O kənd
bizi gözləyir...
Hər dəfə
yurd yerinə uşaqlıq yaddaşımla
qayıdıram. Məni böyüdən, ərsəyə gətirən
adamların sözünü,
söhbətini xatırlayıram.
Nənəm deyərdi ki,
bu kəndi birinci yağmalayan 41-ci ilin davası oldu. Onda elin-obanın say-seçmə
oğullarını aparırdılar
müharibəyə. Kənd o başdan
bu başa seyrəlməyə başlamışdı.
Nər kimi kişilərin sayı azaldıqca bu yerlər bir qədər yiyəsizləşirdi. Gəlinlərin təsəllisi göz yaşlarıydı, nənələr
ağı deyib ağlayırdı. Amma müharibə
apardığını aparırdı.
Nəyi vardı ki bu kəndin?.. Bunu da
nənəm dilinə
gətirirdi: "Olub-qalan
yüz evi vardı. O evlərin də kişilərini dənləmişdilər. Qalmışdıq körpələrin, xəstələrin
ümidinə. Müharibə təzəcə başlayanda
qara xəbərlər
də tək-tək gələrdi. Sonradan bu
xəbərlərin sayı
da artdı. Kənd bir ucdan itirirdi.
Belə dərdə ağlamaqdan başqa çarəmiz yox idi..."
Bu kənd Aranın
balaca bir guşəsidir - Zərdabın
Seyidlər kəndi. Nə yaxşı
ki, bu yerlərin
Kürü var, bir də Kür
qırağının Tuqay
meşələri. Yoxsa, bu
tərəflərin istisi
adamı təndir kimi yandırar. Əslində adamları yurd
yerindən didərgin
salan nə bu yerlərin təbiətidi, nə də dolanışıq səviyyəsi. Sadəcə adamlar şəhərin təmtərağına, görünən
və görünməyən
parıltısına aldanırlar.
Müharibənin seyrəltdiyi kənd
bir də şəhərə axının
dərdini çəkməli
oldu. Bir-birinə qoşulub şəhərə
tələsənlər kəndi-kəsəyi
sorğusuz-sualsız tərk
edirdilər. Bir vaxtlar yurdunu-yuvasını
atıb gedənlərə
fərari kimi, yadlaşmış adam kimi baxardılar. Elə bil hamı bir ucdan şəhərli
olmağa tələsirdi.
Gedənlərin çoxu paytaxt
şəhərinin gecəqondu
evlərində kirayədə
yaşayırdı. Amma hələ
də kəndin-kəsəyin
sovqatına göz dikirdilər. Di gəl ki, bu
darısqal daxmalardan əl çəkmirdilər.
Hələ də anlaya bilmirəm ki,
adamları maqnit
kimi özünə çəkən bu şəhərin möcüzəsi
nədədir? Bəlkə də
ucuz əyləncələr,
bildiyimiz və bilmədiyimiz macəralar şəhərə meyil və marağı artırıb. Axı
o tərəfdə qədim
kənd evlərinin qapısından asılan paslı qıfıllar, pəncərəsindəki hörümçək
toru az
qala adamı o tora salıb çabalatmaq istəyir. Yiyəsiz qalan kənd evlərinin sayı artdıqca bir-birinə həyan olan qocaların da dərdi-bəlası artır.
Axirət dünyası ilə
əlləşən bu
ahıllar yurdun, elin-obanın taleyindən narahatdırlar. Gileylənirlər
ki, gedənlər geri dönmür, kənddən-kəsəkdən çal-çağır, qara
zurna səsi gəlmir... Bir də deyirlər ki, bu kənd
qəbiristanlığı az qala kəndin özündən
böyük olub. Gedib şəhərdə yurd-yuva qura bilməyənlər bu dünyanı dolaşa-dolaşa
axırda geriyə dönürlər, ilk yuvalarına
qayıdırlar. Nə yaxşı
ki, torpaq bu adamlardan imtina
etmir. Nə yaxşı ki, heç vaxt, heç vədə torpaq səxavətini kimsədən əsirgəmir!
Sən demə,
yerin-yurdun boşalması,
kəndin-kəsəyin seyrəlməsi
böyük dərd imiş. Bu dərdi, bu bəlanı təkcə müharibə
fəlakəti saymaq olmaz. Amma müharibənin də bəlalarını
çox gördük.
O qədər torpaqlar
itirdik ki? Gözlərimiz önündə nələr olmadı, ilahi?! Qubadlının üç-dörd kəndinin - Eyvazlının,
Seytazın, Çardağlının
gözlərimiz önündə
yandırıldığının şahidi olduq. Onda Azərbaycan televiziyasının
əməkdaşı kimi
o faciələri lentə
köçürürdük. Köçürürdük ki, tarixin yaddaşı öləziməsin.
O lentləri ölkəmizə
gələn siyasilərə,
turistlərə o qədər
göstərmişdik ki...
Amma ikili standartlar hələ də heç kəsi fikrindən tam döndərə
bilməyib. O yurd
yerlərini yağılar
yağmaladılar, düşmənlər
boşaltdılar. Heç o kəndlərin
itinə-atına da güzəşt etmədilər.
Bağlı qalan qapı
itlərinin ulaşması,
hörükdə qalan
kəhər atın kişnəməsi aləmi
başına götürmüşdü.
Ermənilər bu faciəli
görüntülərə məzəli bir kino kimi baxırdılar.
Bu da erməni
vandalizminin yurdumuza vurduğu zədələrdən,
zərbələrdən biri
idi. Ömür boyu belə dərdlərin unudulmaq ehtimalı yoxdur... Adamlar zorla, əlacsız qalıb yurdundan-yuvasından
didərgin düşürsə,
son ucunda bunun bəraət yeri var. Amma doğma ocağını tərk edəndə gün-güzəranını
arqument gətirənlərə
deyiləsi sözümüz
çoxdur. Özü
də lap çox! Əgər böyük şəhərlərdə ən
kiçik işlərin
qulpundan yapışmağa
can atırsansa, bundan ötrü yerini-yurdunu tərk edirsənsə, deməli, kiçik maraqları böyük dəyərlərə dəyişirsən...
Bütün bunların nəticəsidir
ki, kiçik kəndlər boşaldıqca
şəhərin tıxacları,
sıxlığı artır,
nəfəs almaq çətinləşir. Bir udum saf havanın
qıtlığını çəkənlər tələm-tələsik
şəhərdən o qədim
yurd yerlərinə dönürlər. Dönürlər
ki, bəlkə dönüklüklərinə əlac
tapıldı...
Allah sənə qəni-qəni
rəhmət eləsin,
Qərib Əhmədli!
Azərbaycan televiziyasının tanınmış idman icmalçısı idi.
Bir dəfə mətbuat konfransından qayıdandan sonra təəssüflə dedi
ki, sabahdan ərizəmi yazıb çıxıb gedəcəyəm...
Maraqlıdır ki, görəsən, nə olub? Otuz ilin idman icmalçısı doğma peşəsindən ayrılır. Laqeyd-laqeyd cavab verdi ki, kəndimizin montyor Dadaşı mətbuat konfransına gəlmişdi. Adamları sorğu-suala tuturdu. Mat-məəttəl qalmışdım. Hal-əhval tutub, kəndi-kəsəyi soruşdum. Dedi ki, Bakıya köçmüşəm. Köməkləşib bir qəzet açmışıq, birtəhər yola veririk!
Qərib müəllim bunu deyəndən sonra xeyli pərt oldu: "İlahi, gör nə günə qaldıq ki, montyor Dadaş da qəzet açır. A bala, qəzet dükan deyil, bazar deyil ki, köməkləşib işlədəsiniz?"
Qərib müəllim sözünün üstündə dayandı, doğma peşəsindən ayrıldı. Amma gedənə qədər mantyor Dadaşı lənətlədi. Bəlkə də bundan sonra montyor Dadaş nə qədər qəzetçilik etsə də, Qərib müəllimin bircə cümləsinin pərsəngi ola bilməyəcək. Yaxşı yadımdadır, Şamaxıdan Sabir poeziya günlərindən qayıdanda yazmışdı ki, bu yerlərdə iki dəfə zəlzələ olub: birini təbiət yaradıb, o birini poeziyada Sabir... Sən belə düşünürdün, belə yazırdın, bu şəhərə gərəkli adam idin. Amma axırda yerini montyor Dadaşa verdin. Belə gərəksiz dəyişmələr, aldanışlar o yurd yerlərinə çalın-çarpaz dağ çəkirdi. Qərib müəllim deyirdi ki, mən o yerlərə ona görə qayıtdım ki, heç olmasa montyor Dadaşın verə bilmədiyi işığı kənd öz ziyalısından alsın. Bəlkə də ən doğru yolu seçdin. Ömrünün son günlərini doğmalarının əhatəsində yaşadın.
Kür üstündəki o balaca kənd bəndin üstündən ovuc içi kimi görünürdü. Adam geriyə baxanda qapılardan asılan paslı qıfılları görürdü. Uçuq-sökük çəpərləri, bir də o çəpərlərdən boylanan qocalar görünürdü. Bu kəndi yaşadan o qocaların alqışı, bir də halallığı idi. Üzlərindən nur tökülürdü. Kənddən-kəsəkdən danışanda elə sevinirdilər ki... Bir də o adamların dilindən gileylər eşidirdik. Gileylənirdilər ki, bu kənd yaz axşamlarının nağıl gecələrini yalqız-yalqız keçirir. Çay süfrələrində sözün-söhbətin dadına-tamına tamarzı qalmışıq. Niyə belə oldu, ilahi?! Hər gün bu sorğulara gileyli-gileyli cavab axtarırlar. Hələ ki, bu cavablar o qədər mücərrəd görünür ki, axıradək araşdıra bilmirik.
O yerlər hər gün bizi gözləyir, gözü yolda qalan adam kimi... O yerlər övlad həsrəti ilə bir çağırış edir yurd yerinin tənhalığını qovmaq üçün.
Kür üstündəki o balaca kəndin dərdini-sərini sadaladıqca Məmməd Arazın bir misrasını xatırlayıram:
- Kəndim balacasan,
çox balacasan,
Sənin ağrıların yazıya
sığmaz!..
Nə yaxşı ki, son illərdə kəndə-kəsəyə qayıdış başlayıb. Hər şey təzədən canlanır. Adamlar yurduna-yuvasına isinişməyə başlayır. O balaca kəndin tanınmaz görkəmi adamı özünə cəlb edir. Ot basmış cığırlar yenidən insan həniri görür, əkin-biçin yerlərindən bar-bərəkət qoxusu gəlir. Kənd yeni görkəminə qayıdır. O yerlər bizi gözləyir...
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan.-2014.- 23 sentyabr.- S.10.