«Cənub» qaz dəhlizi Azərbaycan qazını Avropaya çatdıracaq

 

XX əsrin müqaviləsindən XXI əsrin müqaviləsinə

 

Bu günlərdə müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan "Əsrin müqaviləsi"nin imzalanmasının 20 ili tamam oldu. 20 il öncə bəzilərinin perspektivinə inanmadığı bu müqavilə üzrə qarşıya qoyulmuş vəzifələr məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində uğurla həyata keçirildi. Ulu öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin əzmkarlığı nəticəsində isə Azərbaycanın yeni neft strategiyasının uğurları daha da artdı. Respublikamız beynəlxalq miqyasda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında söz sahibi olan ölkəyə çevrildi.

Ötən 20 ildə qazanılmış nailiyyətlər göstərir ki, yeni neft strategiyasının gerçəkləşməsi həqiqətən, Azərbaycan iqtisadiyyatının, xüsusilə neft sənayesinin güclənməsinə, ölkəmizin inkişafının mahiyyətcə yeni mərhələsinə qədəm qoymasına, müasirləşməsinə güclü təkan verib. Neftqaz hasilatı sahəsində tarixdə görünməmiş yüksəliş qeydə alınmaqla yanaşı, əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın sürətlə inkişaf etməkdə olan modern bir ölkəyə çevrilməsini təmin edib. Bu gedişlə və qarşıya qoyulmuş vəzifələrin uğurla reallaşması nəticəsində yaxın gələcəkdə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrinin cərgəsinə qoşulması tezləşəcək.

Xəzər dənizinin Azərbaycana aid hissəsi təkcə neftlə deyil, təbii qazla da zəngindir. İndiyə qədər neft sahəsində bütün iri layihələr icra edildiyi üçün son illərdə Azərbaycan özünün enerji siyasətini həm də qaz amili üzərində qurur. 1999-cu ildə "Şahdəniz" qaz yatağının kəşfi və buradan hasilatın başlaması isə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və dünya enerji bazarında böyük hadisəyə çevrildi. Bunun nəticəsi olaraq respublikamızda təbii qaz hasilatı əhəmiyyətli dərəcədə artdı.

2010-cu ildə Azərbaycan neftçiləri və mütəxəssisləri tərəfindən aşkarlanan "Ümid" yatağı ölkəmizin enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün böyük hadisə oldu. "Ümid" yatağının kəşf olunması Azərbaycanın dünyada təkcə neft yox, eyni zamanda, təbii qazla zəngin olan dövlət imicini də yaratdı. Digər tərəfdən, bu yataq ölkəmizi istəməyənlərin Azərbaycanın qaz ehtiyatları barədə təhrif olunan informasiyalarına son qoydu.

Respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində Xəzərdən gələn xoş xəbər hər birimizi dərindən sevindirdi, qürurlandırdı. Dənizin Azərbaycan sektorundakı "Abşeron" blokunda aparılan qazma və kəşfiyyat işləri nəticəsində burada böyük qaz yatağının olduğu aşkar edildi. Burada kəşf edilən qaz ehtiyatları Azərbaycanın enerji potensialına böyük dəstək verir. Gələcəkdə hasilatın başlaması nəticəsində respublikamızın qaz ixracı daha da artacaq.

Dünya ölkələri arasında enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi üçün daha ciddi düşünməli, xüsusən alternativ nəql sistemlərinin yaradılması ilə mövcud ideyaların reallaşdırılması istiqamətində əməli hərəkətə keçməlidirlər. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dövlətlərin diqqətini cəlb edib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol birinci növbədə özünün neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Belə ki, hazırda böyük karbohidrogen ehtiyatları, o cümlədən hasilatı olan Azərbaycan nefti və qazı mövcud enerjidaşıyıcı sistemlərlə bütün istiqamətlərə nəql edir. Lakin hazırkı imkanları genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün də yaxşı potensial mövcuddur. Rəsmi Bakı neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, bu sahədə müxtəlif layihələr üzərində düşünən Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu hər zaman bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız elə buna görə də dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib.

Ötən ilin sonlarında Bakıda imzalanan "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı "Əsrin müqaviləsi" kimi Azərbaycanın enerji siyasətində mühüm hadisə idi. Xatırladaq ki, "Şahdəniz" yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və sentyabrın 20-də Bakıda təməli qoyulan "Cənub" qaz dəhlizi layihəsi isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur. Bakıda Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi"nin 20 illiyinə və "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev deyib: "Hazırda layihə tam hazırdır. Bu gün dəhlizin tikintisi başlayır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək, əlaqələndirmə yüksək səviyyədə olmalıdır. Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Baxmayaraq ki, son on il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu layihə bizim üçün yeni imkanlar açır".

Hələ 2006-cı ildə "Şahdəniz" yatağının istismarının birinci mərhələsinin başlanmasından sonra təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi qaz ixracatçısına çevirib. Bununla Azərbaycan "Cənub" qaz dəhlizinin birinci hissəsini istifadəyə verib. CQBK-nın "Şahdəniz-2" layihəsinin tərkib hissəsi kimi yekun investisiya qərarında nəzərdə tutulmuş genişləndirilməsi layihəsi indiyədək kəmərin ötürücülük qabiliyyətinin  artırılması istiqamətində aparılmış işlərin davamı olacaq.

"Cənub" qaz dəhlizinin digər hissəsini TANAP - Transanadolu Qaz Kəməri təşkil edəcək. 2012-ci il iyunun 26-da "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Transanadolu təbii qaz boru kəməri sisteminə dair" saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya ediblər.  Transanadolu Qaz Kəməri təkcə "Şahdəniz" layihəsi çərçivəsində hasil olunan qazı deyil, Azərbaycanın digər yataqlarından hasil edilən təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasiiqtisadi əhəmiyyət daşıyır.

"Cənub" qaz dəhlizinin digər hissəsini isə Transadriatik Qaz Boru Kəməri (TAP) təşkil edəcək. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçüngeniş imkanlar açacaq.

CQBK-nın genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşası və bütövlükdə "Cənub" dəhlizinin işə düşməsi nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki bu dəhliz Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə, minlərlə kilometrlik məsafəni qət etməklə Avropanın mərkəzinə çatdıracaq. Ən əsası, bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 25 sentyabr.- S.3.