Avropa Parlamentinin
qərəzli qətnaməsi Azərbaycanda
demokratiyanın inkişafına
qısqanc münasibətin ifadəsidir
Demokratik quruculuq yolu ilə gedən Azərbaycan həssas bir bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə milli inkişaf modeli formalaşmışdır. Bir sıra postsovet dövlətlərində demokratik inkişaf "məxməri inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Başqa sözlə, demokratiya heç də özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır.
Müasir dövrdə "demokratiya çətiri" altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların ikili standartları nəinki demokratik ideallara kölgə salır, hətta beynəlxalq hüququ iflic duruma gətirir. Müstəqil Azərbaycan 20 ildən artıq bir müddətdə bu təsirləri öz üzərində hiss edərək onları uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir. Bununla belə, aşkar görünür ki, regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq "rıçaq"larını itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar "demokratiya bayrağı" altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. Bəzi hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Xüsusən də bu çirkin kampaniyaya Avropa və dünya miqyasında müəyyən nüfuza malik təşkilatların qoşulması, sadəcə, təəssüf hissi doğurur.
Sentyabrın 18-də Avropa Parlamentində (AP) Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qərəzli qətnamənin qəbul olunması bu baxımdan diqqət cəlb edir. Qətnamədə Azərbaycana qarşı ədalətsizlik, onun beynəlxalq nüfuzuna ləkə yaxmaq niyyəti, dövlət strukturlarına, hüquq-mühafizə sisteminə hörmətsizlik, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək cəhdi açıq şəkildə özünü büruzə verir.
Avropa Parlamentinin deputatları Leyla və Arif Yunusovların dərhal və qeyd-şərtsiz azad olunması tələbi olduqca absurd səslənir. Xatırladaq ki, L.Yunusova və onun əri Arif Yunusov Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə məxfi əməkdaşlığa cəlb ediblər. Onlara Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi-texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə konkret tapşırıqlar veriblər. Bundan başqa, Yunusovlar qeydiyyata alınmayan qrant müqavilələri üzrə gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçiriblər, vergiləri ödəməkdən yayınaraq dövlət büdcəsinə külli miqdarda ziyan vurublar. Göründüyü kimi, onların həbsində siyasi rəng yoxdur. Bu adamlar konkret cinayət əməllərinə görə ittiham olunaraq barələrində həbs qəti-imkan tədbiri seçilib.
Bu qətnamə Avropa Parlamentinin fəaliyyətinin obyektivliyini şübhə altına alır. Çünki Avropa Parlamenti 20 ildən artıq müddətdə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirdiyi halda, ciddi araşdırma aparmadan əsassız qətnamə qəbul edir ki, bunun da başqa izahı ola bilməz. Ona görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qərəzli qətnamə Azərbaycanda demokratik dəyərlərin inkişafına qısqanc münasibətin ifadəsi kimi qiymətləndirilir.
Bu gün Avropa ölkələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Avropa dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosial və mülki hüquqlarının təminatına qarşı yönələn tədbirlər həyata keçirilir. İnsanlar iş yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir, inflyasiya artır. Bütün bunların fonunda Azərbaycanın demokratik, analoqu olmayan dinamik iqtisadi inkişaf yolu keçməsi, inkişaf etmiş ölkələr sırasına daxil olmağın strateji hədəf kimi qarşıya qoyulması, görünür, Avropada müəyyən dövlətləri əməlli-başlı qayğılandırır. Lakin "Demokratiya bayrağı"nı Azərbaycana qarşı təzyiq, habelə öz enerji və iqtisadi maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etmək heç bir nəticə verməyəcək.
Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi olmaqla yanaşı, onun iqtisadi müstəqilliyinin və enerji təhlükəsizliyinin mühüm komponentlərindən biri kimi çıxış edir. Eyni zamanda Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir. Belə bir ölkəyə qarşı dar siyasi maraqlardan çıxış edərək qərəzli münasibətin göstərilməsi ən azı təəssüf hissi doğurur.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 21 sentyabr.- S.6.