Azərbaycan Prezidenti İlham Əliyev Yeni
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin bərə
terminalının açılışında iştirak edib
Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Son illərdə respublikamızda, o cümlədən paytaxt Bakıda nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün silsilə və kompleks tədbirlər həyata keçirilir. Bu baxımdan ötən əsrin 30-cu illərində tikilən Bakı Dəniz Ticarət Limanı da günün tələblərinə cavab vermirdi. Bakının mərkəzində yerləşən əvvəlki liman sakinlər üçün problemlər yaradır, bulvarın genişləndirilməsinə də mane olurdu. Dünyanın sürətli və dinamik inkişaf edən ölkələrindən biri olan Azərbaycanda yeni böyük və çoxfunksiyalı limanın tikintisinə ehtiyac duyulurdu. Bununla bağlı dövlətimizin başçısının 2007-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq hökumət tərəfindən lazımi tədbirlər həyata keçirildi. Nəqliyyat Nazirliyinin sifarişi ilə Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən limanın Baş planı və layihəsi hazırlandı. 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyev yeni limanın təməlini qoydu. Layihənin birinci mərhələsi çərçivəsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, giriş-çıxış kanalı, avtomobil və dəmir yolları, eləcə də digər qurğular, infrastruktur obyektləri və binaların tikintisinə başlanıldı. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Ötən müddətdə görülən işlər nəticəsində artıq bərə terminalı istismara hazırdır.
Dövlətimizin başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir.
Bildirildi ki, limanın ərazisinin quru hissəsinin tikintiyə hazırlanması və Bakı-Ələt magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsini və tikintisini, avadanlıqların təchizatı və quraşdırılmasını “EvrAsKon” şirkəti reallaşdırıb. Birinci mərhələnin davamı olaraq inşa edilən quru yük terminalı və Ro-Ro körpüsünün 2016-cı ildə istismara verilməsi nəzərdə tutulub.
Diqqətə çatdırıldı ki, bərə körpüsünün ümumi tikinti sahəsi 17 hektar ərazini əhatə edir. Burada eyni vaxtda 2 bərəni qəbul edə bilən, uzunluğu 175 metr, eni 12,5 metr olan əsas yanalama körpüsü inşa edilib. Dəniz səviyyəsindən 4,25 metr hündürlükdə tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin dəyişməsindən asılı olmayaraq gəmilərin yanalmasına imkan yaradır. Bərə körpüsünə xidmət üçün hər birinin uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici 2 körpü və uzunluğu 809 metr olan bir xidməti körpü inşa edilib. Beş dəmir yolu xəttindən ibarət çeşidləmə parkı, müasir naviqasiya-rabitə sistemləri, avtomobil yolu, tunel, həmçinin digər infrastruktur və kommunikasiya obyektləri və qurğuları da istismara hazırdır. Limandakı böyük həcmli tikinti işlərinə əsasən yerli işçilər olmaqla 2000 nəfərlik heyət və 500-dən çox texnika cəlb edilib. Birinci mərhələ çərçivəsində indiyə qədər 6 milyon kubmetr həcmində torpaq, 300 min kubmetr həcmində beton, 1874 dəmir-beton svay işləri görülüb. Birinci mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün bir körpü və 4 körpüdən ibarət universal quru yük və konteyner terminalının inşası davam edir. Bundan başqa təmir bazası, gözləmə salonları, anbarlar, sərhəd və gömrük xidməti məntəqələri və digər obyektlərin tikintisi və quraşdırma işləri vüsət götürür.
Azərbaycan Prezidentinə məlumat verildi ki, birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Terminalla tanışlıqdan sonra dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu limanın fəaliyyəti nəticəsində Azərbaycanın inkişafı daha da sürətlə gedəcək, ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulacaq və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirəcəkdir.
Təxminən 4 il bundan əvvəl - 2010-cu ilin noyabrında bu limanın təməli qoyulmuşdur. Məqsəd ondan ibarət idi ki, Azərbaycan öz tranzit imkanlarından tam şəkildə istifadə etsin. Mütləq bizə yeni böyük ticarət limanı lazım idi və dövlət bu məqsədlərə böyük həcmdə investisiya ayırmışdır. Burada tikilən bütün infrastruktur dövlət büdcəsi hesabına mümkün olmuşdur və bu, bir daha onu göstərir ki, ölkəmizin, o cümlədən nəqliyyat sektorunun inkişafı ilə bağlı çox konkret proqramlarımız, planlarımız var. Biz bu planları ardıcıl surətdə icra edirik və hazırda Azərbaycanda mövcud olan nəqliyyat infrastruktur obyektləri bizim nəqliyyat təhlükəsizliyimizi təmin edir.
Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edirik. İki gün bundan əvvəl Bakıda tarixi hadisə baş vermişdir - “Cənub” qaz dəhlizinin təməl daşı qoyulmuşdur. Enerji təhlükəsizliyi məsələləri əlbəttə ki, hər bir ölkənin milli təhlükəsizlik məsələləridir. Biz bu sahədə ardıcıl surətdə apardığımız fəaliyyət nəticəsində Azərbaycanın enerji təhlükəsizliyini tam şəkildə təmin etmişik və bundan sonra onilliklər ərzində bu, ölkəmizə həm maddi, həm siyasi dividendlər gətirəcək, eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi öz rolunu daha da böyük həcmdə oynayacaqdır.
Biz hazırda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəal işləyirik və demək olar ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik, ixrac imkanlarımız yaranır. Bir sözlə, növbə çatıb ki, biz nəqliyyat təhlükəsizliyimizi tam şəkildə təmin edək. Artıq neçə ildir ki, bu istiqamətdə fəal iş aparılır. Bu limanın açılışı da bax, bu böyük işlərin tərkib hissəsidir.
Bu gün bu böyük limanın birinci mərhələsinin birinci hissəsi istifadəyə verilir. Birinci mərhələ gələn il tam şəkildə başa çatacaq. Bu limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olacaq. Yəni, Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Biz bu limanın tikintisi ilə eyni zamanda, Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirəcəyik.
Yaxın günlərdə Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti Zirvə görüşü keçiriləcəkdir. Keçən Zirvə görüşü Bakıda keçirilmişdir. Hesab edirəm ki, yeni Zirvə görüşü ərəfəsində Xəzərdə ən böyük ticarət limanının istifadəyə verilməsi bizim ümumi işimizə bir töhfədir.
Eyni zamanda, bu limanın fəaliyyəti nəticəsində Ələt qəsəbəsində də müsbətə doğru daha böyük dəyişikliklər olacaqdır. Mən dəfələrlə demişəm, bütövlükdə Azərbaycanın bir neçə sənaye mərkəzi vardır ki, onlardan biri Qaradağ rayonudur. Burada yaradılan yeni sənaye müəssisələri - bu yaxınlarda ölkəmizin ən böyük sement zavodunun, metal konstruksiyalar zavodunun, Səngəçal terminalının və bu limanın fəaliyyətə başlaması Qaradağ rayonunun inkişafına da bir töhfədir. Eyni zamanda, burada minlərlə yeni iş yeri açılacaqdır ki, Ələt qəsəbəsinin sakinləri bundan istifadə edəcəklər. Yüksək maaş veriləcək və bu liman gələcəkdə bu ərazidə infrastrukturun genişlənməsinə xidmət göstərəcək.
Bizim böyük planlarımız var və hesab edirəm ki, bu, bölgənin, bu zonanın inkişafına yeni təkan verəcəkdir. Eyni zamanda, biz bu layihəni planlaşdıranda, əlbəttə ki, şəhərimizin ekoloji vəziyyətini də nəzərə alırdıq. Çünki biz hesab edirik ki, bu gün Bakıda icra edilən quruculuq, abadlıq işləri mütləq ekoloji tədbirlərlə dəstəklənməlidir. Biz bu işləri paralel şəkildə aparırıq. Bakının yaşıllaşdırılması, milyonlarla ağacın əkilməsi, bəzi köçürmələrin həyata keçirilməsi və o ərazilərdə ictimai yerlərin, parkların, istirahət zonalarının yaradılması bizim siyasətimizin təzahürüdür.
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz gözəl şəhərimizi öz işimizlə daha da gözəlləşdiririk. Hazırda şəhərimizin mərkəzində yerləşən ticarət limanı əlbəttə ki, oradan köçürülməlidir və o zona bizim bulvara birləşdirilməlidir. Beləliklə, Bakıda yeni bir gözəl istirahət məkanı yaranacaqdır.
Bakı bulvarı artıq 100 ildən bir qədər çoxdur ki, mövcuddur. Onun ilkin uzunluğu 3,5 kilometrdir. Biz əlavə tədbirlər nəticəsində Bakı bulvarının uzunluğunu böyük dərəcədə artıra bilmişik. Yeni bulvar tikilibdir, artıq fəaliyyətdədir. Yeni bulvardan sonra Bayraq Meydanı Bulvarı artıq fəaliyyətə başlayıb. Bayraq Meydanından bu istiqamətə idman şəhərciyi tikilir. Orada da bulvarın uzadılması artıq icra edilir. Əks istiqamətə - Dəniz vağzalından Zığ, “Ağ şəhər” istiqamətinə “Ağ şəhər” bulvarı tikilir və artıq “Ağ şəhər” istiqamətinə çatıbdır.
Beləliklə, bu ilin sonuna qədər Bakı Bulvarının uzunluğu 16 kilometrdən çox olacaq. Yüz il bundan əvvəl 3,5 kilometr, müstəqillik dövründə 16 kilometr. Hazırda şəhərin mərkəzində yerləşən ərazisində ictimai yerlər, parklar, istirahət zonaları olacaq. Beləliklə, Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün yeni imkanlar yaranacaq.
Bax, bu limanın fəaliyyətə başlaması görün nə qədər böyük dəyişikliklərə gətirib çıxarır. Yenə də deyirəm, ilk növbədə, bizim nəqliyyat infrastrukturumuz daha da gücləndiriləcəkdir. Bu istiqamətdə son illərdə böyük işlər görülübdür.
Keçən il, - düz bir il bundan əvvəl, - 2013-cü il sentyabrın 20-də Bakıda gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu da dövlət siyasətinin tərkib hissəsi idi. Çünki biz yük daşımalarını artırmaq üçün indi böyük səylər göstəririk. Son 10 il ərzində 17 gəmi alınmışdır - tankerlər, yük gəmiləri, bərələr. Biz fikirləşdik ki, onsuz da donanmamızı yeniləşdirməliyik. Ona görə, Bakıda gəmiqayırma zavodu tikmək qərarına gəldik ki, artıq xarici istehsalçılardan asılılığımız olmasın.
Xarici şirkətlərlə əməkdaşlıq başlamışdır. Keçən il istifadəyə verilmiş gəmiqayırma zavodunda artıq hazırda gəmilər inşa edilir. Həm ölkə daxilindən, həm neft konsorsiumu tərəfindən sifarişlər verilibdir. Eyni zamanda, biz gözləyirik ki, Xəzəryanı ölkələrdən sifarişlər olacaq. Bizim gəmiqayırma zavodumuzda bütün növ gəmilər istehsal oluna bilər. Bax, budur bizim siyasətimizin əsas istiqamətləri. Bu siyasət konkret nəticələrə gətirib çıxarır. Azərbaycanda heç vaxt gəmiqayırma zavodu olmamışdı. Gəmi təmiri zavodu olmuşdu, gəmiqayırma olmamışdı. Biz xaricdən asılı idik.
Bu liman Xəzər dənizində ən
böyük ticarət limanıdır və bayaq qeyd etdiyim
kimi, bütün Xəzəryanı ölkələrə
xidmət göstərəcək. İlk növbədə, Azərbaycana
xidmət göstərəcək. Bizim ərazimizdən
daşınan tranzit yüklərin həcmi artacaq, onsuz da
artır. Bu ilin göstəricilərinə görə tranzit
yüklərin həcmi artıb. Azərbaycanın əlverişli
coğrafi vəziyyəti bizə imkan verir ki, gələcəkdə
tranzit imkanlarımızı daha da genişləndirək.
Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycan
ərazisindən keçir. Amma əgər burada müasir
logistika, nəqliyyat infrastrukturu olmasa, biz bu imkanlardan istifadə
edə bilmərik. Ona görə, hazırda Bakı–Tbilisi-Qars
dəmir yolu tikilir. Bu layihə də Azərbaycanın təşəbbüsü
ilə qonşu ölkələrlə birlikdə
reallaşır. Bu layihənin tarixi əhəmiyyəti var.
İlk dəfə olaraq Azərbaycan dəmir yolu vasitəsilə
Avropa ilə birləşir. Azərbaycan Avropa ilə Asiya
arasında bir dəmir yolu körpüsü olacaqdır.
İndi ehtimal edirik ki, bu layihə fəaliyyətə
başlayandan sonra ən azı əlavə 10 milyon ton yük
bizim ərazimizdən keçəcəkdir. Bu yükü
daşımaq üçün yükaşırma qabiliyyəti
olmalıdır. Bu limanın da tikintisinin məqsədi məhz
bundadır. Yəni, bütün bu nəqliyyat infrastrukturunun
seqmentləri bir-biri ilə bağlıdır. Əgər bu
liman olmasa, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bizə o qədər
də böyük səmərə verməz. Bu dəmir yolu ilə 10
milyon ton, ondan sonra 20 milyon ton yük daşınacaqdır. Ancaq bu
yükü qəbul etmək, aşırmaq lazımdır.
Ona görə Bakı-Tbilisi-Qars dəmir yolu tarixi
layihədir. Gəmiqayırma zavodu bizə
imkan verəcək ki, yükləri öz gəmilərimizlə
daşıyaq. Liman şərait yaradacaq
ki, yükaşırma imkanlarımız genişlənsin.
Yəni, bu, təbiidir. Sadəcə
olaraq, bunu deməklə qeyd etmək istəyirəm ki,
bugünkü hadisə böyük proqramın tərkib hissəsidir.
Biz Azərbaycanı bütövlükdə nəqliyyat,
logistika mərkəzinə çevirmək üçün
çox fəal işləyirik. Avtomobil yolları
tikilir, Bakı-Gürcüstan sərhədi avtomobil yolu istifadəyə
verilib, Bakı-Rusiya sərhədi avtomobil yolunun böyük
hissəsi tikilib. Bakı-İran sərhədi
avtomobil yolunun tikintisi davam edir. Yəni,
avtomobil yolları, dəmir yollarının reabilitasiyası,
tikintisi, dəniz nəqliyyatı, gəmiqayırma zavodu, ticarət
limanı, aviasiyamız, xüsusilə yük aviasiyamız
inkişaf edir. İndi bizim böyük
yük təyyarələrimiz var. Yeddi aeroport tikilib, onlardan
beşi beynəlxalq aeroportdur. Artıq o
aeroportlardan sərnişinlər başqa ölkələrə
uçurlar. Azərbaycan bu mərkəzdə,
bu regionda hava nəqliyyatı, hava yük nəqliyyatı
üzrə liderliyini təmin edir.
Bir sözlə, bütün bu işlər artıq deməyə
əsas verir ki, biz öz nəqliyyat infrastrukturumuzu ən
müasir səviyyədə yaratmışıq, işlərin
böyük hissəsi artıq başa çatıb. Bu liman
çatışmayan bir seqment, element idi. Biz
indi onu da istifadəyə veririk. Tam gücü ilə
iki il bundan sonra çalışacaqdır.
O vaxta qədər biz yeni yükləri Azərbaycana gətirməliyik.
Burada çox düşünülmüş
tarif siyasəti aparılmalıdır ki, tərəfdaşlarımız
Azərbaycan üzərindən
yükdaşımalarını daha da böyük həcmdə
göndərsinlər və biz də bundan fayda görək.
Eyni zamanda, görülən bütün bu işlərin
məqsədi Azərbaycanı daha da gücləndirməkdir,
Azərbaycanın önəmini artırmaqdır. İki gün
bundan əvvəl təməlini qoyduğumuz “Cənub” qaz dəhlizi
ölkəmizin önəmini böyük dərəcədə
artıracaq. Çünki biz Avropanın
enerji təhlükəsizliyinin təminatı istiqamətində
çox böyük addım atmışıq. Azərbaycan bu istiqamətdə əvəzolunmaz
ölkəyə çevrilir.
Bu limanın tikintisi də bizim önəmimizi
artırır.
Çünki Xəzər dənizində buna bənzər
ikinci liman yoxdur və bu liman bizim iqtisadi
gücümüzü artıracaq. İqtisadiyyat
da artır, inkişaf edir. Bu yaxınlarda
dünyanın iqtisadi məsələlərlə məşğul
olan ən mötəbər Forumu - Davos Dünya İqtisadi
Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə
görə 38-ci yerə layiq görüb. Biz
bir pillə də artmışıq və dünya
miqyasında bu sahədə 38-ci yeri tutmaq əlbəttə
ki, böyük nailiyyətdir, böyük uğurumuzdur.
Ölkəmiz inamla irəliyə gedir, bizim konkret
planlarımız var, bu planlar reallaşır. Bugünkü
hadisə bir daha onu göstərir ki, bizim nəzərdə
tutduğumuz bütün məsələlər keyfiyyətlə,
vaxtında icra edilir. Eyni zamanda, bu
limanın tikintisi beynəlxalq əməkdaşlığın
təzahürüdür. Bu böyük, nəhəng
infrastruktur obyektinin layihələndirilməsini Hollandiya
şirkəti icra edib. Əlbəttə,
bu, bizə şərait yaradır ki, Azərbaycan belə
gözəl infrastruktur imkanlarına malik olsun.
Azərbaycanda beynəlxalq əməkdaşlıq
sürətlə inkişaf edir. Əgər enerji sahəsində
beynəlxalq əməkdaşlıq olmasa idi, biz öz zəngin
neft-qaz resurslarımızı dünya bazarlarına
çıxara bilməzdik. Azərbaycan
investisiyalar üçün açıqdır. Azərbaycanda minlərlə xarici şirkət fəaliyyət
göstərir, işləyir, dövlətdən kontraktlar
alır, o kontraktları icra edir. Bizim xarici
şirkətlər qarşısında qoyduğumuz əsas
şərt keyfiyyətdir və ən müasir
standartlardır. Biz burada bunu
görürük. Ona görə, bu limanın
layihələndirilməsində, tikintisində iştirak
etmiş bütün şirkətlərə, insanlara, həm
xarici vətəndaşlara, Azərbaycan vətəndaşlarına
minnətdarlığımı bildirirəm. Əminəm ki, limanın fəaliyyəti uğurlu
olacaq. Bir daha sizi təbrik edirəm.
X X X
Nəqliyyat
naziri Ziya MƏMMƏDOV çıxış edərək
dedi:
- Zati-aliləri,
möhtərəm cənab Prezident.
Hörmətli tədbir iştirakçıları.
Azərbaycan Respublikasının nəqliyyat-yol
kompleksinin inkişaf etdirilərək müasirləşdirilməsi
və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə
Sizin, cənab Prezident, qəbul etdiyiniz qərarlar, bu sahəyə
göstərdiyiniz yüksək diqqət sayəsində
genişmiqyaslı işlər görülüb, ölkəmizdə
dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat
sistemi formalaşdırılıb. Zati-alilərinizin ideyaları əsasında
reallaşan regional əhəmiyyətli nəhəng
infrastruktur layihələri ulu öndərimiz Heydər
Əliyevin təşəbbüskarı olduğu tarixi İpək
Yolunun bərpasına, beynəlxalq daşımaların
asanlaşmasına, Avrasiya məkanında əlverişli
coğrafi mövqeyə malik olan Azərbaycanın tranzit
potensialının artırılmasına təminat yaradır.
Həyata keçirilən genişmiqyaslı layihələrdən
biri də imzaladığınız Sərəncama əsasən
Ələt qəsəbəsində yeni inşa olunan Bakı
Beynəlxalq Dəniz Ticarət Limanıdır.
Möhtərəm
cənab Prezident, ali diqqətinizə məruzə
edirəm ki, yeni limanın tikintisinin birinci mərhələsi
çərçivəsində inşa edilmiş bərə
terminalı artıq istismara hazırdır.
Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən
hazırlanmış limanın Baş planına və layihəyə
əsasən, tikinti üçün 400 hektar ərazi
ayrılmış və inşaat işləri liman ərazisinin
quru və dəniz hissələrini əhatə edir.
Limanın akvatoriyasında dibdərinləşdirmə
işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata
keçirib.
Şirkət tərəfindən uzunluğu 7,5 kilometr, eni 160
metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri
450 metr olan giriş kanalı inşa edilib. Bu, Xəzər
dənizində üzən bütün növ gəmilərin
limana təhlükəsiz və sərbəst
yanalmasını təmin etmək imkanı verir.
Liman ərazisinin quru hissəsinin tikintiyə
hazırlanması və Bakı-Ələt magistral avtomobil
yolu ilə liman kompleksini birləşdirən yol
infrastrukturunun layihələndirilməsi və tikintisi,
avadanlıqların təchizatı və
quraşdırılması Azərbaycan şirkəti olan
“EvrAsKon” tərəfindən aparılır.
Birinci mərhələnin davamı olaraq inşa edilən
quru yük terminalının və Ro-Ro
körpüsünün 2016-cı ildə istismara verilməsi
nəzərdə tutulur.
Bərə körpüsünün ümumi tikinti sahəsi
17 hektar ərazini əhatə edir. Burada, eyni zamanda, 2 bərəni qəbul
edə bilən uzunluğu 175 metr, eni 12,5 metr olan əsas
yanalma körpüsü inşa edilib. Dəniz səviyyəsindən
4,25 metr hündürlükdə
tikilmiş körpü Xəzərdə suyun səviyyəsinin
dəyişməsindən asılı olmayaraq, gəmilərin
yanalmasına imkan yaradır.
Bərə
körpüsünə xidmət edən, hər birinin
uzunluğu 79 metr olan dəmir yolu-bərə birləşdirici
2 körpü və uzunluğu 89 metr olan 1 xidməti
körpü inşa edilib.
Limanın
Baş Ələt stansiyasına bağlantısını təmin
etmək üçün hər birinin uzunluğu 850 metr olan 5
dəmir yolu xəttindən ibarət çeşidləmə
parkı, vaqonların bərələrə
verilib-götürülməsi üçün hər birinin
uzunluğu 450 metr olan 8 dəmir yolu xətti inşa edilib və
yolların istismarı mərkəzi dispetçer idarəetmə
sisteminə qoşulub. Çeşidləmə
parkında əlavə olaraq daha 8 dəmir yolu xətti tikiləcəkdir.
Eyni zamanda, Baş Ələt stansiyasında
yenidənqurma işləri aparılıb.
Bundan əlavə,
limanda müasir naviqasiya-rabitə sistemləri
quraşdırılıb, 8 kilometr uzunluğunda avtomobil yolu,
magistral yola çıxışı təmin edən
uzunluğu 56, eni 28 metr olan tunel tipli yol qovşağı, 10
kilometr su, 5 kilometr kanalizasiya və 6 kilometr drenaj, 41 kilometr
kommunikasiya, 103 kilometr elektrik xətləri tikilərək
hazır vəziyyətə gətirilib. Ballast və
çirkab sularının təmizlənməsi
üçün limanda 600 kubmetr həcmli tənzimləyici
qurğu tikilib.
Buradakı böyük həcmli tikintiyə, əsasən
yerli işçilər olmaqla 2000 nəfərlik heyət və
500-dən artıq müxtəlif texnika və avadanlıq cəlb
edilib. Birinci
mərhələ çərçivəsində burada 6
milyon kubmetr həcmində torpaq, 300 min kubmetr həcmində
beton, 1874 ədəd dəmir-beton svay işləri yerinə
yetirilib.
Bu mərhələdə, həmçinin Ro-Ro tipli gəmilər
üçün 1 körpü və 4 körpüdən ibarət
universal quru yük və konteyner terminalı inşa
olunacaqdır.
Həmçinin xidməti gəmilər üçün təmir
bazasının, limanın inzibatı binasının, sərnişinlər
üçün beynəlxalq giriş-çıxış
zallarının, yük sahələri və anbarların,
müasir avadanlıqlarla təchiz olunmuş sərhəd və
gömrük xidməti məntəqələrinin,
bütövlükdə müxtəlif təyinatlı 30
binanın tikintisi həyata keçiriləcək, kran,
maşın və mexanizmlərin quraşdırılması təmin
olunacaqdır.
Terminal daxilində gömrük nəzarətinin təşkili
və əməliyyatların aparılması məqsədilə
beynəlxalq standartlara cavab verən yoxlama-təyinetmə
avadanlıqlarının, müşahidə
kameralarının və digər rabitə vasitələrinin
quraşdırılması nəzərdə tutulur.
Quru
yük terminalının ümumi uzunluğu akvatoriya hissəsində
650 metr, baş hissədə divarın uzunluğu 260 metr,
yükaşırma qabiliyyəti 3 milyon ton təşkil edir.
Birinci mərhələdə limanın
yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və
50 min konteynerdən ibarət olacaqdır. İkinci mərhələdə
limanın yük aşırma gücü 17 milyon ton yük və
150 min konteynerə, üçüncü mərhələnin
yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə
çatdırılacaqdır.
Layihənin önəmli hissələrindən biri də
limanda logistika mərkəzinin yaradılmasıdır. İlkin mərhələdə
50 hektar ərazidə yerləşəcək mərkəzdə
80 min kvadratmetr xüsusi anbar və sahələr
yaradılaraq, burada 100 min ədəd konteynerin
saxlanılması və yük sahiblərinə müxtəlif
növ xidmətlərin göstərilməsi təmin ediləcəkdir.
Mərkəzin gələcək inkişafı
üçün limanın ərazisində əlavə sahə
nəzərdə tutulub.
Möhtərəm cənab Prezident. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Azərbaycan dəmir yollarının yenidən qurulması, ölkəmizin müasir magistral avtomobil yolları şəbəkəsinin yaradılması, yeni lokomotivlərin, vaqonların, bərə və gəmilərin alınması, gəmiqayırma zavodunun inşası, beynəlxalq hava limanlarının tikintisi, regionun ən böyük magistral Bakı – Tbilisi – Qars dəmir yolu xətti kimi layihələr, zati-aliləri, məhz Sizin uzaqgörən siyasətinizin və şəxsi iradənizin nəticəsi olaraq, Azərbaycanın nəqliyyat sistemini regionun nəhəng nəqliyyat mərkəzinə çevirir, ölkəmizin nəqliyyat təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Bu cür müasir nəqliyyat infrastrukturu obyektlərinin yaradılması barədə qəbul etdiyiniz qərarlara, nəqliyyat sistemində çalışan insanların əməyinə verdiyiniz yüksək qiymətə görə Zati-alilərinizə dərin minnətdarlığımızı bildirirəm və Sizi əmin edirəm ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələlərinin tikintisi də məsuliyyətlə yerinə yetiriləcəkdir.
Diqqətinizə görə minnətdaram.
X X X
“Van Oord
Dredging and Marine Contractors BV” şirkətinin regional ofisinin rəhbəri
Hans LUİJENBURQ çıxış edərək dedi:
- Hörmətli
cənab Prezident İlham Əliyev.
Hörmətli qonaqlar.
Təmsil etdiyim “Van Oord Dredging and Marine Contractors” şirkəti adından bildirmək istəyirəm ki, belə əlamətdar bir günə - Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalının açılışına dəvət olunmağımız bizim üçün şərəfdir.
“Van Oord” şirkəti Niderland Krallığının bir neçə onillik tarixə malik ailə biznesi şirkətidir.
Azərbaycan Respublikası kimi, Niderlandın da böyük hissəsi dənizlə həmsərhəddir. Niderland əhalisinin yarısı dəniz səviyyəsindən aşağıda yaşayır.
Digərləri kimi, holland xalqı da su ilə mübarizə aparmağın, eləcə də suyu özünün ən böyük fəaliyyət sahəsinə çevirməyin müxtəlif yollarını öyrənib. Limanın tikintisi hər bir ölkənin iqtisadi inkişafı üçün həyati əhəmiyyət daşıyır. Ticarət obyektləri, malların idxalı və ixracı yaxşı təşkil olunmazsa ölkənin tərəqqisi bir sıra məhdudiyyətlərlə qarşılaşacaq. Hollandiyada hər gün “Rotterdam” limanının cəmiyyətimizin həyatında necə önəmli rol oynamasının şahidi oluruq.
Azərbaycan Respublikası bu limanın tikintisini həyata keçirməklə böyük uzaqgörənlik göstərib və digər Xəzəryanı ölkələr də hazırda bundan nümunə götürürlər.
Tezliklə Türkmənbaşı limanının genişləndirilməsi nəzərdə tutulur. Eyni işlər Aktau limanında da planlaşdırılır. Görüləsi bir çox işlər var və bütün bu işlər regionun inkişafı üçün böyük əhəmiyyət daşıyır. Şərq ilə Qərbi birləşdirən tarixi İpək yolu layihəsinin “İpək ticarət yolu” layihəsinə çevrilməsi işləri ənənələrə uyğun olaraq aparılır.
Fəxr edirik ki, belə bir layihənin həyata keçirilməsi üçün bizim şirkətimiz seçilib. 2011-ci ilin sentyabrında Ələtdə yanaşma kanalı və liman hövzəsinin dibdərinləşdirmə işlərini aparmağa “Van Oord” şirkəti layiq görülüb və müqavilə imzalanıb. Həmin ilin noyabrından başlayaraq işlər 17 ay - gecə və gündüz, gündə 24 saat və həftədə 7 gün olmaqla davam edib və layihə sifarişçi Nəqliyyat Nazirliyini tam razı salacaq tərzdə başa çatdırılıb.
Niderlanddan gətirilən ixtisaslaşdırılmış avadanlığımızla dənizin dibindən ümumilikdə 8,8 milyon kubmetr torpaq qazılıb çıxarılıb. Hazırda limanda gəmilərin 7 metr dərinliyə kimi Xəzər dənizinə giriş-çıxışı mümkündür. Qazılan kanalın uzunluğu təxminən 7,5 kilometrə çatır.
İstənilən layihə həlli çətin olan bir sıra şərtlərlə üzləşir. “Van Oord” şirkəti bütün dünya üzrə fəaliyyət göstərir və dənizdə iş şəraiti ilə yaxından tanışdır. Layihənin icrası zamanı Azərbaycan barədə tamamilə yeni bir şey öyrəndik - Bakı küləklər şəhəridir. Bakının küləyi həqiqətən də güclüdür və kəskindir. Güclü külək gəmi heyətinin öhdəsindən gəlməli olduğu ən mürəkkəb şərtlərdən biridir. Beləliklə, bu ölkəni fərqləndirən amillərdən biri ilə tanış olduq.
Azərbaycanın yerli ictimaiyyətinin, şəxsi heyətinin və işçilərinin dəstəyi olmadan bu layihəni heç vaxt tamamlaya bilməzdik. Layihə komandasında Azərbaycandan və Niderlanddan olan işçilər çiyin-çiyinə çalışıblar. Fürsətdən istifadə edərək, bu layihənin müvəffəqiyyətlə başa çatmasında əməyi olan bütün işçilərə minnətdarlığımı bildirmək istəyirəm.
Bu, bizim Azərbaycanda həyata keçirdiyimiz ilk layihə idi və xoşbəxtlikdən sonuncu olmadı. Daha sonra “Van Oord” şirkəti “Crescent” otelinin tikintisi layihəsi çərçivəsində dibdərinləşdirmə işlərinin və Bakı gəmiqayırma zavodu üçün dibdərinləşdirmə işlərinin aparılmasında iştirak edib. Məqsədimiz gələcəkdə yerli hökumət orqanları ilə birgə əməkdaşlıq və tərəfdaşlıq şəraitində tərəflərin qarşılıqlı mənafeyi üçün fəaliyyətimizi və digər tikinti işlərinin həcmini genişləndirməkdən, bu sahədə biliklərimizi bölüşməkdən ibarətdir.
Dünyanın bir çox ölkələrində yaşamış bir insan olaraq deyə bilərəm ki, Azərbaycanda yaşamaq və işləmək çox gözəl təcrübədir. İnsanların qonaqpərvərliyi və nəzakəti, müsbət düşüncə tərzi, gözəl landşaftı və dərin köklərə malik mədəniyyəti Azərbaycanı yaşamaq üçün çox cazibədar bir məkana çevirir. Ümid edirəm ki, Bakıda daha uzun illər keçirəcəyik və ölkənizin müasirləşdirilməsinə töhfəmizi verəcəyik.
Bir daha şirkətimiz adından cənab Prezident İlham Əliyevə, Azərbaycan xalqına, nəqliyyat nazirinə və nazirliyin əməkdaşlarına Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsinin həyata keçirilməsində “Van Oord” şirkətinin iştirakına göstərdikləri dəstək və inama görə minnətdarlığımı bildirirəm.
Mən cənab Prezidentə və Azərbaycan xalqına yeni liman kompleksində terminalın açılışı münasibətilə təbriklərimi çatdırıram.
Limanın gələcək istifadəçilərinə bu kompleksi Azərbaycan iqtisadiyyatının böyük uğuruna çevirməkdə müvəffəqiyyətlər arzu edirəm.
Diqqətinizə görə minnətdaram.
X X X
Daha sonra Prezident İlham Əliyev bərə terminalını işə saldı.
Prezident İlham Əliyev yük vaqonlarının “Bərdə” və “Azərbaycan” gəmi-bərələrinə yüklənərək terminaldan yola salınması prosesinə baxdı.
Dövlətimizin başçısı bu mühüm layihəni reallaşdıranlara bir daha uğurlar arzuladı.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2014.-
23 sentyabr.- S.1-2.