Ölkəmizin iqtisadi potensialı güclənir

 

Dünən paytaxtın "Hilton" hotelində "İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri" mövzusunda konfrans keçirildi. Tədbir Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə təşkil olunmuşdu. Öz işini iki panel üzrə quran konfransın gündəliyinə iki məsələ daxil edilmişdi. Birinci panel üzrə "Azərbaycan və Türkiyənin sənayeləşmə prosesinin mərhələləri və qazanılan nailiyyətlər ", ikinci paneldə isə "Sənayenin inkişafında özəl sektorun önəmi və sənayenin maliyyələşməsi" məsələləri müzakirə olundu.

Tədbiri giriş sözü ilə açan ATİB-in idarə heyətinin sədri Cemal Yanğın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan olunmasının əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu sənəd müasir çağırışlar və yeni təşəbbüslər çərçivəsində sənayenin modernləşdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, mövcud təbii və iqtisadi resursların iqtisadiyyatın dövriyyəsinə cəlb edilməsi, yeni sənaye parklarının yaradılması və sair mühüm məsələləri əhatə edir. Bu baxımdan sənayenin inkişafına görə dünyada beşinci yerdə olan Türkiyənin təcrübəsindən Azərbaycanda istifadə olunması məqsədəuyğundur.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov isə dövət müstəqilliyinin bərpasından sonra ölkəmizin iqtisadi sahədə böyük uğurlara imza atmasından, qeyri-neft sektorundakı inkişafdan, xüsusən də son dövrlər beynəlxalq standartların tələblərinə cavab verən müasir sənaye müəssisələrinin fəaliyyəti haqqında məlumat verdi. O deyilənlərə nümunə kimi nüfuzlu reytinq agentliklərinin araşdırmalarının nəticəsi olaraq hazırladıqları hesabatlarda Azərbaycanın mövqeyinin davamlı olaraq   yüksəlməsini qeyd etdi.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun təmsil etdiyi ölkəsinin başlıca hədəfinin Azərbaycanın inkişafına kömək göstərməyə hər zaman hazır olmalarını ifadə etdi. Ölkəmizdə reallaşdırılan iqtisadi yönlü proqram xarakterli layihələri dəstəklədiklərini deyən diplomat bugünə kimi iki ölkə arasında reallaşdırılan və həyata keçirilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan, Bakı-Qars-Axalkalaki, TANAP və sair qlobal əhəmiyyətli layihələrdən danışdı.

Tədbirdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, İqtisad Universitetinin rektoru Ədalət MuradovARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov da çıxış etdilər.

Çıxışlarda Azərbaycanda sənayeləşmənin tarixi ənənələrə malik olması, dünyada neftin ilk dəfə Azərbaycanda sənaye üsulu ilə hasil edilməsi, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə sənayeləşmənin əhəmiyyətli yüksəlişi və hazırda Prezident İlham Əliyevin bu sahəyə verdiyi töhfələrdən söz açıldı.

 

Əli SƏLİMOV,

Azərbaycan.-2014.- 25 sentyabr.- S.4.