Azərbaycan incəsənət
ustalarının çıxışları fransalı
tamaşaçılarının
böyük marağına səbəb oldu
Azərbaycanın
qədim tarixini və zəngin mədəni irsini
fransızlara yaxından tanıtmaq məqsədilə Heydər
Əliyev Fondunun təşkilatçılığı və
ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə
reallaşdırılan “Qafqazın mirvarisi olan Azərbaycanın
mədəni dəyərləri” layihəsi çərçivəsində
Parisin VI rayonunda yerləşən Sen-Sülpis meydanında
“Azərbaycan şəhərciyi” təşkil olunub. Şəhərcikdə
Azərbaycan incəsənət ustaları maraqlı konsert
proqramları ilə çıxış edirlər.
On
gün davam edəcək “şəhərciyin”
üçüncü günü Azərbaycanın Əməkdar
Artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu”
fransalı tamaşaçıları qarşısında
çıxış edib. Qrupun ifa etdiyi “Həyata gəliş”,
“Beş yarım”, “Arabeska”, “Caz” və “Atəşgah” rəqs
musiqi nömrələri tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb.
Paytaxt
sakini Katrin Bojar “Azərbaycan şəhəriyi”ndən və
ritm qrupunun çıxışından aldığı təəssüratı
AzərTAc-a danışıb: “Azərbaycan barəsində
yalnız onu bilirdim ki, Bakı ölkənizin
paytaxtıdır, neft və qazla zəngindir. Amma bu gün
“şəhərciklə” tanışlıq sayəsində
ölkəniz barədə yetərincə məlumat əldə
etdim. Burada nümayiş etdirilən qədim xalçalar,
qadın geyimləri, misgərlik məmulatları, mətbəx
nümunələri, müxtəlif şərablar, Azərbaycanın
tarixindən, mədəniyyətindən, musiqisindən, ədəbiyyatından,
incəsənətindən, turizm imkanlarından bəhs edən
kitablar və bröşürlər ölkənizin necə qədin
bir diyar olmasından, mədəni irslə zənginliyindən,
Avropaya inteqrasiyasından xəbər verir.
Bu
gün ritmik qrupun çıxışı məni və bura
toplaşan paytaxt sakinlərini və qonaqları sözün əsl
mənasında valeh etdi. Necə də oynaq musiqiniz var. Qrup
üzvlərinin ifaçılıq tərzinə söz ola
bilməz. Bir sözlə istər şəhərcik, istərsə
də ritmik qrupun çıxışı ölkəniz barədə
az məlumatı olan biz fransızlarda geniş təəssürat
yaratdı. Doğrudan da Azərbaycan Qafqazın həm
mirvarisi, həm də möcüzəli ölkəsidir.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.-2014.- 23 sentyabr.- S.11.