə
aydın hiss olunur.
Monteneqro
bu layihənin tərkib hissəsi olub. Tiranada imzalanan
Anlaşma Memorandumu və ondan sonra Bakıda təşkil
edilmiş konfrans nəticəsində biz bu layihədə
iştirakımızla bağlı qərar vermişik. Beləliklə,
TANAP və TAP layihələrinin reallığa çevrilməsinin
tərkib hissəsi olmuşuq. Adriatik hövzəsi ölkələri
- Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiyanı
birləşdirəcək kəmər çox əhəmiyyətli
bir məsələdir. Bizim və qonşularımız
üçün bu, yeni enerji imkanları açmaqdadır. Qərbi
Balkanlarda bu layihələrin əhəmiyyəti çox
böyükdür. İstənilən halda enerji məsələsi
milli maraqlarla məhdudlaşmır. Bu sahədə əməkdaşlıq
çox vacibdir və biz buna böyük əhəmiyyət
veririk.
Mənim
ölkəm Avropa İttifaqının enerji siyasətinə
sadiqdir. Bu baxımdan enerji təminatı, rəqabətli
enerji bazarının və davamlı enerji inkişafının
təmin edilməsi mühüm əhəmiyyətə
malikdir. Enerji təminatının şaxələndirilməsi
bu məqsədlərə nail olunması üçün
başlıca şərtlərdəndir. Regional yanaşma bu
layihələrin reallaşdırılmasının perspektivlərini
artırır. Qərbi Balkanlarla bağlı Berlin konfransında
da “Cənub” qaz layihəsi Avropa üçün ən əhəmiyyətli
bir layihə kimi vurğulanmışdır.
Monteneqro
üçün qazlaşdırma inkişafın yeni mərhələsi
olacaq. Bu, ölkəmizdə sərmayə üçün
münbit şərait və yeni iş yerləri, təbii ki,
Monteneqronun dəniz akvatoriyasında da neft və qaz hasilatı
üçün yeni imkanlar yaradacaq. Birgə səylərimiz
nəticəsində TANAP və TAP layihələri beynəlxalq
əməkdaşlıq baxımından Avropa enerji
strategiyasına uyğundur. Əminəm ki, biz ölkələrimiz
üçün yeni gələcək yaradırıq. Ölkələrimizə
və şirkətlərimizə uğurlar arzulayıram. Diqqətinizə
görə çox sağ olun.
X X X
Avropa
Komissiyasının sədri Joze Manuel BARROZUNUN videomüraciəti
göstərildi:
- Hörmətli
cənab Prezident Əliyev.
Baş
nazirlər, nazirlər, icraçı direktorlar.
Hörmətli
qonaqlar, xanımlar və cənablar.
Bugünkü
tədbir həm Azərbaycan üçün, həm də
Avropa İttifaqı ilə münasibətlər
baxımından tarixi hadisədir. Biz Azərbaycanın
inteqrasiyasını, xüsusilə Avropa ilə əlaqələrin
təməlində duran layihənin icrasını qeyd edirik.
İyirmi il bundan öncə bu gündə mərhum Prezident
Heydər Əliyev 11 şirkətdən ibarət konsorsiumla
hasilat pay bölgüsü üzrə tarixi müqavilə
imzalamışdır. Bunun həqiqətən də “Əsrin
müqaviləsi” adlandırılması tamamilə
düzgün olmuşdur. Prezidentin və iştirakçı
şirkətlərin gələcəyə baxışı
“Azəri-Çıraq-Günəşli” neft
yataqlarının istismarı və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin
inşası ilə nəticələndi. Bu gün Azərbaycan
Avropanın neft ixracatında mühüm rol oynayır. Eyni
zamanda, “Cənub” qaz dəhlizinin reallaşdırılması
ilə bağlı irəliləyişi də qeyd edirik.
Üç
il bundan əvvəl - 2011-ci ilin yanvarında mən və
Prezident İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə
bağlı Birgə Bəyannamə imzaladıq. O gündən
Avropa Komissiyası, tərəfdaş ölkələr və
şirkətlər bu planları reallaşdırmaq
üçün birgə çalışmışlar.
Bütün kəmərlərin inşasının başa
çatdırılması üçün əlavə 5 il tələb
olunacaq. Bu dəhliz başa çatdıqdan sonra Qafqazdan
Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən
keçərək 2000 kilometrlik məsafəni qət edəcək
və Xəzər dənizini Avropa İttifaqının mərkəzi
ilə birləşdirəcək. Lakin bu layihə yalnız kəmər
deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu,
sözün əsl mənasında, geostrateji bir layihə
olacaq. Bu münasibətlə Prezident Əliyevə, “Şahdəniz”
konsorsiumunun üzvlərinə, “Azəri-Çıraq-Günəşli”
yatağının və Bakı-Tbilisi-Ceyhan kəmərinin səhmdarlarına,
Azərbaycan ilə Avropa İttifaqı arasında
güclü əməkdaşlığın qurulmasında gələcəyə
baxışlara malik olan hər bir kəsə səmimi təbriklərimi
çatdırıram.
Siz bizim
birgə enerji təhlükəsizliyimizə töhfə verirsiniz.
Əminəm ki “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi
olacaq. Bu xüsusda layihənin hər mərhələsində
Prezident İlham Əliyevin rəhbərlik qabiliyyətini
vurğulamaq istərdim.
Azərbaycan
Avropa İttifaqına heç bir vaxt bu qədər yaxın
olmayıb. Onun iqtisadiyyatı Avropa bazarları ilə sıx
inteqrasiya olunub və bizim əlaqələrimiz daha geniş, təmaslarımız
isə daha fəaldır.
Bir daha
qeyd edim ki, Avropa İttifaqı müasirləşmə
islahatları ilə bağlı Azərbaycanın
bütün təşəbbüslərini dəstəkləyir
və müxtəlif sahələrdə daha da dərin
münasibətlər yaratmaq istəyir. Şübhə etmirəm
ki, bundan sonra da Avropa İttifaqı və xüsusilə Avropa
Komissiyası bu layihəni mənim və enerji məsələləri
üzrə komissar Günter Ottinger qədər dəstəkləyəcəkdir.
Şəxsən
mən artıq Avropa Komissiyasının sədri kimi deyil, Azərbaycanın
dostu qismində “Cənub” qaz dəhlizi ilə bağlı irəliləyişi
və ümumən münasibətlərin
inkişafını məmnuniyyətlə izləyəcəyəm.
Diqqətinə
görə sağ olun.
X X X
Türkiyənin
energetika və təbii sərvətlər naziri Taner YILDIZ
çıxış edərək dedi:
- Azərbaycanın
dövlət başçısı hörmətli Əliyev.
Dövlət
başçıları, hökumət
başçıları, nazirlər, dövlət və
özəl sektorun hörmətli təmsilçiləri, əziz
qonaqlar.
“Əsrin
müqaviləsi”nin 20-ci ildönümü və “Cənub” qaz
dəhlizinin təməlqoyma mərasimi ilə bağlı burada,
Azərbaycanda olmaqdan məmnunluq duyduğumuzu ifadə edərək
sözlərimə başlamaq istəyirəm.
Köklü
bağlarımızın olduğu Cənubi Qafqaz Türkiyə
baxımından vazkeçilməz əhəmiyyətdədir.
Şərq ilə Qərb, Şimal ilə Cənub
arasındakı ticarət, enerji və nəqliyyat dəhlizlərinə
əlavə olaraq mədəniyyətlərin
qarşılıqlı təsirini təmin edən və
bölgənin sülh, sabitlik və rifah qovşağına
çevrilməsi geniş Avrasiya coğrafiyası ilə
bağlı baxışımızın əsasını təşkil
edir.
Bu gün
təməlini qoyacağımız “Cənub” qaz dəhlizi
layihəsi yalnız bir enerji və ya nəqliyyat layihəsi
deyildir. “Əsrin müqaviləsi”ndən bəri qardaş Azərbaycan
ilə inkişaf etdirdiyimiz layihələr bütün ətraf
ölkə və bölgələrə sülh gətirmək
məqsədi daşıyan layihələrdir.
Bakı-Tbilisi-Ceyhan layihəsi ilə Qafqazı Aralıq dənizinə
bağladıq. Bakı-Tbilisi-Ərzurum layihəsi ilə
Qafqazı Anadoluya bağladıq. “Cənub” qaz dəhlizi layihəsi
və onun onurğa sütunu olan TANAP ilə Avropanı və
Qafqazı bir-birinə bağlayır və sanki bir sülh dəhlizi
açırıq. Bu, iki ölkənin ən azı 10 ildən
bu yana gecə-gündüz çalışaraq birlikdə
ortaya qoyduğu böyük bir hədəfin göstəricisidir.
Türkiyə Respublikasının Hökuməti olaraq, həm
Türkiyə Böyük Millət Məclisində hökumətlərarası
müqavilələrin və eyni zamanda, ev sahibliyi müqavilələrinin
təsdiqi də tamamlanmışdır.
İcazə
verin, açıq şəkildə söyləyim ki,
Türkiyə və Azərbaycanın tərəfdaşlarımızla
əməkdaşlıq şəraitində
reallaşdırdığı bu layihələr, bir az əvvəl
dediyim kimi, yalnız bölgəyə deyil, eyni zamanda,
geniş bir coğrafiyaya sülh və sabitlik gətirəcək
layihələrdir. Kaş ki, hər ölkə bu gün burada
olanlar kimi, bu layihələrin dəyərini anlaya və bu
xoşniyyətli səylərimizə ortaq ola biləydi.
Hörmətli
qonaqlar, son illərdə qlobal enerji sahəsində
genişmiqyaslı dəyişikliklər dünyanın enerji
xəritəsini dəyişdirir, enerji sahəsində yeni
aktorların ortaya çıxmasına səhnə olur, yeni
texnologiyalar ortaya çıxır və sözün
qısası, enerji arenasında böyük dəyişikliklər
yaradan bir çox proseslər meydana gəlir. Digər tərəfdən,
təhlükəsizliyin, rifahın və sülhün
mübahisə mövzusu olmadığı bir şəraitdə
qarşılıqlı maraqların qorunduğu beynəlxalq əməkdaşlıq
və həmrəylik indiyədək olmadığı qədər
əhəmiyyət kəsb edir.
Bu dəyişikliklərə
paralel olaraq, enerji təhlükəsizliyi xarici siyasət, milli
təhlükəsizlik, iqtisadi və davamlı inkişaf kimi
anlayışlarla əlaqələndirilməyə
başlanmışdır. Bu mənada enerji təhlükəsizliyi
mövzusu qlobal gündəmin üst sıralarına
çıxır və hazırkı müzakirələrin əsas
mövzularından birini təşkil edir. Türkiyə olaraq,
müsbət mövqeyimizi davam etdirəcəyik. Türkiyə
olaraq, enerji təhlükəsizliyinin təmin edilməsində
istehsalçı, tranzit və istehlakçı ölkələr
arasındakı sıx əməkdaşlığı və
dialoqu inkişaf etdirməyə davam edəcəyik. Bu
baxışımıza əsaslanaraq dost və qardaş
ölkələr - Azərbaycan və Gürcüstan ilə
birlikdə bütün bu ölkələrin Şərq-Qərb
enerji dəhlizini reallaşdırırıq.
Böyük
dövlət xadimi mərhum Heydər Əliyev “Azəri-Çıraq-Günəşli”
yataqlarının TPAO-nun da daxil olduğu beynəlxalq bir
konsorsium vasitəsilə işlənməsinə imkan yaradan
“Əsrin müqaviləsi”nin 1994-ci ildə imzalanmasına nail
olmuşdu. Beləliklə, Bakı-Tbilisi-Ceyhan əsas neft boru
kəmərinin həyata keçməsinə rəhbərlik
etmiş oldu. Bu münasibətlə hörmətli Heydər
Əliyevi rəhmətlə yad edirik.
Bakı-Tbilisi-Ceyhan
əsas neft boru kəməri ilə birlikdə bu günə qədər
2 milyard bareldən çox neftin nəqli reallaşıb.
Şərq-Qərb enerji dəhlizinin ikinci
qovşağını təşkil edən
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə də 2007-ci
ildən bu yana təbii qaz axını davam etməkdədir.
Bu gün
isə ortaq hədəfimiz başda Xəzər və sonra
Yaxın Şərq təbii qaz qaynaqlarının Qərbə
daşınması və bir az əvvəl hörmətli
Barrozunun da dediyi kimi, Avropa İttifaqının üzvü
olan ölkələrin təbii qaz probleminin həllinə
töhfə vermək baxımından bu işlərin daha da
inkişaf etdirilməsidir. Bu qaz 2018-ci ilin sonunda Türkiyə,
2019-cu ildə də Avropaya, inşallah, axacaq.
Bu dəhlizin
onurğa sütununu meydana gətirən layihələrdən
biri də təbii ki, TANAP-dır. TANAP layihəsi
baxımından böyük əhəmiyyət daşıyan
bir məsələ də “Şahdəniz-2” yekun investisiya qərarına
dair müqavilənin ötən il dekabrın 17-də məhz
bu salonda imzalanmasıdır. Bu məsələdə BOTAŞ
TANAP layihəsində 30 faizlik paya, TPAO isə istər
“Şahdəniz” yatağında, istərsə də “Cənubi
Qafqaz” boru xəttindəki hissəsini 19 faizə
çatdırmışdır və ikinci böyük ortaq
olmuşdur. Məlum olduğu kimi, TANAP ilk mərhələdə
“Şahdəniz” yatağının işlənilməsi ilə
birlikdə hərəkətə keçəcək, amma, eyni
zamanda, şərqindəki qaynaqların da bərabər
işlənilməsi ilə birlikdə bu, daha da böyük
uğur qazanacaqdır.
Daha
sonrakı mərhələlərdə müxtəlif əlavə
qaynaqların da bu boru xəttinə daxil olacağına
ümid edirik. Yalnız ticarət investisiyası kimi dəyərləndirmədiyimiz
TANAP layihəsinin Türkiyə ilə Azərbaycan arasında
olduğu qədər Avropa ölkələri ilə də
uzun illər davam edəcək güclü, sağlam və təbii
əlaqələr yaradacaq bir vasitə olduğuna
inanırıq.
Bu
münasibətlə hörmətli Prezident İlham Əliyevə,
bu layihənin reallaşmasında zəhməti olan
bütün təşkilatlara, dövlət və özəl
sektora təqdir və təşəkkürlərimi bildirirəm.
Hamınızı
hörmətlə salamlayıram.
X X X
Norveçin
Azərbaycandakı səfiri Bard İvar Svendsen
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident, Zati-aliləri.
Xanımlar
və cənablar.
Norveç
Krallığının Baş naziri Erna Solberqin məktubunu
diqqətinizə təqdim edirəm:
“Bu
gün, Azərbaycan üçün mühüm, əhəmiyyətli
bir gündə Sizi salamlayıram. 1994-cü ildə
imzalanmış kontrakt Azərbaycanın tarixində
dönüş nöqtəsi oldu. Beynəlxalq şirkətləri
və sərmayəçiləri Azərbaycana dəvət
etməklə “Azəri-Çıraq-Günəşli” neft
yatağı beynəlxalq bazarlar üçün
açıldı və ölkənin firavanlığı,
beynəlxalq bazarlara inteqrasiyası təmin edildi. 1994-cü
ildə, eyni zamanda, ticari əlaqələr başlandı.
Norveçin “Statoil” şirkəti ölkəyə dəvət
edildi. 20 ildən sonra Norveç ilə Azərbaycan enerji sahəsində
daha yaxın tərəfdaş olublar. Bu, istər Norveç,
istərsə də Azərbaycan üçün böyük
mənfəətlər verib və bizim müvafiq şirkətlər
də bundan bəhrələniblər. Ümid edirəm ki, əlaqələrimiz
gələcəkdə də davam edəcəkdir.
Bugünkü
gün yalnız tarix deyil, eyni zamanda, bu, gələcəyə
bir baxışdır. “Cənub” qaz dəhlizinin təməlqoyma
mərasimi ilə münasibətlərimizin yeni mərhələsi,
eyni zamanda, Azərbaycan və tərəfdaşlar
üçün yeni mərhələ başlanır.
Bu gün
enerji və təhlükəsizlik bir-biri ilə sıx
bağlı məsələdir. Norveç “Cənub” qaz dəhlizi
layihəsini dəstəkləyir və bu baxımdan enerji təhlükəsizliyi
məsələsinə onun verəcəyi töhfəni alqışlayır.
Azərbaycan və Norveç Avropa bazarı üçün
etibarlı tərəfdaşlardır.
Cənab
Prezident, xahiş edirəm “Əsrin müqaviləsi”nin 20
illiyi ilə bağlı təbriklərimi qəbul edəsiniz.
Sizə gələcək uğurlar arzulayıram.
Xanım
Erna Solberq
Norveç
Krallığının Baş naziri”
X X X
Albaniya
Respublikasının energetika naziri Damian GİKNURİ
çıxış edərək dedi:
- Hörmətli
cənab Prezident, zati-aliləri.
Xanımlar
və cənablar.
Burada
olmağımdan böyük məmnunluq duyuram. Bu, çox
mühüm və Avropanın enerji xəritəsini dəyişdirəcək
bir tədbirdir. Bu layihə mənim ölkəm
üçün çox vacib bir layihədir. Nəyə
görə? Çünki Avropa etibarlı və alternativ
enerji mənbəyi ilə təmin edilir. Bu, Avropa
İttifaqının gələcəyi üçün
vacibdir, onun təhlükəsizliyi üçün
mühüm əhəmiyyət kəsb edir. Çünki
alternativsiz qitənin gələcəyi təmin edilə bilməz.
Bu, eyni
zamanda, müxtəlif ölkələr arasında əməkdaşlığı
təmin edir. Vaxtilə münaqişədə olan ölkələr
– Albaniya, Monteneqro bu gün bir yerdə
çalışırlar və Azərbaycandan gələn kəməri
digər kəmərlərlə birləşdirmək üçün
əllərindən gələni edirlər. Eyni zamanda, bunun həm
mənim ölkəm, həm Cənub-Şərqi Avropanın
digər dövlətləri üçün böyük
iqtisadi təsiri olacaqdır.
Bu, bizim
üçün çox əhəmiyyətli bir layihədir.
Bu, Albaniyaya böyük həcmdə qaz verəcəkdir.
Əvvəllər bizim çox məhdud imkanlarımız var
idi və zənnimcə, bu, istər iqtisadi inkişaf, istərsə
də təhlükəsizlik baxımından çox
böyük töhfə olacaqdır. Biz hazırda master-plan
üzərində çalışırıq. Dost Azərbaycana
və ARDNŞ-ə təşəkkürümüzü
bildiririk ki, bu imkanları Albaniya üçün
yaratmaqdadır.
Eyni
zamanda, əminəm ki, bu layihə Albaniyanı və Cənub-Şərqi
Avropanı enerji xəritəsi üzərinə qoyacaqdır.
Çünki biz artıq enerji qovşağına çevriləcəyik.
Bizim hökumətimiz bunu prioritet məsələ kimi müəyyən
edib. Əlimizdən gələni edirik. Hökumət daxilində
müvafiq komanda yaradılmışdır ki, TAP-ın
mümkün qədər sürətlə həyata
keçirilməsini təmin edəcək.
Təəssüflər
olsun ki, Roma papasının səfəri ilə bağlı
Baş nazirimiz burada ola bilmədi. Amma bu, layihəyə
verdiyimiz əhəmiyyəti heç də azaltmır. Bu,
bizim üçün, Avropa üçün, Azərbaycan
üçün çox mühüm layihədir. Sizə
qarşıdakı illərdə uğurlar və uğurlu əməkdaşlıq
arzulayıram.
X X X
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının ticarət və investisiyalar üzrə
dövlət naziri Lord LİVİNQSTON çıxış
edərək dedi:
- Cənab
Prezident, Zati-aliləri.
Hörmətli
dövlət və hökumət başçıları,
qonaqlar.
Artıq
məşhur olan “Əsrin müqaviləsi”nin
imzalanmasının ildönümü ilə əlaqədar
Britaniya hökuməti adından Prezident İlham Əliyevi və
Azərbaycan xalqını təbrik edirəm. Dəvətə
görə təşəkkür edirəm və icazənizlə
bir neçə kəlmə söyləmək istərdim.
Çox
şadam ki, bu gün qarşınızda məhz britaniyalı
memar Zaha Hadidin müəllifi olduğu möhtəşəm
Heydər Əliyev Mərkəzinin səhnəsindən
çıxış edirəm. Con Pol Getti dediyi kimi, uğuru
şərtləndirən üç amil bunlardır: erkən
oyanmaq, gecəyə qədər çalışmaq və
neft tapmaq. Bunu Azərbaycanın uğuru haqqında da demək
olar. Lakin buraya müdrik rəhbərlik amilini əlavə etmək
çox vacibdir. Ölkəniz gərgin əməyi və
enerji ehtiyatları sayəsində Avropa və dünya
iqtisadiyyatında mühüm rol oynayır. Böyük
Britaniya bu uğurun tərkib hissəsi olmaqdan qürur duyur.
“Azəri-Çıraq-Günəşli”
yataqlarının operatoru olan bp ARDNŞ ilə birlikdə
dünyanın dənizdəki ən nəhəng neft komplekslərindən
birini və Azərbaycanın iqtisadiyyatına töhfə verən
ən iri müəssisəni yaradıb.
Xanımlar
və cənablar, “Azəri-Çıraq-Günəşli” Azərbaycanda
enerji inkişafının təntənəsidir. bp və
Böyük Britaniya hökumətinin Azərbaycan ilə əməkdaşlığı
bu layihələrlə məhdudlaşmır və biz gələcək
layihələr də gözləyirik. Bu mənada mən fəxr
edirəm ki, biz yalnız “Azəri-Çıraq-Günəşli”nin
20 ilini deyil, 20 illik möhkəm Britaniya-Azərbaycan
münasibətlərini qeyd edirik və bu layihə əməkdaşlığımızın
təməlində durub. İyirmi il əvvəl Bakıda və
Londonda səfirliklərimiz açıldı və o vaxtdan bu
günə qədər münasibətlərimiz sürətlə
inkişaf edib. Bizim davamlı ticarət əlaqələrimiz
güclü ikitərəfli münasibətlərin özəyini
təşkil edib və bu istiqamətdə münasibətlər
davam etməkdədir.
Britaniya
şirkətləri ölkənizdə birbaşa xarici sərmayənin
ən böyük mənbəyidir. Neft və qaz sahəsi
daxil olmaqla 500-dən artıq Britaniya şirkəti burada
çalışır və gələcəkdə bu rəqəmi
artırmaq niyyətindəyik. Təbii ki, Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi və
infrastrukturun yaxşılaşdırılması
üçün enerjidən başqa, digər sahələrə
də sərmayə qoyur. Britaniya bu işlərdə Azərbaycana
yardım etməyə hazırdır. Məsələn, Azərbaycan
yüksək texnologiyalar sahəsində böyük potensiala
malikdir və mən böyük məmnuniyyətlə iyun
ayında Londonda nazir Əli Abbasovun rəhbərlik etdiyi
texnologiya şirkətlərindən ibarət olan heyəti qəbul
etdim.
Azərbaycan
hökumətinin sənaye üçün münbit biznes
mühitinin yaradılması ilə bağlı qətiyyəti
uğurumuzu şərtləndirən amil olub. Uğurun digər
elementi isə insan kapitalının inkişafıdır. Gələcəyə
baxdıqda biz “Şahdəniz” yatağının
istismarını və “Cənub” qaz dəhlizinin
inşasını alqışlayır və bu işi tamamilə
dəstəkləyirik. Həqiqətən də “Cənub” qaz
dəhlizi Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində
mühüm rol oynayacaq və bununla da qitənin enerji təhlükəsizliyini
artıracaq. Onun tikintisi dünyada ən iri və ən
mürəkkəb infrastruktur layihəsi olacaq. Lakin onun əhəmiyyətini
qiymətləndirməyə bilmərik. Tikinti zamanı və
təhvil verildikdən sonra belə bu dəhliz marşrut
üzrə bütün ölkələr üçün
çox faydalı olacaq.
Bu gün
qeyd edə biləcəyimiz nailiyyətlər çoxdur. Ancaq
bundan sonra da birlikdə daha böyük işlər görə
bilərik. Sonda bir daha bütün iştirakçılara
uğurlar arzu edirəm. Onlara və Azərbaycana uğurlar və
firavanlıq diləyirəm.
X X X
İtaliya
Respublikasının iqtisadi inkişaf nazirinin müavini Klaudio
de VİNSENTİ çıxış edərək dedi:
- Zati-aliləri,
cənab Prezident İlham Əliyev.
Xanımlar
və cənablar.
Mən
çox məmnunam ki, bu gün “Əsrin müqaviləsi”nin
20 illiyinə həsr edilmiş bu mötəbər mərasimdə
iştirak edirəm. Mənim üçün böyük
şərəfdir ki, bu gün bu mühüm məqamda Sizinlə
bir yerdəyəm. Bu, enerji sərvətlərinin hasilatı
baxımından çox əhəmiyyətli bir tədbirdir.
Bu, 20 il ərzində həyata keçirilmiş əməkdaşlığın
təntənəsidir. Burada Azərbaycanın bir sıra neft
şirkətləri ilə 1994-cü ildə
imzaladığı “Əsrin müqaviləsi”ndən söhbət
gedir. Bu müqavilə həm Azərbaycanın beynəlxalq əməkdaşlıq
baxımından inkişafını təmin edib, eyni zamanda,
ölkəyə külli miqdara xarici sərmayə cəlb
edib. Bu baxımdan “Cənub” qaz dəhlizi heç şübhəsiz
ki, “Əsrin müqaviləsi”nin qaz baxımından təkamülü
olub.
Bu
fürsətdən istifadə edərək ölkəmizin
oynadığı rolu vurğulamaq istəyirəm. İlk
gündən İtaliya TAP layihəsini dəstəkləyib və
onun həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığı
təşviq edib. Çox şadam ki, bu gün rəsmi olaraq
elan edə bilərəm: İtaliya hökuməti TAP layihəsinə
razılığını verib və 2015-ci ildə bu layihə
reallaşacaq. İtaliya hökuməti qərar qəbul edib
ki, TAP layihəsi bizim ölkənin inkişafı
üçün beş prioritet layihə
sırasındadır. Bununla da əminəm ki, icra ilə
bağlı bütün tədbirlər uğurla həyata
keçiriləcək.
Zənnimcə,
TAP layihəsinin Avropa və İtaliya üçün qaz nəqlinin
şaxələndirilməsi baxımından çox
mühüm əhəmiyyəti var. Bu, bizim enerji
strategiyamızın tərkib hissəsidir. Bu, bizə imkan verəcək
ki, xüsusilə neft sahəsində təhlükəsizliyi və
etibarlılığı təmin edək. Bu səbəbdən
də Avropa ölkəsi olan İtaliya hökuməti TAP layihəsinin
həyata keçirilməsinə öz sadiqliyini
vurğulayır. Çünki şaxələndirmə və
yeni tranzit marşrutları bizim enerji təhlükəsizliyimiz
baxımından çox vacib bir məsələdir. Bu, ötən
ilin iyun ayında da Avropa İttifaqının Şurası tərəfindən
vurğulanıb.
Bundan əlavə
bu, təkcə Cənubi Avropanın enerji şaxələndirilməsinə
xidmət etməyəcək. Burada Balkan regionlarının
enerji təhlükəsizliyi təmin ediləcək.
Xüsusilə də digər qonşu ölkələr də
bu layihəyə qoşularaq TAP layihəsinin əhəmiyyətini
daha da artıracaq və Balkan regionunda olan dövlətlərə
müvafiq mənfəət verəcək. Bununla bağlı
Monteneqronun Baş naziri artıq öz fikirlərini söylədi.
Vurğulamaq
istərdim ki, Avropa İttifaqı Komissiyası tərəfindən
TAP layihəsi də vahid maraq kəsb edən layihələr
sırasına daxil edilib. Bununla da müvafiq lisenziyaların
verilməsi ilə bağlı proses sürətləndiriləcək
və müvafiq maliyyə dəstəyi göstəriləcək.
Dediyim kimi, İtaliya TAP layihəsinin həyata keçirilməsində
öz texniki təcrübəsini təqdim etməyə
hazırdır ki, bu təcrübə nəticəsində
işlər sürətlə və keyfiyyətlə
görülə bilsin.
Sonda cənab
Prezident, xanımlar və cənablar, bir daha vurğulamaq istərdim
ki, bu gün mənim burada iştirakım İtaliya hökumətinin
bu strateji layihəni nə dərəcədə dəstəklədiyinin
göstəricisidir. Bu, həm də bizim üçün bir
stimul olacaqdır ki, enerji tələbatımızı ödəyək
və gələcəkdə enerji qovşağı rolunu
oynaya bilək.
Cənab
Prezident, bu şərəfi mənə verdiyinizə və
buraya dəvət edildiyimə görə bir daha təşəkkür
edirəm. Diqqətinizə görə çox sağ olun.
X X X
Amerika
Birləşmiş Ştatları Dövlət Departamentinin
beynəlxalq enerji məsələləri üzrə
xüsusi nümayəndəsi Amos HOKSTAYN
çıxış edərək dedi:
- Cənab
Prezident İlham Əliyev.
Hörmətli
nazirlər, xanımlar və cənablar.
Bugünkü
tədbirdə iştirakımdan qürur duyuram. Bu gün biz
“Əsrin müqaviləsi”nin - “Azəri-Çıraq-Günəşli”
neft yataqları bloku üzrə hasilatın pay
bölgüsü kontraktının imzalanmasının 20
illiyini qeyd edirik. “Əsrin müqaviləsi” həqiqətən
də tarixi hadisə olub. Bu layihə ötən 20 il ərzində
zamanın sınağından keçib. Biz fəxr edirik ki,
Bakı-Tbilisi-Ceyhan layihəsinin inkişafı və həyata
keçirilməsi istiqamətində Azərbaycana
mühüm dəstək vermişik. Sabiq Prezident Klintondan
Prezident Obamaya qədər hər bir ABŞ Prezidenti bu layihənin
qəti tərəfdarı olub.
Bu gün
biz 20 il bundan öncə başladığımız mərhələni
başa çatdırırıq. O zaman biz XX əsrin
müqaviləsini imzaladıq. Bu gün Xəzər dənizindən
Avropaya qaz nəql edəcək yeni layihənin təməlqoyma
mərasimində iştirak edirik. Bununla da biz XXI əsrin
monumental əhəmiyyətə malik yeni layihəsinin
başlanğıcını qeyd edirik.
Bu tədbir
çox münasib vaxtda təşkil edilib. Bizə bir daha
xatırladılır ki, dövlətlər enerji təhlükəsizliyi
ilə bağlı fundamental hüquqa malikdirlər və
dünyada heç bir ölkə yeganə enerji mənbəyindən
asılı olmaq məcburiyyətində qalmamalıdır.
Burada çıxış yollarından biri şaxələndirmədir
- mənbələrin, yanacaq növlərinin və ixrac
marşrutlarının şaxələndirilməsi.
Bakı-Tbilisi-Ceyhan
layihəsinin başa çatdırılması, Cənubi
Qafqaz kəmərinin genişləndirilməsi, TANAP və TAP
boru kəmərlərinin inşası nəticəsində Azərbaycan
Avropanın enerji təchizatının şaxələndirilməsi
məsələsində getdikcə artan vacib rol oynayacaq. Azərbaycan
Prezidentinin dediyi kimi, bu dəhlizin açılışı
Avropanın enerji xəritəsini dəyişib. Digər natiqlərin
dediyi kimi, burada söhbət yalnız TAP-ın üç
ölkəsindən getmir. Bu layihə Bolqarıstanı, daha
sonra isə Balkanları, yəni Monteneqro və Xorvatiyanı,
oradan isə Macarıstanı və Ukraynanı əhatə edə
biləcək.
İyirmi
il öncə Bakı-Tbilisi-Ceyhan kəmərinin inşa ediləcəyinə
inanmayanlar var idi. Son ildə “Cənub” qaz dəhlizinə
skeptik yanaşanlar da var idi. Lakin biz bir şeyə əmin ola
bilərik ki, skeptiklər heç vaxt qalib olmur və heç
nəyə nail olmurlar. Azərbaycan xalqının iradəsi,
ABŞ, Türkiyə və Avropadan olan tərəfdaşların
əzmkarlığı skeptiklər üzərində qalib gəldi.
Artıq yeni mərhələnin
başlanğıcındayıq və bunun təsiri regionda,
Avropada və Şərqi Aralıq dənizi hövzəsində
hiss ediləcək.
Azərbaycan
ilə bizim enerji tərəfdaşlığımız
güclüdür və yeni layihələr meydana
çıxdıqca daha da güclənəcək. İyun
ayında Prezident Obama məktubunda dediyi kimi, bu layihənin
icrası Avropanın qaz təchizatının genişləndirilməsi
baxımından mühüm addımdır və ABŞ onu dəstəkləməyə
hazırdır.
Təəssüflər
olsun ki, dövlət katibi Con Kerri tədbirdə şəxsən
iştirak edə bilmədi. Ancaq məndən xahiş edilib
ki, bu tarixi hadisə ilə bağlı Prezident İlham
Əliyevə ünvanlanmış məktubu diqqətinizə
çatdırım:
“Hörmətli
Prezident Əliyev. “Əsrin müqaviləsi”nin 20 illiyi və
“Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə
bağlı Azərbaycan xalqına səmimi təbriklərimi
bildirirəm. Bu tarixi hadisə keçmiş Sovet
İttifaqında ilk böyük Qərb sərmayəsi olub.
Son 20 il ərzində ABŞ enerji ehtiyatlarının
istismarı, Avropa və dünya enerji təchizatına
töhfə, güclü və müstəqil dövlətə
çevrilməsi istiqamətində Azərbaycanın əsl
mənada tərəfdaşı olub. Bakı-Tbilisi-Ceyhan kəmərinin
inşası ilə yanaşı, Azərbaycan Xəzər və
Aralıq dənizləri arasında birbaşa əlaqə
yaradaraq dünya bazarında mühüm neft təchizatçısına
çevrilib. Azərbaycan “Cənub” qaz dəhlizi vasitəsilə
Avropa bazarlarının əlavə enerji təchizatı
marşrutlarında və regionun enerji təhlükəsizliyinin
möhkəmlənməsində mühüm rol oynayıb.
Son 20 il ərzində
Azərbaycan və ABŞ bir yerdə böyük işlər
görüblər. “Əsrin müqaviləsi” gələcək
naminə səylərimizi birləşdirərək
mühüm layihələrə nail ola biləcəyimizi
nümayiş etdirdi. Bu, digər sahələr üzrə də
belədir: enerji təchizatının davam etdirilməsindən
Şərq-Qərb ticarət dəhlizinin yaradılmasına,
terrorçuluqla mübarizədən Azərbaycanda demokratik
inkişafın davam etdirilməsinədək.
Azərbaycan
96 il öncə universal dəyərlərə sadiqliyini ifadə
edən ilk müsəlman ölkəsi kimi insan
hüquqları və fundamental azadlıqların təmin edilməsində
xalqın və hökumətin nümayiş etdirdiyi lider
rolunu yenidən üzərinə götürüb. Əlaqələrimizin
üç sütunu - təhlükəsizlik, enerji və
iqtisadi inkişaf, demokratiya və vətəndaş cəmiyyəti
daha sadiq və daha firavan Azərbaycan ilə bağlı
baxış üçün eyni dərəcədə əhəmiyyətlidir.
ABŞ bu
məqsədlərə nail olmaq üçün Sizinlə və
Sizin hökumətinizlə yaxından əməkdaşlıq
etməyə hazırdır. Bu mühüm hadisənin
ildönümü ilə əlaqədar Sizə bir daha ən
səmimi təbriklərimi çatdırıram.
Səmimiyyətlə,
Con Kerri”.
Cənab
Prezident, cənab Kerrinin beynəlxalq enerji məsələləri
üzrə xüsusi elçisi qismində burada
olmağımdan qürur duyuram. Məndən əvvəlki həmkarlarım
kimi, mən də gözəl ənənəni davam edərək
“Cənub” qaz dəhlizinin inkişafı ilə bağlı əlimdən
gələni etməyə hazıram. Enerji təhlükəsizliyi
Azərbaycan, Türkiyə və Avropa üçün
mühüm maraq kəsb edir və bu mövzu ABŞ-ın
milli təhlükəsizlik maraqlarına uyğundur.
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra enerji sahəsində
lider olub. Əminəm ki, Siz bundan sonra da bu işləri cəsarət
və əzmkarlıqla, açıq, ədalətli və
şəffaf şəkildə davam etdirəcəksiniz.
Firavanlığın təmin edilməsində ABŞ Sizin
yanınızda olacaq.
Bir daha təbrik
edirəm.
X X X
bp
şirkətinin baş icraçı direktoru Robert DADLİ
çıxış edərək dedi:
- Cənab
Prezident, Zati-aliləri.
Baş
nazirlər.
Möhtərəm
qonaqlar və həmkarlar.
Sabahınız
xeyir olsun, təbrik edirəm. Bu gün Azərbaycan və
enerji sektoru üçün əlamətdar bir gündür.
Burada 1994-cü ildən indiyədək son dərəcədə
böyük nailiyyətlər əldə olunub. Buna görə
də mən Prezident Əliyevə və onun hökumətinə
dərin minnətdarlığımı bildirmək istəyirəm.
Mən, həmçinin Rövnəq Abdulayevə və onun
ARDNŞ-dəki heyətinə və bu gün burada iştirak
edən bütün tərəfdaşlara da minnətdarlığımı
bildirirəm.
Biz birlikdə
tərəfdaşlığın nəyə qadir olduğunu nümayiş
etdiririk. Bugünkü tarix sadəcə bir müqavilənin
imzalanmasının ildönümü deyil. Bu, həm də Azərbaycanın
neft sənayesinin dirçəlişində əlamətdar
bir gündür. Bu il mənim dünyanın enerji sənayesini
təmsil edən çoxsaylı insanların
qarşısında çıxış etmək imkanım
oldu. Mən həmin çıxışımda bildirdim ki, əksər
insanlar müasir neft sənayesinin
başlanğıcını 1859-cu ildə Pensilvaniyada
qazılmış neft quyusu ilə əlaqələndirirlər.
Lakin qeyd etdim ki, neft quyusu ilk dəfə 1848-ci ildə Azərbaycanda
qazılıb. Odlar yurdu Azərbaycan həqiqətən də
neft və qaz sənayesinin beşiyidir və 1994-cü ildə
ölkə həmin sənayenin yenidən dirçəlişinin
şahidi oldu. Həmin vaxt imzalanan kontrakt haqlı olaraq
“Əsrin müqaviləsi” adlandırıldı. Altı
müxtəlif ölkədən olan 11 şirkət ARDNŞ
ilə bir araya gələrək ölkənin enerji sektorunda
çıxdığı uzaq yolda yeni mərhələnin
başlanğıcını qoydu. Bu yolda Azərbaycanın təbii
ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq
bazarlara nəqli mümkün oldu. Bakıdan başlanan bu kəmər
Gürcüstan ərazisindən keçərək Ceyhana qədər
uzanır və Bosfor vasitəsilə 1 milyon barel neftin nəql
edilməsi zərurətini aradan qaldırır.
Dünyanın başqa yerində bu məsafə Hyustondan
Çikaqoyadək və ya Londondan Madridədək olan məsafə
qədərdir. Bu proqram çərçivəsində 2,5
milyard barel neft hasil olunub və təxminən 30 milyard dollar dəyərində
sərmayə yatırılıb.
Burada
üç əsas məqamı qeyd etmək istəyirəm.
Ən əhəmiyyətli amil buraya cəlb olunmuş
insanlardır. Bu, həqiqətən də dünyanın
müxtəlif yerlərindəki minlərlə əzmkar
insanın əməyi olan beynəlxalq bir səydir. Lakin
işin əsas hissəsi burada azərbaycanlı
işçilər tərəfindən həyata
keçirilib.
Sizi burada
salamlayıram. Əminəm ki, bu gün əməyinizin nəticəsini
görürsünüz. Bir çox insanlar dərk etmir, amma Səngəçal
terminalı həqiqətən də dünyada ən nəhəng
neft terminalıdır. Bu tərəfdaşlığın
uğurlu olmasına gətirən ikinci səbəb Azərbaycanın
təchiz etdiyi enerjinin strateji əhəmiyyət
daşımasıdır. Enerji təchizatına son dərəcə
böyük tələbat var və biz təbii sərvətlərlə
zəngin olan qapalı hövzədən dünya
bazarlarına tam yeni bir marşrut açdıq. Bu gün biz
yalnız geriyə nəzər salaraq ötən 20 ili qeyd
etmirik. Həm də irəliyə baxaraq Azərbaycanın
enerji tarixinə yeni səhifə açırıq. Biz Xəzər
dənizindəki nəhəng “Şahdəniz”
yatağından hasil olunan qazı Gürcüstan, Türkiyə,
Yunanıstan, Bolqarıstan Albaniya, İtaliya və digər
ölkələrə nəql edəcəyik.
Bu mərasimdən
sonra möhtərəm Prezident bizimlə birgə Səngəçal
terminalında “Cənub” qaz dəhlizinin rəsmi təməlqoyma
mərasimində iştirak edəcək. Biz birlikdə 3600
kilometr məsafədə uzanacaq, yəni Bakı-Tbilisi-Ceyhan
boru kəmərinin uzunluğundan iki dəfə uzun olacaq boru
kəməri sisteminin ilk mərhələsinin təməlini
qoymağa gedirik. On illərlə davam edəcək 45 milyard
dollar dəyərində olan bu layihə milyonlarla istehlakçıya
xidmət edəcək və minlərlə iş yerinin
açılmasına səbəb olacaq. İnnovasiya uğurun
üçüncü şərtidir. Bu, ənənələrə
söykənən investisiya ola bilər. Lakin eyni zamanda,
texnologiya baxımından zamanı qabaqlayıb. Biz
“Çıraq” platformasından 6 kilometr məsafəyə bir
quyu qazmaqla uzaq məsafəyə maili qazma
texnologiyasının nəyə qadir ola biləcəyini
nümayiş etdirdik. “Şahdəniz” hazırda bir çox
texnologiyalar sayəsində aparıcı kimi “Azəri-Çıraq-Günəşli”
layihəsinin addımladığı yolu izləməyə
hazırdır.
Cənab
Prezident, enerji sahəsi böyük qayğı, əzmkarlıq
və səbir tələb edən uzunmüddətli bir sahədir.
İndi biz daha uzun illər davam edəcək hasilat
üçün gələcəyə baxa bilərik. Bununla
yanaşı, biz “Şahdəniz” yatağında hasilatın
pay bölgüsü haqqında müqavilənin müddətini
2048-ci ilə qədər uzatmışıq. Bu, həqiqətən
də uzun müddətdir. Bu gün biz 20 illiyi qeyd edirik. Lakin
2048-ci ildə dünyada ilk neft quyusunun Azərbaycanda
qazılmasının 200 ili tamam olacaq. Tədbirlər günbəgün,
ilbəil bir-birini əvəz edir. Lakin iri layihələr,
möhtəşəm texnologiyalar və yüksək
ixtisaslı və əzmkar insanların əməyi qalır.
Fürsətdən
istifadə edərək bu işə özünü həsr
etmiş və “Azəri-Çıraq-Günəşli”nin 20
illik uğurlu tarixçəsinə töhfə vermiş
bütün insanlara təşəkkürümü bildirirəm.
bp şirkəti bu uzunmüddətli layihənin bir hissəsi
olmaqdan çox qürur duyur. Ümid edirəm ki, biz
hamımız qarşıdan gələn uzun illər boyunca
birgə əməkdaşlığımızı davam etdirəcəyik.
Hamınıza təşəkkür edirəm.
Cənab
Prezident, bir daha sağ olun. Gəlin, bu mühüm gündən
həzz alaq.
X X X
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Rövnəq ABDULLAYEV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident, Zati-aliləri.
Hörmətli
xanımlar və cənablar.
Hamınızı
salamlayıram. Azərbaycan Prezidenti dünən neftçilərin
böyük bir qrupunu yüksək dövlət təltiflərinə
layiq görüb. Bu, möhtərəm Prezidentimizin
neftçilərə göstərdiyi daimi diqqət və
qayğısının növbəti təzahürüdür.
Mən neftçilər adından, tərəfdaş şirkətlər
adından Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə dərin minnətdarlığımızı
bildirirəm.
Azərbaycanın
qədim neft tarixi var. Neftin sənaye üsulu ilə
çıxarılmasının, tankerlər, dəmir yolu,
boru kəməri ilə nəql edilməsinin, ofşor
qazmasının erasının əsası Azərbaycanda
qoyulub.
XX əsrin
əvvəllərində dünyada hasil edilən neftin
yarısını Azərbaycan neftçiləri
çıxarırdı. 1990-cı illərdə isə
şirkətimiz “Əsrin müqaviləsi” üzrə öz
işlək payını belə ödəyə bilmirdi. Ulu
öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının
rəhbərliyi ilə uğurla davam etdirilən enerji
strategiyası nəticəsində Azərbaycan böyük
yüksəliş yoluna qədəm qoydu və ötən 20
ildə ölkənin siması dəyişdirildi,
iqtisadiyyatı şaxələndirildi, neftdən gələn
gəlirlər insan kapitalına çevrildi, SOCAR-ın
imkanları genişləndi.
Bu gün
“Cənub” qaz dəhlizinin təməli qoyulur. Bu layihə
Avropanın enerji təhlükəsizliyinə yönəlib.
Biz dünyanın ən böyük, eyni zamanda, ən mürəkkəb
qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”
yatağının işlənilməsini uğurla həyata
keçiririk. İşlənilmənin ikinci mərhələsində
tərəfdaşlarımızla birlikdə “Cənubi Qafqaz”
boru kəmərini genişləndirəcək, TANAP və TAP
kimi nəhəng qaz kəmərlərini inşa edəcəyik.
Bu layihələrə 45 milyard ABŞ dolları məbləğində
sərmayə qoyulacaq.
SOCAR artıq dünyanın neft-qaz bazarına inamla daxil olmuşdur. Biz bu gün “Cənub” qaz dəhlizi marşrutu boyunca böyük investisiya layihələri həyata keçiririk. Bu ölkələrin bəzilərində isə ən iri sərmayəçiyik. Qazanılmış nailiyyətlər də təsdiq edir ki, bu inkişaf davamlı olacaq, neftçilərimiz XXI əsrin layihələrini də vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcəklər. 2018-ci ildə Azərbaycan qazı Türkiyəyə, 2019-cu ildə isə Avropaya çatdırılacaq. 2020-ci ildə isə biz bir böyük Avropa ailəsi kimi Bakıda möhtəşəm futbol bayramını birlikdə qeyd edəcəyik. Diqqətinizə görə sağ olun.
X X X
Sonra Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən bəhs edən videoçarx nümayiş etdirildi.
X X X
Daha sonra dövlət və hökumət başçıları, digər rəsmi şəxslər “Cənub” qaz dəhlizinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Səngəçal terminalına yollandılar.
Azərbaycan Prezidenti İlham Əliyev və təməlqoyma mərasiminin digər iştirakçıları rəmzi olaraq xüsusi qəliblərin üzərində əl izlərini qoydular.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın Baş naziri Antonis Samaras, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Albaniyanın energetika naziri Damian Giknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun Baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev “Cənub” qaz dəhlizinin təməlinə qoyulacaq ilk borunu imzaladılar.
Daha sonra “Cənub” qaz dəhlizinin təməli qoyuldu.
Sonda dövlət və hökumət başçıları, digər qonaqlar xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.-2014.- 21 sentyabr.- S.1-4.