Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə Kaluqa vilayətində azərbaycanlı birinci kurs tələbələri
üçün seminar
keçirilib
Sentyabrın
20-21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın
Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla
Əliyevanın təşəbbüsü ilə Rusiyanın
Kaluqa vilayətindəki “Etnomir” Mədəniyyət və Təhsil
Mərkəzində Moskvanın və Rusiya regionların ali məktəblərində
təhsil alan azərbaycanlı birinci kurs tələbələri
üçün səyyar seminar keçirilib.
RAGB
idarə heyətinin üzvü Emin Hacıyev tədbiri
açaraq birinci kurs tələbələrini qəbul
imtahanlarını uğurla başa çatdırmaları və
Rusiya Federasiyasının ali məktəblərinə daxil
olmaları münasibətilə təşkilatın sədri
Leyla Əliyevanın adından təbrik edib. O, azərbaycanlı
gənclərin xaricdə, o cümlədən Rusiyada təhsil
almasına ayrılan diqqətə görə Azərbaycan rəhbərliyinə
təşəkkürünü bildirib.
E.Hacıyev
tədbir iştirakçılarına Rusiyanın Azərbaycanlı
Gənclər Birliyinin fəaliyyəti və təşkilatın
müxtəlif sahələrdə qarşıdakı
planları barədə ətraflı məlumat verib.
RAGB
tərəfindən keçirilən tədbirlər
haqqında slayd-şou göstərilib. Qeyd edilib ki,
Rusiyanın ali məktəblərinin çoxunda hər il Azərbaycan
Mədəniyyəti günləri və həftələri,
Azərbaycanla bağlı konfranslar, tolerantlıq günləri,
konsertlər, foto-sərgilər təşkil edilir. RAGB hər
il Xocalı faciəsinə həsr edilmiş konfranslar
keçirir.
E.Hacıyev
Leyla Əliyevanın təşəbbüsü ilə ətraf
mühitin mühafizəsi üzrə həyata keçirilən
İDEA beynəlxalq kampaniyasından söhbət açaraq
bildirib ki, İDEA kampaniyasının devizi belədir: “Bir Yer –
bir gələcək”. O, gəncləri bu kampaniyaya
qoşulmağa çağırıb. Qeyd edilib ki, xeyriyyəçilik
tədbirlərinə böyük diqqət yetirən RAGB ildə
iki dəfə “Qanın milləti yoxdur” aksiyası
keçirir.
Təşkilat gənclər arasında idman və intellektual yarışlar, Heydər Əliyev Kuboku uğrunda mini-futbol çempionatı, ŞHK komandalarının çıxışlarını, nərd turnirləri, “Nə? Harada? Nə vaxt?” oyunları, “Voroşilov atıcısı” yarışları və başqa tədbirlər keçirir. E.Hacıyev bütün birinci kurs tələbələrini RAGB ilə fəal əməkdaşlığa dəvət edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun salamlarını və təbriklərini çatdırıb. O qeyd edib ki, səfirliyin qapıları Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin üzünə həmişə açıqdır. N.Axundova deyib: “Sizin bəxtiniz gətirib ki, Rusiyada çox mühüm təşkilati, ictimai və siyasi vəzifələr yerinə yetirən RAGB kimi bir təşkilat fəaliyyət göstərir”.
Kaluqa vilayəti İctimai Palatasının üzvü Aleksandr Smirnov birinci kurs tələbələrinə uğurlar arzulayıb, millətlərarası dostluğun və əməkdaşlığın möhkəmlənməsində Azərbaycanlı Gənclər Təşkilatının rolunu qeyd edib.
RAGB nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev, RAGB Kaluqa bölməsinin sədri Ramin Rəcəbov, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndəsi Aybəniz Rüstəmova və başqaları birinci kurs tələbələrini təbrik edərək onlara təhsildə uğurlar arzulayıblar.
Sonra tələbələr Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı, RAGB sədri Leyla Əliyevaya təşəkkür bildiriblər. Çıxış edənlər gənclərin Rusiyada təhsil alması üçün yaradılan imkanlara, gənclərin problemlərinə göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Seminar iştirakçıları RAGB-nin fəaliyyəti və bu təşkilatın fəalları ilə tanış olub, qeyri-formal təhsil üzrə mütəxəssislərin rəhbərliyi ilə xüsusi treninqlərdə iştirak ediblər.
Seminarın sonunda tələbələr RAGB üzvlüyünə qəbul ediliblər.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2014.- 23 sentyabr.- S.9.