“Azərbaycan-Britaniya münasibətləri
müasir
mərhələdə” kitabı çapdan çıxıb
Qərbin
aparıcı dövlətlərindən biri olan Böyük
Britaniya ilə müstəqil Azərbaycan Respublikasının
əməkdaşlığının tədqiqinə həsr
edilmiş “Azərbaycan-Britaniya münasibətləri
müasir mərhələdə” kitabı çapdan
çıxıb.
Nəşrin müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Məhsəti Əliyevadır. Kitabın girişində qeyd edilir ki, bu tədqiqatın məqsədi Böyük Britaniya ilə Azərbaycan Respublikasının əməkdaşlığını işıqlandırmaqdır. Tədqiqatın başlıca vəzifəsi Azərbaycan-Britaniya əlaqələrinin təşəkkülünü və inkişaf perspektivlərini elmi-texniki baxımdan öyrənmək, müvafiq problemlərin həlli yollarını nəzəri-konseptual baxımdan araşdırmaq, ikitərəfli münasibətlərdə əldə edilmiş nəticələri ümumiləşdirmək idi.
Giriş, üç fəsil və “Nəticə” bölməsindən ibarət olan kitabda siyasi sahədə Azərbaycan-Britaniya əməkdaşlığı, təhsil, elm və mədəniyyət sahələrində müasir Azərbaycan-Britaniya münasibətlərinin iqtisadi aspektləri nəzərdən keçirilir, iki dövlətin qarşılıqlı siyasi, iqtisadi, elmi-texniki və mədəni münasibətləri işıqlandırılır. Kitabın hazırlanmasında Azərbaycan dilində və xarici dillərdə çoxsaylı mənbələrdən, o cümlədən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Milli Məclisin, iqtisadiyyat və sənaye, təhsil, mədəniyyət və turizm Nazirliklərinin, digər dövlət strukturlarının arxivlərindən, habelə hər iki dövlətin səfirliklərinin materiallarından, mətbuatda dərc edilmiş məlumatlardan, statistik və digər materiallardan istifadə edilib.
Kitabın sonunda Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış sənədlərin siyahısı verilib. Bu siyahıda Azərbaycan Respublikası ilə Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya arasında Dostluq və Əməkdaşlıq haqqında Bəyannamə, Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təhsil, Elm və Mədəniyyət sahələrində Əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Hökuməti arasında Hava Rabitəsi haqqında Saziş, Azərbaycan Respublikası ilə Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya arasında Energetika sahəsində Əməkdaşlıq haqqında Memorandum və digər ikitərəfli sənədlərin adları vardır.
“Azərbaycan-Britaniya münasibətləri müasir mərhələdə” kitabının “Nəticə” hissəsində müəllif qeyd edir ki, suveren Azərbaycan Respublikasının xarici siyasət kursunda iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrlə sıx əməkdaşlıq məsələlərinə böyük əhəmiyyət verilir. Bu cür ölkələr arasında ilk yerlərdən birini Böyük Britaniya tutur.
Kitab Azərbaycan-Britaniya
münasibətlərinin salnaməsini əks etdirən
fotoşəkillərlə illüstrasiya edilib.
Azərbaycan.-2014.- 23 sentyabr.- S.6.