Qərəzli mövqenin
əsası yoxdur
Avropa Parlamenti Azərbaycana qarşı yanlış mövqe tutmaqda davam edir. Bu dəfə də təşkilat Azərbaycana qarşı demokratiya və insan hüquqları ilə bağlı qeyri-obyektiv və qərəzli qətnamə qəbul edib. Neft-qaz təchizatı və bir çox digər sahələrdə Avropanın etibarlı tərəfdaşı olan Azərbaycana qarşı bu cür münasibət konseptual olaraq səhvdir. Azərbaycanın sürətli iqtisadi inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində dünyəvi dəyərlərə və beynəlxalq tələblərə uyğun tədbirlərin həyata keçirildiyi bir şəraitdə Avropa Parlamentində belə bir qətnamənin qəbul edilməsi anlaşılmazdır.
Azərbaycanın bu qətnaməyə etirazının bir çox əsasları var. Azərbaycan kimi etibarlı tərəfdaş və Cənubi Qafqazın lideri olan bir ölkəyə qarşı tutduğu qeyri-obyektiv mövqe Aİ-nın xarici siyasətində nəzəri-konseptual elementin olmamasından xəbər verir.
Azərbaycana qarşı belə addımların əsassız olduğunu respublikamızın inkişafa doğru olan iri addımları bariz şəkildə təsdiqləyir. Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf kursu nəticəsində zəruri iqtisadi və siyasi inkişaf templərinə nail olunub. Prezident İlham Əliyevin bu strategiyanı uğurla davam etdirməsi sayəsində ölkəmiz regionun liderinə çevrilib. ABŞ-ın nüfuzlu İrs Fondunun (Heritage Foundation) "Qlobal Rəqabət İndeksi-2014" hesabatına əsasən, son iyirmi ildə Azərbaycan iqtisadi islahatlar nəticəsində iqtisadi azadlıqlarla bağlı xeyli irəliləyişlərə nail olub. İqtisadi azadlıq isə demokratik prosesin mühüm hissələrindən biridir. Bu, vətəndaşlara istehlak seçimi verir, fərdi sahibkarlar üçün münbit iş şəraiti yaradır və ümumilikdə iqtisadi artımın nəticəsinə müsbət təsir edir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin iqtisadi hədəfləri haqqında dedikləri də reallıqda olan nəticənin təməlini təşkil edir. Prezident İlham Əliyev deyib: "Bizim məqsədimiz budur ki, Azərbaycanda yerli istehsal inkişaf etsin, idxal azalsın və Azərbaycan öz daxili bazarını ölkəmizdə istehsal olunan məhsullarla təmin etsin".
Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizə düşüb. "Blumberq" agentliyinin məlumatına əsasən Azərbaycanda ümumi daxili məhsulun 43 faizi qeyri-neft sektorunun payına düşür. Bu isə o deməkdir ki, ölkə Prezidentinin qeyd etdiyi daxili istehsalın artımı üçün vacib iqtisadi inkişaf və infrastruktura yönəlmiş büdcə xərcləri qeyri-neft iqtisadiyyatının genişlənməsinə təsir edir.
Azərbaycanın digər sahələrdə də azadlıqların genişlənməsi və islahat templəri diqqəti çəkməkdədir. Buraya internet azadlığı, dini azadlıqlar, dövlət və vətəndaş arasında olan dialoqun genişlənməsi və s. aiddir. Bu gün Azərbaycan vətəndaşı dövlət orqanlarının "qaynar xətti"nə telefon açıb öz irad və etirazını bildirə bilər. Təcrübədə belə müraciətlər demək olar ki, diqqətsiz qalmır. Azərbaycanın dövlət qurumları elektron müraciət formalarına keçib və süründürməçiliyin qarşısı alınıb.
Aİ-nın Azərbaycanla bütün sahələrdə, o cümlədən İttifaqın özü ilə enerji əməkdaşlığının yüksəlişi məqamında belə qətnamələrin qəbul edilməsi açıq aşkar lobbiçilik qüvvələrinin fəaliyyətinə dəlalət edir. Avropa Parlamentinin belə qərarlar qəbul etməsi onun məhz ayrı-ayrı siyasətçilərin və ya qurumların təsiri altına düşməsini göstərir. Politoloq Stefen Nəkin dediyinə görə, iqtisadi inkişaf və azadlıqların təmin olunmasından başqa, demokratik proses ölkənin qonşuluğunda baş verən hadisələrdən də asılıdır. Aİ Azərbaycanla Avropa Qonşuluq Siyasəti (AQS) layihəsi çərçivəsində əməkdaşlıq edir. AQS-in əsas prinsipləri Şərqi Avropa ölkələri ilə yaxın siyasi əlaqələrə və iqtisadi inteqrasiyaya nail olmaqdır. Bunun vasitəsilə Aİ Şərqi Avropa ölkələri ilə yaxın siyasi əlaqələr, ümumi dəyərlərə, demokratiya, insan hüquqları və azadlıqlarına söykənən münasibətlər qurmaq istəyir. Ancaq digər İttifaq ölkələrindəki problemlərə göz yumaraq Azərbaycana əsassız iradlar tutmaq Aİ-nın özünün elan etdiyi məqsədlərə nail olunması üçün böyük əngəllər törədir. Bütün bu amillər Aİ-nın xarici siyasət sahəsində dərin problemlərinin olduğunu göstərir. Bu mənada ümumi və anlaşılan xarici siyasət konsepsiyasının olmaması Aİ-nı bir sıra arzuolunmaz mənfi nəticələrə gətirib çıxara bilər.
Azərbaycan hökuməti ölkənin daxilində və xarici siyasətində öz üzərinə düşən bütün işləri böyük məsuliyyətlə yerinə yetirir. Siyasi elmlər nəzəriyyəsində demokratiyanın inkişafına dair ən çox rast gəlinən fikirlərdən biri də liderlərin roluna aiddir. Qeyd edilir ki, yalnız xalqın siyasi dəstəyinə söykənməyən liderlər texnoloji və iqtisadi tərəqqinin qarşısını alır, insan hüquq və azadlıqlarına hörmət etmirlər. Bu onunla əsaslandırılır ki, inkişaf xalqın dəstəyi olmayan liderlərin siyasi hakimiyyətini zəiflədir və onlar belə inkişafın marağında deyillər. Belə prosesləri dünyanın bir çox avtoritar ölkələrində müşahidə etmək olar. Lakin Azərbaycanda bu nəzəriyyənin əks-modeli var. Xalqla dialoq, vətəndaş həmrəyliyi, modernləşmə və iqtisadi inkişaf, bütün sahələrdə dünyada müşahidə olunan ən mütərəqqi və qabaqcıl təcrübənin tətbiq olunması Azərbaycan iqtidarının əsas prinsiplərini təşkil edir. Prezident İlham Əliyevin xalq tərəfindən yüksək dəstəyi inkaredilməz bir reallıqdır.
Azərbaycan artıq dünya arenasında Avropanın ən işgüzar və aktiv tərəfdaş ölkələrindən birinə çevrilib. İlk Avropa İdman Oyunlarının, Avro-2020 futbol çempionatının dörd oyununun, "Formula-1" yarışlarının və digər beynəlxalq miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ilə bağlı qərarlar ölkəmizin nüfuzundan xəbər verir. Avro-2020 futbol çempionatı kimi irimiqyaslı, mühüm tədbirin Bakıda keçirilməsi ona dəlalət edir ki, Azərbaycanda təhlükəsizlik, siyasi sabitlik və dövlət-vətəndaş dialoqu yüksək səviyyədədir.
Azərbaycan bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək irəliyə doğru addımlayır. Ölkəmizin əldə etdiyi yeni zəfərlər isə bəzi xarici dairələri narahat edir. Təhlillər göstərir ki, mühüm geostrateji, eləcə də böyük siyasətlərin toqquşduğu məkanda yerləşən, hərtərəfli və önəmli potensiala malik olan Azərbaycanın gələcəkdə də belə maneələrlə, arzuolunmaz iddialarla üzləşəcəyi istisna deyil. Lakin o da yəqindir ki, Azərbaycan bütün bunların öhdəsindən gəlmək iqtidarındadır. Çünki onun uzaqgörən, iradəli, qətiyyətli rəhbəri və vətənpərvər xalqı var.
Tamerlan VAHABOV,
Beynəlxalq
münasibətlər və iqtisadiyyat
üzrə mütəxəssis,
ABŞ-ın Corctaun Universitetinin məzunu
Azərbaycan.-2014.- 23 sentyabr.- S.4.