Bakıda “İnsan
hüquqları və qabaqcıl idarəetmə kontekstində
dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans
keçirilir
Azərbaycanın
Avropa Şurası Nazirlər Komitəsində sədrliyi
çərçivəsində sentyabrın 24-də
Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin təşkilatçılığı ilə
“İnsan hüquqları və qabaqcıl idarəetmə
kontekstində dövlət xidmətlərinin göstərilməsi”
mövzusunda beynəlxalq konfrans öz işinə
başlayıb.
AzərTAc
xəbər verir ki, konfransın keçirilməsində məqsəd
Avropa Şurasının üzv dövlətlərindəki
dövlət xidmətlərinin göstərilməsi üzrə
qabaqcıl modellərin müzakirə edilməsi, bu kimi modellərin
fəaliyyəti üçün zəruri olan prinsiplər və
onların inkişafını təmin edən informasiya
texnologiyalarının rolunun nəzərdən keçirilməsi
və dövlət xidmətlərinin göstərilməsi ilə
əlaqədar cari problemlərin və perspektivlərin müəyyənləşdirilməsidir.
Tədbirdə
30-dan çox dövləti, Avropa Şurası, BMT, ATƏT,
Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq
Akademiyanı, bir sıra xarici QHT-ləri təmsil edən 50-ə
yaxın nümayəndə iştirak edir.
Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri İnam Kərimov konfransda
çıxış edərək son on ildə ölkəmizdə
bütün istiqamətlərdə, o cümlədən
dövlət qulluğu sahəsində həyata keçirilən
islahatlardan, əldə edilən uğurlardan
danışıb.
O
deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə,
şəffaflığın təmin edilməsi, vətəndaşlara
səmərəli dövlət xidməti göstərilməsi
baxımından “ASAN xidmət” yaradılıb və bu, ən
uğurlu modellərdən biridir. “ASAN xidmət” vasitəsilə
müxtəlif dövlət orqanları mərkəzləşmiş
formada vətəndaşlara keyfiyyətli xidmət göstərir.
Gün
ərzində iki mindən çox vətəndaş “ASAN xidmət”
mərkəzlərinə müraciət edir. Ötən 20 ay ərzində
3 milyon insan bu xidmətlərdən faydalanıb və istifadəçilərin
98 faizi məmnun qalıb.
Avropa Şurasının demokratik təsisatlar və idarəçilik departamentinin rəhbəri Alfonso Zardi bildirib ki, bu konfrans dövlət xidmətlərində əldə edilmiş təcrübəni bölüşmək baxımından yaxşı imkan yaradır. Burada nüfuzlu ekspertlər iştirak edirlər, müzakirə olunan mövzu da çox aktualdır. A.Zardi qeyd edib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ölkənin çox önəmli tədbirlərin iştirakçısı olmasına və müxtəlif sahələrdə əldə etdiyi təcrübələri digər dövlətlərlə bölüşməsinə şərait yaradır. O, dövlət xidmətlərinin mərkəzləşmiş qaydada göstərilməsinin yaxşı təcrübə olduğunu vurğulayıb.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Vüsal İsayev Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sahəsində aparılan islahatlar haqqında danışıb. O bildirib ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti “ASAN xidmət”in imkanlarından istifadə edir və bu model cəmiyyətdə çox məmnunluqla qarşılanır. Buna görə də “ASAN xidmət” mərkəzlərinin sayı getdikcə artırılır.
ATƏT-in iqtisadi
və ətraf mühit məsələləri
üzrə əlaqələndiricisi Xəlil Yurdakul
Yigitgüdən qeyd edib
ki, Azərbaycan istər dövlət, istərsə
də özəl sektorda çox
böyük islahatlar
həyata keçirir və yeni təcrübələr əldə edir. Bu konfrans təcrübə
mübadiləsi aparmaq, dövlət xidmətlərinin
göstərilməsi ilə bağlı əldə olunmuş nailiyyətləri paylaşmaq,
vətəndaşlara xidmət sahəsində şəffaflığın,
onlarda məmnuniyyətin təmin edilməsi
yollarına fikir mübadiləsi aparmaq üçün
gözəl şərait yaradır.
Azərbaycan.-2014.- 25 sentyabr.- S.4.