AŞPA-nın sədri Ədliyyə
Nazirliyində olub
Sentyabrın
22-də ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda
səfərdə olan Avropa Şurası Parlament
Assambleyasının (AŞPA) sədri xanim Ann Brasör ilə
görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycanın Avropa Şurası ilə müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə sıx əməkdaşlıq etdiyini vurğulayan nazir dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə insan haqları, demokratiya və qanunun aliliyinə xidmət edən islahatlardan danışıb. Nazir bu prinsiplərin ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə prioritet təşkil etdiyini vurğulayıb və keçirilən tədbirləri qeyd edib.
Qonağa, həmçinin Avropa Şurasının iştirakı və dəstəyi ilə məhkəmə sisteminin və infrastrukturunun təkmilləşdirilməsi, hakimlərin Avropada ən şəffaf seçimi, habelə penitensiar sistemin inkişafı, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, yeni müasir cəzaçəkmə müəssisələrinin inşası üzrə və s. görülən tədbirlər barədə məlumat verilib.
Ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu bildirən qonaq Azərbaycan və Avropa Şurası arasındakı konstruktiv əməkdaşlığı qeyd edib, məhkəmə-hüquq sistemindəki yenilikləri məmnuniyyətlə qarşılayıb, vətəndaş cəmiyyətinin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi və qeydiyyat prosedurları ilə maraqlanıb. A.Brasör penitensiar müəssisələrə baş çəkmək üçün imkan yaradılmasına görə minnətdarlığını ifadə edib.
Görüşdə, həmçinin
ölkəmizin Avropa Şurası Nazirlər
Komitəsinə sədrliyi dövrünə təsadüf edən
2014-2016-cı illər üzrə qəbul olunmuş
birgə Fəaliyyət Planının implementasiyasına, yeni layihələrin həyata keçirilməsinə
dair fikir mübadiləsi
aparılıb, maraq kəsb edən
digər suallara aydınlıq gətirilib.
Azərbaycan.-2014.- 23 sentyabr.- S.3.