Prezident İlham
Əliyev İsmayıllıda körpələr evi-uşaq
bağçasının
açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham
Əliyevin İsmayıllı və Qəbələ
rayonlarına səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
22-də İsmayıllıda Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa olunan körpələr evi-uşaq
bağçasının açılışında
iştirak edib.
Dövlətimizin
başçısı körpələr evi-uşaq
bağçasının rəmzi
açılışını bildirən lenti kəsdi.
Məlumat
verildi ki, körpələr evi-uşaq bağçası 120
yerlikdir. Ümumi ərazisi 520 kvadratmetr olan körpələr
evi-uşaq bağçası ən müasir tələblər
səviyyəsində inşa olunub. Burada tibb otağı, zəruri
qurğular və oyuncaqlar ilə təchiz edilmiş idman zalı
var. 120 yerlik yeməkxanada da balacaların normal qidalanmaları
üçün bütün imkanlar yaradılıb.
Binadakı yataq və oyun otaqları da uşaqların
zövqünə uyğun tərtib edilib. Bir sözlə,
burada uşaqların təlim-tərbiyəsi və gələcəyin
sağlam vətəndaşları kimi yetişmələri
üçün hər cür şərait var.
Uşaqların günün əsas hissəsini burada
keçirmələri nəzərə alınaraq bu məktəbəqədər
təhsil müəssisəsində onların təlim-tərbiyəsinin
keyfiyyəti, hökm sürən ab-hava vacib amillər kimi əsas
götürülüb. Balacaların intellektual, fiziki və əqli
inkişafı, onların istedad və qabiliyyətlərinin
üzə çıxarılması,
sağlamlıqlarının qorunması diqqət mərkəzində
saxlanılır. Bu amillərə körpələr
evi-uşaq bağçasında xüsusi diqqət yetirilib.
Körpələr evi-uşaq bağçasının ərazisinə
dekorativ hasar çəkilib, oyun meydançaları
yaradılıb. Bina ən müasir infrastrukturla təchiz
edilib.
Görülən
bütün bu işlər bir daha təsdiqləyir ki,
dünyada xoş məramı, xeyirxah işləri ilə
seçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə
yanaşır, onların sağlam, bilikli, savadlı və
intellektli olmaları üçün əlindən gələni
edir. Son illərdə Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə paytaxtla yanaşı, bölgələrimizdə də
bir çox uşaq tərbiyə və təhsil müəssisələrində
əsaslı təmir və yenidənqurma işləri
aparılıb, yeni uşaq bağçaları tikilib. Belə
layihələrin icrasında əsas məqsəd məktəbəqədər
təhsildə əvvəllər mövcud olan
çatışmazlıqların aradan qaldırılması
idi və buna da nail olunur. Heydər Əliyev Fondu bu sahədə
mövcud çatışmazlıqların aradan
qaldırılması üçün yeni bir layihəyə
start verib. “Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” proqramı ictimaiyyətə təqdim edilib.
Bütün bu addımlar isə Azərbaycanın uğurlu gələcəyinə
hesablanıb.
Azərbaycan.-2014.- 24 sentyabr.- S.2.