Məşhur
«Arşın mal alan» operettasının
ekran həyatı
Kino tariximizdən
Film 1945-ci ilin payızında ekranlara
çıxarıldı, onun nümayişi əsl sənət
bayramına çevrildi, adı Azərbaycan kino tarixinə
qızıl hərflərlə yazıldı. Filmin
yaradıcıları Ü.Hacıbəyli dühasının
bəhrəsi olan bu parlaq əsərdəki bəşəri
ideyanı, komediyanın melodiyalarının gözəlliyini
və rəngarəngliyini tamaşaçılara
çatdırmaq üçün əllərindən gələni
etmişdilər.
Filmə
rol bölgüsü aparılarkən əgər hər bir
obrazla bağlı bir neçə aktyor sınaq çəkilişlərinə
dəvət olunurdusa, Əsgər surəti barədə
quruluşçu rejissor R.Təhmasibin fikri qəti idi: "Bu
rola Rəşid Behbudov çəkilməlidir. Vəssalam!"
Rəşid
Behbudov "Arşın mal alan" filmindən
sonra qısa bir vaxt ərzində məşhurlaşdı,
eyni zamanda Azərbaycanı bütün dünyaya
tanıtdırdı.
R.Behbudov
söhbətlərinin birində demişdir: "Mən
dünyanın hər hansı bir ölkəsində konsert
proqramı ilə çıxış edəndə
tamaşaçılar məni hər şeydən əvvəl
"Arşın mal alan"" filminin qəhrəmanı
tacir Əsgər kimi alqışlayırdılar".
Milliyyətindən asılı olmayaraq filmə baxan bir
çox xarici ölkə tamaşaçısı Üzeyir bəyin
ecazkar musiqisinə, Azərbaycan xalqının incə, mənalı
yumoruna heyran qalırdı. R.Behbudov Finlandiyada olarkən bir fin
tamaşaçısı filmdən aldığı təəssüratı
baş rolun ifaçısına belə bildirmişdi: "Azərbaycanlılar
nə gözəl xalqdır".
Film musiqili komediyanın bütün təravətini
özündə qoruyub saxlaya bilmişdir. Filmdəki
hadisələri məhz musiqi (musiqi redaksiyası Niyazinindir) hərəkətə
gətirir, onun ritmini təyin edir, qəhrəmanların
xarakterini açır, epizodların emosional təsvirini
(operatorlar Əlisəttar Atakişiyev, Muxtar Dadaşov, rəssam
Yuri Şvets, səs operatoru Ağahüseyn Kərimov) yüksəldir.
Bakı
kinostudiyası müharibə şəraitində işləməsinə
baxmayaraq, "Arşın mal alan"ın
yüksək səviyyədə yaradılması
üçün yaradıcı qrup mövcud texnikadan və
texniki imkanlardan ustalıqla istifadə etmişdir.
O
dövrdə Bakı kinostudiyasının texniki bazası zəif,
işçilərinin də maddi vəziyyəti çox
aşağı idi. Buna görə də film
üçün rekvizit ayrı-ayrı tanış-bilişlərin
evlərindən toplanırdı. Toy məclisində
mürəbbə qablarına sabun surroqatı tökülmüşdü.
Kəllə qənd, digər şirniyyatlar,
xüsusilə noğul qumdan, əhəngdən və
başqa materialdan düzəldilmişdi.
Ayrı-ayrı adamlar çəkiliş
üçün evlərindən çilçıraq, stul,
paltar, qiymətli əşyalar gətirmişdilər. Rəşid
Behbudov filmdə atasının qaragül papağından,
qızıl papirosqabından və gümüş
çubuğundan istifadə etmişdir.
Onu da qeyd etmək lazımdır ki, filmin rus və Azərbaycan
variantlarının büdcəsi o vaxtkı qiymətlərlə
5807000 rubl təşkil etmişdi. Filmin ekranlara
çıxarılmasından sonra iki il ərzində
5 milyard rubl qazanc əldə edilmişdi. Bundan
başqa, ölkəyə dövlət sirri kimi gizli
saxlanılan böyük həcmdə valyuta daxil olurdu.
Amma bununla belə, film çəkilib qurtarandan sonra
Moskvada təhvil verilərkən kino mütəxəssisləri
tərəfindən ona münasibət heç də birmənalı
olmayıb.
"Arşın
mal alan" Moskvaya aparılıb SSRİ
Kinematoqrafiya Komitəsinə təhvil verilərkən mərkəzin
bədii şurasının üzvləri filmi nəinki
möhkəm tənqid atəşinə tutdular, hətta
yaradıcı qrupun üzvlərini Sibirə sürgün etməklə
hədələdilər.
Filmin
quruluşçu rejissoru R.Təhmasib xatirələrində
yazır ki, "Arşın mal alan"ı
Moskvaya təhvil verməyə aparmışdıq. Moskvada vəziyyət çox ağır idi. Bəzi küçələrdə hələ də
gediş-gəliş bərpa edilməmişdi. Filmi qəbul edən komissiyanın bəzi üzvləri
bizi soyuq qarşıladılar. Baxışdan
sonra bizi hətta məzəmmət edənlər də oldu.
Açıqca deyirdilər ki, bu vurhavurda heç
"Arşın mal alan "ın yeridir?
Rəsul
Rza isə həmin əhvalatı belə xatırlayır:
"Filmə baxandan sonra xüsusi müzakirə
otağına yığışdıq. Filmin
müəlliflərindən başqa nazir, nazir müavini, məsul
işçilərdən bir qrup, bədii şura üzvləri,
Moskvanın məşhur rejissorları vardı. Film haqqında müxtəlif fikirlər oldu. "Xan, bəy məişətinin idealizəsi",
"reklam şəkillərinə bənzər çəkiliş"
və bu kimi fikirlər deyildi. Amma müsbət fikir söyləyənlər
də az olmadı. Azərbaycan kino
işçiləri əsassız tənqidləri, bəzi yekəxana
ağızbüzmələri cavabsız qoymadılar..."
Məsələ burasındadır ki, elə
ağızbüzmələri cavabsız qoymayan R.Təhmasib və
Rəsul Rzanın özü idi. Həmin iclasda M.Romm, N.Oxlopkov və
digərləri çıxış edib deyirdilər: "Bu
filmi çəkməkdə nə məqsəd
güdmüsünüz?", "Yəni demək istəyirsiniz
ki, inqilabdan əvvəlki həyat ekrandakı kimi gözəl
olub?", "Aktyorların başına brialin çəkib par-par parıldatmaqla
alverçiləri sovet adamlarına qarşı qoymaq istəmisiniz?
" və s. və i. a.
Atılan daşların əksəriyyəti bir rejissor
kimi R.Təhmasibin bostanına ünvanlanmışdı. Buna baxmayaraq,
rejissor da, nazir də onların suallarını cavabsız
qoymurdular. Bədii şuranın üzvü olan bir
general hətta öz nifrətini gizlədə bilməyib
demişdi: "Bu filmdən Sibir iyi gəlir". Rəsul Rza
üzünü hərbçiyə tutaraq özünü
güclə ələ alıb və belə cavab vermişdi:
"Bilmirəm sizə necə müraciət edim, vətəndaş
deyim, cənab deyim, ya nə, bunu bilmirəm. Amma bir şeyi
çox dəqiq bilirəm: yaxşı ki, siz kinematoqrafiyaya rəhbərlik
etmirsiniz". Rejissor R.Təhmasib
də həmin an generala öz kəskin cavabını belə
bildirmişdi: "Yoldaş general, xahiş edirəm, bizim
filmi iyləməyəsiniz!".
R.Təhmasib
bu iclas haqqında xatirələrində yazmışdır:
"...İclas dağılanda mən ancaq Bolşakova
yanaşıb bu sözləri dedim: "Bədii
şuranın bu heyəti sovet kinematoqrafiyasını
yaratmaqda, inkişaf etdirməkdə sizə kömək edə
bilməz, bunlar qəbir qazana oxşayırlar". Bolşakov mənə bir söz demədi, ancaq
baxışlarından duydum ki, o, bu sözlərdən qorxdu.
Mənə deməsə də, ürəyində
bunun həqiqət olduğunu başa
düşmüşdü. Lakin onun bu
adamlara gücü çatmazdı. Bu arada Sergey
Eyzenşteyn mənə yanaşdı və üzünü Rəsul
Rzaya tutaraq dedi: "Narahat olmayın, film uğur qazanacaq".
R.Rza: "Sergey Mixayloviç, niyə siz
çıxış etmədiniz?" Eyzenşteyn
başının işarəsi ilə adamları göstərərək
çox yumşaq bir tərzdə dedi: "Əzizim, mən nə
deməliydim ki?" Sonra üzünü mənə tutub dedi:
"Təhmasib, narahat olmayın. Siz
yaxşı film çəkmisiniz".
Bədii
şuradan sonra Rəsul Rza S.Eyzenşteynlə şəxsən
tanış olmuşdu. Böyük sənətkar
Rəsul Rzaya demişdi: "Mən sizi tanıyırdım. Şeirlərinizdən bəzilərini oxumuşam.
Bu gün sizin cavablarınız xoşuma gəldi,
sakit, ironik". Bir qədər sükutdan sonra əlavə
etmişdi: "Nigaran olmayın, film yaxşıdır. Sadəlik onun nöqsanı yox, dəyərli cəhətidir."
Sonra bir daha təkrar etmişdi: "Xalq bu filmi bəyənəcək,
sevəcəkdir".
S.Eyzenşteynin həmin iclasda çıxış edib
fikir söyləməməsinin səbəbi vardı. Birincisi, ona
görə ki, o vaxtlar kino işçilərindən bir qrupu
S.Eyzenşteynin əleyhinə kampaniyaya
başlamışdılar, onun özünü də, sənətini
də gözdən salmağa çalışırdılar.
Ona görə Sergey Mixayloviç bu adamlara
baş qoşmaq istəmirdi. İkincisi, o,
mübahisə etməyi sevmirdi. Bilirdi ki,
sözü keçməyəcək.
Bundan
sonra "Arşın mal alan" ÜİK(b)P
MK katibi A.Jdanovun iştirakı ilə daha bir
yığıncaqda müzakirə obyektinə çevrildi. Bu
dəfə yığıncağa filmin
yaradıcılarından heç kim dəvət
olunmamışdı. Həmin yığıncaqda iştirak
edən Moskva kinematoqrafçılarından birinin rejissor
M.Əliliyə dediyinə görə, Jdanov da
"Arşın mal alan"ın
nüfuzlu rəqiblərinə qoşularaq deyilən tənqidlərlə
razı olduğunu bildirmişdi. Lakin Stalin "Arşın
mal alan"a baxarkən (o, ümumiyyətlə,
bütün filmlərə tamaşa edirdi - A.K.) Jdanov və daha bir neçə nəfər zalda imişlər.
Ekranda hadisələr bir-birini əvəz etdikcə
Stalin gülməkdən özünü saxlaya bilmirdi,
uğunub gedirdi. Bunu görən Jdanov Stalinə deyibmiş: "Mən
yoldaşlara deyirdim ki, bu çox gözəl filmdir, əla
kinokomediyadır. Amma onlar elə öz sözlərinin
üstündə dururdular".
Məsələ
burasındadır ki, "Arşın mal alan"
Stalinin ən sevimli operettalarından biri idi. Stalin
bu tamaşaya hələ 1938-ci ildə Moskvada keçirilən
Azərbaycan incəsənəti ongünlüyündə
baxmışdı. O vaxt Əsgərin
partiyalarını Bülbül oxuyurdu. Üzeyir
bəy danışırdı ki, baxışdan sonra incəsənət
xadimlərinin şərəfinə təmtəraqlı ziyafət
verildi. Üzeyir bəy Stalinlə Molotovun
arasında oturmuşdu. İosif Vissarionoviç gözlənilmədən
bəstəkara tərəf əyilib arşın
malçıdan mahnı oxudu və dedi: "Mən hələ
Tiflisdə yaşadığım illərdən bu əsərlə
tanışam. Həmin komediyanın ürəyəyatan
mahnılarını bütün Gürcüstanın necə
oxuduğunu xatırlayıram".
Rejissor R.Təhmasibin dediyinə görə, bundan sonra
film əvvəlcə Moskvanın iki kinoteatrında ekrana
buraxıldı. Camaatın böyük axınını görən
kinonun rəhbərliyi filmin nüsxələrini
çoxaldıb digər kinoteatrlara da verdi.
Beləliklə, daha 18 kinoteatrdan
arşınmalçının səsi eşidildi.
İllər ötdükcə film "Arşın mal alan", "Çadra altında məhəbbət"
adı ilə dünyanın 130-dan artıq ölkəsində
nümayiş etdirildi, filmin yaradıcılarına
böyük şöhrət qazandırdı.
1946-1947-ci illərdə tamaşaçıların
sayı hesabatlarda göstərilirdi və bunun müqabilində
rejissor müəyyən faiz qonorar alırdı. Lakin sonralar bu
ölkədə və xaricdə elə bir astronomik rəqəm
oldu ki, bunu daha hesablamaq mümkün olmadı və qonorar da ləğv
edildi.
Təkcə
1945-ci ilin son aylarında ekrana buraxılandan sonra bu filmə
16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat liderləri sırasında
olmuşdur.
Xalq
artisti L.Bədirbəyli xatirələrində yazmışdır:
"Bu gözəl komediya haqqında xalqımızın fəxri
Səməd Vurğun bir dəfə belə bir əhvalat
danışdı: "Londonda Lordlar palatasındakı
çıxışımdan sonra çox həyəcanlı
idim, eyni zamanda elə bil ağır bir işdən azad
olmuş kimiydim. Moskva nümayəndəsi ilə
London küçələrini gəzirdik. Birdən nə görsəm yaxşıdır,
böyük bir reklam lövhəsi. "Arşın mal alan", Ü.Hacıbəylinin
kinokomediyası, Rəşidin və sənin birgə
böyük portretin. Yaxınlaşıb baxanda
gözlərim sevinc yaşı ilə doldu. "Ayə,
gör "Arşın mal alan" Londonda
nə gəzir" deyib qəhqəhə çəkdim".
Bunu o, neçə dəfə teatrda təkrar-təkrar
söyləmişdi. Hər dəfə də
o sevinci yenidən yaşayırdı".
Rusiya kinosunun 100 illiyi münasibətilə
aparılan sosioloji tədqiqatlar nəticəsində sovet
kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş
sovet filmlərinin və sovet ekranında uzun illər
nümayiş etdirilmiş xarici ölkə filmlərinin
arasından "100 sevimli film" seçilmişdir. Həmin filmlər üç hissəyə -
Qızıl, Gümüş və Bürünc siyahılara
ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş
"Arşın mal alan"
kinokomediyası məşhur kino mütəxəssislərinin
yekdil rəyi ilə "Qızıl siyahı"ya daxil
edilmişdir.
Təsadüfi
deyil ki, filmin ekranlaşdırılmasından söhbət
düşəndə ssenari müəllifi də, rejissor da
eyni sözü deyirlər: filmdə ədəbi mənbə
olduğu kimi saxlanılmışdır. Bu da
kino əsərinin uğur qazanmasının əsas amillərindən
biri olmuşdur.
Filmin böyük uğurundan danışarkən
Gülçöhrənin ariyalarını ifa edən
müğənniləri də yaddan
çıxarmamalıyıq. Filmdə
Gülçöhrə rolunu ifa edən aktrisa L.Bədirbəylinin
əvəzinə Azərbaycan dilində Validə Vəzirova,
rus dilində isə Mariya Titarenko oxuyurlar. Opera
və Balet Teatrının aktrisaları öz gözəl və
bənzərsiz səsləri ilə Leyla xanımın oyununu
yüksək səviyyədə tamamlayırlar.
Sovet
hökuməti ötən illər ərzində
"Arşın mal alan"
kinokomediyasından fantastik rəqəmlərlə
ölçüyə gələn valyuta əldə
etmişdi. Eyni zamanda ekran genişlənmiş,
rəngli olmuş, çəkiliş texnikası, xüsusilə
səs yazılışı xeyli inkişaf etmişdi. Filmlər həm sovet, həm də xaricdən
alınan yüksək keyfiyyətli kinoplyonkalara çəkilirdi.
Bütün bunları nəzərə alaraq, SSRİ
Kinematoqrafiya Komitəsinin "Soveteksportfilm" Ümumittifaq
Birliyi "Arşın mal alan"
kinokomediyasının yenidən çəkilməsi təklifini
irəli sürür. Filmin
ekranlaşdırılması Azərbaycan
kinematoqrafçılarına tapşırılır.
Üçüncü
cəhd
1965-ci ildə
görkəmli bəstəkar Ü.Hacıbəylinin anadan
olmasının 80 illiyi münasibətilə C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyası "Arşın mal alan" operettasını
yenidən istehsal edir. Bu dəfə film
genişekranlı və rəngli variantda olur.
Filmə rejissor Tofiq Tağızadə Muxtar Dadaşovla
birgə yazdığı ssenari üzrə quruluş verir. "Arşın mal alan"ın musiqisi bəstəkar Fikrət
Əmirov tərəfindən yeni redaksiyada işlənir. Baş operator İ.Minkovetski, baş rəssam Elbəy
Rzaquliyev bir çox səhnələri dekorasiyadan
çıxarıb respublikamızın gözəl guşələrinin
fonunda çəkirlər. Burada Göygölün,
Qubanın və başqa yerlərin füsunkar təbiət mənzərələrindən
bacarıqla istifadə edilir.
"Arşın
mal alan"ı ekranlaşdırmaq rejissor
T.Tağızadənin çoxdankı arzusu idi. Filmin bundan əvvəlki
variantının milyonlarla tamaşaçının qəlbinə
yol tapmasına və yaddaşlarda özünə möhkəm
yer tutmasına baxmayaraq T.Tağızadə "Arşın
mal alan"ı ekrana çıxarmaqla cəsarətli
addım atır.
Rejissor
T.Tağızadə filmin yenidən çəkilməsi ilə
əlaqədar müxbirlərlə söhbətində
demişdir:
"Əlbəttə, məsələ təkcə
lenti "təzələmək"dən ibarət deyildir. Hətta ona
görə yox ki, kinonun imkanları çox genişlənmişdir
və biz geniş ekrandan, rəngdən istifadə edəcəyik.
Bizim əsas vəzifəmiz Ü.Hacıbəylinin
fikirlərinə daha yaxından yanaşmaq, iki mövzunu - təmiz,
ülvi məhəbbəti və Şərq
qadınlarının faciəsini göstərən əsərin
ideyalarını daha dərindən açmaqdan ibarətdir.
Teatr tamaşasına oxşayan əvvəlki filmlərdən
fərqli olaraq biz yeni filmi musiqili komediyanın motivləri əsasında
çəkirik. Pyes kompozisiya cəhətcə (məsələn, film
2-ci pərdədən, Gülçöhrənin kadr
arxasında oxuduğu ariyası ilə başlanır, ekranda
isə Bakıdakı Qız qalası görünür) dəyişdirilmişdir..."
Kinoşünas
N.Sadıxov hər iki variantı müqayisə edərək
yazır ki, filmin 1945-ci il variantı
sırf pyes əsasında çəkilmişdi. Yeni
"Arşın mal alan" isə bir
sıra məziyyətlərinə görə əvvəlkindən
fərqlənir. Belə ki, film operettadan daha
çox komik operaya yaxınlaşdırılıb.
1945-ci il variantının sırf pyes əsasında
çəkilməsinə və 1965-ci ildə
yaradılmış variantın isə bir çox səhnələrinin
dekorasiyadan naturaya çıxarılmasına baxmayaraq, rejissor
Tofiq Tağızadənin kinokomediyası bir sıra cəhətlərinə
görə əvvəlki kinofilmdən geri qalır. İstər aktyor oyunlarında, istərsə də
qeyri-ciddi təsir bağışlayan əlavə səhnələrdə
bunu bir daha görmək olar. Əsgər
rolunda çıxış edən Həsən Məmmədov
qəhrəmanının daxili aləmini duya bilmir. Leyla Şıxlinskayanın ifasında
Gülçöhrə arzu etdiyimiz Gülçöhrə
deyildir. Ağadadaş Qurbanovun oyununda
Soltan bəyə məxsus şənlik və sevinc vardır.
Bununla belə onun bəzi şit hərəkətləri
obrazın dəyərini azaldır. Süleyman rolunu
ifa edən Murad Yegizarov, Vəli surətini yaradan Tələt
Rəhmanov, Asyanı oynayan Xuraman Hacıyeva təbiilikdən
uzaqdırlar. Nəcibə Məlikova Cahan
xala rolunu yaxşı oynayır.
"Arşın
mal alan" texniki imkanlardan gen-bol istifadə
etsə də, sənət baxımından istər rejissor
işinə görə, istərsə də aktyor
oyunlarına görə əvvəlkindən geri qalır.
Bütün bunlara baxmayaraq "Arşın mal alan"
kinokomediyası 1967-ci ildə Tbilisidə keçirilən I
Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin
"Prometey-67" zona kinofestivalında ən yaxşı
musiqili filmə görə Gürcüstan Bəstəkarlar
İttifaqının mükafatına layiq
görülmüşdür.
"Arşın
mal alan" filmi çəkilib qurtarandan bir il sonra
yaradıcı qrupun üzvlərindən rejissor
T.Tağızadə, Gülçöhrə rolunun
ifaçısı Leyla Şıxlinskaya və Telli rolunu ifa
edən Səfurə İbrahimova sovet
kinematoqrafçıları nümayəndə heyətinin tərkibində
Yaxın Şərq ölkələrində olmuş,
İordaniya, İraq və Suriyada keçirilən sovet filmləri
həftəsində iştirak etmişlər. Nümayəndə
heyəti özü ilə beş bədii
film, o cümlədən "Arşın mal alan" musiqili
komediyasını aparmışdı.
Rejissor
T.Tağızadə danışırdı ki, kino həftəsi
başlamazdan hələ çox qabaq Əmmanın,
Bağdadın, Dəməşqin, Babilin ən yaxşı
kinoteatrlarının fasadı bayram görkəmi
almışdı: sovet filmlərindən ayrı-ayrı
kadrlarla, tamaşaçılarla görüşə gələn
artistlərin fotoşəkilləri ilə bəzədilmişdi.
Hər üç ölkənin qəzetləri,
radio və televiziyası sovetlər ölkəsinin mütərəqqi
incəsənəti ilə qarşıdakı
görüşləri səmimi şərh edirdilər.
Kino həftəsi günlərində bizim filmimiz dərhal
müvəffəqiyyət qazandı və hər yerdə -
Omanda da, Bağdadda da, Dəməşqdə də
kinoteatrların sahibləri bayram proqramının
uzadılması üçün bizi dilə tuturdular.
Aydındır ki, məhz Azərbaycan kinokomediyasının bu qədər böyük şöhrət qazanmasının nəticəsi idi ki, bizi dərhal televiziyada çıxış etməyə, tələbə klubuna, xalq dram teatrına, kinostudiyaya getməyə dəvət etdilər. Bizim bir həftə üçün nəzərdə tutulan proqramımız 30 günlüyə çevrildi.E
Göründüyü kimi, "Arşın mal alan"ın üçüncü variantı zəif alınsa da, əvvəlkinə nisbətən bədii səviyyəsi yüksək olmasa da, istər Azərbaycan, istərsə də xarici ölkə tamaşaçılarının diqqətindən kənarda qalmamış, film kinoteatrların və televiziya kanallarının repertuarında öz daimi yerini tuta bilmişdir. Bunun da əsas səbəbi Üzeyir musiqisi, Üzeyir dramaturgiyasıdır. Artıq 49 ildir ki, "Arşın mal alan" kinokomediyasının sonuncu variantının qəhrəmanı - arşınmalçı Əsgər istədiyini, gözəl Gülçöhrəni tapandan sonra sevinci yerə-göyə sığmır, elə hey oxuyur:
Axtarıb tapdım səni, səndəmi sevdin, yar məni?
Gör nə haldır görmür gözüm, şadlığımdan dünyanı.
Gəl-gəl, maralım, gəl, gəl-gəl, ceyranım, gəl!
Səni sevdim, yar, səni sevdim, gözüm görməz özgəni.E
Aydın
KAZIMZADƏ,
əməkdar incəsənət
xadimi, Prezident təqaüdçüsü
Azərbaycan.-2014.- 23 sentyabr.- S.10.