Pekində Azərbaycan ilə Çin arasında fövqəladə
halların idarə edilməsi sahəsində əməkdaşlıqla
bağlı anlaşma memorandumu
imzalanıb
Azərbaycan
Respublikasının fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik
etdiyi nümayəndə heyəti sentyabrın 23-24-də
Çin Xalq Respublikasının mülki məsələlər
üzrə naziri Li Liguonun dəvəti ilə bu ölkədə
rəsmi səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti Pekində Milli Fəlakətlərin Azaldılması Mərkəzi və Mülki Müdafiə Cəmiyyətində görüşlər keçirib.
Nümayəndə heyətinə Çində mülki müdafiə işinin təşkili, fövqəladə halların qarşısının alınması sahəsində görülən işlər barədə geniş məlumat verilib.
Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov Çinin mülki məsələlər üzrə naziri Li Liguo ilə görüşüb.
Görüşdə Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında ətraflı məlumat verib. Nazir iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivlərinin olduğunu vurğulayıb.
Li Liguo Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu kontekstdə qarşılıqlı səfərlərin faydalı olacağını bildirib.
Görüşdən sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Nümayəndə heyəti səfər çərçivəsində fövqəladə hallar zamanı istifadə olunan avadanlıq istehsal edən bir sıra müəssisələrə baş çəkib.
Şahin Cəfərov
AzərTAc-ın xüsusi müxbiri
Pekin
Azərbaycan.-2014.- 25 sentyabr.- S.4.