DƏBİ VARLILAR YARADIR, AĞRI-ACISINI
İSƏ
İMKANSIZLAR ÇƏKİR
Xeyirlə
şər əkiz qardaşdır - deyirlər.
Bunu həyat sübut edib və biz də belə görmüşük.
Üstəlik yarananların hamısının fani dünyanı tərk edəcəyi heç kimdə zərrə qədər də şübhə doğurmur.
Amma... dünyada mövcud olan bütün canlı varlıqlar (o cümlədən də bitkilər) "bəhər" verdikdən, "əvəzedicilərini" dünyaya gətirdikdən sonra hərəsi bir formada köçüb gedir.
İnsanın əvəzedicisi övladdır, övlad ailədə dünyaya gəlir, ailənin yaranışı isə toyla başlayır.
Azərbaycan ictimai fikrində çoxdan belə bir qənaət formalaşmışdır ki, artıq toy və yas məclisləri əndazəni aşıb və tamam başqa bir şeyə çevrilib!
Toyun səs-küyü və süfrə israfçılığı barədə hamı ucadan söyləsə də, yas barədə pıçıltı ilə danışılır: "Filankəs elə bir ehsan süfrəsi verdi ki, bircə arağı çatmırdı".
Gəlin etiraf edək ki, yas məclisi haqqında bundan artığını demək mümkün deyil!
Əvvəlcə toydan başlayaq və görək burada əndazənin aşması özünü hansı formada göstərir.
Toy dəvətnamələri
İnsanlar toy dəvətnamələrini təbəssümlə alsalar da, dərhal ürəklərində "haqq-hesaba" vurur, bəzən "biri də gəldi", yaxud "bu hardan çıxdı" - deyə daxildə heç də xoşhal olmurlar! Doğrudan da hərə öz xeyir işinə qohumunu, qonşusunu, iş yoldaşlarını, dostlarını, yaxın münasibətdə olduğu adamları dəvət etməlidir. Daha quru "salaməleyküm" etdiyini yox! İndi toylara 500-1000 adam çağırmaq "dəbə minib". Həm də hesablayırlar ki, filan faizi gəlməyəcək, odur ki, əlavə dəvətnamə də paylayırlar.
Ayrı-seçkiliyin ilk əlaməti dəvətnamədən başlayır. Əslində dəvətnamə ünvanlandığı insana kimin (hansı ailənin) xeyir işinin nə vaxt və harada olacağını bildirmək üçündür. Amma şadlıq saraylarının sahibləri bunun əsasında da ayrıca biznes qurublar. (Mövcud vəziyyətin təhlili göstərir ki, şadlıq saraylarının sahibləri və onları idarə edənlər öz aralarında əlaqə-ittifaq yaradıblar. Buna Azərbaycan vətəndaşına qarşı yönələn "süni inhisarçılıq" da demək olar. Çünki onlar bir-birinin ağzına tüpürübmüş kimi, bütün məsələlərdə eyni mövqedən çıxış edir, insanlara seçim imkanı vermirlər). Sadə və bərbəzəkli dəvətnamələr müxtəlif "sort" qonaqlar üçün nəzərdə tutulur. Müxtəlif formada (dizaynda) hazırlanan, bəzən parıltılı qaşlarla bəzədilən, hərdən vaxtilə şahların bir-birlərinə göndərdikləri "namə"lərə bənzədilən belə dəvətnamələr heç də ucuz olmur. Deməli, həm də toy xərclərinin üzərinə gəlir.
Toy karvanı
Bəziləri toy karvanını söhrətin və imkanın nümayişi kimi qəbul edirlər. Maşınların sayının çoxluğu, qiymətinin bahalığı, dövlət nömrə nişanlarının üzərinə müxtəlif sözlərin və cümlələrin yazılması, karvana qoşulanların avtoşluq etməsi, digər maşınlara yol verməməsi isə kənardan baxanlarda heç də rəğbət hissi doğurmur. Yol polisi ilə münaqişə yaranması, bəzən isə törənən avtoqəzalar toya qanqaralığı, hətta faciə də gətirə bilir.
Ay
oğul, 3-4 maşınla get gəlinini gətir toya, sonra da
sağ-salamat apar qoy evinə də! Nə ədabazlıq,
özünü göstərməkdir?! Bəzən süni
"marşrut"lar yaradılır, hansısa ünvana gedib
gül qoyurlar! (Bir zamanlar gənclərin 26-ların abidəsi
önünə gedərək ora gül düzmələrini
xatırlayanda adam xəcalət çəkir!)
Paytaxtda
avtomobil tıxaclarının gərginlik
və vaxt itkisi yaratması az saylı maşınla gəlini
evlərindən birbaşa şadlıq sarayına gətirilməsinin
daha ağıllı variant olduğunu göstərir.
Kəbinkəsmə
mərasimi
Elçilik
və nişanlama zamanı əldə olunan şifahi
razılıq kəbinlə rəsmiləşdirilir. (Bəzən
tərəflər dini kəbin də kəsdirirlər). Kəbin
kəsilməsi müəyyən vaxt və mərasim
qaydaları tələb edən prosesdir. "Asan xidmət"in
bu sahəyə də nüfuz etməsi məsələni
xeyli asanlaşdırmışdır. Amma son dövrdə
toylara "əlavə yük" formasında kəbinkəsmə
mərasimi qatanlar da var. Bunlardan birincisi şadlıq
saraylarıdır. İşbazlar bu ritualdan da pul
çıxarmağın yolunu tapıblar. Toy başlanmazdan öncə kəbinkəsdi
mərasimi keçirilir, beləliklə, tıxacda
yubananları gözləyərək səbri daralan
qonaqları "əlavə mərasim" sınağına
da çəkirlər. Həmin mərasimin keçirilməsində
məqsəd salonun bəzədilməsi, atəşfəşanlıq,
"şampan" şərabı qədəhlərindən
"zirvə" düzədilməsi yolu ilə toy sahibindən
əlavə pul çıxarılmasıdır! Valideynlər
bunu başa düşsələr də, dəbin küyünə
gedən cavanların (bəy və gəlinin) istəkləri
qarşısında duruş gətirə bilmir, onların "arzularını" gerçəkləşdirmək
üçün borca düşməyi özlərinə
"şərəf" sayırlar!
Toyda
iştirak edənlərin əksəriyyəti
üçün bu mərasim artıq vaxt itkisi kimi qiymətləndirilir.
Dədə-babadan kəbin kəsiləndən sonra toy
çalınıb də! İşlərin
hamısını
yığıb-yığışdırıb bir gündə
görməyiblər ki!
Toy
süfrəsi
Şadlıq
sarayları müxtəlif olsalar da ("kateqoriyaları" nəzərə
alınmaqla), süfrələri bir-birinə çox bənzəyir!
(Təbii ki, qab-qacağı nəzərdə tutmuruq).
Hamısında müxtəlif cür pendir, göyərti,
xiyar-pomidor, mer-meyvə, balıq məhsulları, növbənöv
salatlar, soyuq qəlyanaltılar, sular, meyvə şirələri,
spirtli içkilər (Yaddan nəsə çıxıbsa,
şadlıq evlərinin sahibləri bizi
bağışlasınlar). Sonra kabablar gəlir: lülə,
tikə, kartof, içalat, balıq. Daha sonra musiqi sədaları
altında xüsusi təqdimatla məclisə plov gətirilir.
Ən nəhayət, sonda tort, dondurma və çayla
yeyib-içməyə yekun vurulur.
Normal
insan qarnı da bu qədər yeməyi tutarmı?! Yaxud saat
19-dan 23-dək bu qədər yeməyi mədəyə
doldurub sonra gedib yatmaq olarmı? Şadlıq evinin sahiblərinin
cibi heç zaman cırılmayacaq!
Çünki onun dibi yoxdur! Amma sizin qarnınız
cırıla bilər, həm də toya əlavə qarın
aparmaq mümkün deyil!
Amma
oğulsan bunların birini "menyu"dan çıxart!
Əvvəlcə, səni dilə tutub inandırmaq istəyəcəklər
ki, bu, son qiymətə o qədər də təsir etməyəcək!
Sonra ayaqlarını yerə dirəyəcəklər ki,
"imicimizə zərbə vurmayın" bizim süfrə
zəngin olmalıdır!
Qayda belədir
ki, "menyu" müştəriyə seçim
üçün verilir! Şadlıq saraylarında isə
" yesən də, yeməsən də, hamısı
süfrəyə qoyulacaq" tələbi hökm
sürür! Getməyə başqa yer, seçməyə
variant yoxdur! Çünki bayaq qeyd etdiyimiz kimi, şadlıq
sarayları birləşərək "toy biznesini"
inhisara götürüblər və öz iradələrini
bu sahədə birmənalı şəkildə diktə edirlər.
Yaxınlarda
mənə qəribə bir əhvalat danışdılar. Toy
sahibi süfrəyə bahalı viski qoyulmasını istəmir.
Sahibkar isə razılıq vermir: "menyu"dan
çıxarmaq olmaz! Məclisin axırına yaxın toy
sahibi əl dəyməmiş viskiləri evə aparmaq
üçün yığdırmaq istəyir. Sahibkar yol
vermir: burdan heç nə aparıla bilməz! (Dünyanın
işinə bax ey, pulunu verdiyin mal səninki deyilmiş). Toy
sahibi bundan qəzəblənərək içilməmiş
viskinin növbəti toya satılmaması üçün
butulkaların ağzının açılaraq boş stəkanlara
süzülməsi tapşırığını verir.
Bundan xəbər tutan sahibkar "kompromis" variant təklif
edir: 5-6 viskini götür apar, amma qalan butulkaları
açdırma!
Bu hadisə
toy süfrələrinin və "menyu"
sıxlığının mahiyyətini açır!
Axı, bir insan bir neçə saata 70-100 manatlıq, bəzən
isə daha çox dəyərində ərzaq və
çörək yeyə bilməz! Bu, nə
zorakılıqdır!
Fonoqram
fırıldağı
İndi
toy müğənnisi olmaqdan ötrü səsin və
istedadın mövcudluğu vacib deyil! Bunun iki şərti var:
şadlıq saraylarının birinə yol tapıb işə
düzəlməlisən və televiziya kanallarına xərc
qoyaraq "reklam" verilişlərinə
çıxmalısan! Qalanı texniki məsələlərdir.
Texniki məsələyə
təkcə musiqiçilər daxil deyil. Toyda yalnız həmin
sarayın fotoqrafının və video operatorunun xidmətindən
istifadə etməlisən (Təbii ki, deyilən qiymətə
razılaşmalısan). Kənardan sənətkar gətirmək
olmaz! Çalğıçı və oxuyançı gətirmək
olar. Amma bu şərtlə ki, sarayda işləyənlərin
də pulunu verməlisən! Görürsünüzmü,
bizim şadlıq saraylarında bütün şərtləri
yalnız sahibkar diktə edir. Vətəndaşın isə
seçim və etiraz hüququ yoxdur!
Musiqinin
isə özgə "bəlaları" var! Əvvəla,
hamı illər boyu narazılıq etsə də, Milli Məclis
ayrıca qanun qəbul etsə də, toylardakı insanların
əsəbinə və səhhətinə mənfi təsir
edən yüksək səs-küyü
yığışdırmaq mümkün olmayıb. Niyə?
Bunun isə 3 "mühüm" səbəbi var:
Birincisi,
bu, şadlıq evinin sahibinə maddi cəhətdən sərfəlidir!
Qonaqlar hay-küyə dözməyərək tez
çıxıb gedirlər! Nəticədə süfrədə
qalan yeməklərdən növbəti toylarda istifadə
olunur və sonrakı xörəklərdən xeyli az
bişirilərək "qənaət" edilir.
İkincisi,
oxuyançının səsi olmadığından
texnikanın (səsgücləndiricinin) köməyi ilə vəziyyətdən
çıxır! Hətta səsin gurluğu aşağı
salınsa belə, gedib dava-dalaşla qaldırır.
Mümkün olmadıqda oxumaqdan imtina edir,
qanqaralığı yaradır. Çünki bu halda
çalğıçılar da "küsür",
hoqqabazlıq edirlər.
Üçüncüsü,
Milli Məclisin qəbul etdiyi qanunun icrasına məsul olan
qurumlar şadlıq sarayı sahiblərinin
"nüfuzundan" ehtiyat edərək (yumşaq desək)
üzərlərinə getmədiyinə görə toy
gurultuları kiminin beyninə, kimininsə cibinə
"işləməkdə" davam edir.
Fonoqram
fırıldağı da pul tələsidir. Müştəridən
daha bir üsulla pul qoparmaq üçün şadlıq evinin
sahibi toyda "məşhur mügənnilər"in ("məşhur"
deyəndə bütün günü səviyyəsiz və mənasız
"şou" proqramlarında gözümüzü döyənək
etmiş istedadsız, amma özündənrazı
oxuyançılar nəzərdə tutulur) oxumasını da
təşkil edəcəyini bildirir. Toy yiyəsi asanlıqla
bu tələyə düşür. Beləliklə, əlavə
pullar hesabına (bu pulda sahibkarın da payı olur) fonoqram
(indi buna "disk" deyirlər) fırıldağı
baş tutur. Bir-birləri ilə əlaqəyə girən
şadlıq saraylarında oxuyanlar toy başlayandan 2-3 saat
sonra fonoqramlarını (disklərini) qoltuqlarına vurub
"karusel" adlanan "səfərə"
çıxırlar. Fonoqramda kompüterlə səsləri
nizamlanmış, müasir texnikanın imkanları hesabına
"qaydaya salınmış" formada olur və təqribən
yarım saat çəkir. Toy sahibi hər
oxuyançıya 500-1000 manat
ödəməklə toyunda 5-6 "məşhur mügənni"nin
oxumasından razı qalır. Amma unudur ki, həmin
oxuyançı onu "lox" yerinə qoyaraq, köhnə
qaydada desək "val" oxutdurub. Yəni, heç
boğazını da tərpətməyib, sadəcə
ağzını açıb yumub.
Diskə
qulaq asmaq istəyirsinizsə,
belələrinin mağazalarda tökülüb qalmış
o qədər diskləri var ki! 1-2 manata alıb şadlıq
evindəki maqnitofona salmaq olar.
Görün
nə qədər qabaq düşərsiniz!
Mahnıya
oynamaq və diskoteka xəstəliyi
Keçmiş
zamanlarda toylarda iki-üç nəfər meydana girərək
oynayar, qalanları çəpik çalardı. Belə rəqs
bir oyun havasından uzun çəkməzdi. Sonra oynayanlar yerlərini
başqalarına verərdilər. Mahnı, yaxud muğam
oxunanda isə hamı qulaq kəsilər, ifadan zövq
duyardı. Beləliklə, yaxşı oynayanlarla yaxşı
oxuyanlar məclisə xoş əhval-ruhiyyə bəxş edərdilər.
İndi hər
şey dəyişib! Musiqi səslənən kimi 50-60 adam birdən
girir ortalığa. Olsun, toyun yaraşığı
oynamaqdır - demişlər! Amma milləti döndərib
ediblər mahnıya oynayan! Oyun havaları isə tamam yaddan
çıxıb! Odur ki, nə mahnıda mahnılıq
qalıb, nə də rəqsdə rəqslik! Ritmik oyun
havaları oynamaq üçün yaradılıb. Lirik
mahnıları isə dinləyib ləzzət alarlar. Hər
mahnıdan qol-qabırğasını qıra-qıra bir bənd
oxuyub 7-8-ni calayırlar dal-dala. Ağız deyəni qulaq eşitmir! Hətta bəzən
bəylə gəlin ortalıqdan çıxmır, qonaqlardan
çox oynayırlar. Qəflətən isə toyxananı
döndərib edirlər diskoteka-bar! Yaşlılar yerlərində
oturub deyinir, cavanlar isə ortalığa düşərək
əcaib-qəraib hərəkətlərə
başlayırlar. Bu, "evropeyski" dəbi kim gətirib,
niyə gətirib bilmək olmur. Amma toy sahibi
özünü mədəni,
"intiligentni" göstərmək üçün buna
gedir.
Toy bizim
milli adət-ənənəmizdir. O, elçiliklə
başlanan qohumlaşma prosesinin zirvəsi sayılır. Toyu
müasirləşdirmək olar, çünki zamanın təsir
etmədiyi proses yoxdur! Amma tamam dəyişmək,
bayağılaşdırmaq olmaz! Əgər
avropasayağı toy etmək istəyirsinizsə, onda birinci
süfrədən başlayın, onu avropalaşdırın!
Daha min illik tarixi olan toylara diskoteka, kəbinkəsdi və digər
yamaqlar vurmaq nə lazım?!
Borcu
yığıb, borca düşənlər
Nəhayət,
toyun sonu gəlib çatır. Bu nəqamda təzə
"toy" başlanır. Toy sahibi "alan cibi" ilə
"verən cibi"nin balansını müəyyənləşdirir.
İsrafçı süfrə, "karusel"
oxuyançılar, əlavə nə qədər "bər-bəzək"
xərclərini çıxandan sonra məlum olur ki, nəf
qudurub mayanı yeyib! Toy qabağı siyahısına baxaraq
illər boyu toyuna getdiyi adamları çağırıb
"borclarını" yığan toy sahibi xeyir işindən
xeyir götürə bilməyib! Nəticədə
"alacağı borc siyahısı"ndan qurtularaq "verəcəyi
borc siyahısı"na düşüb. Əgər ehtiyatda
pul varsa, yaxasını birtəhər qurtarır. Yoxdursa, bəy-gəlinə
qədər girov qoya bilər! Çünki şadlıq
sarayının sahibi nisyə işləmək istəmir!
Şübhəsiz, xeyir işdə ən böyük
xeyir övlada son borcunu verərək
onu ailə sahibi etməkdir! Hətta buna görə əvvəldən
pul tədarükü də görülür. Amma toyun
israfçılıq yönündə (bütün komponentlər üzrə)
bayağılaşdırılması bəzən
çox böyük
qanqaralığı və borcadüşmə ilə nəticələnir.
Niyə, nəyin xatirinə?
Əlbir olmuş işbazların və adlarını "sənətkar"
qoyan oxuyançıların cibini doldurmaq üçünmü?!
Biz
bütün təqsiri toy edənlərin və şadlıq
evlərinin sahiblərinin üzərinə qoymaq istəmirik.
Burada vergi işçilərinin, süni
inhisarçılığa qarşı mübarizə
aparmalı olan orqanların və toylarda musiqinin həddinə
nəzarət edəsi qurumun da
böyük məsuliyyəti (indiki halda məsuliyyətsizliyi)
vardır! Guya vergi yığanlar bilmirlər ki, şadlıq
evinin sahibləri və toyda oxuyanlar qazandıqlarının
hamısından vergi ödəmirlər? Bilirlər və
göz yumurlar! Həm də elə-belə göz yummurlar! Mətbuat
nə qədər deməli və yazmalıdır ki, belə
mənfi halların və adət-ənənələrimizin
eybəcərləşdirilməsinin qarşısı
alınsın! Süni inhisarçılığa
qarşı mübarizə aparmalı olanlar bilmirlər ki, Azərbaycan vətəndaşı bir qrup
işbazın (əsl sahibkarlar isə kölğədə
dayanaraq görünmək istəməsələr də,
hamı onlar tanıyır) qarşısında aciz vəziyyətdə
qalıb?! Ata övladına toy çaldırmalıdır. Həyətdə
çadır qurmağa yer yoxdur, odur ki şadlıq evlərinə
getməyə məcburdur. Onlar da birləşərək
öz iradələrini diktə edirlər! Belədə
köməyi kimdən almalıdır?
Əgər
qız toyu ayrı, oğlan toyu ayrı keçirilirsə, bu
məqamda valideynləri israfçılıqda və
övladını iki dəfə gəlin oturtmaqda qınamaq
olar! İki ailə birləşərək yeni bir ailəyə
çevrilirsə, onda niyə iki toy
çalınmalıdır? Amma "menyu" səddini
aşmaqda, oxuyançılar və digər "bəzək
xidmətləri" hesabına toy sahiblərinə güzəşt
və seçim imkanı verilmədən soyulmasına
dövlət qarışmalı və vətəndaşını
müdafiə etməlidir! Burada nüfuzlu sözə də,
qınaq mexanizminə də ehtiyac var! Dövlətin qeyd
etdiyimiz qanun pozuntuları ilə bağlı müdaxiləsi
olmasa, vəziyyət düzəlməyəcək!
Çünki sahibkar qaz vurub qazan doldurmaq niyyətindən
daşınmaq fikrində deyil!
***
Toy belə
şeydir ki, illər boyu ona hazırlaşmaq, pul
yığmaq, toydan yığılan pullara ümid etmək
mümkündür.
Yasda isə
vəziyyət bambaşqadır. Nə qədər xəstə,
yaşlı insan olsa da, ölüm daim gözlənilmədən
gəlir! Həm də yas niyyəti ilə pul yığmaq adət-ənənəmizə
ziddir və düşəri olub-olmaz deyirlər.
Bəs əzizini
itirmiş insanları qısa müddətdə nələr
gözləyir?
Son
dövrdə mətbuatda bu barədə müzakirələr
gedir, nüfuzlu insanlar, ziyalılar, müxtəlif sahələrdə
çalışanlar, hətta dövlət məmurları dəyərli
təkliflərini və fikirlərini söyləyirlər.
Böyük əksəriyyəti yekdil rəydədir: yas məclislərində
də əndazə aşılıb, müəyyən qayda
yaradılmalıdır! Biz də şərikik!
Sağlığında
qiymət verin insanlara
Ruh bədəni
tərk edəndən sonra insanın heç nədən xəbəri
olmur! Yas, ehsan dirilər üçündür, ölüyə
çatan kəfən, qəbir və bir də Qurani-Kərimdən
oxunan surələrdir. Əsrlər boyu ölülərlə
bağlı dəyişikliklər baş verməsə də,
dirilər öz aralarında adət-ənənələrə
dəfələrlə əl gəzdiriblər. Bu "əlavə
və dəyişikliklər" isə həmişə maddi
durumla bağlı olub.
Yada salaq:
1941-1945-ci illər müharibəsi dövründə gündəlik
çörək norması adambaşına qram (kiloqram yox)
hesabı ilə siyahı əsasında (talonla) verilirdi. Sonra
1963-cü ildə regionlarda yenidən siyahı əsasında əhaliyə
300 qram hesabilə qara çörək (!) satılmağa başlandı. 1980-ci illərdə
isə ət və yağın talonlarla, adambaşına norma
ilə satılması çoxlarının yadındadır.
Xatırlatdığımız dövrlərdə heç
kim ata-anasına ehsan süfrəsi açmırdı. Hətta
imkanı olanlar belə Sov. İKP-nin qəzəbindən
qorxaraq belə addım atmağa cürət etməzdilər!
Amma heç kim buna pis baxmırdı, övladları valideynlərinə
qarşı sayğısızlıqda
günahlandırmırdı.
Uzaq və
yaxın keçmişdən misal gətirilən bu faktlar da
göstərir ki, adət-ənənələrə dəyişiklik
maddi durumla bağlıdır. Bolluq olanda bol süfrə
açılır, qıtlıq dövründə isə
çayla yola verilir. Deməli, ehsan süfrələri
islamın "pozulmaz qaydaları" ilə yox, cibin vəziyyəti
ilə bağlıdır! Lakin hamının cibi eyni
ölçüdə, içindəki para da eyni
qalınlıqda deyil! Doğru, ədalətli yol isə məclisin
"kasıbın cibi" səviyyəsində verilməsinin
əsas götürülməsidir. Çünki imkanlı
kasıbın səviyyəsinə ağrısız və
çətinlik çəkmədən enə bilər.
Kasıbın varlılarla ayaqlaşması isə onun borca
düşərək uzun illər ehtiyac məngənəsində
sıxılması ilə nəticələnir.
Yas məclisində
var-dövlət nümayişi ictimai rəydə qəbul
edilmir! Pıçıltı formasında yayılan müəyyən
qınaqlara səbəb olur! Şair demişkən:
Sağlığında qiymət verin insanlara!
Hamı
razıdır, başlanğıc isə çətin
Bu sahədə
qayda yaratmağın 2 yolu var: qabağa düşüb şəxsi
nümunə göstərmək və müxtəlif təsir
vasitələri ilə məqsədə nail olmaq! İlk
növbədə hər kəndin, qəsəbənin, şəhərin,
ərazinin vəzifəli, hörmətli, varlı,
tanınmış, nüfuzlu insanları bu addımı
atmalıdırlar! Onlar dərk
etməlidirlər ki, bununla
həm çoxlarını borca-xərcə düşməkdən
xilas edirlər, deməli, savab qazanırlar, həm də yemək
ehsanından imtinanın pulsuzluqdan, sayğısızlıqdan
deyil, qədim adət-ənənələrə hörmətdən,
onların yenidən bərpasından
qaynaqlandığını sübut etmiş olurlar.
Qorxulu
heç nə yoxdur! Xalq bunu istəyir və dəstəkləyir!
Bir vaxtlar hüzr düşəndən qırx
çıxanadək hər cümə axşamı ehsan verilərdi.
Hüzr sahibi maddi sıxıntıya düşməklə
yanaşı iş-gücdən də olar, əl-ayaq
altında qalardı. İndi cümə axşamları
yığışdırılıb, üç və yeddi mərasimləri
birləşdirilib. Bundan nə ölüyə ziyan gəlib,
nə də onun sahibinə! Əksinə, insanlar həmin əlavə
xərcləri qəbrin düzəldilməsinə yönəldirlər.
İndi də
gəlib çıxdıq qəbirüstü abidələrə.
İnsan bu dünyadan "bir
qarış yer və yeddi metr kəfən aparır" -
deyirlər. Qarabağ uğrunda gedən sonuncu müharibə,
hazırda ərəb ölkələrində baş verən
proseslər göstərir ki, heç bu da hamıya qismət
olmur! İtkin düşənləri, taleyi naməlum
qalanları, gəmi qəzası zamanı dənizdə batan
və cəsədi tapılmayan minlərlə miqrantları
xatırlayaq. Heç belələrinin qəbri də yoxdur!
Müsəlman adətinə görə müəyyən
zamandan sonra qəbir itməli, yerlə bərabərləşməlidir.
Yəni, insanın cəsədi
vətən torpağına qarışıb yox
olmalıdır! (Bəlkə də vətəni həm də
doğmalarımızın və əzizlərimizin
qarışdığı torpaqdan ibarət olduğuna görə
bu qədər sevirik!) Burada əsrlərin
sınağından çıxmış çox
böyük reallıq və məntiq də var.
Heç
ildə bir neçə dəfə ulu babasının qəbrini
ziyarət edən insan tanıyırsınızmı? Hərə
öz ata-anası üçün ağlayır. Qəbir
üstünə gedəndə isə əgər qəbirlər
yanaşıdırsa, baba və nənənin qəbri
üstünə də gül qoyub yasin oxutdururlar. Heç kim
Bakıdan əyalətə ulu baba və nənə qəbrini
ziyarətə getmir! Bunu hamı bilir və qəbul da edib! Və
heç kim heç kəsi qınamır! Həyatın
qaydası belədir! Görünür dinimiz də bundan
çıxış edərək qəbrin itib torpağa
qarışması qaydasını məqbul sayıb.
Belədə
ətək-ətək pul tökərək qəbir
üstündə "möhtəşəm" baş
daşları və heykəllər qoymağa dəyərmi?
Onsuz da həmin qəbirdə uyuyan bunu görmür və
bilmir! Ən yaxşısı həmin insanı daim anıb
xatırlamaq, qəlbində və yaddaşında
saxlamaqdır. Onun həyata keçmədiyi arzularını
gerçəkləşdirmək isə lap yerinə
düşən əməldir! Ən düzgün və
ağla batan yoldur! Üçüncü nəsildən,
boş qəbir yerləri dolandan sonra heç kəs qəbir
üstünə mütəmadi gedib-gəlmir. Heç həmin
heykəl-abidələrə
"sənət nümunəsi" kimi də baxan
olmur! Kimdir qəbiristanlığa
heykələ baxmağa gedən? Elə sərgi salonlarına
gedər də!
Bu cümlələri yazmaqla bəlkə biz də müəyyən "ənənələri" pozmuş oluruq, çox açıq və kəskin fikirlər səsləndiririk! Amma buna görə qınaqdan qorxmuruq! Çünki həqiqəti söyləyirik! Qonşu müsəlman dövlətlərinə, Avropaya baxaq! Onsuz da inkişaf bizi həmin nöqtəyə çatdıracaqdır! Başqa yol da yoxdur! Di gəl, nə qədər tez çatsaq, o qədər yaxşıdır. Artıq pulunuzu "zəngin", "israfçı" süfrələrə (xeyir və şərə) xərcləməyin! Övladlarınıza, evinizə, ailənizin istirahətinə və müalicəsinə, gəzməyə sərf edin! Ağıllı yol budur! Doğrudur, bu bizneslə (şadlıq evləri, yas mağaraları, qəbiristanlıq, baş daşları biznesi ilə məşğul olaraq böyük pullar qazananları nəzərdə tuturuq) məşğul olanlar müxtəlif vasitələrlə maneçilik törədərək hər şeyin əvvəlki kimi qalmasına çalışacaqlar və çalışırlar da! Amma özünüz düşünün: sizlərə başqalarının cibini doldurmaq faydalıdır, yoxsa öz ailənizin və doğmalarınızın rifahı!
Ruhanilər qətiyyətli olmalıdırlar. Onsuz da yaslarda ehsan xörəkləri verildi, verilmədi molla ac qalmır, ona ayrıca qulluq göstərilir. Dəfn üçün onlara çatacaq məbləğin də qəbirüstü abidə ilə heç bir əlaqəsi yoxdur! Amma israfçılığın və yersiz, mənasız xərclərin qarşısı alınmalıdır. İlkin vaxtlarda hüzr sahiblərinə ehsanla bağlı xəbərdarlıqlar etməkdən, xörək qazanlarını qocalar evlərinə, internat məktəblərinə göndərtməkdən də çəkinmək lazım deyil! Belədə daha sürətli və effektli nəticə qazanılır. Həm də ilkin vaxtlarda ehsan verməyənlərə də bir "əsas" yaratmaq lazımdır ki, qınaqdan qorxmasınlar.
Böyük çoxluğun mənafeyi
Adətən, dəbi varlılar yaradır, ağrı-acısını isə imkansızlar çəkir! Təbiidir ki, imkansızların sayı varlılardan qat-qat çox olur. Gəlin çoxluğun mənafeyini düşünək! Həm nəzərə alaq ki, bu məsələ ictimai müzakirəyə çıxarılandan bəri 99 faiz rəy bildirənlər israfçılığa və mənasız xərclərə qarşı çıxıb! Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi də bu məsələdə həmrəydir və imkansızların dəstəkçisidir. Həm də göz önündə bu sahədə Naxçıvan təcrübəsi var! Ziyanlı "yenilikdənsə", faydalı "köhnəlik" daha məqbuldur!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 11 iyul.- S.5.