Bakıda IV Beynəlxalq televiziya
festivalının açılış mərasimi keçirilib
Sentyabrın
24-də Bakıda “Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı
ilə “TEFİ-Sodrujestvo” IV Beynəlxalq televiziya
festivalının açılış mərasimi
keçirilib.
AzərTAc
xəbər verir ki, tədbiri açan Rusiya Televiziya
Akademiyası Fondunun baş direktoru Etere Leviyeva festivalın
iştirakçı ölkələrin xalqları arasında
dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə
əminliyini ifadə edib. E.Leviyeva bildirib ki, festivalda MDB-nin 11
ölkəsinin televiziya kanallarından tanınmış
rejissorlar, aparıcılar və mütəxəssislər
iştirak edirlər. O, festivalın təşkil olunmasında
dəstəyə görə Azərbaycan Respublikası
Prezidenti Administrasiyasına və “Azərbaycan Televiziya və
Radio Verilişləri” QSC-yə təşəkkür edib.
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdir müavini Ərəstun Mehdiyev mərasimdə
çıxış edərək festivalın Bakıda
keçirilməsini yüksək qiymətləndirib. Ərəstun
Mehdiyev festivalın şəhərimizin mədəni həyatında
vacib hadisə olduğunu bildirib və Azərbaycanın
regionda böyük mədəniyyət tədbirlərinə
ev sahibliyi etdiyini vurğulayıb.
Festivalın
ölkələrimiz arasında sıx dostluq əlaqələrinin
bariz nümunəsi olduğunu deyən Prezident
Administrasiyasının rəsmisi bunun eyni zamanda
iştirakçıların Azərbaycanla daha yaxından
tanış olmaları, təcrübə mübadiləsi
baxımından yaxşı fürsət
yaratdığını qeyd edib.
“Azərbaycan
Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini
Faiq Hüsüyev bu festivalın televiziya kanalları
arasında əməkdaşlığın inkişafı
üçün əhəmiyyətli olduğunu söyləyib.
O, Azərbaycanın Rusiya ilə səmimi dostluq əlaqələrini
də qeyd edib.
Əslən
Bakıdan olan məşhur kinorejissor Yuli Qusman dünyada Azərbaycan
qədər ikinci qonaqpərvər ölkə görmədiyini
deyib və festival iştirakçılarının şəhərimizdə
çox səmimi münasibətin şahidi olacaqlarını
bildirib.
MDB
ölkələri televiziyalarının işlərinin təqdimatı
məqsədilə keçirilən bu festivalda bir çox
telefilmlərə baxış olacaq. Artıq ilk olaraq “Azərbaycan
Televiziya və Radio Verilişləri” QSC tərəfindən
çəkilən “Heydər Əliyev fondu 10 il” filmi təqdim
olunub. Bundan əlavə, festival çərçivəsində
Belarus, Gürcüstan, Qazaxıstan, Ukrayna, Moldova və digər
ölkələrin televiziya filmlərinə də
baxış keçiriləcək.
Azərbaycan.-2014.- 25 sentyabr.- S.2.