Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə

 dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Qəbələ rayonunun sosial-iqtisadi inkişafında köklü dəyişikliklər baş vermiş, mühüm infrastruktur layihələri yerinə yetirilmişdir. Ən müasir tələblərə cavab verən Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Heydər Əliyev Konqres Mərkəzi inşa edilmiş, Tarix Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, sosialyönümlü, o cümlədən yeni turizm, mədəniyyət və təhsil obyektləri istifadəyə verilmiş, iri sənaye müəssisələri yaradılmış, 13 mindən çox yeni yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Qəbələ şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 24 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 25 sentyabr.- S.1.