Ləyaqətlə yaşadı, hörmətlə anılır...

 

Sadiq Rəhimov-100

 

Hər bir insanın həyat yolunu, cəmiyyətdəki mövqeyini onun yaşadığı illərdə vətəninə, millətinə xidmət səviyyəsi müəyyənləşdirir. Ömür payını ləyaqətlə keçirən, həyatının mənasını faydalı, xeyirxah əməllərdə görən, xalqının tərəqqisinə böyük töhfələr verən zəngin mənəviyyat sahibləri, dəyərli ziyalılarımızla hər zaman qürur duymuş, onları qorumuş, milli sərvətimiz saymışıq. Belə insanlar nəcib keyfiyyətlərini, zəngin mənəvi aləmini parlaq şəxsiyyətlərində və müdrik əməllərində daim təcəssüm etdirirlər.

Azərbaycanın XX əsrdə yaşayıb yaratmış görkəmli dövlət xadimi Sadıq Hacıyarəli oğlu Rəhimovun həyat və fəaliyyəti bu baxımdan əsl vətəndaşlıq nümunəsi, xalqına bağlı ziyalı fədakarlığı olmuşdur. Aydın məsləki və əqidə sahibi olması, prinsipial mövqeyi ona daim hörmət, ehtiram, ucalıq gətirmişdir. Müxtəlif təzadlı, gərgin və narahat zamanlarda yaşasa da, haqqını, insanlıq ləyaqətini, ədalət hissini qoruyub saxlaya bilmişdir. O, Azərbaycanın böyük ziyalılarından biri olmuşdur.

Bu il avqustun 8-də Prezident İlham Əliyev uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə səmərəli xidmətləri və Azərbaycan hökumətinin rəhbəri kimi təqdirəlayiq fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr verən S.Rəhimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. S.Rəhimov mənalı bir ömür yaşamış, cəmiyyətimizə, xalqımıza yalnız şərəf gətirmişdir.

El arasında deyirlər ki, bu gəlimli-gedimli dünyada nə yaxşı, heç nə unudulmur.  Əvvəlki nəsillərdən sonra gələnlərə yaxşı əməllər və nümunələr ərməğan qalır. Dəyişən nəsillər bu əmanətləri qoruyur, saxlayır, dəyərli olduqları üçün onları artırır, çoxaldır.

Şərəfli ömür yaşayanlar ən azı törəmələrinə, nəsil daşıyıcılarına təmiz ad qoyub gedirlər. Şəxsiyyətlərin irsi, əməli, gələcəyə əmanət etdiyi parlaq nümunəsi isə bütün xalqın sərvətidir. Sadıq Hacıyarəli oğlu Rəhimov məhz belələrinin sırasındadır.

Bir atalar məsəli də var: "İnsan hansı vəzifəni daşıyırsa daşısın, eyni zamanda gərək ləyaqətlə də yaşasın". Sadıq Rəhimov bu amalla böyümüş və tərbiyə almışdı. Onun soykökündə şərəfli, saf vicdanlı, təmiz, ağıllı insanlar olmuşdu.

Sadıq Rəhimovun şəxsiyyəti sadə, camaat arasında sayılıb-seçilən, adı hörmətlə çəkilən atası Hacıyarəli kişinin mənliyinə söykənmiş, mənəviyyatından güc almışdır. H.Rəhimov uzun illər Balaxanının neft mədənlərində işləmişdir. Əvvəllər heç bir ixtisası olmadığından yalnız fəhləlik etmişdir. Sonralar bacarığı və qabiliyyəti sayəsində yeniliyə tez yiyələnmiş, qısa müddətdə özünü bacarıqlı qazmaçı kimi göstərmişdir. Daha sonra ona qazma ustası vəzifəsini etibar etmişdilər.

Usta Hacıyarəli (hamı onu hörmətlə belə çağırırdı) uzaqgörən, sabahı düşünən insan idi. Geniş dünyagörüşünə, aydın, iti təfəkkürə malik idi. Həyat yolu çətin, daşlı-kəsəkli olsa da, söz deməyi bacaran idi. Təcrübəli işçi kimi Bakının neft mədənlərində gedən prosesləri, inkişafı diqqətlə izləyirdi. Özü üçün tam aydınlaşdırmışdı ki, yaxın gələcəkdə Bakıda böyük bir sənaye sıçrayışı, iqtisadi yüksəliş gözlənilir. Bunun üçün isə fəhləlik kifayət etməz, gələcək biliyin, savadın, tərəqqinindir.

Bu fikirləri usta Hacıyarəli öz ailəsində təlqin etməyə başladı. İlk növbədə böyüməkdə olan oğlu Sadıqda təhsilə, biliyə, oxumağa həvəs oyadırdı. Onun ən böyük arzusu övladını savadlı, elmli görmək, əsl ziyalı kimi yetişdirmək idi. Bu arzularla da o, oğlunu həmin vaxt Balaxanıda təzəcə açılmış yeddiillik məktəbə gətirir. Sadıq bu məktəbi 1929-cu ildə bitirir. Elə həmin il də 15 yaşlı yeniyetmə Bakı Neft Texnikumuna qəbul olunur. İki il sonra texnikumda təhsilini müvəffəqiyyətlə başa çatdırır.

S.Rəhimov əmək fəaliyyətinə 1931-ci ildən Bakı Maşınqayırma Zavodunda başlayır. Qısa müddət zavodda işlədikdən sonra 1932-ci ildə Azərbaycan Yüngül Sənaye Komissarlığının 2 nömrəli Bakı ayaqqabı fabrikində texnik kimi çalışır. Sonra onu mexaniki emalatxananın müdiri təyin edirlər.

Atasının arzuları çin olmuşdu. Oğlu Sadıq irəliyə can atan bir gənc kimi yetişmişdi. Fabrikdə emalatxana müdiri olsa da, ixtisas, peşəkarlıq cəhətdən daha da inkişaf etmək, biliyini dərinləşdirmək istəyirdi. Buna görə də elə istehsalatda işləyə-işləyə 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsinə daxil oldu. O, hələ gənc yaşlarından öhdəsinə düşən hər vəzifəyə, qulpundan tutduğu hər işə ciddi və məsuliyyətlə yanaşırdı. Odur ki, ali məktəbin buraxılış imtahanlarına hazırlaşanda və diplom işi üzərində işləyəndə, yəni 1936-cı ildə müvəqqəti olaraq əmək fəaliyyətini dayandırdı.

1937-ci ildə Sadıq Rəhimovun əmək bioqrafiyasına ikinci dəfə 2 nömrəli Bakı ayaqqabı fabriki daxil olur. Bu dəfə fabrikə ali təhsilli mühəndis kimi, baş mexanikin müavini vəzifəsinə göndərilir. İki ildən sonra artıq baş mexanik təyin olunur. Vəzifədə sınaqlardan keçən S.Rəhimov 1939-cu ildə fabrikin direktoru təyin edilir. Pillə-pillə irəliləyən gənc mütəxəssis və məmuru direktor olduğu il Moskvaya Ali Partiya Məktəbinə oxumağa göndərirlər.

1941-ci ildə Böyük Vətən müharibəsi başlanır. Müharibə Sadıq Rəhimovun da həyatında sərt bir dönüş yaradır. O, təhsilini yarımçıq qoyub cəbhəyə yollanır. 1941-1942-ci illərdə sovet ordusunun Qərb cəbhəsində vuruşan 160-cı atıcı diviziyasında siyasi şöbənin rəisi kimi fəaliyyət göstərir. Moskva, Smolensk şəhəri ətrafında gedən döyüşlərdə iştirak edir. Lakin Vyazma şəhəri yaxınlığında gedən ağır döyüşlərin birində yaralanır. Həkimlər həyatını xilas etsələr də, onun ön cəbhəyə qayıtması artıq mümkün olmur. Odur ki, onu hərbi qulluqdan tərxis edərək arxa cəbhəyə göndərirlər. Amma bu da bir həqiqət idi ki, Sadıq Rəhimov kimi təcrübəli mütəxəssisə, bacarıqlı təşkilatçıya arxa cəbhədə də ciddi ehtiyac var idi.

Bakıya qayıdandan sonra S.Rəhimova Azərbaycanın toxuculuq sənayesi nazirinin müavini vəzifəsi tapşırılır. 1946-cı ildə isə nazir təyin olunur. O, bu vəzifədə 1949-cu ilədək işləyir.

Həmin dövrdə ölkə iqtisadiyyatında bir sıra dəyişikliklər baş verirdi. Bəzi nazirliklər tamamilə ləğv edilir, bəziləri birləşdirilib bir quruma çevrilirdi. 1949-cu ildə də Toxuculuq Sənayesi Nazirliyi ilə Yüngül Sənaye Nazirliyi birləşdirilir. Nazir vəzifəsi yenə də Sadıq Rəhimova tapşırılır. O, 1952-ci ilədək yüngül sənaye naziri vəzifəsini icra edir.

Bu zaman respublikada daha bir yenilik baş verir. Azərbaycan iki vilayətə - Bakı və Gəncə vilayətlərinə bölünür. 1952-ci ilin aprel ayında S.Rəhimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Gəncə Vilayət İcraiyyə Komitəsinin sədri təyin olunur. Lakin vilayət quruluşu özünü doğrultmur və cəmi bir ildən sonra ləğv edilir. Yenidən Bakıya qayıdan Sadıq Rəhimov Azərbaycan SSR kommunal təsərrüfatı və mülki tikinti naziri, daha sonra çoxişlənən sənaye malları naziri olur. Üst-üstə bu iki vəzifədə 1953-1954-cü illərdə çalışır.

Sadıq Rəhimovun vəzifə pillələrində uğurla, həm də sürətlə irəliləməsi bir şans deyildi. Bəlkə də o zaman kim isə bunu bəxtin gətirməsi, qismət kimi də dəyərləndirə bilərdi. Bəlkə həyatda bunlar da var... Amma S.Rəhimova bu çətin və məsul vəzifələri layiqincə yerinə yetirməkdə dəstəkçi olan dərin biliyi, böyük səriştəsi, zəngin təcrübəsi və ən əsası işgüzarlığı idi. Gözünü açıb neftçi ailəsində böyüyən, yeniyetmə yaşlarından zavod-fabrik həyatının qaynarına atılan, istehsalatı "görə-görə", öyrənə-öyrənə irəliləyən bu insan hər vəzifədə müəssisəni, təşkilatı, istənilən qurumu idarə etməyi bacarırdı. Görünür, onun tez-tez bir vəzifədən digərinə göndərilməsi də təsadüfi deyildi. Çünki S.Rəhimov hər yeni sahəni qaydaya salıb, işi qurmağı gözəl bacarırdı. Geridə qalan, axsayan hər hansı sahəni irəli çıxarmağa da, ən böyük strukturlara rəhbərlik etməyə də biliyi, qabiliyyəti və səriştəsi çatırdı. Və burada təkcə savad, təcrübə rol oynamırdı, ona həm də şəxsi keyfiyyətləri kömək edirdi. Məsələn, dərin düşüncəsi, təmkini, iradəsi, çətinlikdən qorxmaması, yorulmazlığı və s.

Keçən əsrin 30-cu illəri çox çətin illər idi. Yaxşı ki, həmin illərin repressiya maşını S.Rəhimov kimi parlaq şəxsiyyətdən yan keçib. Bax, bu, bəlkə də bir qismət, alnına yazılmış bir xoşbəxtlik idi.

Yaşlı nəsil o dövrün planlı təsərrüfatını yaxşı xatırlayır. Cavan oxucularımızın da nəzərinə çatdıraq ki, keçmiş SSRİ-nin xalq təsərrüfatında, yəni iqtisadiyyatında plan-qanun idi. Planın cüzi qədər də kəsirdə qalması cinayət sayılırdı, bunun üçün məsuliyyətə cəlb edilənlər olurdu. Azərbaycanın iqtisadiyyatı indikindən fərqli olaraq heç də sərbəst, müstəqil deyildi. Respublikanın nazirlikləri, baş idarələri Moskvaya bağlı idi. Baş plan orada təsdiqlənirdi. Ayrı-ayrı respublikaların qurumlarının, müəssisələrinin istehsalat fəaliyyəti zəncir kimi halqa-halqa bir-birinə bənd edilmişdi. Üstəlik, ittifaq mərkəzində Azərbaycanı sevməyən, gözü götürməyənlər də var idi. Məsələn, elə düşmən qonşu respublikanın o zaman Moskvada "kök salmış" yaltaq nümayəndələri. Qısası, belə bir dövrdə nazir, yaxud başqa bir rəhbər işçi olmaq asan deyildi. İşləməyi, döyüşməyi, mübarizə aparmağı, qalıb gəlməyi, sözünü deməyi bacaranlar yalnız meydanda dayana, duruş gətirə bilirdilər. Onlardan biri də məhz Sadıq Rəhimov idi!

Beləliklə, 1954-cü ildə S.Rəhimov daha yüksək bir vəzifəyə irəli çəkilir. Azərbaycan SSR Nazirlər Sovetinin sədri seçilir. 1958-ci ilə qədər respublika hökumətinə rəhbərlik edir. Bu illərdə Rəhimov respublika iqtisadiyyatının tək bir sahəsinin rəhbəri deyildi, artıq Azərbaycanı idarə edənlərdən biri idi. Həmin dövrdə respublikanın sənayesində, kənd təsərrüfatında, mədəni həyatında və s. baş verən bütün hadisələr, yeniliklər birbaşa olaraq Nazirlər Soveti sədrinin də adı, iş fəaliyyəti ilə bağlı idi.

1958-1961-ci illərdə Nazirlər Sovetinin Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin sədri olan S.Rəhimova bundan sonra iqtisadiyyatın tamamilə başqa, əvvəlkilərə bənzəməyən sahəsinə rəhbərlik tapşırılır. Belə ki, 1961-ci ildə o, Bakı Baş Tikinti İdarəsinin rəisi təyin olunur. Beş il də bu sahəyə rəhbərlik edir.

Maraqlıdır ki, birinci dəfə respublikanın yüngül sənaye naziri təyin edildiyi vaxtdan 16 il sonra ona yenidən həmin nazirliyin baş kürsüsündə oturmaq qismət olur. Beləliklə, ömrünün son 10 ildən çoxunu (1965-1975) yüngül sənaye naziri vəzifəsində çalışır.

Onu yaxından tanıyanlar, müasirləri xatırlayırlar ki, Sadıq Hacıyarəli oğlu nüfuzlu bir şəxsiyyət idi. Xarakterindəki qürur, ciddilik, dönməzlik, yeri gələndə sözü üzə demək və digər bu kimi keyfiyyətlər onun hər zaman nəzərəçarpan xarici görkəmini tamamlayırdı. Başqa sözlə, Sadıq Rəhimovun xarakteri də, şəxsiyyəti də, görkəmi də sanki daşıdığı məsul vəzifələrlə vəhdət təşkil edirdi.

Tutduğu vəzifələrlə əlaqədar Sadıq Rəhimov tez-tez Moskvaya gedirmiş, işlə bağlı SSRİ Nazirlər Sovetində, Dövlət Plan Komitəsində, ayrı-ayrı nazirlik və idarələrdə olurmuş. Moskvadakı həmkarları onu müşayiət edər, mehmanxanaya dalınca maşın göndərər, görüşməyə gələrmişlər. Moskvanın böyük kabinetlərindəki vəzifəli şəxslər onu hörmətlə qarşılayar, diqqətlə dinləyər, fikirləri ilə hesablaşar və qaldırdığı məsələləri həll etməyə çalışardılar. Dövrünün Kosıgin, Kunayev, Baybakov və digər görkəmli şəxsiyyətləri ilə tez-tez telefonlaşırmış. Onlarla işgüzar əlaqələrdən başqa həm də səmimi söhbətləri, hətta zarafatları varmış. Bu münasibət o dövrdə hər kəsə nəsib olmurdu. Hamı belə qəbul edilmirdi.

Sadıq müəllim özünə, işinə qarşı da tələbkar idi, bunu eyni dərəcədə tabeliyində olan işçilərdən də tələb edirdi. İşini sevməyən, işi naminə gecəni gündüzə qatmayan idarə rəhbərlərini bir an belə saxlamazdı. Bütün bunlarla bahəm işçisinin qeydinə qalan, onun  yaşayışı, məişət şəraiti, güzəranı ilə maraqlanan bir rəhbər idi. Əlindən gələn köməyi insanlardan əsirgəyən deyildi.

Uzun illər S.Rəhimovla çiyin-çiyinə çalışan və onu yaxından tanıyan Azərbaycanın əməkdar inşaatçısı Əlimuxtar Hüseynzadə öz xatirələrində yazır ki, Sadıq Rəhimovun Bakı Baş Tikinti İdarəsinə rəhbərlik etdiyi illər ərzində idarə böyüdü, şaxələndi,  mikrorayonlar inşa olundu. Əlavə olaraq 2 evtikmə kombinatı, 5 trest, bir çox yeni tikinti idarələri yaradıldı. Tikilib təhvil verilən yaşayış binalarının, məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının sayı demək olar ki, 3 dəfədən çox artdı. Hər il bakılılara 500 min kvadratmetrə yaxın yaşayış evləri tikilib təhvil verilirdi. Yetmişinci illər idi. Ümummilli lider 43-cü Bakı Şəhər Partiya Konfransında "Bakıda ildə 1 milyon kvadratmetr mənzil sahəsi tikmək" çağırışını irəli sürdü. Bu çağırışın yerinə yetirilməsində əvvəllər S.Rəhimovun rəhbərliyi altında böyük inkişaf yolu keçmiş və sözügedən zaman çiçəklənmə dövrünü yaşayan Bakı Baş Tikinti İdarəsi böyük rol oynadı.

Dost-tanış arasında Sadıq  Rəhimovun adı ilə bağlı çoxlu maraqlı əhvalatlar hələ də yaşayır. Bunlardan biri də "Azərbaycan" nəşriyyatının tikintisi zamanı baş vermiş əhvalatdır. Nəşriyyatın binasının sifarişçisi Mərkəzi Komitə idi. Obyektdə hər həftə sifarişçilərin iştirakı ilə iclas keçirilirdi. Bir dəfə də S.Rəhimov iclasa Azərbaycan KP MK-nın ikinci katibi Yelistratovla gəlir. Obyektin də təhvilverilmə ərəfəsi idi, işlər sona çatdırılmağa doğru gedirdi. MK nümayəndəsi işlərin gedişi ilə ətraflı tanış olduqdan sonra üzünü Rəhimova tutaraq rusca deyir:

- Sadıq Qadjiyeviç, bu obyekti sentyabr ayında təhvil vermək mümkün olmayacaq axı...

S.Rəhimov soyuqqanlıqla qısaca qətiyyətli cavab verir:

- Olacaq!

Yelistratov sakitləşir və xoş əhval-ruhiyyə ilə deyir:

- Əgər bu obyekt deyilən vaxtda təhvil verilsə, Göy-Göldə qonaqlıq mənim boynuma!

Rəhimov yüngülcə gülümsəyərək Azərbaycan dilində deyir:

- Gör səni kim Göy-Gölə aparır...

Azərbaycan dilini bilməyən Yelistratov yanındakı yoldaşlardan onun nə dediyini soruşur. Onlar da söyləyirlər ki, heç fikir vermədik...

Sadıq Rəhimov heç vaxt sözünü "udan" deyildi. Deyirlər, A.Mikoyan tədbirlərdə Rəhimovun yanında özünü "səliqəli" aparırmış. Yəni, ədəb-ərkanla görüşür, ehtiyatı əldən vermirmiş. Çəkinirmiş ki, Sadıq yeri gəldikdə ağına-bozuna baxmadan  bildiklərini deyəcək...

Belə hadisələr isə həqiqətən də olub. Keçən əsrin 50-ci illərində Nazirlər Sovetinin sədri olanda Moskva onun erməni keşişi Vazgenlə görüşünü təşkil edir. Əslində, Sadıq Rəhimov Bakıya göndərilən erməni nümayəndəsinin xoş məramla gəlmədiyini başa düşmüşdü. Ona görə də Vazgeni qəbul etməkdən boyun qaçırmaq istəyirdi. Lakin Moskva bu görüşdə israrlı idi.

Keşiş həqiqətən də xahişlər "zərfi" ilə gəlmişdi. Onun əvvəlki iki xahişini dinləyən S.Rəhimov diplomatik tərzdə, incə siyasətlə onlara rədd cavabı verir.

Sonuncu - üçüncü xahiş isə ermənilər üçün daha vacib məsələ idi. Vazgen başlayır ki, bəs Qarabağda yaşayan ermənilər vilayətin Ermənistana birləşdirilməsini istəyirlər. Yəqin ki, yerli azərbaycanlılar da buna etiraz etməzlər. Azərbaycan hökuməti də bu işdə xeyirxahlıq göstərsə, pis olmaz...

Sadıq Rəhimov elə bərk əsəbiləşir ki, hisslərini cilovlaya bilmir və ağır cavab verir. Tərcüməçi çaşıb qalır. Keşiş ermənicə danışdığından söhbət tərcüməçi vasitəsilə baş tuturdu. S.Rəhimov tərcüməçiyə deyir ki, niyə dayandın, qorxma, sözümü ona çatdır. Lakin Vazgen tərcüməçinin deyəcəklərini gözləmədən ayağa qalxır və artıq hər şeyi başa düşdüyünü deyərək otaqdan çıxır və birbaşa Moskvaya gedir.

Sadıq Rəhimov üzdə olan insanlardan idi. Xalq arasında sayılıb-seçilmiş, camaatın gözündə həmişə uca olmuşdur. İctimai-siyasi, mədəni-kütləvi tədbirlərdə də bir qayda olaraq yüksək tribunalarda əyləşmiş, səsi mötəbər tədbirlərdən gəlmişdir.

Daim yüksək vəzifələrdə çalışmasına, fəaliyyətinin gərgin olmasına baxmayaraq ictimai işlərdə də fəal idi. Xeyli müddət Azərbaycan KP MK-nın və onun bürosunun, Azərbaycan SSR Ali Sovetinin və onun Rəyasət Heyətinin üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Çoxsaylı plenum, konfrans, qurultay və sessiyalarda nümayəndə kimi iştirak etmişdir.

Sovet dönəmində əmək adamının, məsələn, neftçinin, pambıqçının, zavod və fabrik fəhləsinin orden, medal alması, belə ifadə etmək mümkünsə, qanunauyğun, bəlkə də adi görünən hal idi. Yüksək vəzifə sahibinə isə bunu heç də həmişə qıymırdılar. Vəzifəli şəxslərə dövlət mükafatlarının verilməsi çətin məsələ idi. Sadıq Rəhimov isə yaşadığı dövrün yüksək mükafatı olan Lenin ordenini almışdı. Onun əmək, ictimai-siyasi, iqtisadi fəaliyyətinin müxtəlif illərində  layiq görüldüyü "Qırmızı Bayraq", "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordeni və çoxlu medallar da bu insanın hörmətindən, nüfuzundan, şöhrətindən xəbər verir.

Sadıq Rəhimov Azərbaycan üçün, Azərbaycan xalqı üçün hələ çox işlər görə bilərdi. Amma ömür vəfa etmədi. 60 illiyini çox sadə, öz doğmalarının, əzizlərinın əhatəsində qeyd etdi, ömrünün 61-ci pilləsinə çatmağa isə ürəyin infarktı ilə gələn əcəl ona aman vermədi...

Sadıq Rəhimov Fəxri xiyabanda uyuyur. Xalqımızın fəxri olan insanlarla bir sırada, yan-yana. Ona ayrılmış ömür payında bacardığını edib, səlahiyyəti, gücü, imkanı daxilində çalışıb. Sözü də bütöv olub, şəxsiyyəti də. Ona görə də saf əməlləri hələ də yaşayır, xoş sözü-söhbəti hələ də dildə-ağızda gəzir. Bu səbəbdən onu tanıyanların unudulmaz xatirələrində tutduğu yer də ucadır. Bütün bunları böyüklərdən eşidən gənc nəsil üçün bu insanın nümunəsi ibrətamiz, xatirəsi əzizdir. Sadıq Rəhimov kimi şəxsiyyətlərin həyatını öyrənməyə dəyər! Görkəmli dövlət xadiminin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər bu baxımdan böyük önəm daşıyır.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 25 sentyabr.- S.6.