"Texniki nəzarətin
həyata keçirilməsinin tələb
olunmadığı tikinti obyektlərinin
siyahısı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 303 Bakı şəhəri,
11 sentyabr 2014-cü il
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.23-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabrtarixli 303 nömrəli qərarı ilə təsdiq edilmişdir
Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin
SİYAHISI
1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektləri.
2. Sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 kvadratmetr, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektləri.
3. Mövcud tikinti obyektləri və (və ya) onların hissələri (həmin obyektlər və hissələrdə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklər edilməsini nəzərdə tutan tikinti layihələri əsasında tikinti-quraşdırma işləri aparıldıqda.
4. Ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında, həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə, onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən, dəyişikliklər edilmiş tikinti layihələri əsasında inşa olunan obyektlər.
5. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb olunmayan tikinti obyektləri.
6. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin 80.2-ci maddəsinə uyğun
olaraq məlumatlandırma icraatının
tətbiq edildiyi yaşayış evləri.
Azərbaycan.-2014.- 26 sentyabr.- S. 1.