Qlobal enerji məkanında yeni əməkdaşlıq
nümunəsi
Prezident İlham
Əliyev dünyanın enerji təhlükəsizliyinə,
Avropanın asılılıqdan xilasına, regionun
inkişafına və yeni beynəlxalq komandanın
yaradılmasına imza atdı
"Mən hesab edirəm ki, bu gün neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır".
İlham ƏLİYEV
Tam 60 il öncə - 1954-cü ildə Azərbaycan geoloqları tərəfindən Xəzər dənizində kəşf edilən "Şahdəniz" strukturunda kəşfiyyat və axtarışlar uzun dövrü əhatə etdi. 1999-cu ildə bu ərazidə qaz yatağının tapılması elan ediləndə isə mütəxəssislər qlobal enerji siyasətində necə böyük təshihlərə imza atdıqlarının bəlkə də fərqində də deyildilər. Onların ilkin qənaətincə, sadəcə, Azərbaycanın yeni qaz yatağı kəşf edilmişdi. Sahildən 70 kilometr məsafədə, suyun 600 metrədək dərinliyində yerləşən, 860 kvadratkilometrlik ərazini əhatə edən yatağa "Şahdəniz" adı verildi. Və bu yataq öz təmtəraqlı adını qısa müddət ərzində tam doğrultdu. İlkin hesablamalar və perspektivlə bağlı plan-layihələr dünyanın enerji xəritəsinin əsas koordinatlarının artıq məhz "Şahdəniz"dən keçməsini təsdiqləyirdi.
İstismarına 2006-cı ildən başlanılan və 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan artıq kondensat ehtiyatlarına malik olan "Şahdəniz" dünyadakı dəniz akvatoriyalarında ən zəngin resurslara malik azsaylı yataqlardandır. Onun təbii üstünlüklərindən, iqtisadi baxımdan daşıdığı misilsiz mənfəətdən çox danışmaq olar. Bakıda "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan mərasim isə bu layihənin artıq həm də qlobal məkanda mühüm geosiyasi əhəmiyyət daşıdığını da nümayiş etdirdi.
"Əsrin müqaviləsi" - sosial-iqtisadi inkişafın təməl daşı
Azərbaycan dünyanın ən qədim enerji istehsalçısı olan ölkələrdəndir. Qədim tarixi mənbələrdə bu barədə yetərincə yazılıb. Amma əsas məsələ odur ki, bu yazılanların əksəriyyəti məhz əcnəbi məxəzlərə aiddir. Və dünyanın neft nəhəngi olan BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin həm də digər tarixi məqama da aydınlıq gətirərək "əksər insanlar müasir neft sənayesinin başlanğıcını 1859-cu ildə Pensilvaniyada qazılmış neft quyusu ilə əlaqələndirirlər. Lakin neft quyusu ilk dəfə 1848-ci ildə Azərbaycanda qazılıb" deməsi də, ölkəmizin neft və qaz sənayesinin beşiyi olduğunu geniş auditoriyaya bir daha sübut etdi.
Azərbaycan öz qaz sərvəti ilə bağlı dünyanın enerji bazarına hələ yeni fenomen kimi daxil olsa da, ənənəvi neft məşhurluğuna sahibdir. XIX əsrin sonları və XX əsrin əvvəllərində dünyanın ən böyük neft istehsalçısı olan ölkəmiz dünya müharibələrinin gedişində öz vacib önəmini daha da artırmış, eyni zamanda məhz bu təbii sərvətinə görə əsas hədəflərdən olmuşdur.
Təəssüf ki, illər boyu neft amili möhtəşəm gələcəklə bağlı "şirin nağıla" çevrilsə də, əslində, facəilərimizin acı gerçəkliyi idi...
Azərbaycana qarşı işğal siyasəti yürüdən təcavüzkarın qısa zamanda geniş qlobal dəstəyə malik olmasının da, ölkəmizin müstəqilliyin ilk dövrlərində xarici təsirlərin bir-biriləri ilə çarpışdığı məkana çevrilməsinin də məğzində məhz neft dayanırdı.
Ötən əsrin 90-cı illərinin əvvəllərində bu təbii sərvətimizdən necə, hansı məqsədlə istifadə olunması seçimi Azərbaycan qarşısında "olum, ya ölüm" dilemmasına çevrilmişdi: Neft ya qurtuluşumuzun rəhni olmalı, ya da dövlətçiliyimizin məhvini şərtləndirməliydi!
20 il öncəki məqam və o dövrdən başlanan inkişaf-sabitlik dövrü bu sualı tarixin necə cavablandırdığını əyani göstərir. Siyasi proseslərdə məlum ziddiyyətli gedişləri dayandıran xalqın artıq təşəbbüsü öz əlinə alaraq, hakimiyyətə Heydər Əliyevi gətirməsi və bundan sonra baş verən tarixi dəyişikliklər neft faktorunu qurtuluşun zəmini kimi formalaşdırdı.
1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 11 nəhəng neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında imzalanan saziş bəlkə də yeni respublikanın istiqlal bəyannaməsi idi!
"Əsrin müqaviləsi" Yeni Neft Siyasətindən indi artıq Yeni Enerji Strategiyasına çevrilən bir yolun başlanğıci idi. Bu yolun ilk cığırları terrordan, siyasi təlatümlərdən, dövlət çevrilişi cəhdlərindən, fövqəlgüclərin düşmənə çevrilməsindən keçdi. Aldığımız hər zərbə, hər təzyiq cəhdi nəinki dövləti sarsıtdı, əksinə daha da möhkəmləndirdi, bütövləşdirdi. Azərbaycan "Əsrin müqaviləsi"ndə qarşıya qoyulan məqsədlərə inamla və eyni zamanda böyük sürətlə yetişdi.
1996-cı ildə "Şahdəniz" qazının hasilatı üzrə ilkin saziş imzalandı. 1997-ci ildə Şimal İxrac Marşrutu - Bakı-Novorossiysk, 1999-cu ildə isə Qərb İxrac Marşrutu - Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa ixrac neft kəməri istifadəyə verildi. 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən və Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün də ən mənfəətli ixrac boru kəməri olan BTC 2006-cı il may ayının 28-də - ilk İstiqlal Bəyannaməsinin elan olunduğu tarixin ildönümündə istifadəyə verildi.
Azərbaycan neftinin Ceyhan limanına çatması "Üç dənizin əfsanəsi"ni gerçəkləşdirdi. 1768 kilometr uzunluğunda mürəkkəb konstruksiyalı bu kəmərin ötürücülük qabiliyyəti ildə 50 milyon ton təşkil edir ki, bunu gələcəkdə 60 milyon tona çatdırmaq da mümkündür. İndiyədək Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə dünya bazarlarına 384 milyon tona yaxın neft ixrac edilib. Həmçinin BTC kəməri ilə 11,6 milyon ton Türkmənistan, 4,3 milyon tondan artıq Qazaxıstan nefti nəql olunub.
"Əsrin müqaviləsi"
imzalanan dövrdə buradakı ehtiyatların ümumi həcmi
511 milyon ton neft, 160 milyard kubmetr qaz səviyyəsində
hesablanmışdı. Lakin sonradan karbohidrogen
ehtiyatlarının əslində iki dəfə artıq - 1
milyard ton neft və 350 milyard kubmetr qaz olduğu müəyyənləşdi.
Bu
yataqlardan indiyədək 345 milyon ton neft və 100 milyard kubmetr
qaz hasil edilib.
Hər il neft hasilatının orta hesabla
34-35 milyon ton olacağı nəzərdə tutulur.
XXI əsrin
müqaviləsi
Hələ 1990-cı ildə Dövlət Neft Şirkəti
tərəfindən Azərbaycanın qaz ilə təchizatını
təmin etmək məqsədilə uzun illər öncə
tapılmış "Şahdəniz" strukturunda quyunun
qazılmasına başlanmışdı. Hətta 2 min metr dərinliyə
qədər qazıntı işləri aparılsa da, vəsaitin
və texniki imkanların olmamasından bu iş
yarımçıq qalmışdı. "Şahdəniz"
yatağının birgə işlənilməsi barədə
danışıqlara 1992-ci ildə başlanılsa da, bu barədə
saziş yalnız 1996-cı ilin iyununda ARDNŞ ilə xarici
neft şirkətləri arasında imzalandı. Aparılan gərgin işlərin nəticəsi kimi
artıq 1999-cu ildə böyük potensiala malik qaz
yatağı tam kəşf edildi. Məlum
oldu ki, bu yatağın istismarı Azərbaycanın qaza olan
daxili tələbatını tam ödəməklə bərabər,
həm də təbii qazı tarixində ilk dəfə olaraq
ixrac etməyə imkan verir. Elə həmin il Azərbaycan, Tükiyə və
Gürcüstan arasında qazın nəqlini təşkil edəcək
Bakı-Tbilisi-Ərzurum marşrutunun çəkilməsi
üçün razılıq əldə olundu.
16 oktyabr 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
Azərbaycan və Gürcüstan hissələrinin birləşdirildiyi
gündən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də
tikintisinə start verildi. 2006-cı ildə yataqda bir hasilat
platforması quraşdırıldı və ilin sonlarında
ilk qaz hasil edildi.
Azərbaycan
Bakı-Tbilisi-Ərzurum qaz kəmərini - "Cənub"
qaz dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə
verdi. Cənubi Qafqaz Qaz Boru Kəməri
adlanan bu ixrac marşrutu "Şahdəniz" qazının
Gürcüstan və Türkiyəyə nəqlini həyata
keçirərək regionda enerji təhlükəsizliyinin
mühüm amilinə çevrilib. İldə
20 milyard kubmetr ötürmə qabiliyyətinə malik kəmərin
artıq ötürücülüyünün
artırılması istiqamətində işlər gedir.
Bu marşrutun davamı kimi 2012-ci ildə Transanadolu kəmərinin
- TANAP tikintisi ilə bağlı razılıq əldə
edildi. Bu layihə "Cənub" qaz dəhlizinin tam
konturlarını aydınlaşdırırdı. Artıq ARDNŞ-nin (58 faiz) operatorluğu ilə
BOTAŞ (30 faiz) və BP (12 faiz) şirkətlərindən
ibarət konsorsium kəmərin inşası üçün
ərazidə hazırlıq işlərini tamamlamaq üzrədir.
TANAP-ın illik ötürücülük
qabiliyyəti ilk mərhələdə 16 milyard kubmetr təşkil
edəcək. Sonradan bu göstəricinin
30 milyard kubmetrədək artırılması nəzərdə
tutulur. Bu kəmər Azərbaycanla
yanaşı, Yaxın Şərq və Şərqi Aralıq
dənizi hövzəsində hasil ediləcək qazın da
tranzit yolu ilə "Cənub" qaz dəhlizinə
ötürülərək, Avropaya daşınmasını təmin
edəcək.
2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin
əsas ixrac marşrutu barədə əldə olunan
razılıq isə "Cənub" qaz dəhlizinin
üçüncü mərhələsi oldu. Uzunluğu 870
kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində
TANAP-la birləşəcək, sonra isə Yunanıstan və
Albaniya ərazilərindən Adriatik dənizinin altından
keçməklə İtaliyanın cənub sahillərinədək
uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin
edəcək TAP gələcəkdə Xəzər hövzəsində
hasil olunan təbii qazın qitənin digər böyük qaz
istehlakçılarına - Almaniya, Fransa, Böyük
Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi
üçün də geniş imkanlar açacaq.
Bu layihələr "Şahdəniz"
yatağının işlənilməsi posesinə də
dinamiklik gətirir. Belə ki, yataqda 2-ci mərhələdə hasilat həcmi
təxminən 2 dəfə artırılacaq və beləliklə,
hazırda çıxarılan 9 milyard kubmetr qaza 16 milyard
kubmetr qaz hasilatı əlavə olunacaq. Bunun 10
milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə 2018-ci ildən
etibarən Türkiyəyə çatdırılacaq.
Azərbaycan 2025-ci ilə qədər ixrac qaz
potensialının 40 milyard kubmetrə yetişməsini hədəfləyir. Ümumilikdə isə
ölkəmizin təsdiq edilmiş qaz ehtiyatı 2,5 trilyon
kubmetr civarında olsa da, Prezident İlham Əliyev bu göstəricinin
əslində 4-5 trilyon kubmetr səviyyəsində
proqnozlaşdırıldığını və Xəzər
qazının Avropa üçün yeganə yeni mənbə
olduğunu bəyan edib.
Yeni beynəlxalq
komandanın ilk nailiyyəti
Bakıda keçirilən təntənəli mərasim
iki baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. Həm "Əsrin
müqaviləsi"nin 20-ci
ildönümü ilə bağlı indiyədək
görülən işlərin hesabatı verilir, həm də
"Cənub" qaz dəhlizinin təməlinin qoyulması
ilə bağlı perspektiv planlar, layihələr təhlil
edilirdi. Azərbaycanın Yeni Enerji
Strategiyasının keçmişdən gələcəyə
doğru bütün təsnifatı bir daha göz önünə
gəldi.
Xarici ölkələrin dövlət və hökumət
rəhbərlərinin bu mərasimdə iştirakı nə
qədər əhəmiyyətli idisə, onların
çıxışlarında toxunulan məqamlar Azərbaycanın
qlobal məkanda oynadığı mühüm rolun və
qazandığı nüfuzun etirafı baxımdan daha vacib səslənirdi. "Cənub"
qaz dəhlizinin Avropa üçün əsas məramı
heç şübhəsiz ki, enerji
asılılığından xilas olmaqdır. Bu problemi
açıq-aşkar dilə gətirən və bu
baxımdan Azərbaycanın Avropa üçün həyati əhəmiyyət
kəsb edən tərəfdaşa çevrildiyini qürurla
söyləyən Bolqarıstan Respublikasının Prezidenti
Rosen Plevneliev beş il əvvəl Avropanın ən həssas,
zəif yerinin məhz enerji olmasının onlara
xatırlandığını diqqətə
çatdırdı: "Ukraynada baş vermiş böhran bir
daha onu nümayiş etdirdi ki, Avropa nə dərəcə
qazdan asılıdır və bu, bizim Avropa
İttifaqının gündəliyinin ən başlıca məsələsinə
çevrilib və burada müdrik siyasətin nə dərəcədə
əhəmiyyətli olduğu vurğulanıb. "Cənub" qaz dəhlizi bu illər ərzində
yaşanmış asılılığın sonu olacaq.
Bizim regionu və daha geniş məkanı -
Avropanı asılılıqdan azad edəcək".
Prezident İlham Əliyevə xitabən Azərbaycanın
bütün dövrlərdə çox etibarlı və dəyərli
tərəfdaş olduğunu söyləyən Bolqarıstan
liderinin "Avropaya yenidən heç bir xəbərdarlıq
lazım deyil, biz artıq dərslərimizi öyrənmişik. Biz artıq
real işə başlamalıyıq" - fikri isə qitəni
asılılığında saxlayanlarla bərabər, həm
də məhz Avropadakı məlum təftişçilərə,
"ikilistandartçılar"a yönəlmişdi. Bəli,
cənab Plevneliev çox haqlıdır: Bakıya dərs verməyə
çalışmayın, Bakının addımlarından, təşəbbüslərindən
və xeyirxahlığından dərs alın!
"Cənub" qaz dəhlizinin Avropanın enerji xəritəsini
dəyişdirəcəyinə əminliyini
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də
bildirdi. Azərbaycanın
bütün bölgə üçün, xüsusən də
Gürcüstan üçün mühüm əhəmiyyət
daşıdığını, bizim təşəbbüslərin
onların iqtisadi inkişafına töhfə verəcəyini,
əlavə iş yerləri yaradacağını,
yoxsulluğun səviyyəsini azaldacağını söyləyən
hökumət rəhbəri bu enerji kəmərinə
Qazaxıstan və Türkmənistanın da
qoşulmasının zəruriliyini qeyd etdi.
Mərasimdə iştirak etməyini özünə
böyük şərəf sayan Yunanıstanın Baş
naziri Antonis Samaras kəməri həm də nümunəvi əməkdaşlıq
modeli kimi səciyyələndirdi. Azərbaycanın
çox möhtəşəm inkişaf yolu keçdiyini və
enerji sahəsindəki dinamik dəyişikliklərin həm
ölkədaxili, həm də qlobal səviyyədə
aydın hiss olunduğunu deyən Monteneqronun Baş naziri Milo
Cukanoviç isə bu kəməri həm də ölkəsi
üçün inkişafın yeni mərhələsi
olacağını bildirdi. Norveç
Krallığının Baş naziri Erna Solberqin qənaətincə
isə "Cənub" qaz dəhlizinin təməlqoyulması
yalnız tarix deyil, eyni zamanda, gələcəyə bir
baxışdır.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun fikirləri
də reallığı tam əks etdirirdi. Layihəni
yalnız kəmər kimi deyil, həm də XXI əsrin
mühüm strateji, enerji dəhlizi, geostrateji layihə kimi dəyərləndirən
qitənin siyasi rəhbəri statusunda olan bu şəxs
Prezident İlham Əliyevin rəhbərlik qabiliyyətini
vurğulamağı da unutmadı. Onun Azərbaycanın
Avropa İttifaqına heç bir vaxt bu qədər yaxın
olmadığı barədə fikrini isə qurumun Parlamentinə
ünvanlanan mesaj kimi də qəbul etmək
mümkündür.
Mərasimdə Con Pol Gettinin uğur formulunun üç amilinə - erkən oyanmaq, gecəyə qədər çalışmaq və neft tapmaq faktoruna "müdrik rəhbərlik" bəndi də əlavə edilərək, Azərbaycanın nailiyyətləri konteksində təhlil edildi. Bu orijinal yanaşmanın müəllifi olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston ölkəmizin gərgin əmək və enerji ehtiyatları sayəsində Avropa və dünya iqtisadiyyatında mühüm rol oynadığını da bəyan etdi.
ABŞ dövlət katibi Con Kerri isə məktubunda "Əsrin müqaviləsi"nin keçmiş Sovet İttifaqında ilk böyük Qərb sərmayəsi olduğunu xatırladaraq, Azərbaycanın 96 il öncə universal dəyərlərə sadiqliyini ifadə edən ilk müsəlman ölkəsi kimi insan hüquqları və fundamental azadlıqların təmin edilməsində xalqın və hökumətin nümayiş etdirdiyi lider rolunu yenidən üzərinə götürdüyünü də etiraf etdi. Azərbaycan Xəzər və Aralıq dənizləri arasında birbaşa əlaqə yaradaraq dünya bazarında mühüm neft təchizatçısına çevrildiyi, ölkəmizin "Cənub" qaz dəhlizi vasitəsilə Avropa bazarlarının əlavə enerji təchizatı marşrutlarında və regionun enerji təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynadığı da məktubda xüsusi vurğulanırdı.
Azərbaycan Yeni Enerji Strategiyasında daha məsuliyyətli mərhələyə qədəm qoyur. Bu yol Azərbaycanın dövlətçiliyini möhkəmləndirmək, inkişafını sürətləndirməklə yanaşı, həm də Xəzər sahillərindən Avropaya qədər böyük bir ərazinin siyasi-iqtisadi durumunu müəyyənləşdirəcək əsas amillərdən olacaq. Bu mərasimdə xarici ölkə rəhbərləri və təmsilçiləri yeni geosiyasi və geoiqtisadi reallıqlarla bərabər, rəmzilikdən də çox bəhs etdilər. Amma zənnimizcə, ən böyük rəmz məhz Azərbaycan liderinin kəmərin təməlinə qoyulacaq borunu imzalaması oldu. Çünki bu, həm də Prezident İlham Əliyev tərəfindən qlobal enerji təhlükəsizliyinə, Avropanın enerji asılılığından xilasına, regionun inkişafına atılan imza idi.
Və bu imzanın yanında başqa imzalar da vardı...
Prezident İlham Əliyevin yarandığını rəsmən elan etdiyi və şəxsən öz səyləri ilə formalaşdırdığı yeni beynəlxalq komanda üzvlərinin imzası...
Qlobal məkanda yeni əməkdaşlıq nümunəsi belə yarandı...
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.-2014.- 25 sentyabr.- S.3.