Sumqayıtın 65 illik yubileyi qeyd edilir
Bu il Sumqayıtın
şəhər statusu
almasından 65 il keçir.
Sentyabrın 23-də Sumqayıtın yubileyinə
həsr edilmiş Şəhər Günü
bayramı qeyd olundu.
Sumqayıt sakinlərinin artıq
ənənəyə çevrilmiş
bu bayram tədbirlərinə xüsusi
həvəs və təşəbbüskarlıqla hazırlaşdıqları hiss edilirdi. Şəhərin siması da
dəyişib. Sumqayıtın hər bir guşəsi
yubileydən xəbər
verir. Bayram ərəfəsində milli geyimli gənclər,
içərisində nağıl
personajları olan elektromobil karvanı hər kəsi Şəhər Gününə
səsləyirdi.
AzərTAc xəbər verir ki, bayram münasibətilə
dünyanın 23 ölkəsindən
və respublikanın bir sıra regionlarından
Sumqayıta gəlmiş
qonaqlar möhtəşəm,
maraqlı və gözəl bir tədbirin şahidləri
oldular.
Bayram şənlikləri başlamamışdan
əvvəl Baş nazirin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri Əli Həsənov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov, Dövlət Sərhəd
Xidmətinin rəisi
- Sərhəd Qoşunları
komandanı, general-leytenant
Elçin Quliyev, “Azərenerji” Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti Etibar Pirverdiyev, Azərbaycan Respublikasının Prezidenti
Administrasiyasının nümayəndəsi
Əlibala Əliyev, Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci
vitse-prezidenti Xoşbəxt
Yusifzadə, vitse-prezidenti
David Məmmədov, ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Müşahidə
Şurasının sədri,
Milli Məclisin deputatı Muxtar Babayev, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik
İsaqov, habelə Azərbaycanda akkreditə edilmiş bir sıra diplomatik missiyaların nümayəndələri
ümummilli lider Heydər Əliyevin abidəsi önünə
tər çiçəklər
qoydular.
Ənənəyə görə, bayram şənlikləri Sumqayıtın
yaxınlığında yerləşən,
yaşı 2 min ildən
çox olan Corat qəsəbəsinin qədim qala divarları önündə
başlandı. Ümummilli lider Heydər
Əliyevin “Sumqayıt
Azərbaycan xalqının
birlik, həmrəylik
şəhəridir” sözləri
tədbirin proloqu oldu.
Bayram tədbiri
qəsəbənin girəcəyində
yaradılmış bazar
meydanında keçirildi. Şəhərin keçdiyi bütün təşəkkül yolu
tədbir iştirakçılarının
gözü qarşısında
canlandı. Minlərlə Sumqayıt sakini bu qeyri-adi tamaşadan
zövq aldı.
Coratın qala divarlarının
qarşısından keçən
ticarət karvanları,
böyük Roma sərkərdəsi
Pompeyin və onun qladiatorlarının, həmçinin məşhur
fransız yazıçı
və səyyahı Aleksandr Dümanın (Ata)
obrazları canlandı.
Tamaşaçılar Sumqayıtda aparılan tikinti işlərinin elementlərini də seyr etdilər. Bir göz
qırpımında şəhərin
rəmzləri meydanda
göründü. Coratlı meyxanaçılar
duetinin Sumqayıta həsr edilmiş improvizəsi çox orijinal və maraqlı idi.
Coratda keçirilən
tədbirin sonunda dövlətimizin başçısı
İlham Əliyevin Sumqayıtın sənaye şəhəri kimi yaradılması barədə
fikirləri səsləndi. Sumqayıt müasir
sənaye şəhərinə
çevrilir. Şəhərin dənizə çıxışının
olması burada turizm və mədəniyyət infrastrukturunun
inkişaf etdirilməsinə
əlverişli şərait
yaradır.
Sonra bayram şənliyinin iştirakçıları
Sumqayıtın mərkəzində
yerləşən Dövlət
Bayrağı Meydanına
yollandılar. Hərbi orkestrin ifasında marş sədaları altında əsgərlər
Azərbaycanın böyük
dövlət bayrağını
meydana gətirdilər.
Hərbi
texnika, əsgərlər,
süvarilər, velosipedçi
və motosikletçilər
dəstəsi Sumqayıt
sakinlərinin və şəhərin qonaqlarının
qarşısından keçdilər.
Tədbir iştirakçıları Sumqayıtın
qəhrəman idmançılarını
alqışlarla qarşıladılar. Dünya və
Avropa çempionatlarının
mükafatçıları olan yüzdən çox sumqayıtlı idmançı Azərbaycan
idmanının şöhrətini
dünyaya yayıb.
Sonra idmançıları
Sankt-Peterburqdan gəlmiş
təbilçi qızlar
qrupu və respublikanın regionlarından
11 folklor kollektivi əvəz etdi. Böyük gəminin
göyərtəsində Azərbaycan
nağıllarının və
ədəbi əsərlərin
personajları göründü.
Onların arxasınca böyük
kuklalar üzürdü.
“Şahin” respublika
hərbi idman oyununun qalibləri olan Sumqayıt məktəblilərinin dəstələri
göz oxşayırdı. Şəhərin
orta məktəblərinin
şagirdləri və
məktəbəqədər müəssisələrdə tərbiyə
alan uşaqlar
xüsusi müsbət
əhval-ruhiyyə yaradırdı.
Əllərində bayraqlar, əlvan
lentlər, şarlar, çiçəklər tutmuş
bu şən, səliqəli uşaqlar sumqayıtlıların quruculuq
əzmini təcəssüm
etdirirdi.
Paradın sonunda Şuşa
şəhər-qalasının böyük maketi meydana gətirildi. Maketdə təsvir edilmiş bu diyarın tanınmış şəxsləri
tədbir iştirakçıların
belə bir inam aşılayırdı
ki, hazırda işğal altında olan torpaqlarımız hökmən azad ediləcək.
Sonra Sumqayıt səmasında Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterləri göründü. Xüsusi təyinatlı sərhədçilər dəstəsi meydanda toplaşan bütün tamaşaçıları vəcdə gətirən şou göstərdi. Əllərində dövlətimizin bayraqları olan hərbi desant dəstəsi üzvlərinin Sumqayıt Dövlət Dram Teatrının binasının damına helikopterdən bir-birinin ardınca enməsi anına hamı böyük həyəcanla tamaşa edirdi. Hərbi aviatorlar meydan üzərində bir dəfə də dövrə vurub milli bayrağımızın yaşıl, qırmızı və mavi rənglərinə boyanmış təbrik açıqcaları səpələdilər.
Şəhərin yubileyinə həsr edilmiş bayram öz kütləviliyi, əlvanlığı, insanların çöhrəsindəki təbəssüm, xoş əhval-ruhiyyə, ən başlıcası vətənpərvərlik ruhu ilə yadda qaldı.
ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Sumqayıtı tərk edərkən dedi: “Əla bayram oldu! Sevindirici haldır ki, tədbirdə uşaqlar və gənclər çox idi, onlar əsl vətənpərvərlik dərsi olan bu bayramda məmnuniyyətlə iştirak edirdilər. Sumqayıt təmiz və qəşəng şəhərdir. Burada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bir neçə müəssisəsi fəaliyyət göstərir. Onlar şəhərin həyatında fəal iştirak edirlər”.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunları komandanı Elçin Quliyev öz təəssüratlarını bölüşərək dedi: “Sumqayıt mənim doğma şəhərimdir. O, ilbəil gözəlləşir. Bayram şənliyi uğurlu oldu. Sumqayıtlılar bu təntənələri təşkil etməklə özlərinə gözəl hədiyyə etdilər”.
Həmvətənimiz, Estoniyanın Paldiski şəhərinin vitse-meri Eldar Toonuekk öz emosiyalarını qısaca belə ifadə etdi: “Möhtəşəm bayramdır. Sumqayıt xoşuma gəlir. Qonaqpərvər şəhərdir. Çox şadam ki, şəhərlərimiz arasında qardaşlaşma münasibətləri yaratmaq məqsədilə Sumqayıtda olduğum müddətdə belə bir möhtəşəm bayrama şahidlik etdim”.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov dedi: “Mən Sumqayıtda yaşayıram. Bura mənim üçün taleyüklü şəhər olub. Ümummilli lider Heydər Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Sumqayıt – kiçik Azərbaycandır. Burada ölkəmizin bütün regionlarının nümayəndələri mehriban bir ailə kimi yaşayırlar. Əlamətdar haldır ki, bayramda bir sıra rayonların özfəaliyyət kollektivləri iştirak edirdi. Bu bayram qəlbimizdə parlaq təəssüratlar və xoş xatirələr qoydu”.
Sumqayıtda yubiley şənlikləri
davam edir.
Azərbaycan.-2014.-
24 sentyabr.- S.10.